Dodaqdan qəlbə. Решад Нури Гюнтекин
Чтение книги онлайн.
Читать онлайн книгу Dodaqdan qəlbə - Решад Нури Гюнтекин страница 8
Saib paşa bir gün bağ qonşusu Münir bəylə qəhvə içərkən:
– Xeyirxahlığınıza görə sizə çox böyük etimad və hörmətim olduğunu bilirsiniz, – dedi. – Mühüm bir məsələ barədə zati-alinizlə məsləhətləşmək istəyirəm. Bilirsiniz ki, mənim bir avara bacıoğlum var, tənbəlin, fərsizin biridir. Üstündə göz olmaq, söz başa salmaq mümkün deyil. Əminəm ki, ondan adam olmayacaq… Allah xatasını başımızdan uzaq eləsin. On yeddi yaşı var. Min əziyyətlə bu il edadini14 bitirdi. Elə düşünməyin ki, bildiyi bir şey var. Bizim Cəmillə Sədi onun yanında Əflatundurlar (Saib paşa oğlanlarından birini fransız, digərini isə ingilis məktəbinə qoymuşdu, öyrəndikləri “gəl, get, otur, dur” kəlmələri idi, amma ataları bunu eşidəndə onları mükəmməl təhsil almış adamlar hesab edirdi). Kənanı ali məktəblərin birinə göndərməyin mənası yoxdur. Deyirəm, Zeytun burnu15 fabriki kimi bir hərbi sənət müəssisəsinə verək. Orada həm bir sənət öyrənər, həm də oralardakı möhkəm hərbi nizam-intizam onu düzəldər. Zati-alinizin İstanbulda tanışı çoxdur. Bəlkə birinə bu haqda bir neçə kəlmə yazasınız. Oğlanı da çağırım bir görün.
Münir bəy ipə-sapa yatmayan, kobud, qılıqsız bir küçə uşağı görəcəyini zənn edirdi. Amma gözəl boy-buxunu, incə, təndürüst görkəmi olan qəşəng qarayanız üzlü, gülümsər, mavigözlü zərif və həyalı bir gənc görəndə heyrət etdi.
Münir bəy az danışmasına, soruşulan şeylərə tək-tək sözlə cavab verməsinə baxmayaraq onun mülayim, həssas bir oğlan olduğunu başa düşdü, qonşusunun yanında böyük hörməti olmasından istifadə edərək, nəhayət, Kənanı İstanbula mühəndislik məktəbinə göndərməyə onu razı saldı.
Kənan İzmirdə anası, bacısı, Bozyaxa və Şəmi dədə ilə bərabər, bir də məsum, nakam ilk gənclik sevdasını qoyub gedirdi: Leyla!.. Leyla böyük vəzifəli bir mülkiyyə16 məmurunun qızı idi. Kənan Karantində, dayısıgilin evində olanda onu tez-tez görürdü. Bundan başqa, Leylagilin ailəsi də yay aylarında Bozyaxa bağlarına köçürdü. Lap kiçik vaxtı Leyla nadinc, şıltaq bir qız idi. Başqa uşaqlarla heç yola getməz, yalnız Kənanla yaxşı dolanardı. Aralarında ən çoxu iki yaş fərq vardı. Odur ki, Kənan ona böyük qayğı ilə yanaşar, bu balaca, dəcəl qızın hər əzabına dözər, bir sözünü iki eləməzdi.
Bu yay Bozyaxaya gələndə Kənan onun birdən-birə boy atdığının, gənc bir qız olmasının fərqinə vardı. Kənan artıq onunla danışmaq istəmir, bağarası yollarda rastına çıxanda dindirməmək üçün gözlərini yerə dikirdi. Leyla isə yenə əvvəlki kimi çox zarafatcıl, açıq-saçıq bir qızdı.
Bir gün yenə dar bağ yolunda rastlaşdılar, qız əlindəki çətirlə onun yolunu kəsdi.
– Keçə bilməyəcəksiniz, Kənan bəy. Məndən nə üçün incidiyinizi deməsəniz, sizə yol verməyəcəyəm.
Kənan gülümsəyərək dedi:
– Sizdən niyə inciyirəm ki?
Leyla çətirlə tikanların başını qıra-qıra dodaqlarını büzüb durmuşdu.
– Mənimlə çox soyuq davranırsınız. Məni daha heç sevmirsiniz.
Bu sözlər elə bil saf bir körpənin dodaqlarından tökülmüşdü.
Kənan başını aşağı saldı, yavaş, çox dərindən gələn bir səslə:
– Eləmi zənn edirsiniz, Leyla xanım? – deyə cavab verdi
Bu sözlər onun Leylaya olan çılğın məhəbbətinin ilk və son etirafı idi. Kənan bu balaca qızı çoxdan bəri idi ki, dəlicəsinə sevirdi. Bu məhəbbəti ona Leylanın iri, qara gözləri aşılamışdı. O, dünyada Leyladan başqa heç kəsi sevə bilməyəcəyini, ürəyində onun həsrəti, gözlərində onun xəyalı ilə öləcəyini düşünürdü. Bir uşaq kimi, ümidsizliyə qapıldığı halda, yaşlı bir adam kimi halını, vəziyyətini kimsəyə duydurmamağa çalışırdı. Uzun gecələri gözünü yummadan bu haqda çox düşünmüşdü. Heç bir çarə, heç bir ümid yeri yox idi. Bu gözəl kübar qızı sevmək Kənan üçün göydəki ulduzlardan birini ələ keçirmək kimi bir şey idi. Ürəyindən keçənləri bilsələr, kim bilir, ona nə qədər gülərdilər. Leylaya bu barədə bir şey sezdirmək ehtimalı onu ölümdən betər qorxudurdu. Kənan çox məğrurdu. O qədər sevdiyi Leylanın bu ümidsiz sevda ilə əylənməsi Kənan üçün dözülməz bir dərd olardı.
Bununla birlikdə, o, gənc qızın keçəcəyini təxmin etdiyi yollarda saatlarla dolaşırdı. Lakin onu görər-görməz ya yolunu dəyişir, ya da başını aşağı salıb yanından keçib-gedirdi.
Leyla onun bu sevgisini çoxdan hiss etmiş, ancaq… buna gülməmişdi. Əksinə, o da Kənanı bəyənir, zərif, qarayanız üzü, həyalı mavi gözləri olan bu oğlanı tanıdığı bütün gənclərdən üstün tuturdu.
Yol üstündəki həmin təsadüfdən sonra Leylanın, Kənanın onu sevdiyinə heç bir şübhəsi qalmadı. Başqa qonşu qızları kimi o da Kənanla sevişmək, aylı gecələrdə evdən qısa fasilələrlə qaçıb görüşə gəlmək, onunla qol-qola gəzmək istəyirdi. Lakin Kənan onun açıq-aşkar etdiyi təklifləri anlaşılmaz bir inadla rədd edir, “bu uşaqlıqdan əl çəkməsi” üçün qıza yalvararkən çox vaxt özü ağlayırdı.
Kənanın İstanbula getməsinə iki gün qalmış bağda son dəfə rastlaşdılar. Leyla özünü saxlaya bilmir, yaylığı ilə üzünü örtərək ağlayırdı.
– Mənə məktub yazacaqsanmı, Kənan?
– Xeyr… Mümkün deyil…
– Bir neçə il sonra sən mühəndis olanda biz evlənərik, elə deyilmi, Kənan?
– Nə üçün bunu söyləyirsən, Leyla xanım?
– Sən də məni… sevirsən, elə deyilmi, Kənan?
– …
– Niyə cavab vermirsən?
– Ağlamayın, Leyla xanım. Mən sizə layiqəmmi?
– Anan məni anamdan istəsin… Hələlik nişanlanarıq…
– Mənmi, Leyla xanım… Sizi mənim üçünmü istəsinlər?
İndi ağlamaq növbəsi ona gəlmişdi. Göz yaşlarını gizlətmək üçün üzünü yana çevirdi. Leyla od kimi yanan əlləri ilə onun biləklərini tutmuşdu. Qız özünü bir an onun ağuşuna atmaq istədi. Kənan isə ümidsiz sevdasının bütün çılğınlığına baxmayaraq, Leyladan uzaqlaşıb ağlaya-ağlaya oradan qaçdı. Bu cür izzəti-nəfs sahibi, yaşlı adam kimi belə
14
Sultan Türkiyəsində orta məktəb.
15
İzmir civarında, hərbi zavodlar olan bir yer adı.
16
Sultanlıq dövründə Türkiyədə hərbi olmayan dövlət idarələri belə adlanırdı.