Yalnızıq. Пеями Сафа

Чтение книги онлайн.

Читать онлайн книгу Yalnızıq - Пеями Сафа страница 1

Автор:
Жанр:
Серия:
Издательство:
Yalnızıq - Пеями Сафа

Скачать книгу

      roman

      Peyami Safa

      Peyami Safa (1899 – 15 iyun, 1961) İstanbulda anadan olub. Məşhur şair İsmayıl Safanın oğludur. Davamlı təhsil ala bilməyib. Özü-özünü formalaşdırmağa çalışıb. 13 yaşından həyatın qoynuna atılan yeniyetmə Poçt Teleqraf Nəzarətində işləyib. Müəllimlik (1914–1918), müxbirlik (1918–1961) ilə məşğul olub. Həyatını yazdığı məqalələr, yazılarla təmin edib.

      1961-ci ildə İstanbulda dünyasını dəyişib.

      Qardaşı İlhami ilə birlikdə “İyirminci əsr” adlı qəzet dərc edən Safa bu qəzetin səhifələrində ilk hekayələrini imzasız çap etdirib (1919). “Mədəniyyət həftəsi” (21 nömrə, 15 yanvar–3 iyun 1936) və “Türk düşüncəsi” (63 nömrəsi, 1953–1960) adlarında iki dərginin nəşrində yaxından iştirak edib. Vəfat edənə qədər “Son havadis” qəzetinin baş yazarı kimi fəaliyyət göstərib.

      Peyami Safa xalq üçün yazdığı ədəbi dəyəri olmayan romanlarını “Sərvər Bədi” imzası ilə yayımlayırdı. Sayı 80-dən artıq olan bu romanlar arasında “Cumbadan Rumbaya” (1936) romanı ilə “Cingöz Recai” polis-hekayə dizisi çox məşhurdur. Bundan başqa, o, dərs kitabları da qələmə alıb. Peyami Safanın lətifə və məqalələrində sağlam məntiqi düşüncə və inandırıcılıq hökm sürür. Romanlarında hadisələrdən daha çox təhlilə əhəmiyyət verən yazıçı toplumdakı əxlaq çöküntüsünü, mədəniyyətin yaratdığı silkələnməni, nəsillər və sosial çevrələr arasındakı qarşıdurmanı dilə gətirməyə xüsusi əhəmiyyət verib. Bir-birinə zidd anlayışları, duyğu və düşüncə təzadını əsərlərində çox böyük ustalıqla təhlil etməyi bacarıb.

      Romanları: “Şəmşək” (1923), “Sözdə qızlar” (1923), “Məhşər” (1924), “Bir axşam” (1924), “Süngülərin kölgəsində” (1924), “Bir gənc qız qəlbinin cinayəti” (1925), “Canan” (1925), “Fatih Harbiyə” (1931), “Bir tərəddüdün romanı” (1933), “Madmuazel Noraliyanın kreslosu” (1949), “Tənhayıq” (1951), “Biz insanlar” (1959).

      Birinci hissə

      Cəsarəti yox idi. Qardaşı kiçik və yuvarlaq çörək diliminin üstünə saat şüşəsi kimi diqqətlə yerləşdirdiyi kərə yağını çəkərkən heç bir məsələ haqqında ciddi şəkildə danışa bilməzdi. Bir qaşını yuxarı qaldırmışdı. İri mavi gözlərində parlayan iştahı görənlər onu heç tanımasalar belə, üzünün nə üçün güldüyünü ilk baxışdanca anlaya bilərdilər. “Lakin söyləməliyəm. Yoxsa dəli olacağam. Dünən gecə gözümə heç yuxu getmədi”.

      Yüksək səslə:

      – Dünən gecə heç gözümə yuxu getmədi, Bəsim, – dedi.

      Qardaşı çörək dilimini dişləməmişdən əvvəl gözucu ona tərəf baxdı. Sanki bu baxışla bacısı hansı məsələ haqqında danışacaqdısa, bunun üçün çox pis vaxt seçdiyini ona xatırlatmaq istəyirdi… Sonra çörək dilimini dişlədi. Udqunarkən bu ilahi ləzzət anının gözəlliyini heç bir fikir, heç bir düşüncə ilə kirlətməyə razı olmadığını ona hiss etdirmək üçün bu dəfə də qaşlarını çatdı. Bir-iki dəfə udqunduqdan sonra ikinci loxmaya əl uzatmağa hazırlaşaraq soruşdu:

      – Nə üçün, abla1? Deyirlər ki, dovşan kimi qorxaq yuxular var… Xırda bir narahatlıq oldumu, bircə çıqqıltı salsan, o dəqiqə dabanlarına tüpürüb qaçırlar. Sənin də yuxuların, deyəsən, elədir, eləmi?

      – Elə deyil, Bəsim. Səninlə ciddi danışmaq istəyirəm. Narahatlığım hansısa əhəmiyyətsiz, kiçik bir məsələyə görə deyil, inan mənə. Görürsən, Səlmin yenə də süfrəyə gəlmədi. Üç gündür ki, səhərlər belə edir. Ürəyi bulanır, başı fırlanır. Dünən də səhər yeməyində üzü sapsarı idi. Diqqət yetirmədinmi heç?

      Bəsim danışarkən düşünməyi sevməyən adamlar kimi sürətlə cavab verdi:

      – Hələ ki ona hamilə gözü ilə baxa bilmirəm, incimə. Bu məsələlərdən heç baş çıxarmıram da… Ancaq şübhəni başa düşürəm. İnan mənə… Bütün bunlar adi şeylərdir. Üstündə ciddi şəkildə dayanılacaq, hələ bir səhər yeməyi vaxtı söhbət ediləcək məsələlər deyil.

      – Bəsim, xahiş edirəm.

      Əlindəki çəngəli içində yaşıl zeytun olan qaba uzadan Bəsim yenə bir qaşını yuxarı dartaraq:

      – Vallah, Məfharət abla, – dedi, – sən bu gombul zeytunları haradan aldığını desən, daha ciddi məsələ haqqında söhbətə girişmiş olacaqsan. İnsan bədənində lazımsız orqan yoxdur. Səlmin də öz orqanlarından istədiyi kimi istifadə edibsə, bunu niyə təbii qəbul etmirsiniz ki? Axı bu, onun nəfəs alması qədər adi halıdır. İyirmi yaşını keçmiş gözəl bir qızın bədəninə beşinci dərəcəli bələdiyyə məmuru möhür vurduqdan sonra toxunulmasına icazə vermək adəti əlli il sonra nə qədər gülünc olacaq, bunu bilirsənmi? Bu yaşa qədər səbr etməsi belə axmaqlıqdır.

      Məfharət qıpqırmızı qızardı. Əslində, Bəsimin bu barədə nə düşündüyünü yaxşı bilirdi. Yazda balkonda şezlonqlara uzanaraq, qışda isə buxarı qarşısında kreslolara çökərək etdikləri söhbətlər, saysız-hesabsız münaqişələr mənasız olardı. Onsuz da, o, heç vaxt fikrindən dönməzdi. Amma bununla belə, ailə üzvlərindən kiminsə şərəf və ləyaqəti haqqında heç söhbət düşməmişdi. Hələ bir Səlminin, Səlminin…

      – Bəsim, xahiş edirəm. Səlmin mənim qızımdır, sənin bacın qızıdır. Qan beynimə vuracaq bu dəqiqə. Özün bir fikirləş, Allah eləməsin, belə bir şey varsa, bu necə böyük bir biabırçılıq olacaq. Bu qız dörd aydan çoxdur ki nişanlısından ayrılıb. Hamı da bunu bilir və heç də haçı sənin kimi düşünmür

      – Hamı… Hər kəs… – Bəsim mızıldandı və sonra sözünə davam etdi, – İstanbulda, özü də bu cür əldəqayırma bir qəzəbədə hər kəs elə də böyük problem deyil. Əgər bura bir Orta Anadolu kəndi olsaydı, bax o zaman sənin o haqqında danışdığın hər kəs qızcığazın başına bəla ola bilərdi. Hətta zavvallının atasını onu vurmağa da vadar etmələri mümkün idi. Yaxud… Bir macar kəndində olsaydı, qapısına qatranla nişan vurular, damğalanar, hər gördüklərində də üzünə qarşı lənətlər yağdırardılar. Hətta bədbəxtə Vilma Bankinin “Səhər vaxtında”kı cəhənnəm əzabını da yaşada bilərdilər. Lakin burada hər kəs bu cür məsələlər haqqında tulumba tatlısı2 ilə sadə qəhvə içə-içə söhbət edərkən danışır, həm də bu zaman uşağın sarışınmı, qarabuğdayımı olacağı, kimə bənzəyəcəyi ilə daha çox maraqlanırlar… Vəssalam, məsələ bununla da ötüb gedir.

      Məfharətin yumru və ətli sifəti o qədər şişdi və qızardı ki, gümüşü rəngli saçları ağarmış kimi göründü. Dodaqlarının qıraqları da elə bil şişmişdi. Bəsim bunun fərqinə varar-varmaz susdu. Bir həftə əvvəl ablasının təzyiqi iyirmi birə qalxmışdı. Bu isə təhlükəli təzyiq idi…

      Qadın ağzını yarı açıb dərin bir nəfəs aldı.

      – Kimə bənzəyəcəyini hamıdan əvvəl qoy mən səndən soruşum… Fikrin nədir? Güman edirəm ki, bununla bağlı da, heç olmasa, hansısa bir fərziyyən var…

      Bəsim çay fincanına doğru uzanan əlini birdən-birə havadaca saxlayıb yerindən sıçradı:

      – Hə də! Bircə bu əskik idi! Təbrik edirəm səni, abla. Çox yaxşı tapmısan… Əla! Mənə bənzəyəcək, əlbəttə…

      – Sənə deyil, məni səhv başa düşdün.

      – Mənə, mənə… İnan ki, belə bir şeyin olması da, ağlına gəlməsi də imkansız

Скачать книгу