Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 2
İnsan toplumunun və bəşər mədəniyyətinin gəlişmiş olduğu mərkəz ilk öncə Asiyanın doğusunda meydana çıxmışdır. Öz başlanğıclarını əzəmətli dağ silsilələri olan Altay, Tanrı dağları (Tyanşan), Pamir və Himalay dağlarından götürən Amudərya və Sırdərya və ya əsgi adlarıyla Oksus və Yaksart, İrtış, Tarım, Hind, Qanq və Xuanxe çayları öz suları ilə vadilərdəki torpaqları münbitləşdirərək əkinçiliyin inkişafına, insan toplumunun gəlişməsinə səbəb olmuş və Aralıq dənizi hövzəsinə paralel şəkildə Mərkəzi Asiya timsalında ilkin bəşər mədəniyyətinin formalaşdığı mədəniyyət mərkəzinin yaranmasına təkan vermişdir. Qədim Turanın Anau şəhərində qazıntı aparmış İtalyan mənşəli amerikalı arxeoloq R. Pumpelli bu mədəniyyəti “oazis” və ya səhra/çöl mədəniyyəti adlandrır.
Qədim dövrlərdə öntürklərin iqlim dəyişikliyi təsiri ilə öz tarixi yurdlarını tərk edib müxtəlif istiqamətlərdə hərəkət etməsi hadisəsi köçərilik deyil, köçmənlik xarakteri daşıyırdı. Köçərilik isə bir təsərrüfat forması kimi heyvandarlıqla əlaqədar və tarixin daha gec zamanları üçün xarakterik olan bir hadisə idi.
Fransız orientalist və tarixçisi R. Qrossetin yazdığına görə İlk çağ dövrünün tarixindən bəhs edən bilim adamları böyük köçəri xalqların mədəni toplumların tarixində birdən-birə meydana çıxmasını onların qocalmış mədəniyyətləri cəzalandırmaq üçün Allah tərəfindən göndərilən bir vasitə kimi dəyərləndirirdilər. (Grosset R. 1938, Səh. 48)
Orta Asiya çöllərinin köçəriləri dünya tarixində mühüm rol oynamışlar. Onlar tarix ərzində 20 dəfə Turan yaylasından hərəkət edərək Hind və Qanq vadilərini, Dəclə-Fərat vadilərini işğal edərək ucqarların durğunlaşmış mədəniyyət mərkəzlərinə yeni insan axını əlavə etməklə canlılıq gətirmişlər. Xalqların bu köçləri böyük tənzimləyici gücə malik idi. Bu insan axını çayların dağlardan vadilərə axması kimi coğrafi qanunun bənzəri idi. Qədim mədəniyyətə malik müxtəlif xalqları vahid hakimiyyət altında birləşdirən türk və tatarlar mədəniyyətlərin çulğalaşmasına səbəb olurdular. (R. Grosset. 1921, Səh. 6)
Avropasentrist ruhlu bilim adamlarının bir çoxu iskit-sak, massaqetlər, sarmatlar kimi ön türk etnosuna mənsub tayfaları irandilli kimi qələmə verməyə cəhd göstərsələr də onların vahid türk etnosuna mənsubluğunu hətta qatı xristian katolik ideoloqları da etiraf etməyə məcbur olmuşlar.
İngiltərənin XIX əsr görkəmli katolik kilsə ideoloqlarından olan Kardinal Henri Neuman özünün “Türklərin tarixinə dair mühazirələr” əsərində yazır: “Geniş Çöllərərdə məskən salmış əhalini təşkil edən iskitlər, massaqetlər, sarmatlar, hunlar, monqollar, tatarlar, türklər eyni qədim köklərə malikdirlər. Eyni iqlim və mövcud həyat şəraiti onlarda eyni ənənənin və adətlərin yaranmasına səbəb olmuşdur. Mən buna uyğun olaraq bu əhalini ümumi adla tatar, ölkələrini də tatar ölkəsi adlandrıram. İskitlərdən sonra tarix səhnəsinə hunlar və onlardan sonra da tərkib baxımından müxtəlif, artıb törəmə cəhətdən üstün bir irq olan, tarixləri boyunca geriləmə və yüksəlmə keyfiyyətləri göstərən, 800 il ərzində dünyada ağalıq edən türklər gəlirlər”. (Lectures on the History Turks. Cardinal H. Newman. 1854. Səh. 13, 23)
Kardinal Neuman hətta İsgəndərin Soqdianada türklərlə qarşılaşdıqları zaman ehtiyatlı hərəkət edib müdriklik göstərərək onlarla savaşmaqdan imtina etdiyini yazır. O doğruluq, dürüslük, ədalətlilik, qonaqpərvərlik kimi keyfiyyətlərin türk və tatarlara xas xarakterik əlamətlər olduğunu və bu cəhətdən avropalılardan fərqləndiklərini vurğulayır. Homer və ondan sonrakı yazarlar intellektual baxımdan yetənəkli avropalı həmvətənlərinin malik olduqları xainliq, riyakarlıq keyfiyyətləri qarşısında türklərin timsalında “köçəri çoban tayfaların” malik olduqları ərdəmliliyə heyranlıq göstərirdilər. (Cardinal H. Newman. 1854. Səh. 36)
Ön Türklərin bəşər tarixində oynadıqları önəmli rolu dəyərləndirən R. Qrosset yazır: “Bu köçərilər istər türk olsunlar, istər monqol, ağıllı, müvazinətli və praktik düşüncəli bir irqin övladlarıdırlar. Bu irq mühitin gerçəklikləri şəraitində yetişmişdir və təbiətən əmr vermək üçün yaranmışlar. Əksəriyyət etibarı ilə iflasa uğrayaraq soysuzlaşmış oturaq cəmiyyətlər böhranın təsiri ilə çökdükləri an köçərilər şəhərə daxil olur və tərəddüd etmədən ilk mübarizədə qalib gəldikləri hökmdarların taxtına əyləşirlər. Bu zaman biz onları Böyük Çin imperatoru, İran şahı və Hindistan hökmdarı timsalında görürük. Dərhal da mühitə uyğunlaşaraq Pekində yarı çinli, Reydə və ya İsfahanda yarı fars olurlar. Avropa tarixinin gedişini üç-dörd dəfə qəfləti gəlişləri ilə dəyişdirən böyük Asiya köçərilərini. Biz yalnız öz bilgisizliyimiz səbəbi ilə qeyri adi bir hal kimi dəyərləndiririk”. (Grosset. R. 1938. Səh. 50, 49)
XIX yüzilliyin görkəmli Avropa tarixçiləri dünya tarixinin qədim dövrünə həsr etdikləri çoxsaylı araşdırmalarında turanlı adlandırdıqları öntürklərin tarixinə də geniş yer vermişlər. Onlar turanlıların təkcə Böyük Avrasiya qitəsinin mərkəzi hissəsinin deyil, bütün Yer kürəsinin başlıca super etnosu olduqlarını linqvistik, arxeoloji və etnoqrafik dəlillərlə təkzib edilməz şəkildə sübut etmişlər.
Hər bir etnos mövcud olduqları və fəaliyyət göstərdikləri tarixi dövr çərçivəsində özünəməxsus xüsusiyyətlərə malik əmək alətləri, məişət əşyaları, silah və sənət nümunələri şəklində öz maddi mədəniyyətlərini, yazı sistemi, folklor nümunələrini, dini etiqad və mifik təsəvvürləri, incəsənət növlərini özündə əks etdirən mənəvi dəyərlər sistemini yaradır. XIX yüzilliyin görkəmli tarixçiləri, dilçi filoloqları, arxeoloq və etnoloqları bəşəriyyətin qədim dövr tarixinə həsr etdikləri çoxsaylı araşdırmalarında onların Turan irqi adlandırdıqları müasir tarixi ədəbiyyatda isə Öntürklər və ya başqa deyimlə Prototürk adlandırılan super etnosa xas xüsusiyyətlər daşıyan bir çox konkret əlamətlər müəyyən etmişlər.
Qədim dövrlərdə insanların həyatında coğrafi determinizm adlanan coğrafi şərtlər önəmli rola malik idi. Etnosların öz yurdlarını tərk edib köçlərə məruz qalmalarının səbəbi yalnız iqlim dəyişikliyindən ibarət olmamışdır. Əhali artimi, daha doğrusu demoqrafik səbəblərlə yanaşı bu köçləri şərtləndirən ikinci önəmli amil eyni kökə malik qohum tayfalar arasında hakimiyyət və ya ərazi üstünlüyü əldə etmək uğrunda baş verən qarşıdurmalar və ya yadelli tayfaların istilasıdır ki, türklərin tarixində bunun çoxsaylı örnəkləri mövcuddur.
Avropanın XVIII–XIX əsr tarixçiləri, linqvistləri və arxeoloqları şifrəsini açdıqları qədim mixi və heroqlif yazı mətnlərinə, arxeoloji və etnoqrafik dəlillərə əsaslanaraq Yer kürəsinin bəşər övladı tərəfindən məskunlaşdrılmış Oykumen adlanan sahəsinin ilk mədəni sakinlərinin turanlı öntürklər olduğu fikrini irəli sürürlər.