Detektiv ölüm yatağında. Артур Конан Дойл
Чтение книги онлайн.
Читать онлайн книгу Detektiv ölüm yatağında - Артур Конан Дойл страница 2
– Ola bilər. Amma eşitmişəm ki, tropik xəstəliklər haqqında çox bilən və yaşayan, dahi adlandırılan Dr. Eynstrin hazırda Londondadır. Dirənməyə ehtiyac yoxdur, Holms, gedib onu gətirəcəyəm. – Bunu söylədikdən sonra qərarlı addımlarla qapıya doğru yönəldim.
Heç belə bir şok yaşamamışdım! Ölüm döşəyindəki adam bir anda sıçrayaraq qapını tutdu. Bu vaxt açarın çevrildiyini də eşitdim. Amma o, göz açıb bağlayana qədər artıq yatağına dönmüşdü. Xərclədiyi fövqəladə enerjiyə görə təngnəfəs qalmışdı.
– Açarı məndən güclə ala bilməzsən, Uatson; artıq əlimdəsən, dostum. Mən icazə vermədikcə heç yerə tərpənə bilməzsən. Amma səni darıxmağa qoymaram, narahat olma. (Bütün bunları qırıq-qırıq söyləyir, asta-asta nəfəs almağa çalışırdı) Mənim yaxşılığımı düşündüyünü bilirəm. Buna əminəm. İstədiyin kimi olacaq, amma icazə ver bir az gücümü toplayım. İndi olmaz, Uatson, indi olmaz. Saat dörddür. Altıda gedə bilərsən.
– Bu ki dəlilikdir, Holms.
– Yalnız iki saat, Uatson. Söz verirəm, altıda gedəcəksən. Gözləyərsənmi?
– Başqa yolum yoxdur.
– Həm də heç yoxdur Uatson. Təşəkkür edirəm. Lütfən, məsafəni qoru. İndi, Uatson, bir şərtim var. Həkimi mən seçəcəyəm.
– Fərq etməz.
– Otağa girdiyindən bəri dediyin ən ağıllı söz bu oldu, Uatson. Burada bəzi kitablar görəcəksən. Mən bitkin haldayam; bir batareya elektrikini dielektrikə köçürdüyün zaman nə baş verir, bilirsən? Altıda, Uatson, unutma, o zamana qədər söhbət edə bilərik.
Amma bu söhbət hələ uzun sürəcəkdi; məni Holmsun atılıb qapını bağladığı anda yaşadığım şokdan daha betəri gözləyirdi. Bir neçə dəqiqə tərpənmədən yataqdakı adamı izlədim. Örtünü sifətinə qədər çəkmişdi, yuxuya getmiş kimi görünürdü. Oturub kitab oxuya bilməyəcəyimi anladığımdan otaqda gəzişməyə, divarları bəzəyən məşhur cinayətkarların şəkillərinə tamaşa etməyə başladım. Bu məqsədsiz gəzintim buxarıya yetişdiyimdə sona çatdı. Buxarının üstünə tənbəkilər, tütün kisələri, şprislər, qələmyonanlar, tapança güllələri və daha bir çox xırda-xuruş yığılmışdı. Ortalarında isə qapaqlı, kiçik, ağ fil dişindən düzəldilmiş bir qutu vardı. Yaxından baxmaq üçün əlimi uzatmışdım ki… Holmsdan qorxunc bir qışqırıq çıxdı; – elə qışqırdı ki, küçədən keçənlər belə eşitmiş olardı. Bu qorxunc qışqırıqdan sonra əlim-ayağım buz kimi kəsdi, tüklərim biz-biz oldu. Dönüb baxdığımda sifətinin yığıldığını, gözlərinin dəli bir parıltı ilə alışdığını gördüm. Kiçik qutu əlimdə, quruyub qalmışdım.
– Qoy onu yerinə! Bu dəqiqə, Uatson, dərhal deyirəm! – Qutunu buxarının üstünə qoyduğumu görüncə yatağa çökdü və dərin bir ah çəkdi. – Əşyalarıma toxunulmasından nifrət edirəm, Uatson. Bunu sən də bilirsən. Səbrimi sınağa çəkirsən nədi. Sən ki, həkimsən. Xəstələrini dəlixanaya soxmaqda tayın-bərabərin olmaz yəqin ki… Otur ay adam, imkan ver bir az istirahət edim!
Bu hadisə məndə heç xoş təsir buraxmadı. Səbəbsiz yerə şiddətli bir sayıqlama yaşayırdı; ardından da alışdığım yumşaq rəftarlardan əsər belə qalmamış tonla danışmağa başladı; bütün bunlar şüurunun necə dağılmış olduğunu göstərirdi. Məhv olmuş güclü zehni görmək qədər qəmli bir şey ola bilməz. Səssizcə oturub zamanın keçməsini gözləməyə başladım. Mənim kimi Holmsun da gözü saatda idi. Nəhayət, altıya az qalmış yatağında dikəldi və əvvəlki kimi, qızdırmalı halda danışmağa başladı.
– Çox yaxşı, Uatson, – dedi. Yanında xırda pul varmı?
– Var.
– Gümüş necə?
– Çox.
– Neçə dənə yarım kronluq var?
– Beş dənə.
– Ah, azdır! Çox azdır! Bu nə şanssızlıqdır, Uatson! Nə isə, indi onları saat saxladığın cibə qoy. Qalan pulları isə şalvarının sol cibinə… Təşəkkür edirəm. Heç olmasa daha balanslı olarsan.
Bunlar tamamən ağlını itirmiş bir adamın hərəkətləri idi. O, əvvəlcə titrədi, sonra yenə hıçqırıqla öskürək arası bir səs çıxardı.
– İndi lampanı yandıra bilərsən, Uatson; amma çox diqqətli ol, yarıdan çox açma. Yalvarıram diqqətli ol, Uatson. Təşəkkür edirəm, mükəmməl! Xeyr, pərdəni bağlamağına ehtiyac yoxdur. İndi isə zəhmət olmazsa bu masanın üstünə bəzi məktubları və kağızları yerləşdirməyini istəyirəm. Təşəkkür edirəm. İndi də buxarının üstündəki xırda şeylərlə məşğul ol! Möcüzədir, Uatson! Burada bir şəkər maşası var, gördünmü? İndi də o kiçik fil dişi qutusunu maşayla qaldır. Bura, kağızların arasına qoy. Gözəl! Artıq gedib Lover Burxa küçəsi, 13 nömrədən cənab Kulverton Smiti gətirə bilərsən.
Düzünü desəm, Holmsun sayıqlamalarını gördükdən sonra həkim gətirmək istəyim bir az zəifləmişdi. Amma bu adamın gəlməsində o qədər israrlıydı ki, etiraz etmək mümkün olmadı.
– Daha əvvəl belə bir ad eşitməmişəm, – dedim.
– Təbii ki, eşitməmisən, sevimli Uatson. Bu xəstəliyi müalicə edəcək mütəxəssisin bir həkim deyil, bir əkinçi olduğunu haradan biləcəksən ki, sən. Cənab Kulverton Smit əsasən Sumatrada yaşasa da, bu aralar Londondadır. Bu xəstəlik tibbin əli çatmayan tarlalarda meydana çıxıb. O, özünə görə bəzi işlər görüb və sonunda olduqca təsirli üsullar tapa bilib. Çox intizamlı adamdır; ona görə də altıdan əvvəl getməyini istəmədim; onu yerində tapmayacağını bilirdim. Gəlməyə razı salsan ən böyük hobbisi olan bu xəstəliklə bağlı bənzərsiz təcrübələrindən faydalanma şansımız olacaq. Mənə kömək edə biləcəyindən heç şübhəm yoxdur.
Holmsun sözlərini olduğu kimi yazmaqla bərabər deməliyəm ki, həmin vaxt çətinliklə nəfəs alır, əlləri ağrıyla sıxılırdı. Yanında olduğum bir neçə saat içində görünüşü daha da pisləşmişdi. Üzündəki qırmızı ləkələr indi daha çox diqqətə çarpır, yuvalarına çökmüş gözləri daha çox parlayırdı, alnı tərdən islanmışdı. Amma nitqi hələ əvvəlki kimi canlı idi. Nəfəsi tükənənə qədər hakimiyyəti itirmədi.
– Məni hansı vəziyyətdə qoyub getdiyini eynilə söylə, – dedi. Səndə necə təəssürat yaratmışamsa söylə, – ölüm döşəyində sayıqlayan bu adam dedi. Okeanın dibi başdan-başa istridyələrlə dolu olsa, dəniz nə qədər bərəkətli olardı, elə deyilmi? Ah, axmaqlayıram! Beyin nəzarətini itirir! Nə deyirdim, Uatson?
– Cənab