Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви
Чтение книги онлайн.
Читать онлайн книгу Fərəh Pəhləvi: Xatirələr - Фарах Пехлеви страница 8
Yayda istidən canımızı qurtarmaq üçün yorğan-döşəyimizi xiyabana çıxarır, hamımız birlikdə açıq havada yatırdıq. Yuxuya getməzdən qabaq təsəvvürün tam olması üçün bir gözümü yumub, qolumu uzadır, bir ulduzu və ya ayı barmaqlarımdan birinə keçirir, qiymətli daşdan üzüyüm olduğunu xəyalıma gətirirdim, bu oyundan zövq alırdım. Başqa gecələr Rzayla Tehranın açıq havadakı kinoteatrı olan «Diana»nın iri pərdəsində göyüzünə oxşayan mənzərələri heyranlıqla izləyərdik.
Şəmirandakı uzun yay tətillərinə də əlvida demişdik, anamın artıq orda villa kirayələyəcək qədər pulu yoxuydu. Şəmirana ara-sıra, ancaq bir neçə günlüyünə, orda evləri olan üç dayımdan birinin yanına gedirdim. Belə dəyişiklikdən çox zərər çəkdiyimiz deyilə bilməzdi, çünki böyüklər tətilimizi Şəmiran əvəzinə Gilan və Azərbaycandakı qohumlarımızın yanında keçirməyi qərara aldılar. Bu tətillər və xüsusilə, oraya getmək üçün səfərlərimiz böyümə çağımın şübhəsiz, ən gözəl xatirələrini təşkil eləyir. Avtobuslara minərdik. O dövrdə yollar hələ asfaltlanmamışdı, yandırıcı küləklə sovrulan toz buludları açıq pəncərədən içəri dolardı. Yolun kənarında limonad içmək üçün dayananda – su içməyimiz qadağanıydı – saçlarımız və kirpiklərimizin tozdan dümağ olduğunu, tanınmaz hala düşdüyümüzü, yaşlılara bənzədiyimizi görüb qəhqəhəylə gülərdik.
Azərbaycanda Təbrizə, əmim Mənuçöhrün evinə gedirdik. Orda ailəyə məxsus böyük, qədim evdə qalırdıq. Əmim bizi meyvə ağaclarıyla dolu olan geniş ərazisində istirahət eləməyə aparır, mən də doyunca qaysı, gilas yeyirdim.
Güzəranlarını torpaqdan qazanan bütün qohumlarımın ən böyük qorxusu quraqlığıydı. Hey yağış yağmasına ümid bəslənir, yağmur duasına çıxılırdı. Adətə çevrilən bu yağış həsrəti, mənim üçün də yavaş-yavaş iztirab mövzusu olmağa başlamışdı. Torpaq sahibi olmadığımız üçün Tanrıya səmimi şükür elədiyimi xatırlayıram. Başqa bir dünyanın qüvvələrini öyrənməyə başlamışdım: ədalətin olmadığı, rəhmsiz, ibtidai dünyanın… Torpaq islahatı hələ keçirilməmişdi, yoxsul kəndli ailəsini dolandırmaq üçün bir az buğda oğurlayar, ya da yanlış iş görərdisə, torpaq ağası onu döyə, hətta daha ağır cəza verə bilərdi. Bu vəziyyəti qəbul eləmir, üsyana qalxırdım, hətta iki-üç dəfə kəndliləri istismar eləyən torpaq sahiblərinə çox qəzəblənmiş, hirsimdən ağlamışdım. Onları gecə, projektorların işıqlandırdığı cipləriylə ceyranları ovlayanda gördüyüm zaman da eyni üsyanı yaşamışdım. Gözləri işıqdan qamaşan zavallı heyvanların ən kiçik qurtuluş şansları yoxuydu! Sevilən bir uşağıydım, yaxınlarım duyğularımı ciddi qəbul eləyirdilər, amma ağaların bu alçaldıcı və zalım hərəkətlərinin mənim kimi kiçik şəhərli qızı nə qədər çox yaralaya biləcəyini tam dərk eləmirdilər.
Zəncanda yaşayan bibim Əzizin yanında olanda, ciplə uzaq kəndlərə ziyarətə, ya da şənliklərə qoşulmağa gedirdik. Bibim bu bəhanəylə bəzi ailələrə dərman aparırdı. Səfərlər mənim İranın nə qədər böyük və iqliminin nə qədər sərt olduğunu görməyimə imkan verirdi, çünki təhlükələr heç də əskik deyildi. Çayları keçməyimiz, qorxudan nəfəsimizi kəsən dar aşırımların ətrafında dolaşmağımız, heyvanlardan, xüsusilə, canavarlardan ehtiyatlı olmağımız lazım gəlirdi; kişilər bu səbəbdən silah gəzdirirdilər.
Ara-sıra ata minib, tarlaların arasında dolaşa-dolaşa kəndlilərlə söhbət elədiyimiz də olurdu. Günorta vaxtı hamımız birlikdə çəmənlikdə oturur, kişilərin kəsdikləri qarpızı bölüşdürürdük. Adamlar Azərbaycanın kommunist kampaniyaya qoşulmağa məcbur olduğu günləri hələ qorxuyla xatırlayırdılar. Bir gün köhnə axuru gəzəndə, yanımdakı kəndli bir atın yanında dayandı:
«Bu ata yaxşı bax, Fərəh, – dedi, – əmin Mahmud xan elə bu atın belində Tudəylə döyüşdü».
Çox yaşlı, bəyaz atıydı, bu. Onu görəndə, üstünə gün işığı düşmüşdü. İnsanı həyəcanlandıran həmin mənzərəni yaddaşıma həkk elədim.
Anamın böyük qardaşı Hüseyn dayımın yaşadığı Gilana getmək üçün Tehranın quzeyində hündürlüyü dörd min beş yüz metri keçən Elburz sıra dağlarını aşmaq lazım gəlirdi. İnsanı heyrətdən-heyrətə salan səfəriydi bu. Çay yatağı boyunca qayalıq və çılpaq əraziylə yuxarı dırmanırsınız, sonra yol qəfildən azacıq əyilib, Xəzər dənizinin çimərliklərinə qədər uzanan yamyaşıl vadiyə uzanır. Rütubətin qəfil artdığı bu yerdə bir-birinin ardınca düyü tarlalarını, çay bağçalarını görürsünüz, göyüzü adətən əllə tutulacaq qədər yaxın və qapalıdı. Yayın, yetişən düyünün qoxusu insanı sərxoş eləyir. Əsasən, quraqlıq olan Elburzun güney bölgəsinin əksinə, Gilan yaylalarının suyu boldu. Birdən-birə qabağınıza əncir, portağal, şabalıd ağacları, küsdümağacı, bizdə «ipək ağacı» kimi tanınan ağ çiçəkli albizyalar çıxır, heyrətə düşürsünüz.
Dayımın Ləhican yaxınlığında çay plantasiyaları varıydı – çay keçən yüzillikdə Çindən gətirilmişdi. Mən də dayımın uşaqlarıyla birlikdə çay yığmağı sevirdim. Fəhlələrə axşam gün boyu yığdıqları çayın ağırlığına görə haqq ödənilirdi. Biz də ən yorğun olanların səbətlərinin dolmasına kömək eləyirdik. Körpələriylə gəlib işləməkdən başqa çarələri olmayan gənc anaların xatirəsi yaddaşımda eləcə qalıb. Körpələri sakit dursun, yatsın deyə, onlara kiçik dozada nəşə verirdilər. Bir gün körpələrdən biri zəhərlənmişdi, biz də qorxudan qıc olmuş gənc ananın körpəsini həyata qaytarmaq üçün başına su töküb, yanaqlarına vurmasına baxa-baxa qalmışdıq.
Kommunistlərin Gilana müvəqqəti sahib olmalarının imkan verdiyi sürgün və qorxudan burda da danışılırdı. Amma bir neçə ağanın torpaqların xeyli hissəsini əlində saxladığı və insanların çoxunun muzdlu qol güclərindən başqa bir şeylərinin olmadığı ogünkü sistemdə yoxsul kəndlilərin yaşamasının mümkünsüzlüyü də aydınıydı. Torpaq islahatının keçirilməsi qaçılmazıydı, gənc Şahın da bu islahata tərəfdar olduğu söylənirdi. Elə taxta çıxmağından sonrakı ilk bir neçə ayda özü sahib olduğu torpaqların böyük hissəsini hökumətə verib onun kəndlilərə paylanmasını istəmişdi, bu barədəki qərarının ilk əlamətlərini də göstərmişdi. İslahatı bəzi adamlar narahatlıqla, başqaları da səbirsizliklə gözləyirdilər. Toyumuzdan az müddət sonra Şahın verəcəyi ən əhəmiyyətli