Cinayət və Cəza. Федор Достоевский

Чтение книги онлайн.

Читать онлайн книгу Cinayət və Cəza - Федор Достоевский страница 3

Cinayət və Cəza - Федор Достоевский Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

indi hər şeyi danışacağam. Əgər hər şeyi sənə yazsaydım, iş-gücünü atıb yanımıza gələrdin. Duneçka keçən il Svidriqaylovların evinə mürəbbiyə gedəndə qabaqcadan yüz manat almışdı. Borcunu hər ay aldığı maaşdan çıxırdılar deyə işdən çıxa bilməzdi. Aldığı pulun altmış manatını sənə göndərmişdi, ancaq sənə yazmışdıq ki, öz yığdığı puldandır. Cənab Svidriqaylovun arvadı və evindəkilər Dunya ilə nə qədər nəzakətli davranırdılarsa, özü bir o qədər kobudluq edir, qızı incidirdi. Demə, bu axmaq, qıza vurulubmuş, əslində, bunu gizlətmək istəyirmiş. Axırda dözə bilmir, alçaq niyyətini açıb qıza deyir. Ona cürbəcür hədiyyələr alır, onu başqa bir yerə aparacağını vəd edir. Bir gün bağda yalvara-yalvara Dunyaya öz alçaq niyyətini söyləyəndə Marfa Petrovna eşidib yanlış anlayır. Həngamə qopur, Marfa Petrovna Dunyanı vurur. Qızın nə ki pal-paltarı var atdırır arabaya, özünü də arabaya oturdub göndərir üstümə. Yazıq qız təhqir edilib alçaldılmış vəziyyətdə 17 km yolu yağışın altında üstüaçıq arabada gəlməli olur. Bir ay şəhərdə dedi-qodu oldu, hətta Dunya ilə kilsəyə də gedə bilmirdik, bizə həqarətlə baxırdılar. Hamı bizdən üz döndərmişdi, ev sahibi də evdən çıxmağımızı tələb edirdi. Çünki Marfa Petrovna hər yerdə Dunyanı pisləyir, onu ləkələyirdi. Mən xəstələndim, ancaq Dunya çox iradəlidir, o dözə bilirdi. Lakin Allaha şükür ki, əzablara son qoyuldu. Sən demə, Dunya cənab Svidriqaylova məktub yazıbmış və bu məktub onda qalıbmış. Məktubda Dunya onu tənqid edir, etdiklərinin arvadına qarşı nanəciblik, köməksiz bir qıza isə haqsızlıq olduğunu yazır. Qulluqçular da Dunyanın günahsız olduğunu deyirlər. Məktub Marfa Petrovnanı dərdə salır. Bizə gəldi. Tövbə edib Dunyaya yalvardı ki, məni bağışla. Bir-bir bütün evlərə gedib Dunyanın günahsız olduğunu, əxlaqlı olduğunu deyir. Məktubu hamıya göstərir. Hamının Dunyaya münasibəti dəyişdi. Bir neçə evə dərs deməyə çağırdılar, getmədi. İndi isə gözlənilməz hadisə baş verib. Dunyanı istəyən var. Artıq razılığını verib. Səninlə məsləhət edincə gec olardı. Pyotr Petroviç Lujin Marfa Petrovnanın uzaq qohumudur. Onun vasitəsilə tanış olmaq istəmişdi. Marfa Petrovna da bu işin baş tutmasına çox kömək edib. O, iş adamıdır, Peterburqa getmək üçün tələsir deyə tezliklə və qəti cavab istədi. Çox götür-qoy etdik. O, çox etibarlı və təmin olunmuş adamdır. Hərçənd qırx beş yaşı var, ancaq görkəmcə çox xoşagəlimli, həlim adamdır. İlk baxışda qaraqabaq, təkəbbürlü görünə bilər. Peterburqda siz mütləq görüşəcəksiniz. İlk baxışdan yanlış nəticə çıxarma. Düzdür, çox şöhrətpərəstdir, xoşlayır ki, ona qulaq assınlar. Onların arasında sevgi-filan olmasa da, bir-birini xoşbəxt etməyin qayğısına qala bilərlər. Razılıq alandan sonra deyir ki, həmişə istəyirdim elə qız alım ki, cehizsiz olsun, özü də müsibətli günlər görmüş olsun. Ümumi vəkil kontoru açmaq üçün Peterburqa gedir. Həm də senatda mühüm işi var, sənin üçün də xeyirli adam ola bilər. Sənin haqqında ona demişik, dedi ki, onsuz da mənə bir katib lazım olacaq. Sən də hüqüq fakültəsində oxuyursan. Dunya deyir ki, gələcəkdə Pyotr Petroviçin ayrı-ayrı işləri məhkəməyə vermək məsələsində onun köməkçisi, hətta şəriki olarsan. Məncə, o, gələcəkdə mənim onlarla birlikdə yaşamağımı da istəyəcək, ancaq mən buna razı olmaram. Rodya, əzizim, çox yaxınlarda biz Peterburqa gələcəyik. Bu, Pyotr Petroviçin işindən asılıdır. Çünki evlənmək məsələsini mümkün qədər tezləşdirmək istəyir. Bilsən, sənin üçün nə qədər darıxmışıq. Dunya səninlə görüşəcəyini düşünəndə ürəyi əsir. Deyir, yaz ki, onu bağrıma basıram, öpürəm. Hətta zarafatla deyir ki, Rodyanı görmək üçün Pyotra ərə gedirəm. Əzizim, daha bəsdir. Səni qucaqlayıb bağrıma basıram. Rodya, sən bizim həyatımızsan. Yenə də Allaha dua edirsənmi? Dualarını əsirgəmə. Öpürəm, Rodya!

Anan: Pulxeriya Raskolnikova”.

      Raskolnikov məktubu oxumağa başlayandan bitirincəyədək ağladı.

      IV

      Anasının məktubu ona çox əzab vermişdi. Ən əsası isə evlənmək məsələsi idi ki, onu özlüyündə çözmüşdü: nə qədər ki mən sağam, onlar heç vaxt evlənməyəcəklər!

      O, məktubda yazılanları sözbəsöz xatırlayır, xatırladıqca əsəbindən dodaqları əsirdi. Yaxşı bilirdi ki, anası cənab Lujini niyə tərifləyir. Niyə “ilk baxışdan sərt görünə bilər, tələsik nəticə çıxarma” deyir. Açıq-aydın görünürdü ki, Dunya özünü qardaşına qurban edir və bu da anasına vicdan əzabı verir. Raskolnikovun hiddəti get-gedə artırdı. Cənab Lujin qarşısına çıxsa idi, öldürərdi. Birdən özünə gəlib dayandı. “Olmayacaq? Bunun üçün nə edəcəksən? Nə vəd edirsən onlara? Universiteti başa vurub, özünə qulluq tapıb bütün gələcəyini onlara həsr edəcəksənmi? Bəs indi? Elə indi, bu saat nəsə eləmək lazımdır. Bəs sən nə edirsən?” Birdən o öz-özünə dedi: “Axı mən hara gedirəm? Məktubu oxuyan kimi yola düşdüm. Hə, Vasilyevsk adasına, Razumixinin yanına…”

      Razumixin onun tələbə yoldaşı idi. Raskolnikov tələbə vaxtı hamıdan kənar gəzər, heç kimlə yoldaşlıq etməzdi. Ancaq dərslərini oxuyardı deyə hamı ona hörmət edərdi. Nədənsə Razumixinlə uzlaşa bilmişdi. Razumixin hündür, arıq, qarasaçlı, gözəgəlimli, həm də şən, sadə, xoşxasiyyət oğlan idi. Çox kasıb idi. Orada-burada işləyib pul qazanardı. Maddi ehtiyac üzündən universitetdən çıxmağa məcbur olmuşdu.

      Raskolnikov öz-özünə fikirləşdi: “Mən niyə indi Razumixinin yanına gedirəm? – Alnını ovuşdurdu: – Mən onun yanına o məsələdən sonra, səhəri gün gedəcəm… Ondan sonra? Məgər o, doğrudanmı, olacaq?!” Bütün bədəni əzgin idi, qəlbi təşviş içindəydi: “İlahi, doğrudanmı, mən onu öldürə bilərəm? Axı mən nə edirəm?” Ən yaxşısı evə getmək idi. Seno2 meydanından fırlanıb evə gəldi. Saat doqquz olardı. “K” küçəsinin tinində bir meşşan arvadı ilə bərabər alver edirdi. Bir tanış gəldiyindən başları söhbətə qarışmışdı. Bu tanış həmin sələmçi qarı Alyona İvanovnanın bacısı Lizaveta İvanovna idi. Raskolnikov onu tanıyırdı, o da Raskolnikovu bir az tanıyırdı. Lizaveta hündürboy, kobud, yöndəmsiz, gicbəsər, itaətkar bir qız idi. O, kölə kimi bacısının itaətində idi. Otuz beş yaşlı bu qız əlində düyünçə meşşanla arvadının qabağında durmuşdu, onlar da qızğın-qızğın ona nəsə deyirdilər.

      – Siz bu dəfə Alyona İvanovnaya heç nə deməyin. Bizim yanımıza gəlin, bu, əlverişli işdir.

      – Nə vaxt gəlim?

      – Sabah saat yeddidə. Onlardan da gələn olacaq, özünüz şəxsən həll edərsiniz.

      – Yaxşı, gələrəm.

      Raskolnikov bildi ki, sabah saat yeddidə qarının bacısı evdə olmayacaq. Meşşanla arvadının qızı nə üçün çağırdıqlarını sonralar bildi. Şəhərə gələn kasıblamış adamlar pal-paltar və cürbəcür şeylər satmaq üçün alverçi qadın axtarırdılar. Lizaveta da bu şeyləri satmağı müəyyən faizlə boynuna götürürdü.

      Raskolnikov hələ qışda ilk dəfə Alyona İvanovnadan girov qoymaqla pul götürəndə eşitmişdi ki, çox haramzadə, kinli, murdar adamdır.

Скачать книгу


<p>2</p>

Seno meydanı – vaxtilə Sankt-Peterburqun bu meydanında quru ot (сено) satıldığı üçün XVIII əsrin sonlarından belə adlandırılır