Qoca qartalın ölümü. Фарман Керимзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Qoca qartalın ölümü - Фарман Керимзаде страница 4
Axırda Molla Nəsrəddin kəndçiləri onu böyük bir çətinliklə Teymurləngin yanına göndərirlər.
Teymurləng soruşur:
– Molla, nəyə gəlmisən?
Molla deyir:
– Filə görə.
Teymur qışqırır:
– Cəllad bunun da başını vursun.
Molla cavab verir:
– Hökmdar sağ olsun, fil eşitdin, axıra qədər qulaq asmadın. Mən demirəm ki, fili aparsınlar. Mən gəldim ki, hökmdarın fili təkdi, darıxır. Ondan birini də ver aparaq, biri-birilərinə həyan olsunlar.
Teymurləngin kefi açılır.
İndi raca deyəndə ki, Nadir şah getməsin, ondan ötəri Hindistanda darıxırlar, hələ öz başına nə gələcəyindən xəbəri yoxdur.
Nadir şah tez-tez racaya, deyəsən onun ağ ipəkdən tikilmiş, çalmasının mirvarilərdən düzəldilmiş bəzəyinə, ora sancılmış qəribə rəngləri olan lələyə baxırdı. Pənah bəy bu baxışın mənasını indi anlamışdı.
Nadir şah dedi:
– Racanın təklifinə baxıb qala da bilərdim. Ancaq bizim öz ölkəmizin də işi çoxdur. Həm də bu yerlərin havası bizim adamlara düşmür, bürkülü, istidi. Yağış yağanda kəsmək, yağış kəsəndə yağmaq bilmir. Bizim yerlər gözəldir.
Raca cavab verdi:
– Bir az da qalsanız öyrənərsiz. Bəy Baburun nəsilləri necə öyrəndi? Neçə yüz ildi ki, hökmranlıq eləyirlər.
– Yox, mən istəyirəm ki, səninlə qardaş olam. Bu qardaşlığımıza and içəm. Gedəndə də ölkəni sənə tapşıram.
– Mənə?
– Bəli, sənə.
– Mənim qoşunum yoxdu.
– Düzəldərsən. Sənin var-dövlətin başqa racaların var-dövlətindən deyilənə görə çoxdur. Var-dövlət də olandan sonra hər şey düzələr. Hörmətli raca, mən istəyirəm ki, bu gün hətta öz tacımı da sənə bağışlayım. Qoy görsünlər ki, hökmranlıq sənə verildi.
Raca özünü itirmişdi. Düzdür, onun ürəyindən hökmranlıq keçirdi, amma yatsa yuxusuna da girməzdi ki, Nadir şah ona belə bir bəxt hədiyyəsi bəxş eləyəcək.
Bu vaxt görünməmiş bir iş baş verdi. Nadir şah ayağa qalxıb racaya yaxınlaşdı, öz başındakı tacı götürdü, racanın çalmasını götürməyini gözlədi, tacı onun başına qoyandan sonra geri çəkilib baxdı.
– Gör şahlıq tacı necə də yaraşır racaya.
Taxtın qarşısında dəstə ilə düzülmüş Nadir şahın əyanları arasında narazılıq nidaları ucaldı.
O bir dəfə dönüb baxmaqla səs kəsildi. Sonra dönüb racanın dizinin üstünə qoyduğu çalmasını götürdü.
– Qardaşım, yəqin ki, bu çalmanı mənə qızırğalanmazsan. Çalmanı başına qoyub taxtda oturdu.
Əyanlar, xüsusən vəzir lap pərt olmuşdu. İran səltənətinin rəmzini Nadir şah bir hind racasına bağışlamışdı. Bu, ölkəni, taxtı, müstəqilliyi vermək idi. Taxt-tacla oyun oynamaqmı olardı?
Raca oturduğu yerdə donub qalmışdı. Onun qara rəngli, avazımış, iri həbəşi dodaqları göyərmişdi.
– Qardaşım raca, İran şahının tacını daşımaq əziyyət deyil?
– Su, – deyən zəif səs racanın nə günə düşdüyünü büruzə verdi.
– Bəli, o tacı gəzdirmək ağır işdi. Racaya su verin.
Racaya su verdilər. Əlləri əsdiyindən şüşə qabı dodağına yaxınlaşdırana qədər xeyli hissəsini çalxalayıb üstünə tökdü. Şüşə qab dodağına çatmamış əlindən düşüb mərmər döşəmədə çilik-çilik oldu.
Hamı gördü ki, racanın vəziyyəti xeyli xarablaşıb. Nadir onun adamlarına əmr verdi ki, onu sarayına aparsınlar. Ziyafət başqa günə keçirilir.
Raca onu kəcavəyə qoyanda Nadir şahın tapşırığı ilə tacı Pənah bəy aparıb onun yanında kəcavəyə qoydu. Racanın dəstəsi sevinə-sevinə geri qayıtdı.
Pənah bəy geri dönəndə qapının ağzında Göygöz onu saxladı:
– Şahın tacını racaya sən verdin, hə. Yadında qalsın.
– Mən Nadir şahın əmrinə əməl eləmişəm.
Göygöz deyindi:
– Şah əmrinə əməl eləyib.
Pənah bəy dilləndi:
– Axı, bu sirri sən bilmirsən. Mən isə bilirəm.
Göygöz pərt oldu.
"Yəni Pənah bəy şahın sirrinə məndən yaxın olub?"
Onların hamısını saraya çağırdılar.
Şah hirslə dedi:
– Mən tacı bağışlayanda kimiydi özündən çıxan?
Yaşlı vəzir qabağa yeridi:
– Şah sağ olsun, tacı hökmdara ölkə verir, şahın da tacı bağışlamağa haqqı yoxdur. Tac ölkədir, onun qeyrəti, namusudu, hakimiyyətidi.
Nadirin birdən-birə hirsi soyudu və onu gülmək tutdu. Xeyli güldü. Vəzir elə bildi ki, o dəli olub. Bugünkü hərəkətlər ona dəlilik təsiri bağışlayırdı.
Vəzir göz gəzdirdi, gördü ki, Pənah bəydən başqa hamı onun fikri ilə şərikdir. Hətta az qalırdı ki, əmr versin ki, dəli olmuş hökmdarı həbs edib, yerinə oğlunu qoysunlar. Çünki buna onun haqqı vardı. Dəli olmuş hökmdar hər cür ağılsız addım ata bilərdi. O səhvləri isə düzəltməyə yüz ağıllının da gücü çatmazdı.
Birdən-birə Nadir şah gülməyə ara verdi.
– Mənim tacımı gətir, Pənah bəy.
Pənah bəy qonşu otağa keçib şahın tacını gətirdi,