Bomba. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.
Читать онлайн книгу Bomba - Абдурагим-бек Ахвердов страница 8
– Gördün?
Dedim:
– Gördüm, kərbəlayı, bunu haraya aparırlar?
Dedi:
– Kəsiblər, İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.
Dedim:
– Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?
Dedi:
– Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm, qorxuram, qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.
Bir azdan sonra dəmiryol qatarı gəlib mövqifin qabağında dayandı. Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:
– Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.
Qatar yola düşdü və mən də məhbut82 onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:
“Bu bədan yar gəşt həmsəri-Lut
Xanəndani nübüvvətəş güm şüd”83.
BOMBA
Qorodovoy84 Kərbəlayi Zal 25 ildən artıq idi, polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:
– A kişi, sənin saqqalına nə şaşka85 yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
– Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də mən 25 ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
– Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav86 çağırıb demişdi:
– Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünyagörmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
– Nə var?
Dedi:
– Heç, bir az başım ağrıyır.
Arvad abgüşt87 bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdur” deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.
Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecəyarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
– Vot Patap, bomba rabatay!
– Qde88?
– Dom Feyzulla bomba pirnesom.
Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, soldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
– Kimsən?
Dedilər:
– Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki: “Bəs niyə buyurubsunuz?”
Dedilər:
– Danışma, gərək sənin evin axtarılsın!
Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
– Barin, vot, vot bomba!89
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:
– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin, qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
82
Məhbut – heyrətlənmiş
83
Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.
84
Qorodovoy – Çar Rusiyasında: aşağı rütbəli polis xidmətçisi, polis nəfəri
85
Şaşka – tiyəsi uzun, azca əyri, ucu şiş, kəsici soyuq silah; qılınc
86
Pristav – Çar Rusiyasında: yerli polis rəisi
87
Abgüşt – bozbaş, piti
88
Varvarizm, “harada” mənasındadır.
89
Tərcüməsi: Ağa, budur, budur bomba!