Hekayələr. Эдгар Аллан По
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эдгар Аллан По страница 6
Səkkizinci gecə qapını açdıqda həmişəkindən daha təmkinli idim. Hətta saatın kəfkiri belə məndən daha sürətli hərəkət edirdi. Həmin gecəyə kimi bu qədər güclü və fərasətli olduğumun fərqinə varmamışdım. İçimdəki qalibiyyət hissini güclə boğurdum. Beləcə, mən qapını yavaş-yavaş açırdım. Mənim gizli düşüncələrimi o, yuxusunda belə görə bilməzdi. Öz fikirlərimə gülümsədim; bəlkə də, səsimi eşitdi, səksənibmiş kimi qəfildən yerində qurcuxdu. Elə bilirsiniz fikrimdən dönüb geri çəkildim?! Xeyr! Onun otağı zülmət içində idi (oğrulardan qorxduğu üçün pəncərələri bərk-bərk bağlayardı). Buna görə də bilirdim ki, qapının aralandığını görə bilməz və qapını səbirlə açmaqda davam etdim.
Başımı qapıdan içəri salıb çırağın üstünü açmaq istəyirdim ki, baş barmağım qapı tutqacının üzərindən sürüşdü, qoca yerindən dik atılıb qışqırdı: “Kim var burda?”
Sakitcə dayanıb bir kəlmə də demədim. Düz bir saat bircə əzələm belə hərəkət etmədi, amma onun da yerinə uzandığını eşitmədim. Hələ də yataqda oturub gözləyirdi: hər gecə mənim etdiyim kimi – ölümün divarda dayanıb onu gözlədiyini eşidərək.
Bir az sonra zəif bir inilti eşitdim; bilirdim ki, bu, öldürücü qorxunun iniltisidi. Ağrıdan, ya da kədərdən yaranan inilti deyildi. Yox! Bu, qorxunun əsir aldığı ruhun dərinliklərindən qopub gələn boğuq səs idi. Bu səsi yaxşı tanıyırdım. Gecələr boyu, düz gecəyarısı, bütün dünya yuxuya gedəndə bu inilti köksümdən qopub gəlirdi, dəhşətli əks-sədası ilə içimdə dərinləşdikcə məni mənliyimdən qoparırdı. Dediyim kimi, bu səsi yaxşı tanıyırdım. Ürəyimdə ona gülsəm də, qocanın nə hiss etdiyini anlayırdım, ona yazığım gəlirdi. Səsi eşidib yerinin içində oturduğundan sonra yata bilmirdi. Getdikcə içindəki qorxu artırdı. Qulağına səs gəldiyini düşünməyə çalışırdı, amma olmurdu ki, olmurdu. Öz-özünə deyirdi: “Bacadakı küləyin vıyıltısıdır. Ya da döşəmədə qaçan siçandır. Bəlkə də, bayırdakı atəşböcəyinin səsidir”.
Bu mülahizələrlə özünə təsəlli verməyə çalışırdı, amma əbəs yerə. Qara kölgəsi ilə gizli-gizli yaxınlaşan Ölüm qurbanını sarmışdı. Görməsə də, eşitməsə də, mənim varlığımı ona hiss etdirən bu dərkedilməz kölgənin hüznlü təsiri idi.
Səbirlə, uzun müddət gözlədikdən sonra onun yerinə yenidən uzanmadığını görüb çırağın bir böyrünü azacıq açmaq qərarına gəldim. Çox ehtiyatla açıb yarıqdan çıxan hörümçək ipliyi kimi nazik işıq şöləsini qorxunc gözlərə tərəf tutdum. Açıq idi – həm də geniş açılmışdı. Ona baxdıqca daha da qəzəblənirdim. Onu tamamilə görə bilirdim – donuq mavi rəngdə və üzərində iliklərimə qədər məni titrədən iyrənc, ləkəli pərdə vardı; amma qocanın üzünün və ya bədəninin başqa heç bir yerini görə bilmirdim. Elə bil özümdən asılı olmadan işığı birbaşa bu lənətə gəlmiş nöqtəyə tutmuşdum.
Dəlilik barədə fikrinizin həddindən artıq şişirdilmiş olduğunu sizə deməmişdimmi? İndi isə deyirəm ki, qulağıma saatı pambığa bürüdükdə çıxardığı zəif çıqqıltılar kimi boğuq və sürətli səslər gəldi. Bu səsi də yaxşı tanıyırdım. Bu, qocanın ürək döyüntüləri idi. Təbil səsi döyüşçüləri ruhlandırdığı kimi, bu səs də mənim qəzəbimi alovlandırırdı. Yenə də özümü saxlayıb heç yerimdən qımıldanmadım. Güclə nəfəs alırdım. Çırağı əlimdə, işığı isə onun gözünün üzərində tərpətmədən saxlamağa çalışırdım. Eyni zamanda lənətə gəlmiş ürək döyüntülərinin səsi yüksəlirdi. Getdikcə sürətlənir, daha da artırdı. Qocanın qorxusu ağlasığmaz bir həddə olmalı idi! Ürək döyüntüləri isə dayanmadan yüksəlirdi. Xatırlayırsınızsa, sizə əsəbi olduğumu demişdim: hə, mən beləyəm və indi gecənin zülmətində, bu köhnə evin üşəndirici sükutunda belə bir səs çox qəribə idi, məndə idarəedilməz vahimə yaradırdı. Daha bir neçə dəqiqə də özümü ələ alıb tərpənmədim. Amma ürək döyüntüləri yüksəlir, yüksəlirdi! Mənə elə gəldi ki, bu ürək indi partlayacaq. İndi içimdə başqa bir təşviş baş qaldırmışdı: qonşulardan kimsə bu səsi eşidə bilərdi!
Qocanın vaxtı yetişmişdi! Qorxunc bağırtı ilə çırağın üstünü açdım və otağın ortasına hoppandım. Qışqırdı – cəmi bircə dəfə qışqırdı. Bir dəqiqənin içində onu döşəməyə yıxdım və ağır çarpayını onun üstünə aşırdım. Sonra razılıqla gülümsədim, iş indiyə qədər qaydasında getmişdi. Amma qocanın ürəyi daha bir neçə dəqiqə boğuq bir səslə döyünməkdə davam etdi. Bu heç də kefimə soğan doğramadı: bu səs divarın o biri tərəfindən eşidilə bilməzdi. Nəhayət, bu səs də kəsildi. Qoca ölmüşdü. Çarpayını çəkib cəsədi yoxladım. Bəli, o, daş kimi cansız, buz kimi soyuq idi. Əlimi ürəyinin üstünə qoyub bir neçə dəqiqə orda saxladım. Ürəyi döyünmürdü. Ölmüşdü. Gözləri daha məni narahat edə bilməyəcəkdi.
Hələ də dəli olduğumu düşünürsünüz? Elə isə cəsədi gizlədərkən gördüyüm tədbirləri biləndə belə düşünməyəcəksiniz. Gecə keçirdi, cəld, amma səssizcə işləyirdim. İlk olaraq cəsədi hissələrə ayırdım. Başını, qollarını və qıçlarını kəsdim. Sonra döşəmədən üç taxta çıxardım, kəsdiyim hissələri döşəmədəki boşluğa yerləşdirdim və taxtaları yerinə o qədər diqqətlə, ehtiyatla qoydum ki, heç bir göz nəsə dəyişiklik olduğunu sezə bilməzdi. Təmizlənəcək heç bir şey – nə bir ləkə, nə bir qan izi qalmadı, işimi ehtiyatlı tutmuşdum. Səhərə qədər cinayətin izi yox olmuşdu: ha-ha-ha!
Bütün işimi görüb qurtaranda saat dörd idi – hələ də gecəyarısındakı kimi qaranlıq idi. Saatın zəngi çaldıqda çöl qapının döyüldüyünü eşitdim. Sakit halda qapını açmağa getdim – nədən qorxmalıydım ki?! Özlərini nəzakətli şəkildə polis məmuru kimi təqdim edən üç kişi içəri daxil oldu. Gecə qonşulardan biri qışqırtı eşidibmiş: kiminsə öldürülməsindən şübhələnib polisə müraciət edib, polislər də evdə axtarış aparmaq üçün göndəriliblər.
Gülümsədim, nədən qorxmalıydım ki?! Cənabları içəri dəvət etdim. Bildirdim ki, yuxuda qışqıran mən olmuşam. Qocanın isə evdə olmadığını, kəndə getdiyini dedim. Polislərə bütün evi göstərdim. Evi yaxşı-yaxşı axtarmalarını tapşırdım. Sonda onları qocanın otağına apardım. Onun sərvətinin yerində olduğunu göstərdim. Özümdən o qədər əmin idim ki, otağa stul gətirib buradaca yorğunluqlarını çıxarmaqlarını təklif etdim, öz stulumu isə qurbanımın nəşinin olduğu yerin düz üzərinə qoydum.
Məmurlar razı qalmışdılar. Davranışlarım onlara inandırıcı gəlmişdi. Mənsə özümü çox rahat hiss edirdim. Oturdular, suallarına həvəslə cavab verirdim, onlar da ordan-burdan çənə vururdular. Amma bir qədər sonra halsızlaşdığımı hiss etməyə başladım, elə indicə çıxıb getmələrini istərdim. Başım ağrımağa, qulaqlarım cingildəməyə başladı, amma onlar hələ də oturub söhbət edirdilər. Cingiltilər getdikcə daha