Qaraca qız. Сулейман Сани Ахундов
Чтение книги онлайн.
Читать онлайн книгу Qaraca qız - Сулейман Сани Ахундов страница 6
Ər ilə arvadın arasında böylə söhbətin nəticəsi o olardı ki, Yusif Qaraca qızı daha da artıq kötəklərdi.
Qaraca qız bu zülmdən xilas olmaq üçün neçə dəfə qaçmaq fikrinə düşmüş idisə də, yenə axırda ancaq Yasəmənin xatiri üçün fikrini əmələ gətirməmişdi.
Bir ildən artıq idi ki, Qaraca qız qaraçı dəstəsində yaşayıb, mahnı oxumağı və oynamağı ilə ətrafda məşhur olmuşdu. Hər kəs Qaraca qızın oxumaq və oynamasını bəyənib tərif edərdi. Yusif Qaraca qızı çox incidəndə Yasəmən onu qorxudub diyordu:
– Bu zavallı qıza nə çox əziyyət verirsən?! Axırda bu qız səni qoyub qaçar və sənin də əlin böylə böyük mənfəətdən çıxar.
Bu sözlər həmişə Yusifə təsir edib, Qaraca qızı bir müddət döyməkdən çəkinərdi.
Yayın orta ayı idi. Günün istisində insanlar, heyvanlar, quşlar cümləsi kölgə yer və sərin su arayırdılar. Qaraçı dəstəsi bir dağ üzərindən axan çayın kənarında çadırlarını qurub mənzil etmişdi. Günorta vaxtı idi. Qaraçıların hamısı bir işə məşğul idi. Yusif ayısını götürüb yavuq11 kəndə getmişdi. Yasəmən çayın qırağında su qızdırıb, paltar yuyurdu. Çay dağ döşündən gəldiginə görə xeyli iti və səs ilə axırdı. Amma suyu az olduğundan Qaraca qız üçün qorxusu yox idi. Yasəmən paltarı yuyub kolların üstünə sərdi ki, qurusun; özü də başını yumaq fikri ilə uzun və qara saçlarını hörükdən açıb sinəsinə tökdü. Yasəmən Qaraca qızı səslədi ki, gəlib onun başına su töksün. Qaraca qız iki arşın ucalıqdan tökülən şəlalənin altında durub çimdiginə görə Yasəmənin səsini eşitmədi. Bir azdan sonra Yasəmən Qaraca qızı bir də çağırdı, bu səfər də cavab almadı. Yasəmən saçlarını yığıb belinə atdı; bu halda qulağına çay tərəfdən sel gurultusu gəldi. Bunu eşitcək Yasəmən dik atılıb çaya tərəf yüyürdü. O vaxt Qaraca qız hələ şəlalənin altındaydı. Yasəmən çayın yuxarısından daşları və kolları yumalaya-yumalaya, gurultu və nərilti ilə gələn seli görüb, var gücü ilə qışqırdı:
– Bacım, tez ol, qaç, sel gəlir!
Qaraca qız Yasəmənin səsini eşidib, şəlalənin altından çıxdı, ancaq bir neçə addım qoymuşdu ki, sel onun üstünü cəllad kibi aldı. Yasəmən işi böylə gördükdə alıcı quş kibi özünü çaya atdı. Yasəmən özünü Qaraca qıza yetirincə sel qızı götürdü və bir neçə saniyə suda itirdi. Bir az sonra qızın başı göründü. Yasəmən özü də bir neçə dəfə suya batıb çıxandan sonra üzüb Qaraca qıza çatdı və saçlarından dutub çiyninə aldı. Hərçənd Yasəmən çox yaxşı yüzücü12 idi, amma bu iti axan, daşları, böyük kolları yumalayan seldə üzmək mümkün deyil idi. Qaraçılar Yasəmənin qışqırığını eşidib köməyə töküldülər; sel getdikcə artırdı. Axırda sel bunları bir böyük daşa çırpdı. Qaraca qız Yasəmənin əlindən çıxıb daşın üstündə qaldı, amma onun özünü sel götürüb yüzü aşağı axıtdı. Qaraçılar suya tökülüb hər ikisini sudan kənara çıxartdılar. Bunların ikisi də bihuş qalıb, yerə sərilmişdi. Yüzlərinin rəngi ölü rəngi kibi idi. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini huşa gətirdilər. Qaraca qızın bədəni bir neçə yerdən daşlara dəyib qaralmış idisə də, bir qorxusu yox idi. Amma zavallı Yasəmənin başı bir neçə yerdən yaralanmışdı. Lakin rəhmdil olan bu cavan arvad özünə gələn kibi yaralarını unudub Qaraca qızı sordu. Qaraçılardan biri Qaraca qızı qucağına götürüb Yasəmənə göstərdi.
– Bax, Yasəmən, budur, Qaraca qız sağdır, arxayın ol.
Yasəmən: – Allah, sənə şükür, – deyib dua etdi. Sonra yenə bihuş olub, gözləri yumuldu. Qaraçılar Yasəmənin yaralarını sarıyıb Qaraca qız ilə bir yerdə çadırlarına apardılar və hər ikisinə yer salıb rahət etdilər. Axşam Yusif gəlib evə çıxdı və yoldaşlarından bu xəbəri eşidib çox qəzəbləndi və dedi:
– Bən bilirdim ki, bu, uçuqdan çıxmış qız axırda bizim başımıza bəla gətirəcəkdir!
Qaraçılar Yusifi sakit edib dedilər:
– Allahın köməkliyi ilə heç zad olmaz. İmdi hər ikisinə rahətlik lazımdır; durun, bayıra çıxaq ki, səs-küy olmasın. Burada yalnız Yasəmənin sevdiyi Hüsniyyə qalar.
Hüsniyyəyə yüzlərini tutub dedilər:
– Hüsniyyə, sən qal, bunlara qulluq et!
Qaraçıların cümləsi Yusif ilə bərabər bayıra çıxdılar, çadırda ancaq təkcə Hüsniyyə qaldı. Bu Hüsniyyə Yasəmənin istəkli dostu və həmsirri idi. Qaraca qız tamam gecəni ufultu və zarıltı ilə keçirib sübhə yavuq yuxuya getdi, amma Yasəmən qızdırma içində sərsəm kimi bir dəqiqə rahət olmadı. Vəfalı Hüsniyyə rəfiqəsinin yanını kəsdirib, səhərə kibi gözlərini yummadı. Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. Zavallı Yasəmən qızdırmanın əsərindən tora düşmüş quş kibi yerində çabalayırdı. Yasəmənin gözləri həmişə yumulu idi.
Gecə yağış yağmağa görə səhərin havası çox saf və təmiz idi. Dünənki bəlanı törədən çaylağın suyu imdi13 enib əvvəlki halına düşmüşdü. Onun həzin şırıltısı, quşların cəh-cəhi və qülğüləsinə14 qarışmışdı. Qaraca qızın sevgili şəlaləsi günün şöləsindən parıldayırdı. Axırda Yasəmən gözlərini açdı. Biçarənin lalə kibi yanaqları solub, zənbəq15 rənginə düşmüşdü. Yasəmən Hüsniyyəni tanıdı. Zəif səs ilə ona dedi:
– Hüsniyyə, Yusif haradadır?
– Bayırdadır, bacım, çağırımmı?
– Çağır, hamını çağır… Ölürəm…
– Qorxma, bacım, ölməzsən, bu gün haradan olmuş olsa, sənin üçün həkim tapıb gətirdəcəyəm! – bunu deyib Hüsniyyə bayıra çıxdı və bir azdan Yusif başqa qaraçılar ilə bərabər içəri girdi.
Qaraçılar Yasəmənə yürək verirdi. Yasəmən dedi:
– Yox, əzizlərim, bən ölürəm!.. Yusif, əlini bənə ver!.. Vəsiyyətimə qulaq as… Əmələ gətirməyə söz ver!..
Bir az dayanıb, yenə tazədən başladı:
– Yusif, budur, 4 ildir ki, sənə övrətəm! Bu vəqtə kibi səndən döyüşdən, söyüşdən başqa bir şey görmədim… Cavan ömrümü çürütdün… Bənə bin zülm və cəfa etdin. Bunların hamısını sənə halal edirəm! Ancaq sən də bənə söz ver ki, bundan sonra Qaraca qız ilə mehriban dolanıb, onu
11
Yavuq – yaxın
12
Yüzücü – üzgüçü
13
İmdi – indi
14
Qülğülə – hay-küy, qışqırıq
15
Zənbəq – zanbaq