Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви
Чтение книги онлайн.
Читать онлайн книгу Fərəh Pəhləvi: Xatirələr - Фарах Пехлеви страница 9
Məktəbdə yoldaşlarımla, evdə də Rzayla «Şahnamə»ni oxuyanda, eyni coşqunu yaşayırdıq. Onun əsərində döyüş səhnələrindən sonra birdən-birə heç bir uşağın laqeyd qalmayacağı və bu öyüdün fövqəladə təsir göstərdiyi sevgi fışqırır sətirlərdən:
«Sənə bir həyat bağışlanıb; sən başqalarının canını almağı necə fikirləşə bilərsən?»
«Bir buğda dənəsini sürütləyən qarışqanı belə, incitmə, çünki onun da həyatı var; qarışqa üçün belə həyat çox dəyərlidi».
Cəsarət və gücün əxlaqla yarışdığı bu dastanvari şeirlərlə «Şahnamə» gənc iranlılara minillik şəxsiyyətlərinə hörmət eləməyi öyrədir. Onun məqsədlərindən biri budu və əsrlərdən bəri davam elədiyi kimi, uşaqlığımın İranında da gəzərgi ozanlar o kənddən bu kəndə gedib, Firdovsinin şeirlərini söyləyər, ya da mahnıyla oxuyardılar. «Şahnamə»nin bir başqa hədəfi də zatıqırıq hökmdarların siyasi və əxlaqi təhsilinə kömək eləməkdi. «Şahların kitabını bitirəndə, onu şahlara ver», yazır Firdovsi. Çünki ona görə, İranın böyüklüyü hökmdarlığın davamlılığına və ya hökmdarlıq dağılar, ya da çökərsə, onun yenidən doğuluşuna çox möhkəm bağlıdı.
Mən yeni ərə gedəndə, Tehran Universitetində professor olan Cozef Santa Kroka «İranın taleyilə «Şahnamə» arasında çox sıx əlaqə var» dedirdən də eyni şey olmalıdı. Krokun belə bir yozumu da var:
«Yüzillər boyu yeni xanədanların ortaya çıxdığı görünür. Bu xanədanlar ölkəyə yenidən müstəqillik qazandırırlar, dilini gücləndirirlər, mənəviyyatı zənginləşdirirlər. Bu davamlı yenidəndoğulmaların qaynağının Firdovsinin əsəri olduğunu nə şübhə ediləcək şeydi, nə də boş iddiadı. Bu əsər İran tarixinin böyük imperatorlarını istiqamətləndirdiyindən onların ilham qaynağı olduğuna heç bir şübhə yoxdu».
50-ci illərin iranlıları üçün Qacar xanədanından sonra başa keçən Pəhləvi xanədanı Firdovsinin kitabındakı öncəgörmə məntiqinə uyğun gəlir. Başqa necə ola bilərdi ki? Məclisin qərarı nəticəsində Rza şah Pəhləvi tac qoyduğu zaman İran sanki ortaçağı yaşayan başsız bir ölkəydi. Qacarların sonuncusu Əhməd şahın hökmdarlığının sınırları Tehranın o biri tərəfinə keçmirdi. Ölkə qəbilə başçılarının və böyük torpaq sahiblərinin əlindəydi. Hər yerdə mövcud olan qanun – «gücü yetən-yetənə»ydi. Milli müəssisələr də, məlum yeraltı qaynaqlar yadlara verilmişdi: ingilislər neftimizi çəkib aparırdılar; ordu deyilən bir şey qalmamışdı, amma qalan qüvvələr quzeydə rus, qüneydə ingilis zabitlərinə bağlıydılar; belçikalılar gömrüyümüzü, isveçlilər jandarmamızı idarə eləyirdilər. İran dünyadakı ən böyük səfaləti yaşayan ölkələrdən biriydi, orta yaş həddi otuz ilə düşmüşdü, uşaq ölümü faizi bölgəmizdəki ən yüksək faizlərdən biriydi. Oxuma-yazma səviyyəsi yüzdə birə çatmırdı; qadınların heç bir hüququ tanınmırdı, məktəbə belə getmirdilər. Qısası, Hindistan və Osmanlı imperatorluğu kimi böyük qonşularının əksinə, nə doğru-dürüst şose yolu varıydı, nə dəmir yolu, nə elektrik, nə də su…
İyirmi beş il sonra mənim böyüdüyüm İran isə artıq məktəblərə, universitetlərə malikiydi; hamısı asfalt olmasa da, yollar çəkilmişdi, ən azı, əlaqə təmin edilmişdi və nəhayət, İran dəmir yolları Xəzər dənizini Bəsrə körfəzinə bağlayırdı. Heç şübhəsiz, görülməsi lazım gələn bir çox şey varıydı, amma keçilən məsafəyə baxılanda, valideynlərimin qənaətinə görə, Mustafa Kamal Atatürk Türkiyədə nə eləmişdisə, Rza şah da ölkəsində eyni uğur qazanmışdı; bir damcı qan tökmədən sənaye və mədəniyyət inqilabı gerçəkləşmişdi. Onu minnətdarlıqla xatırlamamaq mümkünüydümü? Firdovsidən «ziyalı hökmdar»a hörmət və sevgini öyrənən biz uşaqların bu gənc Pəhləvi xanədanında şairin xəbər verdiyi yenidən dirilməni görməmək mümkünüydümü?
Firdovsidən səhifələr dolusu şeirləri əzbərlədiyimiz kimi, başqa şairləri də oxuyurduq. Şeirə duyduğumuz bu hörmət qədimlərə bağlıdı. Bu səbəbdən, nəsr yazanlarımızın sayı o qədər də çox deyil və məktəbdə öyrəndiyimiz milli mədəniyyət zənginliyimizi başlığı olaraq, klassik şairlər təşkil eləyir. Onları burada xatırlamağımın səbəbi şeirə olan bu bağlılığımın yalnız məktəbdə yox, evdə də gündəlik həyatımı doldurmasıdı. Anam, dayım, bibim və Rzayla ən sevdiyimiz oyun oxunan misranın son hərfiylə başlanan yeni misra tapıb şeir oxumağıydı. Kim misranı tapmaz, ya da artıq fikirləşərdisə, oyundan kənar edilir, beləcə, çevrə kiçilə-kiçilə davam eləyərdi. Başlıca olaraq, yaddaşı ən güclü, mədəni səviyyəsi ən yüksək olan oyunu udurdu.
Hafizi sevməyi mənə öyrədən anam və Qütbi dayımıydı. Şahbanu olduğum zaman Şirazda onun qəbrini ziyarət eləmiş, axşam sərin külək əsəndə, həyat və xoşbəxtlik mövzusunda düşüncələrə dalmışdım. Hafiz də qəbrinin üstünə gələn səyyahları buna dəvət eləyir:
«Mənim torpağımda şərab və sazla otur, taki qoxunu duyaraq mən də qalxıb rəqslə sənə qoşulana qədər…»
Mənə görə, şairlərimizin ən insanpərvər, ən comərd, ən seçilmişidi Hafiz. İnsan qarmaqarışıq ruhi vəziyyətdə olanda nə qərar verəcəyini, hara gedəcəyini bilmirsə, əsərini gözüyumulu açıb cavabı mütləq onun misralarında tapır. «Qeybdən gələn səs» kimi tanınan şair həqiqəti sirli şəkildə sizə pıçıldayır. Hafiz həyatın üstün gəldiyi anlarda sizə yoldaşlıq eləyib, ağrının öhdəsindən gələ, ya da bəxtin qabağında dura bilməyəndə, ona boyun əyməmək üçün qüvvə verir. Bu sətirləri yazan da odur:
«Məqsədinə çatmaq üçün səhranı keçməyin gərəkdisə, illərlə yoluna davam elə, tikanların açdığı yaralara fikir vermə».
Anam təpədən-dırnağa qədər şeirlə dolu həyat yaşayırdı. Hər hadisəylə bağlı xatırladığı bir şeir olurdu mütləq, üzü qəfildən işıqlanır, şeiri əzbərdən deyirdi. Mən də ona başqa şeirlə cavab verəndə, çox sevinirdim. Bu oyundan daha artıq şeyiydi. Yer üzündə gəlib-gedəri olmağımızı qəbul eləməyin və təvazökarlıqla düşünənlərin biliyinə