Dodaqdan qəlbə. Решад Нури Гюнтекин

Чтение книги онлайн.

Читать онлайн книгу Dodaqdan qəlbə - Решад Нури Гюнтекин страница 6

Жанр:
Серия:
Издательство:
Dodaqdan qəlbə - Решад Нури Гюнтекин

Скачать книгу

ilə dayısı evindən çıxıb getdikləri günə aid idi. O zaman Kənanın on bir yaşı vardı. Bir qış səhəri onu qolundan tutaraq silkələyib yatağından qaldırdılar, yuxulu-yuxulu dayısının otağına gətirdilər.

      Saib paşanın qiymətli qızıl saatı cibindən yoxa çıxmışdı. Səhər tezdən dindirilən xidmətçilərdən biri demişdi ki, gecə Kənanı dayısının otağının qapısı ağzında görmüşdür. Təqsiri onun boynuna atmaq üçün elə bu kifayətdi. Həbsxana künclərində ölmüş bir oğrunun uşağı ola-ola, evdə başqalarından şübhələnmək günah deyildimi?

      Gecə köynəyində Kənan daha zəif görünürdü. Hələ də yuxulu olan xumar, mavigözlü uşaq başını aşağı salıb, dayısının qarşısında titrəyirdi.

      Qara paltar geymiş, sifətinə meyit rəngi çökmüş Mələk xanım qapının ağzında dayanmışdı, söhbətə qarışmırdı.

      Saib paşa bu gün sərt və acıqlı deyildi. Lakin ağır, əzici bir etinasızlıqla deyirdi:

      – Çox tez başlamısan, balaca… Görünür atanı mütləq rəhmətlə yad elətdirmək fikrindəsən… Heç olmasa üç-dörd il də gözləyəydin. Bəlkə qorxmusan ki, o vaxta qədər bizdə çırpışdırmağa bir şey qalmaz? Atandan sənə miras qalan qızıl qolbaq sağ olsun! Daha çırpışdırmağa başqa şey tapmadın, ay axmaq!..

      Kənan nə dayısının zəhər kimi acı sözlərinə cavab verir, nə də onun üzünə baxa bilirdi. Yalnız saatı oğurlamadığını göstərmək istəyirmiş kimi hərdənbir balaca, titrək ovuclarını açırdı.

      – Hələ bir bunun görkəminə baxın. Cinayətkarlar da məhkəmə qarşısında belə dayanırlar. Sən indi məndən qorxma, oğlum. Hər necə olsa, bədbəxtlikdən dayınam, dərdi-sərini mən çəkməliyəm. Səni asıb, kəsmərəm. Ancaq belə getsə, tezliklə dövlət məhkəmələrinin qabağında dayanacaqsan… Orada isə dəyənək var, həbs var, bir az da irəli getsən, dar ağacı var.. İndi iş bundadır ki, səninlə bərabər biz də rüsvay olacağıq… Yaxşı, uzatma, saatı haraya qoymusan gətir ver.

      Kənan nə isə demək istədi. Ancaq çənəsi titrəyir, solğun dodaqlarından səs çıxmırdı. Yalnız gözlərini yumaraq “yaxşı” demək istəyirmiş kimi bir neçə kərə başını tərpətdi. Ayaqları bir-birinə dolaşa-dolaşa otaqdan çıxdı.

      Mələk xanım durduğu yerdə nə qədər çalışdısa da iztirabını gizlədə bilmədi, gözləri yaşla doldu, əlləri ilə üzünü örtdü.

      Saib paşa qaşlarını çatdı, bacısının üzünə baxmadan dedi:

      – Qurdun balası qurd olar, bacım. Bu, təbiətin qanunudur… Nail ilə həyat qurmağına nahaq yerə etiraz etmirdik. Görürsənmi, bizə də, özünə də nə etdin?

      Qapı yavaşca cırıldadı, Kənan əlində üzünə məxmər çəkilmiş köhnə, kiçik bir qutu içəri girdi. O, titrək barmaqları ilə qutunun qapağını açmaq istəyir, ancaq heç cür aça bilmirdi. Bir neçə dəfə qutunu əlindən yerə saldı.

      Saib paşa onun üzünə baxmadan qutunu Kənanın əlindən aldı, açdı, içində başqa bir saat vardı; Kənana atasından yadigar qalmış o kiçik saat…

      Saib paşa onu əlinə aldı və:

      – Bu nədir? – deyə heyrətlə soruşdu.

      Kənan bu dəfə ürəklənib başını qaldırdı. Göz yaşı onun uzun kirpiklərini islatmış, mavi gözlərinin qarşısına pərdə çəkmişdi. O, dayısının üzünə baxdı, hıçqırmamaq üçün var qüvvəsini toplayıb:

      – Onun əvəzinə bunu götürün, – dedi, – paşa dayım! Mənə acığınız tutmasın, vallah sizin saatınız məndə deyil.

      Bir neçə dəqiqə sonra Saib paşanın arvadı itən saatı gətirdi. Saat jiletin sökük cibindən astarın içinə düşmüşdü.

      Mələk xanım ağlaya-ağlaya oğlunun əlindən tutdu.

      – Sizi narahat edirik, qardaş… – dedi. – İcazə verin, balalarımı götürüb, Tülkülükdəki komaya köçüm.

      Saib paşa onu bu fikirdən döndərmək üçün çox çalışdı. Sözünə baxmasa yenə peşman olacağını söylədi. Mələk xanımın başı daşdan-daşa dəymişdi. Dünyanın da işini bilmək olmaz. Kim deyə bilərdi ki, günün birində o yenə qardaşına möhtac olmayacaq.

      Bununla belə Mələk xanım qərarından dönmədi. Əslində o elə buradan getmək barədə çoxdan fikirləşirdi. Qardaşının evində günü nə qədər xoş keçsə də, yenə özünü qonaq kimi hiss edir, heç cür ev xanımı, ailə başçısı ola bilmirdi. Xoşluqla ayrılmaq, qardaşını incitməmək üçün çox dil tökdü:

      – Atamız sayılırsan, dara düşsək, əlbəttə, bizə yenə sən əl tutacaqsan, – deyə onu razı sala bildi.

* * *

      Öz evlərində güzəranları yoxsul keçsə də, qulağı dinc və rahat yaşayırdılar. Bu üçotaqlı kiçik ev dar, gündüşməz bir küçənin qurtaracağında idi. Onlar evin qabağındakı kiçik bağçanı təmizləmiş, orada çoxlu çiçək əkmişdilər.

      Kənan Bəylər küçəsindəki rüşdiyyəyə10 gedirdi. Boyu yavaş-yavaş uzanmağa, sifəti qəşəngləşməyə başlamışdı. Qarayanız üzünün xoş rəngi, incə, zərif cizgiləri, bir qədər də əsəbi görünüşü ilə Kənan daha çox atasına, tünd-mavi gözləri, gözəl sədəf dişləri ilə isə anasına oxşayırdı.

      Nə qədər ki, o, uşaqdı, bu bənzəyiş hətta təbiətin istehzası, zarafatı kimi görünürdü. Çünki zərif çöhrənin bu rəngi ilə, tünd-mavi gözlər, ağappaq dişlər heç cür bir-birinə yaraşmırdı. Qəşəng uşaq olsa da, ona diqqətlə fikir verənlər buna gülürdülər.

      Lakin ilk gənclik təravəti ilə birlikdə, bu simada bəzi başqa gözəlliklər də doğmağa başlamışdı. Onun qarayanız üzünə xoş bir işıq qonur, gözləri, incə al dodaqları, sədəf tək parıldayan ağ dişləri onun üzünə qəribə bir cazibədarlıq verirdi.

      Ancaq o, yenə də əvvəlki kimi çəkingən, süst və şaşqın təbiətli idi. Məktəbdə də dayısı evində olduğu kimi, uşaqlardan uzaq dolanır, yenə nəzakətli, utancaq, mehriban ciddiyyətini saxlayaraq dəcəl uşaqları həmişəki kimi özü ilə hesablaşmağa məcbur edirdi.

      Küçə həyatını heç sevmirdi. Yalnız hava çox gözəl olanda, bəzən, axşamüstü anası ilə Top altına, yaxud Qədifə qalasına11 baxmağa gedərdilər. Kənan çalışqan şagird deyildi. Dərslərinə o qədər də fikir verməzdi. Ancaq ev işlərində anasına əl tutar, hətta ona bir şey toxumaqda və tikməkdə də kömək edərdi. Qonşular dəcəl Əfifədən daha çox onu qıza bənzədərdilər. Uşaq vaxtlarında

Скачать книгу


<p>10</p>

XIX əsrin ortalarında Türkiyədə yaradılmış ibtidai məktəb. O zamankı baş nazir, Türkiyədəki Tənzimat adlanan islahata başçılıq etmiş Rəşid paşanın şərəfinə, bu tipli məktəblərə rüşdiyyə adı verilmişdi.

<p>11</p>

İzmir civarındakı tarixi-memarlıq abidələri.