Cenni Herhardt. Теодор Драйзер
Чтение книги онлайн.
Читать онлайн книгу Cenni Herhardt - Теодор Драйзер страница 9
– Yox canım? – deyə missis Herhardt yavaşdan səsləndi. – Deməli, o qayıtmışdır. Bəs sən niyə qaçıbsan, axmaq?
– Mən istəmirdim ki, o məni görsün. Ana qayğı ilə dedi:
– Bəlkə o heç səni tanımayıb.
– Yox, tanıdı, – deyə Cenni pıçıldadı. – O məni üç dəfə səslədi. Missis Herhardt başını buladı.
Söhbəti eşidən Herhardt qonşu otaqdan çıxa-çıxa soruşdu:
– Nə olub?
– Heç nə, – deyə arvadı cavab verdi. O, senatorun onların həyatında nə kimi rol oynamağa başladığını heç də izah etmək istəmirdi. – Uşaqlar kömür gətirəndə kimsə onları qorxutmuşdur.
Elə bu axşam bir az keçmiş milad hədiyyələri gəldi və bu bütün ailəni çox həyəcana saldı. Ərzaq mağazasının arabası onların qapısında dayandığı və kuryer – möhkəm bədənli oğlan paketləri evə daşıdığı zaman Herhardt və onun arvadı gözlərinə inanmadılar. Kuryeri səhv etdiyinə inandırmaq üçün faydasız cidd-cəhddən sonra, Herhardtlar səbəbi aydın olan şadlıqla bütün bu nemətləri gözdən keçirməyə başladılar.
Kuryer inamla dedi:
– Siz narahat olmayın. Mən nə etdiyimi bilirəm. Sizin familiyanız Herhardtdır, eləmi? Bunlar hamısı sizə çatacaqdır.
Missis Herhardt yerində otura bilmirdi, əllərini həyəcanla ovuşduraraq təkrar edirdi:
– Nə deyirsən buna? Möcüzə deməzsən?
Herhardtın özü də tanımadığı xeyirxah adamın səxavəti haqqında fikirləşməkdən mütəəssirlənmişdi, o bu yaxşılığı bir zaman fabrikasında işlədiyi və ona yaxşı münasibət bəsləyən iri yerli fabrik sahibinin adına yazmaq istəyirdi. Missis Herhardt gözlənilməyən sevincin həqiqi mənbəyini, şübhəli olsa da, anlayırdı və gözləri yaşarmaq dərəcəsinə qədər mütəəssir olmuşdu, lakin susurdu. Cenni isə dərhal burada kimin əli olduğunu başa düşdü.
Milad bayramının ikinci günü Brender oteldə missis Herhardt ilə görüşdü. Cenni təsərrüfat işləri ilə məşğul olmaq üçün evdə qalmışdı.
Brender əlini uzadaraq mehribancasına səsləndi:
– Missis Herhardt, kefiniz necədir? Bayramı necə qarşıladınız?
Zavallı missis Herhardt utana-utana onun əlini sıxdı. Onun gözləri bir an yaşla doldu. Brender əlini onun çiyninə vuraraq:
– Yaxşı, yaxşı, – dedi. – Ağlamaq lazım deyil. Paltarları yumağa aparmağı unutmayın.
– Yox, unutmaram, ser! – deyə missis Herhardt cavab verib yenə nə isə demək istədi, lakin Brender artıq uzaqlaşmışdı.
İndi Herhardt daima oteldə yaşayan qəribə senator haqqında, onun lütfkarlığı, paltar yudurtmaq üçün nə qədər çox pul verməsi haqqında danışıqlar eşidirdi. Sadəqəlb zəhmətkeş, mister Brenderin çox xeyirxah, çox nəcib adam olmasına tez inandı.
Cenninin özü də belə düşünür və senatora getdikcə daha çox valeh olurdu.
Cenni elə böyümüş və elə yaxşılaşmışdı ki, heç kəs onun yanından laqeyd ötüb keçə bilməzdi. O, ucaboylu idi, bədən quruluşu gözəl idi. Uzun paltarda, kübar qadınların zinətində o, senator kimi, görkəmli bir kişiyə gözəl tay ola bilərdi. Onun insanı heyrətləndirəcək dərəcədə aydın, oynaq gözləri, gözəl rəngli siması, düz ağ dişləri vardı. Həm də o, ağıllı, həssas və çox müşahidəçi idi. Onda ancaq tərbiyə və özünün asılı, müti vəziyyətini başa düşən adamlarda heç vaxt tapılmayan inam çatmırdı. Paltar yumaqla məşğul olmaq, onları gətirib-aparmaq, hər cür xırda-xuruş şeyləri bir sədəqə kimi qəbul etmək onun əl-qolunu bağlayırdı.
İndi o, həftədə iki dəfə otelə gəlirdi, senator Brender onunla mehriban rəftar edir, özünü sərbəst aparırdı. Cenni də belə edirdi. Senator tez-tez ona, onun bacılarına və qardaşlarına kiçik hədiyyələr verir və həmişə onunla elə sadə, elə səmimi danışırdı ki, nəhayət, onları bir-birindən ayıran uçurum yox oldu. Cenni onun simasında mötəbər senatordan artıq alicənab bir dostunu görməyə başladı. Bir dəfə Brender ondan oxumaq istəyib-istəmədiyini soruşdu. Senator düşünürdü ki, yaxşı məktəb onu daha cazibədar edə bilər. Nəhayət, bir dəfə axşam o, Cennini yanına çağırdı.
– Cenni, buraya, yaxın gəlin.
Cenni yaxın gəldi, Brender birdən onun əlindən tutdu.
– Cenni, – deyə o, şən və sınayıcı nəzərlə qızın üzünə baxdı, – deyin görək, siz mənim haqqımda nə düşünürsünüz?
Cenni utana-utana kənara baxaraq:
– Bilmirəm, – dedi. – Siz bunu nə üçün soruşursunuz?
– Xeyr, bilirsiniz, – deyə o təkid etdi, – axı necə olsa, mənim haqqımda bir rəyiniz vardır. İndi deyin görüm, o rəy nədən ibarətdir?
Cenni sadəlövhcəsinə cavab verdi:
– Heç bir rəyim yoxdur.
– Xeyr, vardır, – deyə o təkrar etdi. Cenninin açıq boyun qaçırtması onu əyləndirir və maraqlandırırdı. – Siz mənim haqqımda bir şey düşünməlisiniz. Nə düşünürsünüz?
Cenni senatorun alnı üzərində yüksələn və onun gözəl simasına əzəmət verən dən düşmüş şux qara saçlarına yuxarıdan aşağıya baxaraq sadədilliklə:
– Sizin mənim xoşuma gəlib-gəlməməyinizi soruşursunuz, eləmi? – deyə soruşdu.
– Bəli, – deyə o bir qədər peşman olub cavab verdi.
Cenni əzilib-büzülməyi bacarmırdı. O, xoş bir təbəssümlə dedi:
– Əlbəttə, xoşuma gəlirsiniz.
– Siz heç vaxt mənim haqqımda başqa bir şey düşünməyibsiniz?
– Mən düşünürəm ki, siz çox yaxşı adamsınız, – deyə Cenni daha çox sıxılaraq cavab verdi. O ancaq indi duydu ki, Brender hələ də onun əlini saxlamaqdadır.
– Vəssalam? – deyə senator soruşdu. Cenni:
– Məgər bu azdır? – dedi və onun kirpikləri titrədi.
Senator ona baxır, Cenninin şən, dostcasına və açıq nəzərləri onu dərindən həyəcanlandırırdı. O dinməzcə qızın üzünü, onun simasının cizgilərini