Kataloniyanı Xatırlarkən. Джордж Оруэлл

Чтение книги онлайн.

Читать онлайн книгу Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл страница 12

Жанр:
Серия:
Издательство:
Kataloniyanı Xatırlarkən - Джордж Оруэлл

Скачать книгу

Dağları o qədər də sevmirəm. Onlara tamaşa etməkdən də xoşlanmıram. Amma bəzən arxamızdakı zirvələrin rasından doğan sübh şəfəqlərini, onların qaranlığı ülgüc kimi kəsən, sonra isə ətrafı nura boyayan şüalarını görəndə bütün gecəni yatmadığıma, ayaqlarımın keyiyib daşa döndüyünə, tez oyandığımdan səhər yeməyi verilənə qədər azı üç saat gözləyəcəyimə hayıfsılanmırdım. Bu bir neçə ay ərzində bütün ömrüm boyu gördüyündən daha çox sübh şəfəqlərinə tamaşa etmişdim. Onlar həyatımın sonuna qədər mənə bəs edəcək.

      Sayca o qədər də çox deyildik. Deməli, qarovul növbəsinə daha tez-tez çıxmalı, nəticədə daha çox yorulmalı idik. Mən cəbhənin hətta ən sakit yerlərində də döyüşçünün formada qalması üçün zəruri olan yuxunun çatışmamasından əziyyət çəkirdim. Qarovul və partul növbələrindən başqa gecələr bəzən həyəcan siqnalları və “Qalx!” komandası da verilirdi. Hələ onu demirəm ki, adamın ayaqlarının daim donduğu lənətə gəlmiş torpaq çalada yuxuya getməyin özü də asan məsələ deyildi. Cəbhədə keçirdiyim ilk üç-dörd ayında bəlkə də on-on iki sutka yerli-dibli yata bilməmişdim. O biri tərəfdən səhərə qədər yata bildiyim gecələrin sayı da on-on ikidən artıq olmazdı. Həftədə iyirmi-otuz saat yuxu norma sayılırdı. Əslinə qalsa, yuxusuzluq mənə o qədər də dəhşətli təsir etmirdi. Sadəcə, gündüzlər adam dəli kimi gəzirdi. Bir də dağa dırmaşmaq çətin olurdu. Bütövlükdə isə ümumi əhvali-ruhiyyə pis sayılacaq dərəcədə deyildi. Amma aclıq hissi adamı bir an da rahat buraxmırdı. Aman allah, deməli aclıq belə olurmuş! Belə dəqiqələrdə hər cür yemək, hətta İspaniyaya bir dəfə yolu düşən hər kəsin həyatının sonuna qədər bütün varlığı ilə nifrət etdiyi lobya da çox ləzzətli görünürdü. Suyu (təbii ki, əgər bizə gəlib çatsa!) bir neçə kilometrlik məsafədən qatırların, yaxud arıqlıqdan üzülüb əldən düşmüş uzunqulaqların belində daşıyırdılar. Hansı səbəbdənsə, Araqon kəndliləri qatıra xoş münasibət bəsləyir, uzunqulaqları isə heç sevmirdilər. Eşşək bir balaca inadkarlıq eləyən kimi dərhal xayasını təpikləməyə başlayırdılar.

      Daha bizə şam vermirdilər. Kibritlər də çox az qalmışdı. İspanların köməyi ilə zeytun yağı, tənəkə süd qutusu, giliz və bir parça əskidən lampa düzəltməyi öyrənmişdik. Bir az zeytun yağı tapan kimi belə əldəqayırma lampaya doldurub yandırırdıq. Amma ətrafa möhkəm his yayılırdı. Hər belə lampa bir şamın işığının dörddə birini verirdi. Bu işıqda sadəcə qaranlıqda tüfəngimizi tapa bilirdik.

      Əsl döyüşə bəslədiyimiz ümidlər hələ də doğrulmasmışdı. Monte Poçeronu tərk edərkən patronlarımı hesablamışdım. Üç həftə ərzində düşmənə cəmisi üç güllə atdığım aşkara çıxmışdı. Adətən deyirlər ki, bir adamı öldürmək üçün gərək min güllə sıxasan. Deməli, ilk faşisti öldürənə qədər hələ gərək iyirmi il də gözləyəydim. Monte Okurada düşmən daha yaxında idi. Tez-tez tüfəngə əl atmalı oluduq. Lakin gülləmin hələ də bir adama dəymədiyinə əmin idim. Həmin dövrdə cəbhənin bu hissəsində həqiqi silah tüfəng yox, meqafon idi. Düşməni öldürmək imkanı olmadığından üstünə qışqırırdıq. Müharibə aparmağın bu üsulu o qədər qeyri-adidir ki, onun üzərində yəqin ki, daha ətraflı dayanmaq lazımdır.

      Əgər düşmən səngəri çox yaxın məsafədə idisə, hər iki tərəf qara – qışqırıqla biri-birinin səsini batırmağa çalışırdı. Biz bağırırdıq: Fascistas-maricones! Faşistlər cavab verirdilər. Viva Espana! Viva Franco!15 Əgər qarşılarında dayananların ingilis olduğunu bilirdilərsə, mütləq əlavə edirdilər: “İngilislər, go home!16 Bizə xaricilər lazım deyil!” Respublika qoşunları, xüsusən də könüllü dəstələr düşməni mənəvi cəhətdən ruhdan salıb sarsıtmaq üçün “qışqırmağın” mükəmməl texnologiyasını yaratmışdılar. Azacıq imkan düşən kimi döyüşçüləri, xüsusən də pulemyotçuları meqafonlarla təchiz edir, səsli təbliğata göndərirdilər. Onlara əvvəlcədən hazırlanmış material, əsasən də inqilabi ruhlu şüarlar verirdilər. Bu şüarlar vasitəsi ilə faşist əsgərlərinə dünya kapitalizminin əlaltıları olduqları, siyasi korluqları ucbatından öz qardaşlarına qarşı mübarizə aparmaları və s. məsələlər izah edilməli idi. Təbliğatın mühüm hissəsi faşistləri bizim tərəfimizə keçmələri üçün şirnikləndirməyə yönəlmişdi. Şüarlar fasiləsiz təkrarlanır, meqafon önündə əsgərlər biri-birini əvəz edirdilər. “Təbliğat” bəzən gecədən səhərə qədər çəkirdi. Bu işin müəyyən bəhrəsinin olması göz önündə idi. Faşistlər tərəfdən qaçan fərarilərin ilk növbədə uğurlu təbliğatımız nəticəsində bu addımı atdıqları güman edilirdi. Yəqin ki, bir vaxtlar sosialistlərin, yaxd anarxistlərin həmkarlar təşkilatının üzvü olan, indi isə keçmiş əqidədaşları ilə üzbəüz səngərdə dayanıb soyuqdan donan əsgərlər “Öz qardaş-larınıza silah qaldırmayın!” – çağırışından təsirlənirdilər. Əks tərəfə keçib-keçməmək məsələsində tərəddüd edən əsgər üçün eşitdiyi ani çağırış həlledici olurdu. Təbii ki, belə müharibə üsulu ingilis anlayışları ilə bir araya sığmırdı. “Meqafon müharibəsini” görəndə özüm də heyrətə gəlmişdim. Düşməni gülləbaran etmək əvəzinə sözlə inandırmaq? İndi isə həmin üsulun hər mənada özünü doğrultduğuna səmimi – qəlbdən inanıram. Artilleriyanı işə salmağa imkan olmadığı səmərəsiz mövqe savaşında özün üç nəfər itki vermədən üç dümən əsgərini aradan götürmək qeyri-mümkündür. Amma onlardan müəyyənini cəbhəni buraxıb qaçmağa inandıra bilsəniz, bu əla nəticədir! İstənilən halda fərarilər sənə meydan oxuyan düşməndən daha yaxşıdır. Çünki onlardan hansısa məlumat almaq olur. Amma ilk vaxtlar bu üsul bizi pərt eləmişdi. İspanların müharibəyə kifayət qədər ciddiyyətlə yanaşmadıqlarını düşünürdük. Bizdən sağ tərəfdəki P.S.U.C. dəstəsində "meqafon müharibəsini" əsl təbliğat ustası aparırdı. Bəzən inqilabi şüarlar qışqırmaq əvəzinə o, faşistlərə yediyimiz ləziz xörəklərdən danışmağa başlayırdı. Bu adamı respublika ordusunun qida rasionu ilə əlaqədar fantaziya qıtlığında günahlandırmaq çətin idi. “Qızardılmış çörək və yağ!” – əsgərin səsi dərə boyu əks-səda verirdi. “İndi biz qızardılmış çörəklə yağ yeyirik! Qızardılmış çörəyin üstünə yaxılan kərə yağı adama ləzzət eləyir!” Şübhəsiz, o da bizim kimi aylarla olmasa da, həftələrlə yağ üzü görməmişdi. Lakin faşistlər isti çörəklə kərə yağı haqqında iştah açan bir tərzdə deyilən sözləri eşidəndə, yəqin, ağızlarının suyunu saxlaya bimirdilər. Təbliğatçı həmkarımızın yüz faiz yalan danışdığını bildiyim halda mənim də ağzımın suyu axırdı.

      Fevral ayında bir dəfə yaxınlığımızda uçan faşist təyyarəsi gördük. Həmişə belə hallarda olduğu kimi pulemyotu açıq yerə çıxardıq, lüləsini yuxarı qaldırıb daha yaxşı nişan almaq üçün arxası üstdə uzandıq. Yamacdakı mövqeyimiz düşmənə o qədər də əhəmiyyətli görünmürdü. Yəqin həmin səbəbdən də səmada az-az gözə dəyən faşist təyyarələri pulemyot atəşinə hədəf olmamaq üçün kənardan uçmağa çalışırdılar.

Скачать книгу


<p>15</p>

Viva Espana! Viva Franko (İsp) – Yaşasın İspaniya! Yaşasn Franko!

<p>16</p>

Go home! .(İng.) – Rədd olun!