Biletsiz sərnişin. Ханимана Алибейли
Чтение книги онлайн.
Читать онлайн книгу Biletsiz sərnişin - Ханимана Алибейли страница
Nəsillərə ismarlanan şeir
Dünyanın bir çox sənət adamları ixtisasca həkim olublar. Onlar insanın fiziki sağlamlığı ilə məşğul ola-ola eyni zamanda insan psixologiyası ilə daha yaxından tanışlıq əldə etmiş, insanın fiziki sağlamlığı üçün onun mənəvi sağlamlığının çox vacib şərt olduğu qənaətinə gəlmişlər. XX əsr uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaq şeirinin banilərindən biri, şair və dramaturq Xanımana Əlibəyli (20 aprel, 1920 – 7 may, 2007) ixtisasca həkim idi. Bəlkə də həkimlik ona insanın mənəvi aləminə, ağrı və acılarına, sevinc və kədərinə daha yaxından bələd olma imkanı yaratdı və o, uşaq qəlbinə mənəvi rahatlıq gətirən şeirlər yazmağa başladı. O hələ, tibb fakultəsini bitirib Masallıda həkim işləyərkən bu işə intixab etmiş, ikinci dünya müharibəsinin qanlı qadalı illərində ilk şeirləri mətbuatda görünmüşdür. 1955-ci ildə çap olunmuş “Balaca həkim” adlı ilk şeir kitabı ilə uşaq şairi kimi ədəbiyyat tarixinə daxil olur. Yaradıcılığının ilk mərhələsindən etibarən, o uşaq ədəbiyyatının görkəmli simalarından – Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi kimi sənətkarların ən yaxşı ənənələrini yeni tarixi dövrdə – XX əsrin II yarısında davam etdirdi.
X.Əlibəylinin zəngin və əlvan yaradıcılığı həmişə Azərbaycan ziyalılarının və ədəbi tənqidin fikrinin diqqət mərkəzində olmuşdur. Xanımana Əlibəyli təqribən 70 il (1938-2007) əlinə qələm almış, müqəddəs ədəbiyyat sahəsində xidmət göstərmiş, ana qəlbinin ən dəruni hisslərini qətrə-qətrə şeirə çevirərək, uşaqlara ərməğan etmişdir. Bu dövrdə onun 30-dan artıq kitabı və onlarla pyesi uşaq ədəbiyyatının fonduna daxil olmuşdur.
Uşaq qəlbinə ilk yol, ana laylasından başlayır. Bizim laylalarımız ana südü kimi təmiz və halaldır. Ana səsi kimi şirin nəğmələrdir. Yalnız bu səviyyədə şeirlərlə uşaq qəlbinə yol tapmaq olar. Uşaq ürəkdən deyilmiş, əsas poetik yükü səmimiyyətdən ibarət olan yalan bilməyən şeiri eyni səmimiyyətlə də qəbul edir. Ona görə də uşaq şairi olmaq, uşağın psixologiyasını və mənəvi aləmini, onun sərhədsiz xəyallarla dolu romantik dünyasını şeirə gətirmək çox çətindir. Bu baxımdan Xanımana Əlibəyli uşaq poeziyamızın həssas nəğməkarıdır. Onun “Yağış yağır” və “Günəşim” şeiri bəstələnməmiş nəğmə qədər sadə, səmimi və mənalıdır.
Hələ səhər açılmamış
Şırıltıyla yağır yağış.
Göylər buludları sağır,
Yağış yağır, yağış yağır.
O çəp yağış yağa-yağa,
Bir sərinlik düşər bağa.
Sərv ağacı, söyüd və şam
Hey yuyunar səhər-axşam.
Yorulmadan təbil çalar,
Uzun-uzun navalçalar. (Yağış yağır)
Anam qəşəng geyindi.
Ağ idi onun donu.
Nənəm baxıb sevindi,
“Maral” çağırdı onu.
Yox, qoy anama baxıb,
Gözəl ad fıkirləşim.
Yaxasına gül taxıb,
Ona deyim: “Günəşim!” (Günəşim)
Hər bir sənətkarın yaratdığı əsərlər ona övladları qədər doğmadır. Valideyn yaşlandıqca övladının taleyindən nigaran qaldığı kimi, şeirlərinin də taleyi üçün səmimi narahatçılıq keçirir. Xüsusilə uşaq şairləri əmin olmaq istəyirlər ki, hər yeni gələn nəsil, onu özünün müasiri hesab edəcək, ya yox. Bu mənada X.Əlibəylinin ahıl yaşlarında yazdığı “Yalvardım Allaha” şeiri bir növ gələcək nəsillərə ünvanlanmış əminlik məktubudur.
Sanki Allah
Bir qarlı qış
Mənə şeir verdi baxşış.
O, qışımı yaz eylədi,
Ömrümü bəyaz eylədi.
Allah onu etdi ətir,
Səpdi aylara, illərə.
Yalvardım: Allahım, yetir
Şeirimi nəsillərə.
“Yalvardım Allahım yetir, şeirimi nəsillərə” misraları ilə o öz qəlb yavrusu olan şeirləri Allaha ismarlayır və bu vəsiyyətlə də şeirlərinə bir növ ömür qazandırır.
Şairəyə hamıdan yaxın və doğma olan qızı professor Gülər Abdullabəyova onun yaradıcılıq psixologiyasını sərgiləyən maraqlı fikir söyləyir: “Fəxr edirəm ki, anamın şeirlərini bu gün də uşaqlar sevə-sevə oxuyurlar”, “O, hər gələn uşaqlarla yenidən doğulacaq, müstəqil Azərbaycanın yeni-yeni körpə nəsilləri onun “Dovşanın ad günü”ndə iştirak edəcək”.
İllər ötdükcə bu həqiqət canlı şəkildə öz təsdiqini tapır.
Şeirlər
Azərbaycanım mənim
Qurban olum
Mən yaşayıram vaqonda,
Dünyanı gəzirəm onda.
Bilgəhə daşıdıq onu,
Yaxşı bəzədik vaqonu.
Elə ki, vaqona cumdum,
Uzanıb, gözümü yumdum.
Yatıram, yuxu görürəm:
Daş daşıyır, ev hörürəm.
Hərdən göyün üzündəyəm,
Hərdən Cıdır düzündəyəm.
Qardaşımla sübh çağında
Olduq İsa bulağında.
Sudan içdim doyunca mən,
Gəzdim dağlar boyunca mən.
Hey Şuşaya düşür yolum,
Vətənimə qurban olum.
Azərbaycanım mənim
Heyranam hər çağına,
Bağçasına, bağına,
Yıxılım ayağına,
Azərbaycanım mənim.
Buruqlar sanki meşə,
Fontan vurur həmişə,
Dostluğu edib peşə
Azərbaycanım mənim.
Xəzər köpürüb daşır,
Qumlu sahili aşır,
Hərdən neftə qarışır,
Azərbaycanım