Dodaqdan qəlbə. Решад Нури Гюнтекин
Чтение книги онлайн.
Читать онлайн книгу Dodaqdan qəlbə - Решад Нури Гюнтекин страница 7
Musiqi dərsi alması bir yana dursun, onun heç udunu köklətdirməyə də bir adamı yoxdu. Utancaq və məğrur olduğu üçün heç kimə, heç o qoca minbaşıya da ağız açmırdı. Düşünürdü ki, onun bu arzusundan xəbər tutsalar ona gülərlər, hələ bəlkə ona pis nəzərlə də baxarlar.
Mələk xanım hər il üzüm yetişən vaxtı Bozyaxaya gedir, Saib paşanın bağında bir-iki ay qonaq qalırdı. Bu qayda ilə o, həm qardaşının könlünü alır, həm də şəhərdə darıxmış uşaqlarını bir qədər əyləndirirdi.
Kənan bu iki payız ayını çox sevərdi. Küçədə oynamaqdan xoşlanmayan, saatlarla susub qalmaq üçün qaranlıq, tənha guşələr axtaran, süst, tənbəl Kənan burada tamamilə dəyişərdi. Solğun, qarayanız yanaqları allanar, kədərli ruhuna nəşə gələrdi; səhərin sərinliyində, aylı axşamlarda bağda gəzməkdən, qumun üstündə hərlənməkdən zövq alardı. Ancaq orada da yenə başqa uşaqlara yovuşmaz, tək gəzərdi.
Kənan həyatında ilk dəfə idi ki, özünə burada bir dost tapmışdı… Bu, özündən qırx yaş böyük olan Şəmi dədə idi. Şəmi dədə Rumeli12mühacirlərindən idi. Otuz beş il bundan qabaq çiynində bir zənbil, qoltuğunda da bir ney torbası İzmirə gəlmiş, əlində olan az-maz pulu verib Bozyaxada bir bağ almışdı.
Bağın bir kənarında çox qoca və hündür bir sərv ağacı vardı. Dədə illərlə çalışmış-çapalamış, sərv ağacının yanında ikiotaqlı bir daş daxma tikdirmişdi. Yay-qış o, Bozyaxada yaşayırdı. Bir işlə məşğul olsun deyə o, üç-dörd keçi də saxlayırdı. Qoca bu keçiləri öz balaları kimi sevirdi
Bozyaxalılar danışırdılar ki, xeyli vaxt bundan əvvəl, çox soyuq keçən bir qış vaxtı Şəmi dədənin pulu qurtarır, hətta bir neçə gün ac da qalır. Vəziyyətini kimsəyə deməsə də, yaxındakı bağ gözətçiləri bunu hiss edir, Şəmi dədəyə çörək göndərirlər. Dədə isə keçilərinin daha ac olduğunu söyləyərək, çörəyi onlara yedirir. Bozyaxalılar bunu dədənin heyvanlara olan məhəbbətinə dəlil hesab edirlər. Ancaq onun özgə çörəyi yemək istəmədiyi üçün bu cür etdiyini söyləyənlər də vardı.
Şəmi dədə Kənanın ruhundakı ağır, məğmun ciddiyyətin səbəbini çox gözəl başa düşmüşdü, onu övlad kimi, hətta yaşlı-başlı bir yoldaş kimi sevmişdi. Bəzən isti günlərdə onlar bir səbətə pendir, çörək, üzüm qoyub, keçiləri də qabaqlarına qataraq Ərəb dərəsinə enərdilər.
Dədə bu dərin, gün düşməz dərəyə öz bağçası kimi bələddi. Orada ömründə günəş görməmiş guşələr tapmışdı.
Günortaçağı kölgəsiz bağlar yaman isti olur, qaya parçaları od tutub yanır kimi görünür, gölməçələrdən buğ qalxır. Belə vaxtlarda Şəmi dədə ilə Kənan sərin kölgəli cığırlarla dərəyə enər, sellərin açdığı xırda qobuların üstündən atılar, yosunlu daşlarından sular damcılayan qayaların altından keçib gedərdilər.
Onlar, çox vaxt gəlib “Zeybək bulağı” deyilən yerdə oturardılar. Açıq yaralara bənzəyən qırmızı yarğanlarla dolu bu yerdə əzəmətli bir qaya vardı. Aradan keçən illər və rütubət bu qayanın ətəklərini yavaş-yavaş “gəmirib didmiş”, altında sərin, kimsəsiz bir mağara əmələ gətirmişdi. Mağaranın görünməz, qaranlıq bir yerindən xoş bir su şırıltısı gəlirdi, yosunlu daşların və daima nəm qayalığın üstündə yabanı otlar, bənövşəyi çiçəkləri olan tikanlar bitirdi, kənarlarından sarmaşığa bənzəyən zərif budaqlarda qaya üzümlərinin açıq-çəhrayı rəngli çiçəkləri sallanırdı.
Kənan ruhunda başqa bir aləm olan, özü də bu aləmdə yaşayan, sevən sənətkarlardandı. Uzaqdan baxanlara mənasız, susmuş, cansız kimi görünən ilk gəncliyini Kənan bu ikinci aləmdə, sönməyən bir gizli həyəcan, yarımxəyali bir məstlik içində keçirmişdi. Kənan bu xəyali dünyanı ilk dəfə “Zeybək bulağı”nda, Şəmi dədənin neyini dinlərkən hiss etməyə başlamışdı. Onun bu qoca dostu da bir başqa cür xəyal dəlisi idi. Bir adəti vardı: bir şey çalmazdan qabaq Kənana əvvəlcə onun sözlərini oxuyar, mənasını anladardı:
– Bax, oğlum! Ay doğur. Aşiq ay işığında ayaqyalın, başıaçıq, sevgilisini görmək üçün yol üstə çıxır. Yar artıq yuxudan oyanmalıdır. Çünki röyasına girməyən sevgilisi, indi elə bil onun qoynuna girmişdir. Sən bunları hələ başa düşməzsən, Kənan. İnsan sevgilisini çox istəyəndə onun xəyalını da görməz olur. İndi bunları gözünün qabağına gətir, sonra qulaq as, yoxsa sənin keçilərimdən heç bir fərqin olmaz, çaldığımı başa düşməzsən.
Dədə sözsüz bir parça çalmaq, sadəcə bir hiss ifadə etmək istəyəndə də bu adətini yaddan çıxarmazdı.
– Bax, indi qoyunları çağıracağam. Yum gözlərini. Qarşıdakı dağlardan sürülər enəcək. Bulaqlar başında sevgililər mey içəcək. Aşiqlər məşuqələrinin sünbül saçlarını qoxulayacaq. Mən çalarkən sən bunları düşün, sünbülləri qoxula…
Payızda havalar bulanmağa başlayar, göy üzündə buludlar dolaşar, külək yarpaqları qabağına qatıb qovardı. Saralmış çardaqlardan, yarpaqları tökülməyə başlamış ağaclardan meyvələr, salxımlar sallanar, yerə sərilmiş həsirlərin üstündə qızılı üzümlər quruyar, yollardan ardı-arası kəsilməyən üzüm səbətləri yığılmış arabalar, yüklü at karvanları keçərdi. Bozyaxa, əslində bu günlərdə xeyli canlanar, musiqi, qəhqəhə və mahnı səsləri hər tərəfi bürüyərdi. Səhərə qədər bağlardan çalğı səsi kəsilməz, yollarda əllərində məşəllər yanan dəstələr gəzişərdi.
Yayda gizli qalmış bütün kiçik sevda sirləri bu zaman aşkara çıxırdı. Axşamüstü bağın kənarındakı yoldan keçən qonşu gənclərə gizlicə çiçək atan, bağları bir-birindən ayıran çəpərlərin arasından ay işığında min nazla barmaqlarının ucunu öpdürən gənc qızlara bu vaxt məyus bir cəsarət gələrdi. Çünki bir də görüşmək üçün səkkiz-doqquz ay gözləmək lazımdı. Daha naz vaxtı deyildi.
Tikanlı yollarda, gənc qızların qırmızı, ağ, mavi geyimlərini artıq gizlədə bilməyən ağaclıqlarda əhd-peyman bağlanar, ayrılıq busələri verilər, lent uclarına saçlardan bağlanmış tellər dəyiş-düyüş edilərdi.
Kənan belə günlərdə yaman kədərli, süst görünərdi. Payızda sönən, solan, xarab olan şeylərin getdikcə artan kədərini o, yaşına yaraşmayan bir həssaslıqla hiss edirdi.
Şəmi dədə Kənanı hər il bir qədər daha böyümüş, onun musiqiyə olan həvəsinin daha da artmış olduğunu görürdü.
Yaxşı
12
Osmanlı imperiyasının Balkan yarımadasındakı əyalətləri (Bolqarıstan, Makedoniya və s.) belə adlanardı. İndi Ədirnə, Qırxlareli, Tekirdağ və İstanbul vilayətinin Avropa hissəsi də Rumeli adlanır.