Dodaqdan qəlbə. Решад Нури Гюнтекин
Чтение книги онлайн.
Читать онлайн книгу Dodaqdan qəlbə - Решад Нури Гюнтекин страница 2
On il bundan əvvəl İzmirdəki üzüm bağlarına çəkilib, burada yaşamağa başlayan Münir bəy, köhnə dostunu xeyli vaxt idi kı, görməmişdi. Vəfiq paşa hərdənbir məktub yazır, “həm köhnə dostunun yanında bir-iki gün qonaq qalıb cavanlıq xatirələrini yada salmaq, həm də zəngin Ayasloq1 xərabələrinə baxmaq istəyirəm”, – deyirdi.
Nəhayət, bu yay arzusunu yerinə yetirməyə fürsət tapmış, bir miras işi ilə əlaqədar olaraq İstanbuldan Misirə gedərkən, beş-altı günlüyə İzmirdə dayanmışdı.
– Ata, niyə mənimlə getmədin? Elə bir fürsəti əlindən qaçırtdın kı…
Vəfiq paşa ilə Münir bəy üzlərini eyvana açılan qapıya tərəf çevirdilər. Cavidan gözəl qamətinə bir heykəl vüqarı verən çərçivə içərisində durur, çardağın gümüşü nəqşləri boynunda, ağ paltarında oynaşırdı. Ev sahibi gənc qıza tərəf addımladı, uca qəddini bir az əyərək, yüngül istehzalı bir rəsmiyyətlə:
– Şahzadə xanım, – dedi, – bir dəqiqə içəri zəhmət çəkin. Möhtərəm atanızın köhnə dostu kimi sizə, böyük, hökmdarlara layiq bir hədiyyə vermək istəyirəm. “Böyük, hökmdarlara layiq” deməyimə gülürsünüz. Kim bilir, indiyə qədər sizə necə qiymətli hədiyyələr veriblər. Ancaq bu hədiyyələri verənlərin hamısı daima bir qədər qızarmışlar, sizə layiq şeyləri olmadığını utana-utana söyləmişlər. Mən isə şahzadə xanım, əksinə, hədiyyəmlə çox fəxr edirəm. Bu həmişə yaşayacaq bir yadigar, yeddi ilə başa gəlmiş canlı bir “şah əsər”dir…, “insan həyatda gör nələr yarada bilir”, – deyə göstərə biləcəyim bir əsər…
Ata-qız bir-birinə baxıb güldülər. Münir bəy masanın ortasındakı kənarları oymalı büllur bir nimçəni əlinə götürdü, nimçədə açıq-yaşıl rəngli bir üzüm salxımı vardı. Ev sahibi onu lampaya tərəf tutaraq:
– Şahzadə xanım, buna bir tamaşa eləyin, – dedi. – Hansı əsatir əfsanəsinin zümrüd salxımları içərisində bundan daha gözəl bir yaşıllıq ola bilər? Gilələrinin içinə diqqət edin. Hərəsində üç, ya dörd şəffaf tum var, lap almaza oxşayır. Elə bil, bu zümrüdləri içəridən işıqlandıran ziyanı onlar yayır. Yeddi illik əməyimin məhsulu olan bu üzüm icazənizlə sizin adınızı daşıyacaq. İnsanlar onu “şahzadə Cavidan”, – deyə tanıyacaqlar.
Münir bəy gözlərində gizli bir istehza, sözünə davam etdi.
– Hədiyyəmə niyə “böyük, hökmdarlara layiq” dediyimi, indi yəqin başa düşdünüz? İncinin, zümrüdün, nə qədər uzun olsa da, müəyyən bir ömrü var. Düzdür, bu salxım da təravətini saxlamayacaq. Ancaq gələn il də, o biri il də, bir əsr keçəndən sonra da, xülasə, dünya durduqca yenidən həyata gələcək. “Şahzadə Cavidan” hər il yayın axırlarında, belə ən gözəl bir gecədə yenidən dünyaya gələcək.
Cavidan salxımdan bir kiçik zing qopartdı. Gülə-gülə bir sancaqla yaxasına taxdı.
Onlar sonra eyvana çıxdılar. Vəfiq paşa qızından soruşdu:
– Haraları gəzdin, Cavidan?
– Bağın lap o biri başına qədər getdim. Ay işığında bağda gəzmək nə qədər gözəl olurmuş, ata! Heç fikir verməmişdim. Torpaq başdan-başa çılpaq, ağacsız. Yalnız sıra ilə düzülmüş meynələrin kiçik kölgələri var… Birdən irəlidən bir kaman səsi gəlməyə başladı. Məşhur “Şərq gecələri”ni çalırdılar, özü də bilsən necə gözəl, necə ustalıqla çalırdılar, ata.
Şahzadə Vəfiq başını ağır-ağır yırğalayaraq:
– Deyəsən, ay işığı səni həyəcanlandırıb, qızım, – dedi.
Sonra Münir bəyə döndü:
– Bu “Şərq gecələri” yaman şöhrət qazanıb ha! Hara gedirəm, onu çalırlar. Təsəvvür et ki, meyxana və qəhvəxana qrammofonları belə bu havanı çalır. Hər halda Ərəb dərəsinin2 bu a-lya türk gözəlliyi içərisində bu hava çox qəribə səslənir.
Ev sahibi:
– Sizə bundan daha qəribə bir şey deyəcəyəm, – deyə cavab verdi. – Bu a-lya franse “Şərq gecələri” elə bu a-lya türk Ərəb dərəsində yaranmışdır. Onu bəstələyən Hüseyn Kənan İzmirlidir. Lap burada, bu Bozyaxa bağlarında böyümüşdür. Şahzadə xanım kamanın çox gözəl çalındığını söyləməkdə səhv etmir. Çünki onu bəstəkarın öz ifasında dinləmişdir. Hüseyn Kənan iki gündür burada, dayısının bağında qonaqdır.
Ata ilə qız heyrət və həyəcanla bir-birlərinə baxırdılar. Münir bəy sözünə davam etdi:
– Hüseyn Kənan mənim bağ qonşum Saib paşanın bacısı oğludur. Onu lap kiçik yaşlarından tanıyıram… Utancaq, qorxaq və nazlı bır uşaq idi. Bəzi səbəblərə görə Saib paşa bacısını da, onun oğlunu da sevmirdi. Saib paşa tez-tez bələdiyyə rəisi təyin edilir; yaman şöhrət sevən adamdır. Əvvəllər nədənsə bacısı oğlunun adam olmayacağını düşünür, onu bir sənətə qoymaq istəyirdi. Kömək elədim, oğlan mühəndis məktəbinə girdi. Birtəhər oranı bitirdi. Bir müddət kiçik vəzifələrdə işlədiyini, sonra İstanbulda musiqi dərsi verərək, çox ağır güzəran keçirdiyini eşidirdim. Heç yadımdan çıxmaz, bir gün Saib paşaya rast gəldim. Bacısının və bacıoğlusunun əlindən zəncir çeynəyirdi. Sən demə, Kənan anasının Kəməraltında3 olan kiçik dükanını satıb Avropaya səyahətə getmişmiş.
Üç-dörd il ondan xəbərim olmadı. Keçənlərdə Avropa jurnallarından birini vərəqləyirdim. Gözümə Kənana oxşayan bir şəkil sataşdı. Şəklin altındakı yazını oxudum: “Gənc və görkəmli türk virtuozu Hüseyn Kənan”. Jurnalda bir tənqidi məqalə də vardı. Burada onun verdiyi bir konsertdən bəhs edilirdi: Kənan böyük istedad nümayiş etdirmiş, konsertin onun öz əsərlərindən ibarət hissəsi də çox bəyənilmişdi.
İstanbul mətbuatının bu zaman yoxsul və dedi-qodusuz bir vaxtı idi. Qəzetlərdən biri Kənan haqqında yazılanların bir neçəsinin tərcüməsini çap etdi. Sonra o biri qəzetlər də, adətləri üzrə bunu görüb, sütun-sütun yazılar verdilər, – Avropa bir adamın bacarıq və hünərindən danışdımı, daha o adamın işi düzəldi. İllər boyu aramızda yoxsulluq içərisində yaşamış, heç kimin tanımadığı bu sənətkarı birdən-birə göylərə qaldırdılar, misilsiz bir dahi elədilər. Kənan kölgədə yaşayacaq bir şəxsiyyət deyildi. Lakın söylədikləri qədər bir dahi olduğuna da inanmırdım. “Şərq gecələri”nin
1
İzmir yaxınlığında, eramızdan xeyli əvvələ məxsus antik abidələri olan yer.
2
Ərəb dərəsi, Bozyaxa İzmir civarında üzüm bağları olan mənzərəli yerdir.
3
İzmirdə bir məhəllə adıdır. Eramızdan xeyli əvvəl tikilmiş və indi də əzəmətli sütunlar üzərində xarabaları qalan köhnə Kəmərin yanındadır.