Beynəlxalq Münasibətlər üzrə bələdçi. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Beynəlxalq Münasibətlər üzrə bələdçi - Коллектив авторов страница 22
Dördüncüsü, başlanğıcda behaviorizmin daxil edilməsi «elmi» BM yaradılması mənasında dramatik böyük addım kimi alqışlansa da (Lijphart, 1974a, 1974b), sonrakı hesabatlar bu debatların təməl fərziyyələri köklü surətdə dəyişmədiyini, və yalnız metodologiya haqqında çox məhdud debatdan ibarət olduğunu sübut etməyə başladı (Guzzini, 1998; Hollis və Smith, 1990; Holsti, 1985, 1998; Vasquez, 1998). Bu, problemli bəyanatdır (Dunne, 1998: 124; bax habelə Schmidt, bu kitabda Fəsil 1); elm haqqında debat heç vaxt sadəcə olaraq «metodoloji» ola bilməz. Pozitivizm elmin fəlsəfəsi və elm üçün fəlsəfədir, və onun qəbulu bir sıra ontoloji və epistemoloji, habelə metodoloji fərziyyələrin qeyri-aşkar qəbul edilməsini tələb edir. Qismən də bu səbəbə görə, pozitivizmin epistemologiya olması haqqında müasir fikirlər geniş yayılmışdır. (Nicholson, 1996a).
Pozitivizm müəyyən epistemoloji öhdəlikləri gerçəkləşdirir, lakin özü, əgər kimsə epistemologiya termininin istifadəsini onu mənasız edənə qədər dartıb uzatmırsa18, epistemologiya deyildir (Smith, 1996: 17). Lakin tək Bull-un arqumentlərinin məğzini tədqiq etmək onların metodoloji deyil, hər şeydən əvvəl ontoloji olduğunu görmək üçün kifayətdir. Onun tənqidinin məğzi dəqiq olaraq ondan ibarət idi ki, elmi yanaşmanın metodoloji çərçivəsinə dəqiq riayət edilməsi geniş və mühüm beynəlxalq siyasət sahəsini tədqiq edilməmiş qoymuşdur. Belə ki, onun məqsədinin yeni elmi proseduralar təklif etməkdən ibarət olduğunu güman etsək belə, onlar ontoloji fərziyyələrə söykənəcəkdilər. Bundan əlavə, elmin səbəb, izah, qanun və dünyanın xarakteri kimi düzgün formalaşdırılmış əsaslara malik fəlsəfəsi kimi pozitivizmə sadəcə metodologiya kimi baxmaq da düzgün deyildir.
BM-də davranışçı inqilabın yaddan çıxarılmış digər cəhəti onun tərəfdarlarının özlərini sosiologiyadan kənara çıxmış və «davranışçı elm» təsis etmiş hesab etmələrinin dərəcəsi idi (Easton, 1965: 18). «Davranışçı qiyam» təkcə BM-i daha elmi əsaslar üzərinə qoymaq deyil, həm də bütün bəşər elmlərini tikişsiz bütöv halında birləşdirmək kimi iddialı cəhddə iştirak etmək üçün idi. David Easton qəbul edirdi ki, ictimai elmlər «davranışçı qiyama» qədər də elm yarlığına layiq idilər (Easton, 1965: 22). O, habelə etiraf edirdi ki, «davranışçı qiyam» təkcə daha artıq elmi dəqiqlik daxil etmək üçün edilə bilməzdi. Doğrudan da, o göstərirdi ki, «onun ənənəvi mövqedən tənqidçiləri o qədər cəld və dəqiq olmuşdular ki,» daha çox dəqiqlik «meyidin qıc olması» mənasını daşıya bilərdi (Easton, 1965: 22). Əsil Comte üslubunda Easton davranışçı hərəkatın insan biliklərinin inkişafında növbəti, humanitar elmlərin mərkəzində davranış anlayışının dayandığı vahid tədqiqat proqramında birləşdirilə biləcəyi mərhələ olduğunu görürdü. Bu elmin vəhdəti tezisinin çox güclü variantı idi.
«Davranışçı qiyamın» fənnə ümumi təsirinin dərəcəsindən asılı olmayaraq, o, sosiologiyanın və elmin fəlsəfəsinə dönüşü legitimləşdirdi. Hempel, Nagel, Popper, Kuhn, Feyerabend və Lakatos-a iqtibas banal bir şeyə çevrildi. Waltz özünün Theory of International Politics (1979) kitabının bir fəslini elmin fəlsəfəsinə həsr etdi, və nəzəri terminlərin instrumentalist emalını güclü müdafiə etdi (Griffiths, 1992: 93). Və, əlbəttə ki, Thomas Kuhn fənni fundamental üsullarla formalaşdırdı. Bundan əlavə, Kuhn-ın strukturu, istifadə edilən dil artıq paradiqmlər olmasa belə, bu gün də dolayısıyla fənni formlaşdırmağı davam edir. Lakin Kuhn-un özünün ictimai elmlərin paradiqmatikdən əvvəlki vəziyyətdə olması barədə fikirlərini, və onların nə vaxtsa «yetişmiş elmə» çevriləcəyinə şübhələrini yada saldıqda, Kuhn-un strukturunun fənn boyu belə universal qaydada qəbul edilməsi bir qədər tapmaca kimi görünür. (Kuhn, 1962:164-5; bax, habelə Kuhn, 1970: 245; Kuhn-u BM-də tətbiq etmək cəhdlərinin tənqidi üçün bax, Ferguson və Mansbach, 1988).
İstənilən halda, ictimai elmlərdə Kuhn-un uğuru üçün səbəblər tapmaq çətin deyildir. Politoloqlar, sosioloqlar və antropoloqlar öz praktikalarında və fənni münaqişələrdə Kuhn-un paradiqm mənzərəsini tanıdılar. Əvvəlcə sədd olduğu fikirləşilən bir şeyin nüfuzlu elmlərdə işlənib-hazırlanmış üsul olduğunu eşitmək onlara ləzzət edirdi. İndi ənənəçilər özlərini onları elmçilərin tənqidindən müdafiə edəcək başqa bir paradiqmdə işləyən kimi göstərə bilərdilər. Faktik olaraq normal elm siması altında biliklərin artmasına kömək etdikləri zənnindən özlərini təhlükəszlikdə hiss edən elmçilər də işlərini çəkinmədən davam etdirə bilərdilər. Dissidentlər isə özlərini indi yeni paradiqmin inqilabi qəhrəmanları kimi qələmə verə bilərdilər. Burada sanki təkcə elmi layiq olduğu yerə qoyan yox, həm də sosioloqların artıq etmiş olduqlarını legitimləşdirən və onu dəyişmək mənasında az bir şey tələb edən elm fəlsəfəsi var idi. Kuhn-ın birmənalı olmayan terminologiyası da həlledici amil olmuşdu. Xüsusilə də onun aparıcı konsepsiyası, yəni paradiqm, müxtəlif yozumların predmeti olmuşdu; Margaret Masterman (Masterman, 1970) Kuhn-ın bu ifadəni iyirmi bir müxtəlif üsulla istifadə etdiyini müəyyən etmişdi – Kuhn bu tənqidi qəbul etmişdi (Kuhn, 1970). Bu çoxmənalılıq struktura böyük elastiklik vermiş və onun təyinedici debatları özlərinin tədqiqat praktikasının həlledici tərkib hissəsinə çevirmiş fənnlər tərəfindən qəbul edilməsini təmin etmişdi.
Kuhn-ın strukturu demək olar ki, universal uyğunlaşdırılmışdı. Arend Lijphart fənnin «böyük debatlarını» paradiqmlər terminlərində görürdü (Lijphart, 1974a, 1974b). 1980-ci illərdən bu yana BM cücü keçirilmiş qarmağa elə möhkəm ilişmişdir ki, paradiqmlər və Kuhn fənnin qeyri-reflektiv, təhtəlşüur bir hissəsinə çevrilmişlər.
Dərsliklər paradiqmlərə uyğun tərtib edilirdi, və güman ki, Kuhn-na yerli fənn fiqurlarından çox iqtibas edilirdi (Banks, 1984; Hollis və Smith, 1990; Little və Smith, 1991; Viotti və Kauppi, 1987). Lakin Kuhn strukturu iki bir-biri ilə əlaqəli və mühüm problemlə üzləşirdi.
Birincisi yaranmağa başlayan konservatizm idi (Guzzini, 1993: 446; Smith, 1992: 494; Wight, 1996). Kuhn əsaslandırırdı ki, elm normal elm dövrlərində inkişaf edir (Kuhn, 1962; tənqid üçün bax Toulmin, 1970). Bu bəyanat normativ gücə malik idi. Bu, o demək idi ki, bilik yaradılması terminlərində inkişaf əldə edilməli idisə, BM tədqiqatçıları özləri üçün üstün paradiqm tapmalı idilər. Realizm şəksiz namizəd kimi görünürdü, lakin bu, sürətlə meydana çıxan rəqibləri görmək məsələsində Kuhn üçün sürpriz olmamalıydı. BM-də gedən paradiqmlərarası debatlar Kuhn-ın ictimai elmlərin paradiqmatikdən əvvəlki vəziyyətdə olması haqqında fərziyyəsini təsdiq edirdi (Kuhn, 1962:164-5). Lakin BM tədqiqatçıları inkişaf əldə etməli və normal elmə doğru hərəkət etməli idilərsə, fənnin dominant paradiqmə ehtiyacı yaranmalıydı. Bu, plüralizmə inkişafa təhlükə kimi baxıla bilər mənasını verirdi. Lakin Kuhn bu struktura, inkişafın olmayacağı halda belə, paradiqmlərin çiçəklənməsi mexanizmini artıq hörmüşdü.
Bu, müqayisə edilməzlik məsləsi idi (BM-də bax, Guzzini,
18
Məntiqi pozitivizmin yalnız elmi biliklərə gerçək biliklər kimi baxıla «bilər» (bu gün yalnız bir neçə pozitivistin tuta biləcəyi mövqe; Nicholson, 1996a) tələbini irəli sürmək tərzini başa düşəndən sonra, pozitivizmə niyə epistemologiya kimi iqtibas edilməyə başlandığını anlamaq asandır. Epistemologiya və pozitivizmin belə birləşdirilməsinin rədd edilməsi üçün iki mühüm səbəb var. Birincisi BM daxilində elmin fəlsəfəsi ilə bağlı məslələrlə məşğul olanlar daha təkmil yanaşmadan istifadə etmək qabiliyyətində olmalıdırlar, ikincisi, artıq pozitivizmə elmin malik olduğu bilik (epistemologiya) yarlığını mənimsəməyə icazə verilməməlidir.