Tomris Xan . Əhməd Haldun Dərzioğlu
Чтение книги онлайн.
Читать онлайн книгу Tomris Xan - Əhməd Haldun Dərzioğlu страница 3
Oğlunu yola saldı.
– Çıx get! Bundan sonra nə sənin mənə, nə də mənim sənə ehtiyacım var. Ancaq yer üzünün sənə, mənim isə burda qalmağıma ehtiyacı var. Çıx get.
Atlara marağı olduğu üçün “Atlı Şaman” adını alan oğlu ata əmrini yerinə yetirmək üçün yollara düşdü.
Ağ Şaman buranı seçdi.
Atlı Şamana isə gəzmək, araşdırmaq tapşırıldı.
Tanrı Ağ Şamana bu torpaqları işarə etmişdi. Çünki Sak döyüşçüləri lap qədim zamanlardan gələn dastanın işığını daşıyır ürəklərində. Yer üzünə göndərilmiş, bənzərinə rast gəlinməyəcək Tanrı hədiyyəsi olan igid döyüşçünün dastanıdır bu.
Alp Ər Tonqa. Sakların ulu xaqanı.
İgidlərin igidi, xanların xanı, döyüşçülərin döyüşçüsü Alp Ər Tonqa.
Sakların qüruru. Elmi, ruhu.
Uzun zamandır, sakları ulu xan Alp Ər Tonqa soyundan gələn, qızı Qaz qızın nəvələri idarə edib. Saklar bu müqəddəs soya sahib çıxıb, onu ucaldıb.
Kökü müqəddəs Göy üzündən gələn, müqəddəs olan soydur.
Tur xan oğlu, Zadşem xan oğlu, Peşenk xan oğlu Alp Ər Tonqa xan.
Ağ Şaman baxdığı hər yerdə Alp Ər Tonqadan iz görür, hər yerdən onun haqqında danışan səslər eşidir. Qayalar, daşlar, topraq, su, ağaclar, quşlar onun haqqında qəhrəmanlıq salnamələri danışır.
Onun haqqında şeir55 deyir, ağı söyləyir:
– Alp Ər Tonqanın ruhu yaşayır!
Ağ Şaman onun izlərini tapdı.
– Bax, müqəddəs atı Akay ilə buradan keçib. Ardınca düşən yağı düşmənlərlə burada savaşıb. Atının tərkində daşıdığı yoldaşını burada endirib, göylərə göndərib.
Hər səfərində gözləri dolur. Olanları yenidən yaşayır.
– Bax, atı Akayla birlikdə məhz buradan atlayıb müqəddəs çaya!
O dağın yamacında o müqəddəs çayın səsini dinləyir. Çay ona hər gün yenidən danışır baş verənləri, sonra da əlavə edir:
– Belə igid daha gəlməz dünyaya!
– Gəlməz! – deyə cavab verir.
– Gələ bilməz! – deyə təsdiq eşidir.
Ancaq soyu yaşayır. Saklara başçılıq edir. Xalqını ucaltmaq üçün çırpınır, kökü Göy üzünə bağlı soylarına layiq olmaq üçün.
Alp xandır bu.
Sakların xaqanı Alp xan.
Sakların başında o var indi. Müqəddəs vəzifə onundur.
İsıkkul gölü yaxınlarındakı Ordu şəhəri sakların mərkəzi şəhəridir. Əvvəlki ecazkarlığı qalmasa da, bu müqəddəs şəhər Alp Ər Tonqanın əmanətitək hələ də mərkəz kimi qalır. Dinc əhalisi çox olsa da, şəhər düşmənlərin hücumuna qarşı həmişə şücaətlə dayanıb, müqavimət göstərib, qorunub.
Alp xan daim Ordu şəhərində qalmır. Köçərilik həyatını davam etdirmək üçün obasını uyğun yerlərdə qurur. Var olmaq üçün bu cür yaşayır.
Düşmənləri güclənib. Dörd tərəfdən hücum edirlər. Sanki sakları yox etmək üçün and içiblər.
Ən böyük təhlükə yenə də Cənubdan – İrandan gəlir. Sonsuza qədər uzanacaq kimi görünən Turan-İran savaşları davam edir.
İran hökmdarı, pis niyyətli Keyxosrovun Alp Ər Tonqaya qarşı etdiyi haqsızlıq unudulmayıb. Əlbəttə, bunun qisası alınıb, ancaq əhalisinin və ordusunun sayı çox olan İran düşmənçilikdən əl çəkməyib.
Xanədanlar dəyişdi, İran taxtı dəfələrlə nəsildən-nəslə ötürüldü, lakin düşmənçilik və məkrli siyasət öz yerində qaldı. Dövlətin adı dəyişsə də, Turan xalqına qarşı düşmənçiliyi olduğu kimi qaldı. Əllərinə keçən hər fürsətdə hücum etdilər. Sak yurdunu ələ keçirmək, sakları yox etmək üçün oyun üzərinə oyun qurdular. İşlətdikləri hiylələrlə hər zaman saklar üçün təhlükə yaratdılar.
İndi İran-fars dövlətinə Əhəməni xanədanından olan hökmdarlar hakimlik edir.
İranda hökm sürən dövlətin adı fars dövlətidir.
Əhəməni xanədanı fars mənşəlidir.
Hökmdarları isə Kirdir.66
Ağ Şamana buraya gəlmək və burada qalmaq vəzifəsi tapşırıldı. Zaman keçdikdən sonra buralar onun üçün elə doğma yurd oldu. Artıq başqa yerlərə getməyi ağlından belə keçirmədi. Haqqın dərgahına buradan qovuşmaq, müqəddəs amal uğrunda vuruşaraq buradan Tanrı qatına yüksəlmək istəyirdi.
Bura onun üçün çox dəyərli yurd olmuşdu. Ruhu burda nəfəs alırdı. Bu torpaqları anlayırdı. Bu torpaqlarla danışır, onları dinləyirdi. Dərdlərini, sıxıntılarını paylaşırdı. Hər gün yenidən yaşayırdı baş verənləri. Çünki nə baş verirdisə, hamısını torpağa, daşa, suya danışırdı. Yurda olan sevgisi onu bu torpaqlara çox bağlamışdı.
“Yer üzü bilir ki, Alp Ər Tonqa gəlmiş-keçmiş ən müqəddəs döyüş əri, igidi kimi davasını bu torpaqlarda apardı. Bu torpaqlarda vuruşdu yağı düşmənlərə qarşı. Onlarla ox, qılınc yarası aldı. Ancaq yıxılmadı, təslim olmadı. Atının üstündən enmədi. Yıxa bilmədilər onu. Buradan atıldı müqəddəs çaya. Buradan yüksəldi müqəddəs Göyə! Qanı bu torpaqlarda axdı. İndi də müqəddəs ruhu ziyarət edir bu torpaqları, unudulmadığını duymaq üçün.
Alp Ər Tonqa. Tanrının müqəddəs, igid xanı”.
Ağ Şamanın astanası gündoğana tərəf böyük çadırı var idi. İnancına və adətlərinə əsasən girişi alçaq idi. Hər dəfə çıxarkən günəşi salamlamaq üçün.
Günəş doğarkən çadırından çıxıb üç dəfə əyilib qarşılardı onu:
– Müqəddəs şüalarını üzərimizdən əksik etmə!
O günəşi heç vaxt yatdığı yerdə qarşılamazdı. Günəşin şüaları yer üzünü işıqlandırdığı anda ayaq üstə olardı. Günəş hər gün səhər Ağ Şamanı ayaq üstə