Xəmsə. Низами Гянджеви
Чтение книги онлайн.
Читать онлайн книгу Xəmsə - Низами Гянджеви страница 4
– Zavallı canım, özgə nə çarən qaldı? Nəfs ilə həvəs quşu könlümdə dən axtardı. Heyhat onlar təsbeh dənələrindən tələ qurdular. Kəbə mənim əlimdən çıxdı, artıq o mənə yaddır. Ev-eşiyim dəyişərək dönüb xərabət oldu. Qara taleyim məni gör kimlərə tay etdi?! Dilənçiliyi öyrətdi, mənim imanımı zay etdi. Əqlin gözləri məndən niqab örtərək yaşındı. Xərabatın özü də mənim əlimdən xarab oldu.
Ah, bu dünya darlığından qurtula bilsəydim! Bir silə bilsəydim, ətəyimdən ləkəni. Bu qəzadan deyilmi? Bu “Lat” hara, mən hara? Viran qalmış xarabaxana hara, mübarək məscid hara?
Bir gənc pərdə dalından zahidi dinləyirdi təmiz və pak nəfəsindən od saçaraq söylədi:
– Bu qəzadan sənə nə? Sənintək yüz min gəda fələyin nəzərində bir arpaya da dəyməz. Sən tövbə qapısına gəl, öz günahını təmizlə! Üzr istəyib tövbə qılsan, sənin günahından keçərlər. Yoxsa bir zaman ora qolu bağlı gedərsən. Artıq çöldə ot otladığın, yatdığın yetər. Fələklərin yaşıl bağçasına bir az da çıx. Səni göy ayıltmasa, sakit guşəyə çəkil. O dünyaya köçməyə bir azca azuqə yığ. Axı qanlı yaşlar tökməyin nə mənası var? Sağlığında yatanlar çoxdan gəbərib gedib. Səni yuxuda sərsəm görən “Şəfəq sahibi” niqabını endirərək gözündən yayınacaq.
Ey Nizami, fələk köçü yüklədi, yerindən qalx, oyan! Sənin bu gecəyarı ayağını bağlayan kimdir?
İSA PEYĞƏMBƏRİN HEKAYƏTİ
İsa peyğəmbərin dünyalara yol açan ayaqları bir gün balaca bir bazara gəlib çıxmışdı. O, yol üstündə canavar kimi nəhəng bir çoban itini uzanmış halda gördü. Köpək nəfəssiz və cansız idi. İtin dörd yanını bürümüş qatar-qatar adamlar onun başına leş yeyən quzğun kimi toplaşmışdılar. Biri dedi:
– Bu cəmdəyin iyi beynimizi çatladacaq. Yanan çırağın küləkdən uzaq olması gərəkdir.
Başqa birisi leşlə bağlı belə fikir söylədi:
– Bu murdarı rədd edin ki, görünməsin. Yoxsa gözümüzü kor edər, könlümüzü bulandıra bilər. “Tfu!”, “Cəsəd!”, “Əlhəzər!” – deyərək hərə bir hava çaldı. Onlar zavallı, miskin leşə min bir cəfa verdilər.
Növbə İsaya çatanda o, eyibdən vaz keçdi. O, fikirləşərək itin üstün cəhətini seçdi və dedi:
– İtin naxışları, xalları, məncə, bir aləmdi. Parlaq və saf dişlərinə nə dürr çata bilər, nə də inci. Dənizdən qorxu ilə, ümidlə dürr tapan var. Dürrün sədəfini yandırıb tozu ilə diş ağardarlar. Tək özünün hüsnünü və özgələrin eyiblərini görmə. Öncə öz nöqsanını görə bilən göz gərəkdir. “Aynanı əlinə al”, ya “Alma” demirəm. Özünə heyran olma, öz eybini görə bil. Bahar kimi özünü bəzəmək nəyə lazımdır?! Zamanın bahar gülütək səni soldurmağından çəkin. Eybini örtən geyim zərif toxunduğundan tanrı doqquz pərdə göydən yerə endirmişdir.
– Ey gözü dar, bu göy zənginliyinin içində sənin boynuna həlqə olmayan nə var? İt deyilsən ki, Sürəyya xaltasını boynuna taxasan? Eşşək deyilsən ki, yük daşıyan İsanın yükünü çəkəsən?
– Fələk nədir?
– Atılmış, tərk edilmiş dul qarı.
– Cahan nədir?
– Saralmış bağların solğun barı.
Hər köhnəni, təzəni bircə-bircə yada sal. Bu dünyada nə varsa, bir arpaya da dəyməz.
Xacə, dünya qəmini yemə, oyunu tərk et. Qüssə çək, sən Nizaminin payını yerə qoy.
NƏZƏR SAHİBİ BİR MÖBİDİN DASTANI
Hindistanda yaşayan ağsaçlı qoca möbid yol keçəndə bir bostan və gülüstan gördü. Həmin guşənin ortasında naxışlı imarətlər və qəsrlər ucaldılmışdı. Bu əzəmətli tikilinin qucağında çiçəklər əsim-əsim əsər, rahiyəsi, qoxusu ətrafı bihuş edərdi. Sanki fələk kimi qan tökən qönçələrin beli bağlı idi. Ömrü az olan lalənin başından ağlı çıxmışdı. Süsənlər, lalələr çəmənin fəvvarəsi kimi baş qaldırmışdı. Qənd, şəkər piyaləsi olan incə boylu qamışlar xüsusi gözəllik yaradırdı. Güllər yaralı oxuyla qalxana bənzəyirdi. Başını əyən salxım söyüdlər canının qorxusundan tir-tir əsirdi. Bənövşənin saçları öz boynuna ip kimi olmuşdu. Nərgizin ətəkləri sanki gümüş pulla dolmuşdu. Güllər qucaq-qucağa, nəfəs-nəfəsə olan belə yaqutla, incilərlə süslü idi. Ancaq yazıq lalə haradan biləydi ki, cəmi bircə günlük ömrü var. O, sabah başına gələcək aqibətdən xəbərsiz olaraq bu gün bəxtiyar görünürdü.
Ağsaçlı möbid gülzarı seyrə çıxdı. Bir aydan sonra onun yolu burdan düşdü. Burada nə güldən, nə də bülbüldən əsər-əlamət yox idi. Bu yer qarğa qarıldayan, sağsağan gəzən bir məskənə çevrilmişdi. Vaxtilə cənnət olan bu yer indi cəhənnəmi xatırladırdı. Qəsrin qeysəri yəhudi məbədinə köçmüşdü. Yaxşılıq və gözəllik elə bil buxarlanıb yox olmuşdu. Gül kollarının yerində tikan kolları qalmışdı. Qoca xəzana dönmüş bağçada ayaq saxladı. O, vaxtilə hər şeyə gülürdüsə, indi öz bəxtinə ağlamağı gəldi. O dedi:
– Bu dünyada heç nəyin vəfası yox imiş. Dünyanın vəfasından cəfası çoxdur. Bu torpaqdan və sudan nə ki baş qaldırır, axırda o, köklü-köməcli viranə qalır. Xarabalığa çevrilmiş bu diyardan yaxşı bir yerimiz yoxdur. Hamının məhv və xarab olmaqdan başqa bir əlac və tədbiri yoxdur.
Rahib haqqın buyurduğu yola üz tutdu. Ona görə hamı Tanrını, həm də özünü tanımağa başladı. Bundan sonra qoca Tanrının bütün sirli gövhərlərinin sərrafı9 oldu. O, ömrü boyu bir gövhərşünas olaraq qaldı.
Sən ey məcusilikdən, müsəlmanlıqdan bixəbər qafil, sən qurumuş budağa bənzəyirsən. Sənin bir damcı, bəhərin də yoxdur. O hindli qocadan geri qalma, onunla ayaqlaş! Hindli qoca kimi bu cahanı tərk elə, onun etibarına, əbədiliyinə bel bağlama! Heç vaxt bu heçliyə inanma! Ona heyran olub vurulma!
Sən gül kimi, daim məstsən. Bu məstlikdən əl çəkmək vaxtıdır. Papaqla, kəmərlə çox əylənməyin nə faydası var?
Ayağa qalx, gülün kəmərini əlindən burax. Güllər sənin qanınla özlərinə kəmər bağlayıblar. Sənə papağınla, kəmərin bəla kəsilib. Onları eşqin meyxanəsinə girov qoy! Papaq səni ucaldar. Sənin könlünə xacə qılar. Kəmər isə səni qul kimi bir gil parçasına, torpağa qul eyləyər.
İnsan ağalıq, qulluq qəmindən azad olmağa çalışmalıdır. Onda bu nizamdan Nizami kimi,