Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви
Чтение книги онлайн.
Читать онлайн книгу Fərəh Pəhləvi: Xatirələr - Фарах Пехлеви страница 7
On üç il sonra həyatımı birləşdirdiyim gənc Şahla bağlı ilk xatirəm bu 1946-cı ilə aiddi. Məhəmməd Rza Pəhləvi 16 iyul 1946-cı ildən bəri hökmdarıydı. Böyük Rza şahdan sonra işğal qüvvələri tərəfindən diz çökdürülən bir millətə rəhbərliyi o, ələ almışdı, Azərbaycanın qurtuluşu, heç şübhəsiz, ona bütün iranlıların minnət duymasını sübut eləyən ilk tarixi gerçəyiydi.
Dahi bir diplomat olan baş nazirimiz Qəvam-üs-Səltənənin (Cənubi Azərbaycanın müstəqilliyinin boğulmasında başlıca şəxs olub- N.Ə.) rəhbərlik elədiyi Tehran hökuməti xarici ölkələrin də dəstəyilə Stalini öz imzasına hörmət eləmək zorunda qoydu və nəhayət, 1946-cı il mayın 10-da sovet qoşunlarına İrandan çıxmaq əmri verildi. Amma müstəqilliyini elan eləmiş Azərbaycanda hələ Tudə Partiyasına mənsub olan üsyançıların işğalı sürürdü. Qayda-qanunu bərpa eləmək üçün İran Ordusu Azərbaycana girdi və axırda, 1946-cı il dekabrın 12-də paytaxt Təbriz azad olundu.
Ailəm bayram sevinci yaşayırdı, bu çox böyük bir günüydü. Azərbaycandan dönən şahın Tehrana girdiyi məlum olanda, bütün şəhər onu alqışlamaq üçün küçələrə töküldü. Şah bizim küçənin yaxınlığındakı məhəllədən də keçəcəkdi. Hamımız ordakı qarajın damına çıxdıq. Şahı görmək üçün adamlar bir-birini itələyir, qışqırır, alqışlayırdılar. Nəhayət, Şah göründü. Mənim kimi, hələ səkkiz yaşında olan uşaq üçün bu gözqamaşdırıcı mənzərəydi; ona heyran olmuşdum.
O axşam, ya da ertəsi gün bu hadisəni ailəmizdə də bayram elədik. Mən Azərbaycanı tanımırdım. Atam bir gün birlikdə gedəcəyimizə söz verdi, amma ailəsinin yaşadığı yerləri mənə göstərmək ona qismət olmadı; sonrakı il atamı itirdik.
II
Bütün dünyada olduğu kimi, İranda da üfüqün aydınlaşdığı, artıq gələcəklə bağlı xəyallar qura biləcəyimiz bir vaxtda ortaya çıxan atamın ani rahatsızlığı bizi dərindən yaraladı. Sağlam və düzgün həyat sürən atamda qəfildən yorğunluq əlamətləri göründü. Dübbədüz eyni vaxtda gözləri və dərisi saralmağa başlayanda, həkimlər sarılığa tutulduğunu güman elədilər. Xəstəliyin ilk həftələrindən xüsusilə, yadımda qalan atamın daim qaşınmasıydı. Qollarının, qıçlarının qaşınması onu əsəbiləşdirir, heç bir şey uzun müddət rahatlanmasına kömək eləmirdi.
Sarılığa qarşı ən yeni dərmanlarla müalicə aparır, bundan başqa ənənəvi olaraq, evlərdə düzəldilən dərmanların hamısını da içirdi. Ailəmizdə İranda çox geniş istifadə edilən, bitkilərdən düzəldilmiş xüsusi dərmanların köməyinə hamımız inanırdıq, bu gün belə, mən hələ bu ənənəvi dərmanları laboratoriyada düzəldilmiş dərmanlardan üstün tuturam. Atam da qara bitki suyu içir, dadlı su balıqları yeyirdi, amma heç birinin xeyri dəymirdi, nə qaşınmaları keçib-gedir, nə də dərisində düzəlmə olurdu.
Hamımıza çox ağır təsir göstərən, amma hər şeyə baxmayaraq, nəzarət altına almağa çalışdığımız bu xəstəlik qəfildən bizə başqa hər şeyi unutdurdu, gündəlik həyatımızı alt-üst elədi: atam xəstəxanaya yerləşdirildi. Həkimlərin bundan sonrakı müayinəsi həyəcan təbilinin çalındığını göstərirdi. Neçə həftədən bəri sarılıq müalicəsi apardıqları atamın əslində, mədəaltı vəzilərin xərçənginə tutulduğu və əməliyyatın vacibliyi ortaya çıxmışdı. Bu həqiqəti mənə çox sonra söylədilər, amma onun xəstəxanaya aparıldığı gün sözlə başa salınmaz dərin qayğı duymuşdum. Atama nə olmuşdu? Məni baş çəkməyə aparanda, onu tanıya bilməmişdim: zəifləmişdi, üzünün kül rəngli dərisi qırış-qırışıydı, mənə bir-iki söz deməyə gücü də qalmamışdı. Ən çox da anamın «dren» dediyi, qarnına qoşulmuş və içindən sarı maye axan o boru məni qorxutmuşdu. Niyə bu borunu taxmışdılar? Xəstəliyi nəydi? Evə nə vaxt qayıdacaqdı? Üzüntüləri üzlərindən oxunan anam, dayım, bibim sanki dillərini udmuşdular, suallarımı məcburi təbəssümlə başlarından eləyirdilər: «Narahat olma, canım, yaxşılaşacaq».
Sonra birdən-birə xəstəxana ziyarətləri bitdi. Səbəbini dərk eləməkdə çətinlik çəkirdim. Atamın müalicə olunmaq üçün Avropaya getdiyini dedilər. Yalanıydı bu! Atam ölmüşdü, amma mən bütün gücümlə həmin yalana sarıldım, axırda bunu məktəbdə öyünmə mövzusu eləməyi də bacardım. O dövrdə hamını heyrətə salan Avropaya müalicə olunmağa getmək ancaq çox varlıların, adlı-sanlı adamların imkanı daxilindəydi. Beləcə, atam da Avropadan hörmət qazanıb qayıdacaqdı.
Bir gün anamı və Luiza bibimi hıçqıra-hıçqıra ağlayanda yaxaladım. Anamın bir xalasının öldüyünü söylədilər: bu da evdə hamının, xüsusən də, anamın niyə o qədər üzgün olduğunu aydınlaşdırmağa bəs eləyirdi. Onlara inandım. Elə hesab eləyirəm ki, məndən gizlədikləri acı həqiqəti qəbul eləməkdənsə, söylədikləri hər şeyə inanmağa, özümü aldatmağa razıydım.
Günlər, həftələr keçir, atamdan heç bir xəbər almırdıq.
«Atam niyə bizə məktub göndərmir?»
«O xəstədi, Fərəh, xəstələr məktub yaza bilməz».
«Bu doğru deyil, İffət xala da xəstədi, amma ailəsinə yazır».
Bu xala doğrudan da, Avropadaydı və ailəsi müntəzəm olaraq, ondan uzun məktublar alırdı.
Yas tutulduğu bəsbəlli olan bu böyük evdə yavaş-yavaş mən də daxil olmaqla, hamı atamdan söz açmağı tamamilə bir tərəfə qoydu. Qapını döymədən otağa girəndə, adamlar susur, ya da dərhal mövzu dəyişdirilirdi, bibimdən daha solğun, üzüntüdən xarab olmuş anamsa, elə hey ağlayırdı.
Aylar keçdikcə, atamı bir daha görməyəcəyim barədə fikir beynimə necə yerləşdi, heç bilmirəm. Şüuraltı duyğuyla, sözə çevrilmədən oldu bu. Madam ki, mənə onun öldüyünü deməmişdilər, madam ki, məzarının üstünə getməmişdim, deməli, rəsmi olaraq, atam ölmüş sayıla bilməzdi. Tehranın güneyində İmamzadə Abdulla məzarlığında yatan atamın qəbrinin üstünə ilk dəfə gedəndə, on yeddi yaşındaydım. Bəli, rəsmən ölü deyildi, amma mən onu sözün tam mənasında, itirmişdim. Həyatımda böyük boşluq varıydı, gözləyirdim… Sonra hər şey hüzn pərdəsinə büründü. Mən bir damcı göz yaşı tökmədən, heç dözə bilməyəcəyim şey olmuşdu. Bu gün bəzi adamların atamın qəbrini gizlicə ziyarət elədiklərini, çiçək qoyduqlarını bilirəm. Hətta atamın xatirəsinə hörmətsizlik edilməməsi üçün qəbrinin üstündəki adını