Türk hekayələri. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Türk hekayələri - Коллектив авторов страница 2
– Bunlara nə olub, yarəb? Nə oldu, niyə belə edirlər? – deyə şikayətlənirdi.
Bir həftə içində adamlarının yüzdən artıq oğurluğunu tutdu. Hiyləsini gördü. Hələ Məhmədi qonşudakı generalın adamları ilə bir məcməyi plov aşırarkən görəndə dəhşətə gəldi. Hər şeyi açar-qıfıla saldı:
– Görək indi nə oğurlayacaqlar, – dedi.
Doğrudan da, oğurlamağa şey qalmamışdı.
Ertəsi gün Xədicə xanım yuxudan bir az gec durdu. Aşağıya düşdü. Gültərlə Elen gözə görünmürdü. Gəzdi. Mətbəxə doğru getdi. Nəzərləri yarıaçıq qapıya ilişəndə az qaldı dəli olsun. Məhməd mətbəxdəki balaca skamyada yayxanıb bir dizinin üstündə Eleni, bir dizinin üstündə də Gültəri oturtmuşdu. Qollarını qalın kəmər kimi hər ikisinin belinə sarımışdı. Bu lövhənin rəzalətini görməmək üçün Xədicə xanım gözlərini yumdu. Lakin qulaqlarının qapağı olmadığı üçün danışılanları eşitməyə bilmədi.
Məhməd soruşdu:
– Ağız Gültər, daha niyə şəkərdən-zaddan gətirmirsən?
Gültər:
– Neynəyim olmur, hər yer qıfıllıdır, – dedi.
Məhməd qəribə bir marçıltı içində dilləndi:
– Ağız Elen, gecə yanıma niyə gəlmirsən? Sənə halva bişirib saxlayıram.
Elen pıçıldadı:
– Yavaş! Axırı bizi tutacaqlar! Sonra xanım bizi qovar.
Bu minvalla şirin söhbət edirdilər. Xədicə xanım gözlərini açmır, ürəyi döyünə-döyünə maraqla onlara qulaq asırdı. Arada Gültər dedi:
– Zəhrimara qalsın o sürüncəklər. İşimizi korladı. İndi xanımın gəldiyini hiss etmirik. Nə iş görsək, tutuluruq. Qabaqlarda yaxşı idi. Dikdaban ayaqqabıların taqqıltısı bizi duyuq salırdı. Xanım yuxarı mərtəbədə qımıldananda da bilirdik.
Söhbət uzandıqca, Xədicə xanım o vaxta qədər bilmədiyi və görmədiyi əhvalatların geniş hekayətini eşidirdi. Dayana bilmədi. Gözlərini açdı:
– Alçaqlar, oğrular, namussuzlar! Hamınız rədd olun mənim evimdən! – bağırdı.
Xədicə xanım özünün doqquz illik sadiq xidmətçilərini evindən qovdu.
Evə nə qədər qulluqçu, nökər qəbul edirdisə, hamısı arsız, oğru, namussuz çıxırdı. Tam iki il düz-əməlli adama rast gəlmədi. Malı, mülkü olduğu halda, heç nəyə ehtiyacı yox ikən, bu xidmətçilərin üzündən arıqlayır, saralıb-solurdu. Xədicə xanım gördü ki, halı daha da pisləşəcək, yenə də dikdaban ayaqqabılarını geyinməyə məcbur oldu. Xidmətçilərin arsızlıqlarını, bəd hərəkətlərini, namussuzluqlarını daha görmədi. Bənizinə qan gəldi. Bir müddətdən sonra yenə başı hərlənməyə başladı. Amma özünü həkimə göstərmədi. Bildi ki, həkim ona yenə səsi eşidilməyən dabansız sürüncək geyməyi məsləhət görəcək.
– İndi, heç olmasa, ürəyim rahatdır, – deyirdi.
Haliqarnas Balıqçısı
YAŞASIN DƏNİZ
Böyük Sali adasının Bodrum yarımadasına baxan tərəfində geniş bir körfəz var. Onun ayparaya bənzəyən sahili qat-qat bəyaz, yaşıl, tünd-yaşıl, mavi və bənövşəyi rəngli göy qurşağı kimi idi. Xəfif-xəfif əsən külək körfəzin göy qurşağı üzərində yasəməni xətlər cızır, dənizin içərilərində isə tünd mavi ləpələr gəzdirirdi. Dəniz körfəzdə köksünü ötürür, gah pıçıldayıb susur, gah da həzin bir nəğmə oxuyurdu. Ətraf istidən od tutub yanırdı.
Üç nəfər balıqçı toru dənizə atıb, gecələmək üçün körfəzə gəldilər. Günəş batan zaman sahil qumları üzərində iki daşı yanaşı qoyub ocaq qaladılar. Balıq şorbası bişirməyə başladılar. Günəş batanda balıqçıların ən yaşlısı vadilərdən yüksələn mavi kölgələri göstərərək dedi:
– Buna günün «vida vaxtı» deyərlər. Eh… Biz də artıq yaşa dolmuşuq. Həyatla vidalaşmaq vaxtımız çatıb…
Qocanın səsi qırılan kimi oldu. «Eh… Dünyada biz nə gün görmüşük ki!» dedi. Yenə yorğun-yorğun sözünə davam etdi.
– Uşaqlığımı kənddə keçirmişəm. Bir otaqlı evimiz vardı. Onun yeganə pəncərəsi dənizə baxırdı. Saatlarla orda durub dənizi seyrə dalardım. Gəmi kapitanı olan atam mənə deyərdi: «Oğlum dənizə elə baxma. Çünki o, dənizdir. Dəniz hər şeyi qırar. Taxtanı da, dəmiri də, sənin sümüklərini də, ümidlərini də qırar, oğul! Onu isə heç kim məğlub edə bilməz».
Günlər keçir, mən böyüyürdüm. Qoluma qüvvət gəlirdi. Dəniz ehtirası ürəyimə dolduqca, atamın sözləri yel kimi qulağımdan çıxırdı. Nəhayət, mən gəmidə işə girdim. Gəminin arxa tərəfinə keçmişdim. Onun suda buraxdığı izlərə baxırdım. Həyatımın izlərini xatırladım. Uzanıb gedən o izlər görəsən harada qurtaracaq? Göz işlədikcə görünən ənginliklər nə idi? Bütün bunları düşündüyüm zaman boynuma ağır bir yumruq endirildi. Gəmi çavuşu:1
– Sən burda nə gəzirsən? Yoldaşların işləyir, – dedi.
Bundan sonra bütün həyatımı dənizə bağladım. Dənizin suları, dalğaları, üfüqləri və göy qurşağı kimi rəngləri mənim həmdəmim oldu. Günəşin, ayın izi ilə cənuba, şimala getdim. Dənizlərdən dənizlərə keçdim. Gün oldu ki, iliklərimə qədər dondum… Gün oldu ki, bədənimin bütün suyu tərə dönüb axdı. Dəniz məni gah yuxarı tulladı, gah aşağı çökdürdü. Get dedikcə getdim. Hər gün yeni yerlər gördüm. Gəmilər dəyişdim. Səfərlərdə oldum. Limanlara girib-çıxdım. Fürsət düşdükcə gedib uşaqlıq röyalarımın xatirə yuvası olan tək otaqlı kənd evimizin pəncərəsində oturdum. Oradan dəniz başqa şəkildə görünürdü. Anam hələ sağ idi. Amma mən boy atmış, o kiçilmiş, mən canlanmış o isə incəlmişdi. Anam bir dəri, bir sümük qalmış, beli əyilmişdi. Birdən anam dedi:
– Oğul, sən dənizçilikdən başqa bir iş görə bilməzsənmi?
Mən dinmədim. Bayıra çıxıb qapının qabağında oturdum. Fikrim dağınıq idi. Nəzərlərimi dənizdən ayıra bilmirdim. Ürəyim çırpınırdı. Durub yenə içəri girdim. Anam həmişə ocağın yanında dayanırdı. Mən də orda durdum. Anam həmişə atama verdiyi sualı indi mənə verdi:
– Yəqin
1
Bosman