Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви
Чтение книги онлайн.
Читать онлайн книгу Fərəh Pəhləvi: Xatirələr - Фарах Пехлеви страница 3
Günortaya yaxınıydı. Şah iş otağına çəkilmişdi, sarayın içindəki hava hər keçən dəqiqə bir az da ağırlaşırdı. Çaşqın halda ora-bura qaçan qadın-kişi saray xidmətçilərini xatırlayıram. Ən yaşlısı ərimin atası Rza şaha xidmət eləmiş kəsləriydi, bəziləri isə iyirmi il qabaqkı evlənmə mərasimimizdə iştirak göstərmiş adamlarıydı. Və hamısı da bizim ölkədən getməli olmağımızdan özlərini itirmiş vəziyyətdəydilər. Vərdiş eləmədiyimiz səssizlik içində gedib-gəlirdilər, dinməz-söyləməz dolaşmalarından artıq heç bir ümidləri qalmadığını sezirdim. Belə ayrılıb gedə bilməzdik, inamlarını itirməməliydilər.
Bizi yola salmaq üçün toplaşmışdılar. İranın uzun tarixindəki acı dövrlərindən birini də yaşamağa hazırlaşdığımızı onlara başa salmağa çalışdım; ilk bahar gələndə, yenidən görüşəcəyimizi və Şahın qayıtmasını bayram eləyəcəyimizi söylədim. Əslində, qorxunc bir kabusun ölkənin gələcəyini necə zülmətə salacağını o anda kim bilərdi ki? Göz yaşlarımızı içimizə axıdırdıq. Bəziləri özlərində gülümsəməyə güc tapdılar. Hər birinə dəyərli əşya, öz qiymətli şeylərimdən birini, ya da bir az pul verdim. Uzun ayrılıq dövrü ərəfəsində bizi bağlayan tellərin olduğunu göstərmək istəyirdim.
Nəhayət, Şah gəldi. Onu görəndə, hamısı ağlamağa başladı. Hisslərinə həmişə son dərəcə hakim olan Şah elə bil, həyəcanını saxlamaqda çətinlik çəkirdi. Bir neçə qısa kəlməylə ayrı-ayrılıqda hər birinin könlünü almağa çalışdı. Bir çoxu hıçqırıqlar içində onları atıb getməməsi üçün yalvardılar. Bizi Mehrabad təyyarə limanına aparacaq iki vertolyotun hazır olduğu bildiriləndə, saray xidmətçiləri pilləkanlarda sıraya düzüldülər. Artıq gedirdik, əşyalarımız qabaqcadan aparılmışdı. Bəziləri əllərini uzatdılar, pərişan üzləri gözümün önündədi. Şah hamısını son dəfə salamladı, mən də özümə yaxın olanları qucaqladım, sonra pərlərin gurultusu arasında sarayın şəhər evlərinin arxasında gözdən itdiyini gördüm. Mühafizə qrupunu gətirən vertolyotun müşayiətilə şahlıq pavilyonuna endik. Sərt və dondurducu külək altında titrəşən, bir-birinə qısılmış zabitlərdən və bəzi mülki şəxslərdən ibarət qrup orda bizi gözləyirdi. Əslində, Şah hamısından bu çətin günlərdə Mehrabada gəlməmələrini, vəzifələrinin başında qalmalarını tələb eləmişdi. Həmişə mühərrik gurultularından titrəyən təyyarə meydanı qəfildən ölüm səssizliyinə bürünmüşdü. Qarışıqlıq üzündən yerdə hərəkətsiz qalan təyyarələrin görünüşü adamın qanını qaraldırdı. Bomboş göy üzündə təkcə, Elburz təpələrindən əsən küləyin inadcıl qəzəbi duyulurdu.
Ərim gərginliklə, amma dimdik durub bir neçə dost və sadiq yaxınını salamladı. O anda mühafizə alayından bir zabit Şahın ayaqlarına yıxılaraq, getməməsi üçün yalvardı. Həmişə özünü ələ almağı bacaran Şah onu qaldırmaqdan ötrü əyiləndə, gözlərinin yaşardığını gördüm. Ağladıqlarını gizlətməyən bir neçə zabit də ondan ölkədən ayrılmamasını təvəqqe elədilər. Şah Baş Qərargah rəisiylə xüsusi və qısa söhbətdən sonra vidalaşdı. İranlı jurnalistlər də bir az geridə çaşqın vəziyyətdə mərasimi izləyirdilər. Xarici mətbuat dəvət olunmamışdı. Qısa bir müddətdən sonra Şah jurnalistləri görüb onlara doğru yönəldi. Hökumətin başına Şahpur Bəxtiyarı gətirmişdi və elə həmin o vaxt baş nazir məclisdə etimad səsləri almağı gözləyirdi. Şah qərarına məclis qismən səs verməmiş ölkəni tərk eləmək istəmirdi.
Jurnalistlərə: «Hökumət qurulanda söylədiyim kimi, özümü yorğun hiss eləyirəm, dincəlməyə ehtiyacım var, işlər yoluna düşəndə və hökumət vəzifəsinə başlayanda, səyahətə çıxacağımı da söyləmişdim. Elə bu səyahət indi başlayır», – dedi.
Mən də ölkəmizin uzun tarixi ərzində bəzən çətin anlar yaşadığını, amma İran mədəniyyəti və mənəviyyatının hər şeyin öhdəsindən gələcəyinə qətiyyətlə əmin olduğumu ifadə elədim.
Budu, ən axırda «səyahətə» çıxırdıq. İnsanların özünə gəlməsi və kinin yatması üçün zamana ehtiyac varıydı; biz də bir müddət gözlərdən uzaq qalıb, onlara bu vaxtı verirdik. Bir neçə həftə sonra insanlar başa düşəcəkdilər… Bəli, inanmaq, gələcəyə inanmaq lazım gəlirdi. Nə olursa-olsun, ümidsizliyə boyun əymək istəmirdim.
İztirab dolu gərginlik içində keçən bir neçə dəqiqədən sonra Şaha məclisin Şahpur Bəxtiyara etimad göstərdiyi bildirildi. Özü vertolyotla təyyarə limanına gəlirdi.
Qısa müddətdən sonra Bəxtiyarın əyilə-əyilə vertolyotdan endiyini, üst-başını düzəldib pavilyonun pilləkanlarına doğru gəldiyini gördük. Məclis rəhbəri Cavad Səid onunla birlikdəydi. İkisi də gəldilər, önümüzdə əyilib bizi həyəcanla salamladılar.
Ərim yumşaq səslə Şahpur Bəxtiyara: «İndi hər şey sizin əlinizdədi. Bacaracağınıza inanır, İranı sizə, sizi də Allaha əmanət eləyirəm», – dedi.
Otuz yeddi gün sonra Şahpur Bəxtiyar Ayətullah Xomeyninin yaratdığı birinci İslam hökuməti tərəfindən devriləcək və ölümdən qurtulmaq üçün İrandan qaçmaq məcburiyyətində qalacaqdı.
Hər səfərə çıxanda, ənənəvi duaları oxumaq üçün daim hazır olan Tehran Cümə məscidinin imamı doktor Həsən İmani bu dəfə bizimlə birlikdə deyildi. Sonradan saraya çox yaxın olan bu din adamının yola salmağa gəlməməsiylə bizi qınadığını, gedişimizə tərəfdar olmadığını göstərmək istədiyini iddia elədilər. Acı gerçəyi bir müddət sonra öyrəndik: Cenevrədə xəstəxanaya yerləşdirilmişdi. Bir neçə həftə sonra öldüyünü eşitdik.
Artıq gedə bilərdik. Küləyə qarşı irəliləyib, rəsmi səfərlər üçün istifadə elədiyimiz «Şahin» adlı mavi-bəyaz «Boinq-707» təyyarəmizə çatdıq. Pilləkənin altına çatanda, Şah döndü, bizi müşayiət eləyən kiçik qrup dayandı. Üz-üzə gəldiyimiz vaxt gizlədilməsi çətin olan həyəcan keçirdiyimizi xatırlayıram. Bizi yola salmağa gələn zabitlər, saray məmurları, pilotlar, saray mühafizə alayı mənsubları cəsarətlərini sübut eləmiş insanlarıydı. Ancaq yenə də o anda güclə gizlədikləri sarsıntı içində olduqları görünürdü. Göz yaşlarından boğula-boğula bir-bir Şahın əlini öpdülər. Əsasən, bizim getməyimizi tələb eləyən Şahpur Bəxtiyarın da gözləri yaşarmışdı.
Şah daha sonra xatirələrini yazdığı kitabında (Məhəmməd Rza Pəhləvi, «Tarixə şəhadət», Paris, 1979), «Yurdumdan ayrılanda, mənə sədaqətlərini göstərənlər məni çox duyğulandırmışdı; hıçqırıqlarla pozulan, insanın ürəyinə bıçaq kimi saplanan sükut hakimiydi ətrafa», – deyə yazacaqdı.
Nəhayət,