Azərbaycan səfəvilər dövləti. Октай Абдулкерим оглы Эфендиев
Чтение книги онлайн.
Читать онлайн книгу Azərbaycan səfəvilər dövləti - Октай Абдулкерим оглы Эфендиев страница 3
Əsərin ikinci cildi (dəftəri) birincidə olduğu kimi böyük fəsillərə bölünmür. Ayrı-ayrı, qarşılıqlı əlaqəsi olan başlıqlar altında Şah İsmayılın Übeydulla xanın və Teymur Sultanın hicri 919-cu (1513-1514) ildə Herata basqını ilə əlaqədar Xorasana təkrar yürüşünə qədər bütün hərbi əməliyyatlar haqqında danışılır. Beləliklə, ikinci cild də həmçinin, təxminən on iki ili əhatə edir11.
Əmininin dili olduqca ibarəli, üslubu mübaliğəli və az məzmunludur. Hekayəyə Qurandan xeyli miqdarda iqtibaslar, hədislər, həmçinin şeir parçaları daxil edilmişdir. A.M.Mirzoyevin göstərdiyi kimi, əgər xüsusi variantlar nəzərə alınmazsa, “Fütuhat-i Şahi”nin və “Şahənşahnamə”nin ikinci cildinin mətnləri oxşardır. Mətnlərin eyniliyi buna şəhadət verir ki, “Şahənşahnamə” müstəqil əsər deyildir və “Fütuhati- Şahi”nin ikinci cildinin (ikinci dəftərinin) nüsxəsidir. A.M.Mirzoyev “Şahənşahnamə”ni “Fütuhati-Şahi”nin ikinci cildinin yeni redaksiyası hesab edir12.
Biz “Şahənşahnamə” adı ilə məlum olan ikinci cildin Sankt-Peterburq nüsxəsindən istifadə etdik. Qeyd etmək lazımdır ki, bu nüsxədən tarixşünaslıqda əməli surətdə istifadə edilməmişdi13.
Sankt-Peterburq əlyazması 235 vərəqdə, iri və aydın nəstəliq xətti ilə yazılmışdır. Bu nüsxədə döyüş, şahın ova çıxması, oyunlar və s. səhnələri təsvir edən səkkiz gözəl miniatür də vardır.
İbrahim Əmininin əsəri müasirlərinə yaxşı məlum idi və feodal tarixşünasları tərəfindən I Şah İsmayılın hərbi yürüşlər tarixinə dair əsas mənbə hesab edilirdi. Xronoloji nöqsanlara baxmayaraq, hadisələr, o cümlədən İsmayılın Şirvanda Fərrux Yasara qarşı hərbi əməliyyatları, onun Ağqoyunlu Əlvəndlə, həmçinin də İranın feodal hakimləri ilə döyüşləri zəngin faktiki materiallar əsasında şərh edilmişdir. Müəllif bu hadisələrin şahidi olmasa da, onların təsvir üsulu bu yürüşlərin şahidi və iştirakçılarının, Şah İsmayılın yaxın silahdaşlarının – qızılbaş sərkərdələrinin söylədiklərinə əsaslandığı üçün böyük maraq doğurur. Bütün bu dövr ərzində Əmininin yaşadığı Xorasanla bağlı hadisələr isə ətraflı, canlı, təfsilatı ilə işıqlandırılmışdır. Təbiidir ki, Əminidən obyektivlik, bitərəflilik gözləmək olmazdı. Çünki müəllif İsmayılın yürüşlərinin, istilalarının rəsmi tarixini sinfi mövqedən yazmışdır. Onun vəzifəsi bundan ibarət idi ki, öz hökmdarının əməllərini şöhrətləndirsin. Buna görə də Əmini bu yürüşlərin mədhiyyəçisi, şiəliyin və Səfəvilərin tərəfdarı kimi çıxış edir. Xalqın vəziyyəti Əminini qətiyyən maraqlandırmırdı. O, siyasi əhəmiyyəti olan hadisələr haqqında danışır, onların tarixinə, qarşılıqlı səbəb və əlaqəsinə isə məhəl qoymurdu. Əsərdə Cənubi Qafqazın və İranın siyasi tarixinə dair çoxlu maraqlı məlumat vardır (sosial-iqtisadi səciyyəli məlumatlar isə yox dərəcəsindədir).
I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur14.
Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda – Britaniya muzeyində15, digəri isə Kembric universitetinin kitabxanasında16 saxlanılır. Anonimin bizim istifadə etdiyimiz17 London əlyazması 21 miniatürlə bəzədilmiş, 307 vərəqlə (614 səhifə), gözəl nəstəliq xətti ilə yazılmışdır. Nüsxənin yazılma tarixi (Ç.Riyöyə görə) XVI əsrdir.
“Tarix-i Şah İsmayıl-i Səfəvi” (Ç.Riyö və D.Rossun haqlı olaraq göstərdikləri kimi) özünün xeyli hissəsi ilə Xondəmirin ilk Səfəvi şahının həyat və fəaliyyətinə həsr olunmuş “Həbib əs-siyər” əsərinin üçüncü cildinin dördüncü hissəsinə tam şəkildə uyğun gəlir. Məlumdur ki, Xondəmir öz əsərini hicri 930-cu (1524) ildə, I İsmayılın ölümündən bir ay əvvəl başa çatdırmışdır, halbuki bəhs etdiyimiz əsər I Şah Təhmasibin hökmdarlığı dövründə yazılmışdır. Tədqiqatçılar onun yazılma tarixini bir qədər dəqiqləşdirməyə cəhd göstərmişlər. Mətnin özündə göstərilən Teymuri Məhəmməd Zaman Mirzənin18 vəfat etdiyi hicri 947-ci (1540) il tarixinə əsasən belə bir fikir söylənilmişdir ki, əsər 1540-cı ildən sonra tamamlanmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, bu salnamə Xondəmirin oğlu Mahmudun hicri 955-ci (1548) ildə yazmağa başladığı tarixi xronikasında istifadə olunmuşdur19. Bu mülahizələrdən çıxış edərək belə bir nəticəyə gəlmək olar ki, göstərilən əsər 1540 və 1548-ci illər arasındakı20 dövrdə yazılmışdır.
Ç.Riyo qeyd edir ki, anonim müəllifin Xondəmirin mətnlərinin eyniliyi birincinin ikincinin əsərini köçürdüyünü bildirsə də, naməlum müəllifin əsərində əlavə təfərrüatların olması onların həm də müxtəlif məlumat mənbələrinə əsaslandığını göstərir21. D.Ross habelə göstərirdi ki, “Tarix-i Şah İsmayıl-i Səfəvi”də “Həbib əs-siyər” əsərində olmayan çoxlu bioqrafik və coğrafi təfsilat vardır. D.Ross I Şah İsmayılın tarixinə dair bu iki çox mühüm ilkin mənbəni müqayisə edərək bu xronikaya üstünlük verirdi. Güman etmək olar ki, Xondəmir hicri 930-cu ilədək (“Həbib əs-siyər”in yazıldığı dövr) Xorasanda yaşamışdır və onun dövlətin başqa ərazisində, o cümlədən də Azərbaycanda olub-olmaması sualına daha çox mənfi cavab verilməlidir. Ehtimal etmək olar ki, Xondəmir I Şah İsmayıl və onun istilaları haqqında məlumatı Xorasana gələn şah sarayı məmurlarından, yaxud bizə məlum olmayan digər mənbələrdən alırdı. Güman etmək olar ki, bizim müəllif
11
Birinci cilddə, girişdə Əmini göstərir ki, o hər cilddə Şah İsmayılın həyatının 12 ilini bəyan etmək fikrindədir. Biz yuxarıda qeyd etdik ki, “Fütuhat-i şahi”nin bizə qədər gəlib çatmış yalnız iki cildinin hər biri I Şah İsmayılın həyatının 12 ilini, yəni üst-üstə 24 ilini əhatə edir (1487-1514). İbrahim Əmini belə olan halda şahın ömrünün sonuncu 12 ilini (1513-1524) təsvir etməli olan üçüncü cildi də yaza bilmişdirmi? Bu hələlik naməlum qalır. Bax: А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр. 117-118.
12
А.М.Мирзоев. Еще раз об авторе “Шаханшах-наме”, стр.121.
13
Müəllif və onun İranda mövcud olan əsərlərinin nüsxələri barədə bəzi əlavə məlumatlar haqqında bаx: Ч.А.Стори. Персидская литература, ч. II, стр.850-852; ч. III, стр. 1467.
14
D.Ross. The Early Years of Shah Ismail, Founder of the Safawy Dinasty, JRAS, 1896, vol. 29, pp.249-340.
15
C.Rieu. Supplement to the Catalogue of the Persian Manuscripts in the British Museum. London, 1895, p.34, or. 3248.
16
A discriptive Catalogue of the Oriental MSS belonging to the late E.G.Browne. By E.G.Browne. Completed and edited… by R.A.Nicholson. Cambridge, 1932, p.147, add. 200.
17
Bu nüsxənin mikrofilmləri ingilis tarixçi-şərqşünası prof. Bemar Lüis tərəfindən lütfkarlıqla bizə göndərilmişdir (bundan sonra – Anonim tarix)
18
London nüsxəsi, vər. 277a, D.Ross (səh.250) bunu interpolyasiya (mətnə sonradan əlavə) hesab edirdi.
19
D.Ross, pp.249-250. Mir Mahmudun əsəri Xorasanda baş verən hadisələrə üstünlük verməklə I Şah İsmayılın və I Təhmasibin hicri 957-ci (1550) ilədək hakimiyyətləri xronikasını verir. Bax: Ч.А.Стори. Персидская литература, ч. II, стр.854-855.
20
G.Sarwar, р.ТО.
21
C.Rieu, p.34.