Qaraca qız. Сулейман Сани Ахундов
Чтение книги онлайн.
Читать онлайн книгу Qaraca qız - Сулейман Сани Ахундов страница 5
Axşam çay süfrəsində əyləşən zaman Hacı Səməd qızı Fatimənin başını sığallayıb dedi:
– Qızım, söylə görək, məktəbdən nə tazə xəbər gətirmisən?
Fatimə:
– Ata, bu gün dərs arasında həyətdə dəstədəstə olub qar ilə oynayırdıq. Gövhər, Zeynəb və Səltənət bir dəstə olub, qardan adam yapırdıq. Nabat da istədi, biz ilə oynasın, mən razı oldum, amma yoldaşlarım razı olmadı. Nabat çox çirkin və gözləri də çəp olmağa görə heç kəs onun ilə dostluq etmiyordu; ələlxüsus Gövhər onu sevmiyordu. Nabat kənarda durub bizə məzlum-məzlum baxıyordu. Birdən Gövhərin ayağı sürüşüb yerə yıxıldı və başı daşa dəyib qanadı. Bunu görcək hamıdan tez Nabat Gövhəri qucaqlayıb gözləri yaşlı dedi:
– Ağlama, bacım, qorxma, heç zad olmaz.
Gövhər bunu görüb dedi:
– Ah, sən nə gözəl yoldaşmışsan! Mən bilməmişəm, əfv et!
Bunu deyib Nabatı qucaqladı və öpdü. Bu ittifaq8 bizə çox artıq təsir etdi.
Hacı Səməd dedi:
– Qızım, insanın zahirinə baxma, batininə bax! Türkdə bir məsəl var, deyərlər ki: “Ətə baxma, dona baxma, içindəki cana bax!” İndi Qaraca qızın hekayəsini söylərəm, özün görərsən.
Atalarından bunu eşitcək bacı və qardaş sevinəsevinə nağıla müntəzir dayandılar. Hacı Səməd ruznaməni9 yerə qoyub çeşməyi gözlərindən çıxartdı və başladı:
– Qızım, Qafqaz şəhərlərinin birində usta Səttar adlı bir sərrac öz arvadı Şərəfnisa ilə yaşıyor idi. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçməyə görə vətənlərini buraxıb buraya gəlmişdilər. Usta Səttar sərraclıq edib külfətini birtəhər dolandırırdı. Usta Səttarın övladdan yalnız 6 yaşında Tutu adlı bircə qızı var idi. Tutu çox qara və çirkin idi. Anası ona körpə vaxtından “Qaraca qız” deyib çağırdığına görə əsl adı unudulub, hər kəs onu bu ad ilə çağırırdı. Qaraca qız çox nadinc idi və özü qız taifəsi ikən qızlar ilə oynamağı sevməzdi. Həmişə oğlan uşaqları ilə oynayardı. Uşaqlar Qaraca qızdan qorxardılar; çünki o, çox cürətli idi və yumruğunun da qabağında heç kəs dura bilməzdi. Qaraca qız həmişə zəifin tərəfini dutar idi. Qaraca qızı ata-anası nadincliyi üçün nə qədər döyərdilərsə də, əsla ağlamazdı. Anası ondan qonşulara şikayət edib deyərdi:
– Qaraca qızı su batırmaz, od yandırmaz.
Amma bunun ilə belə Qaraca qız çox rəhmli, səxavətli qız idi: hər nə əlinə düşsə idi, yoldaşları ilə bölüşərdi.
Usta Səttar sakin olduğu şəhərdə tez-tez zəlzələ olardı. Bir qış haman şəhərdə böyük zəlzələ olub, çox ev uçurdu. Bir dəfə zəlzələ gecəyarısı xalq şirin yatan zaman ittifaq düşdügünə görə çox adam çökmüş evlərin altında qalıb tələf oldu. Səhər açıldıqda ətraf və əknafdan xəlq tökülüb şəhərə köməyə gəldi. Adamlar dəstə-dəstə əllərində kürək, bel, külüng, uçuqları qazmağa başladılar. Ata oğulu, oğul atanı, qardaş bacını səsləyə-səsləyə daş toprağı ayırırdılar. Bir dəstə də usta Səttar olan evi qazırdı. Əvvəlcə Şərəfnisanın, bunun dalınca usta Səttarın meyiti çıxdı. Bir az da qazandan sonra bir deşik açıldı, buradan bir balaca qız, üst paltarsız sıçrayıb çıxdı. Bu qız haman Qaraca qız idi. O, ata-anasının meyitini görüb ağlamağa başladı. Hər kəs öz qohuməqrəbasını aramağa məşğul olub, Qaraca qızın qeydinə qalan yox idi. Zəlzələ ittifaq düşəndən iki gün qabaq bir dəstə qaraçı bu şəhərin kənarında çadır qurub düşmüşdü. Haman dəstədən bir qaraçı arvadının Qaraca qıza yazığı gəlib çadırlarına apardı və orada ona yemək və paltar verib ocağın qırağında oturtdu. Qaraçılar Qaraca qızın yetim qalmağını və onun burada heç bir kəsi olmayıb qərib olduğunu bilib öz yanlarında saxlamağa naçar qaldılar. Qaraca qızı qızlığa götürən qaraçı arvadı Yasəmən 20 yaşında gözəl camallı, yumşaq təbiətli şad yürəkli bir cavana idi. Xasiyyəti cəhətinə Yasəməni hamı sevərdi, amma onun əri Yusifi heç kəs sevməzdi, çünki o, çox bədxasiyyət, tündməcaz, zalım bir şəxs idi. Yasəmən fala baxmaq ilə qaval çalıb oxumaq və oynamaq ilə pul qazanıb dəstəyə xeyli mənfəət verərdi. Yusif də ayı oynadıb qapı-qapı gəzərdi. Yasəmən Qaraca qızı çadıra gətirən zaman əri Yusif orada yox idi, çünki dəstənin bir hissəsi onun ilə bərabər sübh tezdən buradan çıxıb yola düşmüşdülər. Yerdə qalanları getməyə yığışırdı. Yasəmən ərindən çox qorxurdu, ona görə bilmirdi ki, əri Qaraca qızı qəbul edəcək, ya yox. Bunun üçün Yasəmən iztirabda idi.
Qaraçı dəstəsinin yerdə qalanı da yola düşdü.
Yasəmənin iztirabı bihudə deyil imiş; çünki dalda qalan dəstə gəlib qabaqdakına çatdıqda Yusif əhvaldan xəbərdar olub çox hirsləndi və bir kəndə çatan kibi10 Qaraca qızı orada atmağına söz verdi. Yasəmən ərinə yalvardı ki, o, böylə işi etməsin, lakin Yusif ona qulaq asmadı. Qaraca qız isə yürəgində bu işə şad idi; çünki Yusifdən qorxurdu və qorxmağa da haqqı var idi: Yusifin heybətli sifəti və ələlxüsus qara və parlaq gözləri nəinki uşağı, hətta böyük adamı da qorxuya salırdı. Yasəmən ərinin tamahkarlığını bilirdi, ona görə gələcəkdə Qaraca qızın onlara böyük mənfəət verməyini söylədi:
– Bilirsənmi, mən nə fikirdəyəm? Mən Qaraca qıza mahnı oxumaq, özüm kibi oynamaq öyrədəcəgəm və onun üst-başını bəzəyib, kəndlərdə, şəhərlərdə oynadacağam. Sənin üçün pul yığacağam.
Bu fikri Yusif bəyənib Qaraca qızın dəstədə qalmasına razı oldu. Bivətən qaraçıların məişətini Qaraca qız çox bəyəndi, bu gün burada, sabah bir tazə yerdə, çay qırağında, meşə kənarında mənzil edib çadır qurma, ocaq çatıb xörək bişirmə, bir yerdə mahnı oxuma, nağıl söyləmə – bunların hamısı Qaraca qıza çox xoş gəlirdi. Əvvəl vəqtlər Qaraca qız Yusifin ayısından qorxurdu, amma sonralar öyrənib, onun ilə çox dost olmuşdu. Ayı da onun ilə oynamağı sevirdi. Yasəmən Qaraca qızı, ərinə söz verdiyi kibi, yaxşı geyindirib, oxumaq və oynamaq öyrətmişdi. Tamaşaçılar Qaraca qızın gözəl səsinə və oynamağına təəccüb edib heyrətdə qalırdılar. Qaraca qız balaca qavalını açıb tamaşaçılara tərəf dutanda dərhal onun içi pul ilə dolurdu. Bu isə Yasəməni artıq şad edirdi. Yusif bu barədə arvadından və Qaraca qızdan razı idisə də, yenə hər ikisini xasiyyətinin pisliyindən çox incidərdi. Qaraca qızın təbiətində inadcıllıq var idi. Bu xasiyyətinə görə Yusifdən nə qədər kötək yeyirdisə də, yenə tərsliyindən əl götürməyirdi. Qaraca qız ancaq Yasəmənin sözündən heç vaxt çıxmıyordu.
8
İttifaq – hadisə, macəra, əhvalat
9
Ruznamə – qəzet
10
Kibi – kimi