Olan işdi. Василий Иванович Белов
Чтение книги онлайн.
Читать онлайн книгу Olan işdi - Василий Иванович Белов страница 5
deyirəm. O isə mənə deyir… Nyuşka! Tez ol bura gəl, Nyuşka! Bax elə indicə fermaya gedib Nyuşkanı gətirəcəm. Stepanovna? SSS!
Amma İvan Afrikanoviçin fermaya getməsinə lüzum qalmadı. Qapılar açıldı və Nyuşka özü içəri girdi.
– Annuşka! – İvan Afrikanoviç əlində dopdolu qədəh onun pişvazına qalxdı. – Anyutka!
Xalanəvəsi! Biz səni… biz… səni… Sənin kimi qız bütün mahalda yoxdu! Doğrudan da, yoxdu! Başdan–
ayağa tərifnamə! SSS. Miş! Hamıya süz. Mən deyirəm ki, yoxdu! Bəs Mişka! Məyər Mişka pis oğlandı?
Deməli, biz səni, Anyuta… sənin dalınca gəlmişik… elçiliyə…
– Nə dedin!? – Nyuşka peyinli çəkmədə və silos iyi verən pambıqlıda, daxmanın ortasında dayandı, gözlərini qıyaraq elçilərə baxdı, sonra arakəsmənin arxasına cumdu və əlində tutqac, güllə
kimi çıxdı:
– Rədd olun! Elə gedin ki, iziniz-tozunuz da burda qalmasın. Qulyabani sizi hardan gətiribsə, orada aparsın. Cəhənnəm olun! Nə qədər ki, gözlərinizi tökməmişəm. Sərxoş köpəyuşaqları!
İvan Afrikanoviç key-key dala çəkildi, papağını və əlcəyini də götürməyi yaddan çıxarmadı, yazıq qarı isə qızını saxlamağa çalışdı:
– Anna, başına at təpib!?
Nyuşka İvan Afrikanoviçin boyunluğundan tutub qışqırırdı:
– Rədd ol, simasız! Hardan gəlmisən, orada get, iblis! Elçi tapılıb! Mən səni!..
İvan Afrikanoviç özünə gəlməmiş Nyuşka onu elə itələdi ki, qapının o tərəfinə uçdu, üzü üstə yerə
dəydi, eyni aqibəti Mişka da yaşadı.
Sonra Nyuşka dəhlizə çıxdı, heç bir ədəb-ərkan gözləmədən elçiləri küçəyə tulladı və qapını çırpdı.
Nyuşka bağırırdı, əlinə keçəni döşəməyə çırpırdı, ağlaya-ağlaya bütün dünyanı söyürdü…
– Buna bax e! – Mişka dirsəyini ovxalaya-ovxalaya dedi.
İvan Afrikanoviç isə çaşqın halda mızıldanırdı. O, zorla ayağa qalxdı, əvvəlcə əllərini yerə dirədi, dizlərini qaldırdı, zorla özünü düzəltdi.
– Hm! Buna bax da! Qız deyil e, şeytandı. Gicbəsər… Parmen? Bu Parmen harda qaldı e?
Parmen dayandığı yerdə yox idi. İvan Afrikanoviç atı bağlamağı unutmuşdu və o, çoxdandı ki, evə
tərəf gedirdi: bəyaz aprel Ayının altında, kimsəsiz yolla. Yalnız tənha kirşənin xışıltısı eşidilirdi.
9
Torpaqla suyun birliyi
Səhərə yaxın havanın üzü döndü, qar yağdı, külək qalxdı. Bütün mahal Mişka Petrovun elçiliyi barədə xırdalıqlarına qədər xəbər tutmuşdu: Belə tufanda şayiələr də başı açıq gəzirdi.
Mağaza saat doqquzda açıldı, arvadlar çörəyin bişməsini gözləyir və cidd-cəhdlə yeniliyi müzakirə
edirdilər:
– Deyirlər ki, əvvəlcə yabaya cumub, sonra stoldan bıçağı götürüb, düşüb kişilərin üstünə!
– Aman, aman! Bəs qarı neyniyib?
– Əşi, nə qarı-marı. Deyirlər ki, qarını səhərdən axşama kimi buduyur.
– Bəsdidə, sən allah. Boş danışmayın. Nyuşka anasına barmağını da vurmaz. Çox mehribandılar.
Görün e, Nyuşka barədə nələr uydururlar.
– Düz sözdü. Ondan başıaşağısı yoxdu.
– At da tək-tənha gəlib axı?
– Hə. Təkcənə. Nə kişilər var, nə də faktura.
– Deyirlər ki, hamamda yatıblar.
– O qədər içiblər ki!
– Dayanmaq bilmirlər ki…
– Mal yerindədi, deyirlər?
– Prennikləri gətiriblər, amma samovarlardan ikisinin lüləkləri qırılıb, at özü tövləyə girib, kirşə də
aşıb.
– Oy, qızlar! İvan Afrikanoviç bu işin altından nə cür çıxacaq?
– Hamısının günahı içkidədi, hələ özündən deyən heç kim ona üstün gəlmiyib!
– Kim bilmir ki, əlbəttə günah ondadı!
– Bu “alagözlərdən” nə desən gözləmək olar!
Alıcılar tez-tez girib çıxırdılar. Briqadir də yolunu oradan saldı, heç nə almadı, bir az gap eləyib getdi. Traktorçular siqaret dalınca gəldilər. Söhbətin əsas mövzusu İvan Afrikanoviçlə Mişkaydı.
İvan Afrikanoviçi səhər tezdən harasa qaçan görmüşdülər. Sonra o evə giribmiş, ora-bura vurnuxubmuş. Deməynən, dünən arvadı Katerinanı xəstəxanaya aparıblar: hələ o selpoda olarkən və
guya o, qaynanası Yevstolyaya deyib ki, o, yəni İvan Afrikanoviç Yekaterinasız yetim kimi bir şeydir.
Qaynanası Yevstolya isə əvəzində bildirib ki, zülüm çəkdiyi bəsdi, Severodvinskə, oğlu Mitkanın yanına gedəcək. “Mən gecələr sizinçün beşik yırğalıyım, sizsə Katerina ilə kef edəsiniz. Elə şey yoxdu.
Bir gün də burda qalmaram, gedəcəm Mitkanın yanına.
Arvadların ağzını yığmaq olar?.. Satıcı akt yazmaq üçün ambara getdi, arvadlara da tapşırdı ki, gözləri piştaxtada olsun. Mağazada isə ağız deyəni qulaq eşitmirdi, arvadlar hamısı birdən danışır, İvan Afrikanoviçə yazıqları gəlir və Mişkanı söyürdülər. Elə bu zaman Mişka hardansa peyda oldu: dünənin sərxoşluğu başından getməmiş, başı açıq, özü də mahnı oxuyur:.
Kiminsə sevgilsi var
Mənim də ki, Mişkam.
Heç vaxt lampa gətirməz
Çoxdu deyər, slişkam3.
– Zənən əhlinə