Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви

Чтение книги онлайн.

Читать онлайн книгу Fərəh Pəhləvi: Xatirələr - Фарах Пехлеви страница 10

Жанр:
Серия:
Издательство:
Fərəh Pəhləvi: Xatirələr - Фарах Пехлеви

Скачать книгу

pıçıldayan daxili səsimə inanmağım arasında vurnuxa-vurnuxa qaldım. Bu narahatlığım sonralar keçib-getdi. Amma həmin çağdan qalma bir şəkkaklığım varıydı; mənə atılan böhtanları araşdırıram. Bu səbəbdən, Şahbanu olanda, ikiüzlülərdən, saraydakı yaltaqlardan çox ehtiyatlı olmuşam. Ara-sıra onların oyununa düşdüyüm oldusa, mənə söylədiklərinə nadir hallarda diqqət vermişəm. Beləcə, ayaqlarımın yerdən üzülməməsinə nail olduğumu güman eləyirəm. Qənaətimcə, tərifləmələr, ürəkdən gəlməyən davranışlar insan zəkasına həqarət mənasını verir, insanı aldatmaqdan fərqi yoxdu. Həmsöhbətlərimi incitməmək üçün onların üzünə heç şeyi vurmuram, amma bu vəziyyət məni dərindən yaralayır.

      Min illərdi, elə eyni tarixlərdə keçirdiyimiz, həyatın hər şeyə baxmayaraq, davam eləməsinin lazım gəldiyini, bölüşdürüləcək ortaq xoşbəxtliklər olduğunu göstərən milli bayramlarımız var. Bu bayramların ən başlıcası yazın birinci günü olan 21 marta düşən Novruz (hərfi mənası «yeni gün») hamının ən çox hazırlaşdığı bayramdı. Onun gəlişi ailədəki əhval-ruhiyyəni canlandırırdı, çünki uşaq olanda, Novruzu hamımız birlikdə böyük evdə keçirər, bir-birimizə növbənöv şirniyyatlar, noğullar, meyvələr verərdik.

      Bu həmişə belə olmuşdu. Evlərdə bayramdan iki həftə qabaq təpədən-dırnağacan təmizlik işləri başlayardı, çünki Novruz hər şeydən qabaq yeniliyin rəmziydi; incikliklər unudular, təmizlənib-yuyunub yeni paltarlar geyinilər, evlər təmizlənər və yeni il ayrı daxili aləmlə qarşılanardı. Bizim kiçik ailəmizin bu coşquyla hərəkətə başlamasının ilk əlamətləri təmizliklə bağlı işləriydi. Ev nəhayət, tərtəmiz olandan sonra o məşhur şəkər-şirniyyat hazırlıqlarına başlana bilərdi. Bunun üçün kamil aşpaz olan Əmcət xalamın evində toplaşırdıq. Aşağı mərtəbədəki geniş mətbəxə doluşub, aşpaza kömək eləyərdik. Bu hazırlıqların günlərlə davam elədiyi olurdu… Ən axırda bayram günü süfrə hazırlanırdı. Yer üzünün bütün nemətləri Novruz süfrəsində olur: doğuluşun rəmzi yumurtalar, sağlamlıq üçün sarımsaq, eşq üçün kiçik quru yemişlər, gözəllik üçün alma, rifah üçün qızıllar, işıq üçün şamlar və bir güzgü, yenidən doğuluşun rəmzi kimi, qabaqcadan gözəl qabda xüsusi cücərdilmiş buğda, bir kasa suyun içində dünyanın əbədi olduğunu bildirən şamama və nəhayət, bu dünyanın fani olduğunu göstərən ağac yarpağı. Əlbəttə, etiqad edilən dinə görə, müqəddəs kitab da süfrədəki yerini tutur.

      Vaxt yetişəndə – yazda, gündüzlə gecə bərabərləşdiyi gün – saatı illərə görə dəyişir – ailəliklə masanın ətrafında toplaşıb qucaqlaşır, bayram təbrik edilir, yeni il üçün diləklər tutulur. Böyüklər uşaqlara əsasən, bayram pulu verir: bəzən xırda pul, bəzən də təptəzə kağız pullar.

      Bu ilk gündə bütün ölkə bayram havasına bürünür. Adətlər qabaqca ailənin ən yaşlısını ziyarət eləməyi lazım bilir, sonra digərləri: böyük ana-atalar, əmilər, dayılar, xalalar, bibilər, onların uşaqları; elə ki, İran küçələri rəngarəng geyinmiş, nəşəli, əlləri çiçəklərlə dolu, balet oynayırmış kimi, gedib-gələn, gülən, bir-birinə şirniyyat verən minlərlə insanla dolur və bu şənlik günəş batana qədər davam eləyir.

      On üç gün sonra gələn Sizdah yalnız bayırda keçirilməsi lazım gələn gündü, əks təqdirdə uğursuzluq gətirəcəyinə inanırlar. İlin on üçüncü günü elə bil, bütün ölkə piknikə gedir. Varlılar yemək dolu maşınlarıyla şəhər ətrafına çıxır, imkanı daha az olanlarsa, küçələrdə, ya da dərə yamacında, çinarın altında xalılarını sərib samovarlarını qoyur, yazın ilk şəfəqləri altında manqal kömüründə kabab çəkir, yemək bişirirlər. Hər yer nağara, saz, zurna çalan çalğıçılarla dolu olur.

      Tehrandan kənarda yemək yeyilməsi üçün bu günlər ən gözəl günlərdi. Hava hələ çox isti deyil. Elburzun hələ qarlı olan təpələrindən şəhərə xəfif, yüngül külək əsir. Yeni ilin uğurlu olması üçün gün çıxmamışdan qabaq cücərmiş buğdanı götürüb axar suya atmaq lazım gəlir. Biz bunu anamla birlikdə eləyirdik.

      Ölkəmdən çox uzaqlarda olduğum bu gün belə, mənim buğda cücərtilərimi başqa çaylar götürüb aparır. Bir dəfə Amerikada sürgündə olanda və hara gedəcəyimizi bilməyəndə, axırda dənizdə yaşamağa qərar verdiyimizi xatırlayıram. Amma o zaman çimərlik bağlıydı və mənim mühafizəmə cavabdeh olan adamların tanışı çimərlik gözətçisiydi. Ona Novruz ənənələrimizdən söz açanda – amerikalılar ənənələr barədə son dərəcədə diqqətlidilər – gözətçi bizə buğda cücərtilərimizi dalğalara atmağımıza icazə verdi.

      Novruzdan qabaq «Çərşənbə suru» bayram edilir. Bu ilin son çərşənbə axşamına təsadüf eləyir. Son çərşənbə axşamı tonqalın üstündən atılır, beləcə, rəmzi olaraq, içimizdəki bütün pislikləri alova atır və oddan istilik, işıq alırıq. Biz bu Novruz tonqalını Tehranda bağçalarda, kəndlərdə, başqa bir yer yoxuydusa, küçədə qalayardıq. Bəlkə unudula bilər, amma bu gün belə kimliyimizi təşkil eləyən həmin ənənələrdən vaz keçməkdənsə, evimdə rəmzi olaraq şam yandırır və onun üstündən atılıram. Bu kiçik hərəkət mədəniyyətimə olan aidiyyatımı tamamilə üzə çıxarıb, mənə elə bil, sürgün əzablarına dözmək üçün güc verir.

      Böyüyürdüm, yavaş-yavaş vasvası anamın nəzarəti altında uşaqlıqdan çıxırdım. Çox kiçikliyimdən etibarən, anamla birlikdə həftədə bir dəfə hamama gedərdik, bu bir növ mərasim kimiydi. Anam bağlamaya təmiz geyimlərimizi qoyandan sonra əl-ələ verib hamamın yolunu tutardıq. Kiçik qız olanda, hamam məni bir az hürküdürdü, çünki çimizdirən qadın qaçmayım deyə, məni qıçlarının arasına alardı, isti su dərimi yandırar, sabun gözlərimi acışdırardı. Hamamçının adı Tubaydı. Məni sakitləşdirmək üçün Tubanın mahnı oxuduğunu xatırlayıram: «Səni elə adi adama verməyəcəyik. Şah belə, ordusunu götürüb, vəziriylə səni istəməyə gəlsə, bəlkə verərik, bəlkə də vermərik».

      İllər keçdikcə, hamamı və oradakı mərasimə oxşar mühiti sevməyi öyrəndim. Hər kəs öz bağlamasını hazırlayardı. Oturmaq üçün gümüş suyuna çəkilmiş girdə məcməyi və üstündə dualar qazılmış mis tas da aparmaq lazım gəlirdi. Yuyunma hissəsi qurtaranda, duaların bizi qoruyacağına inana-inana bu tasla başımızdan su tökürdük. Təmizlik qayğısıyla heç bir zaman hamamın həsir döşəkçələrinin üstündə oturmazdıq; qızlara döşəkçənin üstündə oturduqları təqdirdə hamilə ola biləcəkləri deyilirdi. Bu sadəlövhcəsinə fikrin məni necə dəhşətə saldığını hələ xatırlayıram. Artıq Tubanın belimi qıl kisəsiylə kisələməsindən xoşlanırdım, olduqca uzun sürən bu kisələmə hissəsi dərimi təzələyir, mən də bundan ləzzət alırdım. Bizdə hamamın başqa bir funksiyası da var; analar arada evlənmə çağındakı oğullarına göstərmək, bəlkə də evləndirmək üçün qız bəyənirdilər.

      Bir gün azərbaycanlı bir qadın onun dilini başa düşmədiyimi güman eləyib, mənim nə qədər zəif olduğumu söyləmişdi: «Boy, nə gözəl qızdı» – yəni, türkcə «bu qız gözəldi» demişdi: gənclik

Скачать книгу