Qoca qartalın ölümü. Фарман Керимзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Qoca qartalın ölümü - Фарман Керимзаде страница 3
Bir-bir şəhərləri aldıqca ordunun qənimət yükü də ağırlaşır, görünməmiş xəzinələr ələ keçirirdi. Nadir şah isə doymur, daha çox ləl-cavahirat, qızıl ələ keçirməyə çalışırdı. Bahalı əşyaları növlərə ayırtdırmışdı. Ən qiymətlilərinin keşiyini çəkmək, qorumaq Pənah bəyə tapşırılmışdı. Bu isə Nadir şahın ətrafındakı, köhnədən ona yaxın olanların paxıllığına səbəb olmuşdu.
Əvvəldən almaz görməyən Pənah bəy bu qədər almazı görəndə heyrətə gəlmişdi. Həmişə də təəccüb eləyirdi ki, bu var-dövləti qorumaq üçün gərək güclü qoşun saxlayasan.
Var-dövlətə baxmayaraq əhali lüt-üryan və ac idi. Dilənçi əlindən tərpənmək mümkün deyildi. Bəs bu ləl-cavahirat onun nəyinə lazımmış? Nadirin qoşunları bütxanalarda daş-qaşla bəzədilmiş heykəlləri də söküb çıxardırdılar.
Nadir şahın qoşunu torpaq tutmaq, ona sahib olmaq deyil, əlinə keçən var-dövləti talayıb geri qayıtmaq niyyətində idi.
Göygöz kişi indi özünə lənət oxuyurdu. Axı o, Pənah bəyin Şəki xanına dediklərini eşitmiş, Nadirə çatdırmışdı. Pənaha bəy rütbəsi verib Nadir şah onu Göygözdən də yuxarı qaldırmışdı. Bu isə Göygözün ürəyincə deyildi. Var-dövlətin əsas hissəsi Pənah bəyin əlində toplanmışdı. Oradan Göygöz özü üçün yaxşı pay götürərdi və bundan heç kimin də xəbəri olmazdı.
Qoşun geri dönməyə hazırlaşanda Nadirə xəbər çatdırdılar ki, şəhərdə bir raca1 var. Onda olan almazın qiymətini təyin etmək heç kimə qismət olmayıb. Nadir o alması da ələ keçirməyi qərara aldı. Pənah bəyə və yaxın adamlarına tapşırdı ki, racanın almazı harada saxladığını öyrənsinlər. Racanın sarayının keşiyini çəkən sinqxlər idi. Onlar başında qırmızı çalma gəzdirir, gur saqqal saxlayırdılar. Əqidəcə müsəlman olduqlarına görə Nadir şahın qoşunları ilə mehriban münasibətdə idilər. Pənah raca sarayının rəisi ilə əlaqə yarada bildi. Çox uzun söhbətlərdən, boyun olunan bəxşişdən sonra rəis racanın sirrini verdi. Raca almazı həmişə başına qoyduğu çalmanın içində gəzdirirmiş.
Pənah bəy bu xəbəri Nadir şaha çatdıranda Nadirin gözlərində elə bil yeni bir parıltı gördü. Qırmızı yox, almazdan qopan, qövsi-qüzehə bənzər bir neçə rəngli parıltı. Gördümü, görmədimi, onu dəqiq deyə bilmirdi. Amma ona belə gəldi.
Nadir şah soruşdu:
– Pənah bəy, oğlum, o almazı racadan necə ala bilərik?
– Başı ilə birlikdə.
– Yox. Bu siyasət olmadı. Siyasət ayrı şeydi. Sən sərkərdə, igid kimi danışırsan. İndi sarayın zərgərini mənim yanıma çağırtdır.
Pənah bəy çıxıb zərgərlə bərabər qayıtdı. Taxtın yanındakı balaca kürsüdə on dörd-on beş yaşında sərkərdə əyləşmişdi. Zər-ziba içərisindəydi. Onun iri gözləri Pənah bəyin çox xoşuna gəlmişdi. Atası onu həmişə özü ilə gəzdirirdi. Qoy hamı bilsin ki, Nadir şah Əfşarın övladı var və o, gələcək şahdı. Söz yox ki, Nadir şahın oğlundan da gizli sirri yox idi.
Nadir şah dedi:
– Zərgər, hökmdar tacının eynini iki günə düzəldərsən. Ancaq qızıl yerinə qızıl kimi parıldayan mis, yaqut yerinə ucuz daşlar, almaz yerinə şüşələr qoyarsan.
– Baş üstə. Amma niyə belə ucuz?
– Sənə nə deyirlər onu elə. Amma əsl tacdan seçilməsin. Düzəldə bilərsən?
– Düzəldərəm.
Zərgər tez ölçüb-biçmişdi. Bu ölkədə o qədər ucuz daş-qaş vardı ki, nə yaqutdan seçilirdi, nə zümrüddən. Onlardan yükünü tutmuşdu. Geri qayıdanda yaxşı qazanacağını fikirləşirdi.
– Zəhmət haqqını əsl qızıl, daş-qaşla işlədiyin işindən ikiqat artıq verəcəyəm.
Zərgər heç nə başa düşmədi. Baş əyib getdi.
Pənah bəy də Nadirin fikrini dərk eləyə bilmədi.
– İndi başa düşdün, övladım?
– Hələ də yox.
– Onda tapşırıq ver, racanı üç gün sonra qonaq çağırsınlar. Axı, mən ona toxunmuram, özünü də qonaq çağırıram.
Racanın yanına adam göndərdilər ki, Nadir şah onu qonaq dəvət edir. Çox vacib söhbətləri olacaq.
Racanın da saysız-hesabsız nökər-naibləri vardı. Onun kimi racalar Hindistanda az deyildi. Amma onların heç birini ölkəni tutan Nadir şah bu şərəfə çatmağa layiq bilməmişdi. Raca da özünü xoşbəxt hiss elədi. İçərisində almazı gizlətdiyi çalmanı başına qoydu. Qızıla tutulan kəcavəsinə mindi, dörd nəfər onun kəcavəsini çiyinlərinə qaldırdı. O, filin üstündəki kəcavəsində də gələ bilərdi. Amma bu, ölkəni tutmuş yadelli hökmdarın xoşuna gəlməzdi. Qədim silahlarla silahlanmış, amma çiyinlərinə tüfəng qoyub, qundaqlarını ovuclarının içində saxlayan mühafizə dəstəsi arxadan, qarşıdan və yanlardan onu müşayiət edirdi. Raca kəcavənin pərdəsi arxasından nifrətlə ona baxan həmvətənlərini görüb təəccüb edirdi. Həmişə onun başına gül ləçəkləri səpən bu adamlar niyə düşmənə dönmüşdülər. Bəlkə də onun Nadir şahın hörmətini qazandığını görüb belə olmuşdular.
O, üzünü çevirib pərdəni saldı.
Sarayın qapısında Nadir şah özü onu qarşıladı, raca əllərini qoşalayıb başını qaldırdı. Nadir şah da onun kimi racanı hind adəti ilə salamladı. Tərcüməçi vasitəsi ilə söhbət edə-edə taxta tərəf addımladılar. Taxtın yanında bir kürsü də qoyulmuşdu. Nadir ona yer göstərdi. Raca təşəkkür edib oturdu, amma əvvəl şahın əyləşməsini gözlədi.
Nadir şah ziyafətdən əvvəl mərasim keçirmək qərarındaydı. Ona görə də əyan-əşrəf taxtın qarşısından iki cərgə ilə dayanmışdı.
Nadir şah sözə başladı:
– Hörmətli raca, bizim özgə ölkənin torpağında gözümüz yoxdur. Öz torpağımız özümüzə bəsdir. Bizi bu ölkəyə səfər etməyə məcbur eləyən köhnə müqavilələrə əməl olunmamasıdır. Hələ Səfəvi şahı Təhmasibin vaxtında, Hindistan hökmdarı Hümayun2 taxtdan salınmışdı. O, ölkəmizə qaçıb kömək istəmişdi. Təhmasib ona qoşun verib geri qaytarmış, Hümayunu təzədən taxta oturtmuşdu. Bağlanan müqaviləyə görə o, hər il İran mülkünə xərac verməliydi. Özü və özündən sonra gələn nəsilləri. Bu, əbədi bir borc idi. Lakin vədini yerinə yetirmədi. Neçə yüz ildir
1
Raca – hindli zadəgan.
2
Zəhirəddin Baburun oğlu Hümayun doğrudan da kömək üçün İran hökmdarına müraciət etmişdi, amma tarixdə belə müqavilənin olduğu məlum deyil. Hümayun 3 min döyüşçü əvəzində Təhmasibə çox qiymətli bir almaz bağışlamışdı. Nadir öz təcavüzünə belə diplomatik rəng verib.