Parma monastırı. Стендаль
Чтение книги онлайн.
Читать онлайн книгу Parma monastırı - Стендаль страница 4
– Həmin kapitanın adı yoxdur?
Fabrisio həyəcanlandı, belə bir sualla qarşılaşacağı ağlına gəlməmişdi. Xoşbəxtlikdən marşal və mühafizə dəstəsi yenidən sürətlə çapmağa başladı və vaxmistr sualını təkrarlamağa imkan tapmadı. «Hansı fransız soyadını desəm yaxşıdır?» – Fabrisio düşündü. Birdən yadına Parisdə qaldığı mehmanxana sahibinin soyadı düşdü. Vaxmistrə yaxınlaşıb qışqırdı:
– Kapitan Menye!
Vaxmistr topların gurultusundan yaxşı eşidə bilmədi:
– Nə, kapitan Telye? Ah, qardaşım, onu öldürdülər.
«Əla! – Fabrisio öz-özünə dedi. – Yadından çıxarma: kapitan Telye», – o özünə kədərli görkəm verməli olduğunu anladı və məyus səslə dedi:
– Aman Allah!
Mühafizə dəstəsi düzəndən çəmənliyə çıxıb yenidən dördnala çapdı və növbəti dəfə güllə yağışına düşdü. Marşal süvari diviziyasına sarı çapmağa başladı. Ətraf meyit və yaralılarla dolu idi. Elə ki mühafizə dəstəsi dayandı, Fabrisio uzaqdan markitant qadının arabasını gördü və atını ona doğru çapdı. Amma, demə, bu o qadının arabası deyilmiş. Fabrisio üzündən zəhrimar yağan araba sahibəsindən on franka şərab alıb geri qayıtdı. O bu şərab sayəsində qusarların hörmətini qazanmaq fikrinə düşmüşdü. Vaxmistr onu görüb qışqırdı:
– Ooo! Bizə araq gətirmisən? Buna görə birdən götürüldün? Ver görək!
Şüşə əl-əl gəzdi, dibindəki son damcını içən əsgər onu yerə tulladı və dedi:
– Sağ ol, dostum!
İndi hamı Fabrisioya ehtiramla baxırdı.
Mühafizə dəstəsi yenidən hərəkətə gəldi və marşalın ardınca süvari diviziyasına sarı çapdı. Marşal diviziyada uzun müddət qaldı, axırda isə düşmənə hücuma keçmək əmri verdi.
Bir qurtum şərab Fabrisionu əməllicə sərxoş eləmişdi, odur ki indi ətrafda nə baş verdiyinin fərqində deyildi. Yuxusu gəlir və yəhərdə ağır-ağır yırğalanırdı. Qəfildən vaxmistr qusarlara tərəf çevrilib qışqırdı:
– Köpək uşaqları, görmürsünüz?.. İmperator!
Fabrisio dərhal özünə gəldi və irəli boylandı. Amma o, generallardan və mühafizə dəstəsindən savayı heç nə görmədi. «Mənə imperatoru görmək qismət olmadı. Hamısı da bu zəhrimara qalmış şərabın ucbatından».
Bundan sonra gənc tamamilə ayıldı. Bir qədər sonra mühafizə dəstəsi su basmış yola endi.
– Ötüb-keçən, həqiqətən, imperator idi? – Fabrisio yanındakı atlıdan soruşdu.
– Hə, o idi. Necə oldu ki, siz onu görmədiniz? – qusar mehribanlıqla cavab verdi.
Həmin an Fabrisio çapıb imperatorun mühafizə dəstəsinə yetişmək istədi. «Axı mən Fransaya məhz bunun üçün gəlmişəm». Amma dərhal da fikrindən daşındı. Səbəbi isə yeni dostlarının onunla mehriban davranması idi.
Kələ-kötür yol bitəndə oğlan marşal Neyin harasa yoxa çıxdığının fərqinə vardı. Öndə onun əvəzinə qorxunc baxışları olan başqa bir general gedirdi. Bu, general qraf d’A-nın özü idi. Həmin qraf d’A ki, 1796-cı ilin 15 mayında leytenant Rober idi.
Mühafizə dəstəsi hündür yamacların arasıyla təpəyə qalxdı və şumlanmış sahə ilə getməyə başladı. Fabrisio arxada boğuq səs eşitdi. Dönüb baxanda dörd qusarın atı ilə birlikdə yıxıldığını gördü. Generalın da atı çevrilib yıxılmışdı, amma özü ayağa qalxa bilmişdi. Vaxmistr Fabrisioya yaxınlaşıb dedi:
– Bax bu hələ çapa bilər.
Elə bu vaxt əsgərlərin ayaqlarından tutduqlarını hiss etdi. Əsgərlər onun qoltuğunun altından yapışıb yuxarı qaldırdılar. Fabrisio sürüşüb torpağın üstünə düşdü.
Adyutant[20] atın cilovundan yapışdı, general vaxmistrin köməyi ilə Fabrisionun atının belinə qalxdı və sürətlə çapdı. Oğlan hirslə ayağa qalxdı və «Ladri! Ladri!» («Oğrular! Oğrular!») deyə qışqıraraq onların dalınca qaçdı. Tezliklə mühafizə dəstəsi və qraf d’A söyüd cərgələrinin arxasında gözdən itdi.
5
Qəzəbindən dəliyə dönmüş Fabrisio söyüdlüyə qədər yüyürdü. Nəhayət, dəstəyə yetişmək ümidini tamamilə itirdi. Dostlarının satqınlığı ona atını itirməsindən çox təsir etmişdi. Aclıqdan və yorğunluqdan ayaq üstə güclə dururdu. Bir xəndəyin yanında yerə yıxılıb qaldı. Sonra ayağa qalxıb səmti müəyyənləşdirməyə çalışdı. Bu vaxt xəndəyin digər tərəfində piyada alayı gördü. Əsgərlər çəmənliyə doğru gəlirdilər. «Yaxşı ki burada yatıb qalmamışam, yoxsa məni əsir götürərdilər», – düşündü. Amma tezliklə əsgərlərin mundirlərini görüb sakitləşdi. Bu, fransız alayı idi. Fabrisio əsgərlərə çatıb dedi:
– Mənə puluyla bir tikə çörək verə bilərsiniz?
– Bu bizi, deyəsən, çörəksatan hesab edir.
Əsgərlərdən birinin bu kinayəli cavabı və onun doğurduğu gülüş səsləri Fabrisionu tamam çaşdırdı. Otun üstünə oturdu, daha doğrusu, yıxıldı və rəngi ağardı. Onu ələ salan əsgər gəlib yanında dayandı və qabağına bir tikə çörək tulladı. Fabrisionun tikəni yerdən götürmədiyini görən əsgər bu dəfə çörəkdən bir parça qoparıb onun ağzına soxdu. Oğlan gözlərini açdı və ağzındakını səssizcə yedi. Bir kəlmə deməyə taqəti qalmamışdı.
Fransız alayı yoluna davam etdi. Fabrisio isə yatıb dincini almaq üçün xəlvət bir yer axtarmağa başladı. Bu vaxt ona tanış olan arabanı, atı və markitant qadını gördü. Qadın Fabrisionun yanına qaçdı, halını görüb qorxdu.
– Dostum, nə olub, yaralanmısan? Bəs sənin atın hanı?
Fabrisio başına gələnləri qadına nəql etdi. Qadın onun qoltuğuna girib arabaya minməsinə kömək etdi. Əldən düşmüş Fabrisio yumaq kimi bükülüb dərin yuxuya getdi. Bir də araba dayananda yuxudan oyandı. Gün çoxdan batmışdı.
Fabrisio havanın belə tez qaralmasına təəccübləndi. Əsgərlər dağınıq halda ora-bura qaçışırdılar. Bu nizamsızlıq onu təəccübləndirdi.
– Nə olub? – dönüb markitant qadından soruşdu.
– Boş şeydir. Prussiya polkunun əsgərləri bizimkiləri darmadağın
20