Susan qadın. Elxan Elatlı

Чтение книги онлайн.

Читать онлайн книгу Susan qadın - Elxan Elatlı страница 7

Susan qadın - Elxan Elatlı Çağdaş ədəbiyyat

Скачать книгу

deyən Eyvaz Əsmərə əl uzatmağa imkan tapmamış Əsmər dodaqucu, “Sağ olun” – deyərək uzaqlaşdı və yalnız küçəni keçəndən sonra Qönçə arxadan güclə ona yetişə bildi:

      – Ay qız, yavaş yeri də, hara qaçırsan?

      Əsmər onu məzəmmətli baxışlarla süzüb başını buladı:

      – Sən qalıb bir az da söhbət edə bilərdin.

      Qönçənin üzü bəxtəvərcəsinə gülürdü. Nəsə deyəcəkdi ki, avtobus gəldi və sözünü kəsib Əsmərin arxasınca salona qalxmalı oldu…

      Üçüncü fəsil

      QORXUNC HADİSƏNİN TƏK ŞAHİDİ

      – Bu nə işdir axı, ay bala? – Babakişi hələ cavab almadığı sualını təkrarladı.

      Eyvaz ona sarı dönüb başını kədərlə buladı:

      – Mən… Bilmirəm… Heç nə bilmirəm…

      – Bəs evdə deyildin?

      – Evdə idim… Yatmışdım. Səs-küyə oyandım, gördüm evdə yoxdur… Pəncərədən baxıb adamları gördüm…

      – Atangil evdədirlər?

      – Yox… Bacımgilə getmişdik, onlar orada qaldılar, mən qayıtdım. Yerimə girib yatdım… Haradan ağlıma gələ bilərdi ki, bu zalım qızı intihar edəcək?

      Hadisə yerinə yığışanların əksəriyyəti onu inamsız, hətta istehzalı baxışlarla süzürdülər. Bəziləri isə Səxavətə baxırdı. Amma Səxavət daha danışmaq fikrində deyildi.

      Əvvəl bir polis avtomobili, onun ardınca ağ rəngli “Opel” həyətə daxil olub düz blokun qapısı önündə dayandı. Polis avtomobilindən kapitan, leytenant və çavuş rütbəli üç polis, “Opel”dən tünd mixəyi kostyumlu gənc kişi enərək buraya toplanmış adamlara yaxınlaşdılar. Səxavət qulağına gələn pıçıltılardan bildi ki, mülki geyimli gənc kişi prokurorluğun müstəntiqi Rasim Nəsibli, kapitan isə polis bölməsindən təhqiqatçı Elçin Əliyevdir.

      Müstəntiq yerdə uzanmış qadına yaxınlaşıb əlinin arxası ilə boynuna toxunaraq:

      – Nəbzi vurur, hələ ölməyib, – deyə asta səslə dilləndi və sonra üzünü məhəllə sakinlərinə tutaraq soruşdu: – Ambulans çağırmısınız?

      – Bəli, çağrılıb, – kimsə dedi, – siz gəlib çıxdınız, amma onlardan hələ səs-səmir yoxdur.

      – Hm-m… – Nəsibli başını bulayaraq cib telefonu ilə təcili yardıma zəng vurdu və əlaqə yaranan kimi səsini qaldırdı: – Sizə məlumat veriblər ki, Namiq Vəliyev 12 ünvanında yaralı var, harda yatıb qalmısınız? – Azacıq dinləyib daha acıqlı səslə əlavə etdi: – Vicdanınız olsun, burada insan ölür axı!?

      Telefonu cibinə qoyandan sonra üzünü adamlara tutaraq:

      – Qadının ailəsindən kim var burada? – deyə sual verdi.

      Bir neçə adam ona Eyvazı göstərdi və:

      – Həyat yoldaşıdır, – deyə onlardan biri məlumat verdi.

      Müstəntiqlə polislər üzdən, az qala, canlı meyitə bənzəyən ərə baxdılar. Nəsibli soruşdu:

      – Adınız, soyadınız?

      – Rəhimli Eyvaz…

      – Nə baş verib burada?

      – Mən… – Eyvaz boğuq səslə dilləndi. – Atam, anam və mən bacımgilə getmişdik. Bacım oğlunun ad gününə. Yoldaşım isə uşaqlarla mənzildə qalmışdı. Bacımgildə yeyib-içdik. Bacım atamgili buraxmadı, orada qaldılar. Bacımın qaynı maşını ilə məni buraya gətirib sonra öz evinə getdi. Mənzilə çıxandan az sonra yatağa girib yatdım. Bir də qışqırıq səsinə ayıldım, gördüm, Əsmər yanımda deyil. Keçib salonun pəncərəsindən aşağı baxdım, adamların buraya yığışdığını görəndə məsələni anladım…

      – Hansı məsələni anladınız?

      – Əsmərin intihar etdiyini anladım…

      – Deməli, mənzildə ikinizdən və uşaqlardan başqa kimsə yox idi?

      – Xeyr, yox idi.

      – Deyirsiniz ki, həyat yoldaşınız intihar edib?

      – Başqa nə ola bilər axı?

      – Vətəndaş, bunu mən sizdən soruşmalıyam, siz məndən yox. İntihar etməsinə sizin bildiyiniz bir səbəb vardımı?

      – Yox… Ağlıma heç nə gəlmir…

      Eyvazı danışdıran müstəntiqin bir gözü yaralı qadında idi. Diqqətini nə cəlb etdisə, yenə ona yaxınlaşıb aşağı əyildi. Qadının sağ əlindən tutub azacıq qaldırdı. Səxavət bu zaman diqqət yetirib gördü ki, qadının indiyə kimi yumulu olan sağ əli açılıb. Sonra müstəntiq bəzək kollarının arasında bir dizi üstə çökdü və ayağa qalxanda əlində tutduğu nəsə kiçik bir şeyi kapitan Əliyevə göstərərək:

      – Bu, pəncərədən atılanda qadının əlində olub, – dedi.

      – Hə-ə… – kapitan şübhəli baxışlarını əvvəl Eyvazın üzünə dikdi, sonra yenə Nəsiblinin ovcundakına baxdı.

      Eyvaz başını narahat halda irəli uzadaraq müstəntiqin əlində tutduğu əşyanı görməyə çalışdı:

      – O nədir elə?

      – Sən geriyə dur! – kapitan ona acıqlandı və səsini alçaldıb müstəntiqə:

      – Onda belə çıxır ki, bu intihar deyilmiş, – dedi.

      – Əlbəttə, intihar deyil… – Nəsibli fikirli halda cavab verdi. – Hələ mən indicə burada başqa bir şey də gördüm və deyəsən, bunun üzərində çox baş sındırmalı olacam.

      – Nə gördünüz ki? – kapitan maraqla soruşdu.

      – Sonra deyərəm…

      – Cənab müstəntiq, – Babakişi birdən ona səsləndi, – Eyvaz, yəqin ki, düz danışır, məclisdən gəlib yatıb, heç nədən xəbəri olmayıb. Ancaq bu zavallı gəlin intihar etməyib, onu mənzilin pəncərəsindən aşağı zorla atıblar. Hadisəni görən olub.

      – Görən olub? – müstəntiq mənalı nəzərlə kapitan Əliyevə baxıb üzünü yenə Babakişiyə

Скачать книгу