Cenni Herhardt. Теодор Драйзер
Чтение книги онлайн.
Читать онлайн книгу Cenni Herhardt - Теодор Драйзер страница 5
Günəş daha da şiddətlə qızdıranda, onun şüaları budaqlar və yarpaqlar arasından keçib qızıl naxışlar kimi otların üzərinə səpiləndə Cenni onlara baxmaqdan doya bilmirdi, oraya, şüaların daha artıq parladığı yerə can atır və sehrlənmiş kimi meşənin müqəddəs qalınlığına doğru gedirdi.
O, rənglərin bütün gözəlliyini hiss edirdi. Günəş batarkən səmada parlayıb yayılan fəcr onu hədsiz dərəcədə şadlandırır və heyrətə gətirirdi. Bir dəfə o lap uşaq kimi dedi:
– Bu buludlarla birlikdə süzmək necə yaxşı olardı!
O, təbiətin özünün çöl üzümü tənəklərindən hördüyü bir yelləncək tapmışdı, Marta və Corcla yellənirdi.
– Belə bir qayığımız olaydı, – deyə Corc dilləndi.
Cenni başını geri ataraq gümüş dənizindəki al-qırmızı adaya – uzaq bir buluda baxırdı. Bir az sonra o dedi:
– Kaş adamlar belə bir adada yaşayaydılar, nə qiyamət olardı! Fikrən qız artıq orada idi və hava cığırları ilə yüngülcəsinə qaçırdı. Corc yanlarından uçan bir cır arını göstərərək:
– Arıya bax, – dedi.
– Hə, – deyə Cenni xəyala dalmış halda cavab verdi. Corc soruşdu:
– Quşların da?
Bu fikrin şeriyyətini bütün varlığı ilə hiss edən Cenni:
– Hə, – dedi, – quşların da evi olur.
– Arıların da? – deyə Marta əl çəkmədi.
– Hə, arıların da.
Corc yaxındakı yolla tənha dolaşan köpəyi görüb soruşdu:
– İtlərin də?
– Bəs necə, əlbəttə, – deyə Cenni cavab verdi. – Sən bilmirsən ki, itlərin evləri olur? Oğlan şəffaf alaqaranlıqda uçuşan bir dəstə ağcaqanadı görüb soruşdu:
– Bəs ağcaqanadların necə?
Cenni özü belə buna çox da inanmayaraq:
– Hə, – dedi, – qulaq asın!
– Oho! – deyə Corc etinasızlıqla səsləndi: – Mən onların evlərini görmək istəyirəm – o necə evdir?
– Qulaq asın! – deyə Cenni ciddi surətdə, inadla təkrar etdi və sakitliyi bərpa etmək üçün əlini yuxarı qaldırdı.
Kilsədən yüksələn zəng səsinin sönən gün üzərində xeyir-dua kimi səsləndiyi sakit bir vaxt idi. Uzaqdan gəldiyi üçün zəifləşən səslər axşam havasında asta-asta üzür, sanki təbiətin özü də susaraq Cenni ilə birlikdə bu səsi dinləyirdi. Ondan bir neçə addımlıqda qırmızı sinəli moruq quşu atılıb-düşürdü. Arı vızıldayır, harada isə zınqırov səslənir, budaqlardakı şübhəli şıqqıltılar gizli-gizli qoz axtaran dələnin yaxında olduğunu bildirirdi. Əlini aşağı salmağı unutmuş Cenni, uzun zəng səsi havada donana qədər və ürəyi tamam dolana qədər dinlədi. Sonra ayağa qalxdı.
– O! – deyə qızdan bir səs qopdu və o, şairanə həyəcanın təsirilə əllərini bərk sıxdı. Onun gözləri yaşarmışdı. Onu həyəcanlandıran hissin gözəl dənizi sahili döyürdü. Cenninin qəlbi belə idi.
III FƏSİL
Senator Corc Silvestr Brender adi adamlardan deyildi. Onda siyasi işbazın diribaşlığı ilə xalq nümayəndəsinin həssaslığı birləşmişdi. O, Cənubi Ohayoda doğulmuş, orada böyümüş, Nyu-Yorkda Kolumb darülfünununda hüquq elmi ilə məşğul olduğu iki il nəzərə alınmazsa, təhsilini də orada almışdı. Mülki və cinayət hüququnu o, yəqin ki, öz ştatında heç kəsdən pis bilmirdi. Lakin heç bir zaman vəkillik sahəsində görkəmli müvəffəqiyyətlər əldə etmək üçün zəruri olan canfəşanlıqla məşğul olmamışdı. O, pis qazanmırdı, vicdanını itirməkdən qorxmasaydı, müqayisə edilməyəcək dərəcədə artıq qazana bilərdi, buna çox yaxşı imkanlar vardı. Ancaq o bunu bacarmazdı. Hər halda təmizliyinə və satılmazlığına baxmayaraq, o bəzən öz dostlarının xahişləri qarşısında dura bilmirdi. Elə bu yaxınlarda, son prezident seçkilərində, hökumət üzvlüyü üçün zəruri keyfiyyətlərə heç də malik olmayan (Brender bunu yaxşı bilirdi) bir adamın namizədliyini müdafiə etmişdi.
Həmçinin, o, bir məsələdə də müqəssir idi ki, bir neçə dəfə şübhəli adamlara, iki, yaxud üç dəfə isə açıqdan-açığa yaramaz adamlara dövlət vəzifələri tapşırmışdı. Vicdan əzabı onu sıxmağa başladıqda o çox sevdiyi: "Həyatda azmı şey olur" – məsəli ilə özünə təsəlli verirdi. Bəzən o, kədərli xəyallara dalaraq, kreslosunda uzun müddət tənha oturur, sonra yerindən qalxaraq günahkarcasına bir təbəssümlə bu sözləri təkrar edirdi. Onun vicdanı heç də susmurdu, ürəyi isə hər halda çox həssas idi, hər şeyi tez və dərindən duyurdu. Tərkibinə Kolumbusun daxil olduğu okruqdan üç dəfə ştatın konqresinə və iki dəfə Birləşmiş Ştatlar senatına seçilmiş bu adam heç vaxt evlənməmişdi. O, gəncliyində ciddi sevmişdi. Lakin bu sevginin nikahla bitməməsində onun günahı olmamışdı. Ailə saxlamaq üçün vəziyyətini düzəltməyə xeyli vaxt lazım idi, ürəyini çalmış qadın isə onu gözləmək istəməmişdi.
Ucaboylu, qamətli, enlikürək bu adam təkcə öz xarici görkəmi ilə adamda özünə ehtiram hissi oyadırdı. O, həyatda az şey itirməmiş, taleyin zərbələrini dadmışdı. Elə buna görə, onda, canlı təsəvvürlü adamlarda hüsnrəğbət doğuran nə isə bir şey var idi. O, xeyirxahlığı və iltifatlığı ilə tanınmışdı, senat yoldaşları isə hesab edirdilər ki, onu bir elə şişirtməyə dəyməz, amma çox gözəl adamdır.
Senator Brenderin o zaman Kolumbusa gəlməsi, laxlayan siyasi nüfuzunu möhkəmlətmək zəruriyyətindən