Azərbaycan səfəvilər dövləti. Октай Абдулкерим оглы Эфендиев
Чтение книги онлайн.
Читать онлайн книгу Azərbaycan səfəvilər dövləti - Октай Абдулкерим оглы Эфендиев страница 2
ƏSAS MƏNBƏLƏRİN VƏ ƏDƏBİYYATIN XÜLASƏSİ
Səfəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların yazdıqları farsdilli orta əsr salnamələri təşkil edir.
Fars dilindəki narrativ mənbələrin xülasəsinə başlarkən, öncə bunların arasında mövzuları yalnız Azərbaycana və onun vilayətlərinə həsr edilmiş yerli xronikalara və əsərlərə təsadüf edilmədiyini göstərməliyik. Bizim başlıca məlumat mənbələrimiz olan ümumtarix tipli əsərlər (yaxud Səfəvilər (qızılbaşlar) dövlətinin tarixinə dair xüsusi kitablar) Azərbaycan tarixinin sistemli şərhini əks etdirmir. Həmin əsərlərin müəllifləri bu ölkəyə təsadüfən, adətən burada baş verən miqyaslı hadisələrlə əlaqədar olaraq müraciət edirlər. Bu əsərlərin əksəriyyəti nəşr olunmamışdır, dünyanın məxəzlər saxlanılan müxtəlif obyektlərinə, Yaxın Şərqə və Qərbi Avropaya səpələnmişdir1. Onlardan bəziləri Şərqdə litoqrafiya (daş basma) üsulu ilə çap olunmuşdur və elmi-tənqidi nəşrin tələblərinə cavab verə bilmirlər. Son illərdə İranda bu əsərlərin bəzilərinin mətbəə nəşrlərinə cəlb olunması litoqrafiya səhvlərini nəinki aradan qaldırmamış, əksinə, onları daha da artırmışdır. Tədqiqatçıların ixtiyarında tam dərc olunmuş mənbələrin sayı azdır; onlardan bir çoxu çıxarış, xülasə şəklində dərc olunmuşdur. Nadir istisnalarla ən mühüm mənbələrin mətnlərinin ümumi elmi-tənqidi nəşri hələ də yox dərəcəsindədir. Onların az qismi Avropa dillərinə tərcümə olunmuşdur. Bütün bunlar çox vaxt dövrün tarixinə dair nadir əlyazma mənbələri ilə işləməli olan tədqiqatçıların işini xeyli mürəkkəbləşdirir. Səfəvilər dövlətinin tarixinə dair mənbələr əvvəlki dövrlə müqayisədə daha çoxsaylı olsa da, onlar hələ az öyrənilmiş və işlənmişdir. Onlardan bir çoxu tarixşünaslıqda İran tarixinin mənbələri kimi məlumdur və demək olar ki, Azərbaycan tarixinin mənbələri kimi tam tədqiq edilməmişdir. ”Qeyd etmək lazımdır ki, XVI-XVIII əsrlərin narrativ farsdilli mənbələri, ümumiyyətlə, hələlik çox qeyri-kafi, hər halda X-XV əsrlərin farsdilli tarixi mənbələrinə nisbətən müqayisəedilməz dərəcədə az öyrənilmişdir”2.
Azərbaycan tarixinə, xüsusilə də sosial-iqtisadi məsələlərə dair (kənd təsərrüfatı, şəhər həyatı, sənətkarlıq, ticarət, kəndlilərin vəziyyəti və s.) materiallar bu mənbələrdə çox cüzidir. Bu məsələlərə dair məlumatları tədqiqatçı əsl mənada zərrə-zərrə, uzun və əziyyətli axtarışlar yolu ilə toplamalı olur və tez-tez bu və ya digər məsələnin işıqlandırılmasında ciddi çətinliklərlə rastlaşır. Bu, onunla izah edilir ki, feodal sinfinə xidmət edən orta əsr salnaməçiləri öz əsərlərində xalqın vəziyyəti ilə maraqlanmır, əsas diqqəti şahların və hakim siniflərin digər nümayəndələrinin tərifinə və təsvirinə verirdilər.
Fars dilində narrativ mənbələrin nəzərdən keçirilməsinə başlayaq.
Sədrəddin Sultan İbrahim əl-Əmini – xronoloji cəhətdən nəzərdən keçirdiyimiz dövrün ilk narrativ mənbəyinin, hicri 918-ci (1513-1514) ilə qədər gətirib çıxarılan, I Şah İsmayılın yürüşlərinin tarixi olan “Fütuhatişahi” (“Şahın qələbələri”) adlanan əsərin müəllifidir. Bu əsərin tam nüsxəsi Tacikistan Respublikası Elmlər Akademiyasının Şərq Əlyazmaları fondunda saxlanılır3. Tacik şərqşünası A.M.Mirzoyev tərəfindən (“Şahənşahnamə”4 adlı tarixi əsərin müəllifini müəyyən etmək xidməti də ona məxsusdur) aşkar edilmiş və siyahıya alınmışdır. Sonuncu əsərin müəllifliyini B.A.Dorn səhvən Herat şairi Kamaləddin Binainin adına çıxırdı. A.M.Mirzoyev “Şahənşahnamə”nin və “Fütuhati-Şahi”nin mətnlərini tutuşduraraq sübut etdi ki, hər iki əsər bir müəllifin – Sədrəddin Sultan İbrahim əl-Əmininin qələminin məhsuludur, həm də “Şahənşahnamə” “Fütuhati-Şahi”nin ikinci cildidir5.
A.M.Mirzoyevin nəticələrini təsdiq edən bir sıra cəhətləri göstərək. Səfəvi tarixşünasları öz əsərlərinin mətnlərində məlumatlarından faydalandıqları əsas mənbələrin adlarını çəkirlər. Dövrün bir sıra mənbələrində “Fütuhati-Şahi” və yaxud “Fütuhati-Əmini”nin adları çəkilir. Xondəmir “Həbib əs-siyər”, Qazi Əhməd Qumi “Xülasət ət-təvarix”, İsgəndər bəy Münşi “Tarix-i aləm aray-i Abbasi” əsərlərində bu əsəri özlərinin ilk mənbələri sırasında göstərirlər. Məsələn, Şeyx Heydərin Şirvanşah Fərrux Yasarla döyüşündən və onun ölümündən (1488) danışarkən Xondəmir göstərir ki, o bunları, müəllifinin adını çəkməsə də, ”Fütuhati-Şahi” əsərindən əxz etmişdir6. İsgəndər bəy Münşinin bu salnaməsində İbrahim Əmininin “Fütuhati-Şahi” əsəri “Fütuhati- Əmini”7 formasında göstərilir. Qazi Əhməd Qumi isə özünün “Xülasət ət-təvarix”ində dövrün başlıca mənbələrini göstərərkən, başlıca olaraq Əmir Sultan İbrahim Əmini Hərəvənin8 əsərinin adını çəkir.
“Fütuhati-Şahi” və onun müəllifi İbrahim Əmini haqqında elmi ədəbiyyatda ilk məlumatı hind alimi Qulam Sərvər özünün I Şah İsmayıl haqqındakı kitabında vermişdir9. Onun İranda və digər ölkələrin kitabxanalarında əsərin əlyazmasını tapmaq üçün apardığı inadlı axtarışları nəticəsiz qalmışdır. Buna görə də o, əsərin itmiş olması qərarına gəlmişdi. Fəqət Qulam Sərvərin kitabında İbrahim Əmini barəsində Xondəmirin “Həbib əs-siyər” əsərindən götürdüyü tərcümeyi-hal səciyyəli məlumatları vardı.
A.M.Mirzoyev “Fütuhati-Şahi”nin Düşənbə nüsxəsindən etdiyi çıxarışlarla bu məlumatları bir qədər də zənginləşdirmişdir. Mənşə etibarilə Sədrəddin Sultan əl-Əmini Xorasanın təhsilli və kübar torpaq sahibləri ailəsinə mənsub olmuşdur. O, gəncliyində Teymuri şahzadəsi Sultan Müzəffər Hüseyn Mirzənin yanında qulluq edərkən mənsəb qazanmağa başlamışdır. Hicri 910-cu (1504-1505) ildə onun atası – Herat hakimi Sultan Hüseyn Mirzə onu özünün şəxsi sədri (sədarət-i xassə) vəzifəsinə irəli çəkmişdi. O öz hamisinin ölümündən (hicri 911 (1506) sonra da hicri 913-cü (1507) ildə Herat və Xorasan Məhəmməd xan Şeybani tərəfindən tutulanadək bu vəzifəni yerinə yetirmişdi. Teymuri sarayının digər əyanları və xadimləri sırasında İbrahim Əmini də Şeybanilər tərəfindən təqiblərə məruz qalmışdı. O, həbs olunmuş, torpaqları və əmlakı isə müsadirə edilmişdi. Həbsdən buraxıldıqdan sonra hicri 916-cı (1510-1511) ilədək İbrahim Əmini “yalqız və guşənişin qalmağı seçdi”. Qızılbaş qoşunları Şeybaniləri Xorasandan sıxışdırıb çıxaranda və Heratı döyüşlə geri alanda Əmini ehtiramla qəbul olunmuş, gen-bol hədiyyələrə, I Şah İsmayılın mərhəmətinə layiq görülmüş, öz mülklərini və əmlakını
1
Bu əlyazmaların saxlandığı yerlər üçün baxın: Ч.А.Стори. Персидская литература. Био-библиографический обзор. Перевел с англ., перераб. и доп. Ю.Э.Брегель, ч. I, II, III. М., 1972.
2
И.П.Петрушевский. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Л., 1949, стр.19.
3
Каталог восточных рукописей Академии наук Таджикской ССР, т. I, Душанбе, 1960, стр. 141-144.
4
M.Y.Saltıkov-Şedrin adına DKK, B.Domun kataloqu, №301.
5
А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”. “Проблемы востоковедения”, 1960, №4, стр. 112-121.
6
Tarix-i Həbib əs-siyər fi əxbar əfrad-i bəşər, təlif-i Qiyasəddin b. Hümməddin əl-Hüseyni əl-mədov ben Xondəmir, с. IV, Tehran, 1333, səh.434. (Hədsiz mərhəmət mənbəyi olan “Fütuhat-i şahi”də yazılmışdır ki…)
7
Tarix-i aləm aray-i Abbasi, təlif-i İskəndər bəy Turkman, с. I, Tehran, 1334, səh. 14, 18, 20.
8
Xülasət ət-təvarix. Tehranda Mehdi Bəyaninin kitabxanasındakı əlyazma, vər. 3a.
9
Ghulam Sarwar. History of Shah Ismail Safawi. Aligarh, 1939, pp.3-6.