Hekayələr. Рэй Брэдбери
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Рэй Брэдбери страница 6
Miss Hilqud stulu özünə tərəf çəkib oturdu və qızılı arfanı ehmalca yana yatırdaraq çiyninə dirədi. Barmaqları simlərə toxundu.
Mister Terl qaynar havanı ciyərlərinə çəkib dinləməyə hazırlaşdı. Səhradan ruzigar əsdi və şüşəbənddəki yelləncək-kürsülər nohurdakı boş qayıqlar kimi yırğalandı. Yuxarıdan mister Fermlinin narazı səsi eşidildi:
– Orda nə baş verir?
Elə həmin an miss Hilqudun barmaqları arfanın simlərini dolaşmağa başladı. Onlar səyahətlərinə haradansa yuxarıdan, demək olar ki, qadının çiyni tərəfdən başlayıb düz yunan ilahəsinin sakitlik əxz edən sifətinədək gəldi, amma elə o dəqiqə geri qayıtdı, sonra bir anlıq donub-qaldı və musiqi sədası boğanaq qonaq otağından ta mehmanxananın bütün boş qaranlıq otaqlarınadək yayıldı.
Mister Fermli bundan belə otağından nəsə çığırmaq istəsəydi də, artıq onu eşidən olmayacaqdı. Mister Terl və mister Smit daha yerlərində otura bilmirdilər və sanki eyni anda əmr alıblarmış kimi ikisi də yerlərindən sıçradı. Onlar hələ ki dəli kimi çırpınan ürək döyüntülərindən və fısıltılı nəfəslərindən savayı bir şey eşitmədilər. Heyrətdən gözləri bərələ və ağızları açıq qalmış kişilər eyni zamanda iki qadına – kor ilahəyə, yəni arfaya və yorğun, mehriban gözlərini yumub, balaca, nazik əllərini irəli uzadıb otur- muş kövrək, yaşlı miss Hilquda tamaşa edirdilər.
“O, balaca qızcığaza oxşayır, – mister Terl və mister Smit düşüncələrə daldılar, – əllərini pəncərəyə, nəyinsə görüşünə uzadan qızcığaza!.. Bəs nəyə?! Əlbəttə ki yağışa!”
Leysanın səsi uzaq boş səkilərdə və navalçalarda yavaşıyırdı.
Yuxarıda mister Fermli könülsüz ayağa qalxdı, sanki kimsə onu zorla yataqdan qaldırırdı.
Miss Hilqud isə ifasına davam edirdi. Dinləyicilərdən heç biri qadının nə çaldığının fərqinə varmırdı, onlar sanki bu musiqini öz uzun həyatlarında dəfələrlə eşitmişdilər, sadəcə, nə adını, nə də sözlərini bilirdilər. Qadın çalır və əllərinin hər bir hərəkəti damı döyəcləyən iri yağış damcıları ilə müşayiət olunurdu. Yağış açıq pəncərələrdən içəri sərinlik gətirir, artırmanın istidən qupquru qurumuş lövhələrini yuyur, qızmar damı döyəcləyir, onu acgözlüklə canına çəkən qumu isladır, pas atmış maşının üzərinə, bomboş tövləyə və həyətdəki ölü kaktuslara çilənirdi. Beləcə, o, pəncərələri yudu, tozu yatırdı, suyu çəkilmiş yağış çəlləklərini ağzınacan doldurdu və açıq qapılardan xışıldayan muncuqlu pərdə asdı. Əgər qapıdan içəri girmək fikrinə düşsəydiniz, bu pərdəni əllə aralamaq olardı. Lakin mister Terl və mister Smit üçün ən arzuediləni onun həyatverici sərin toxunuşu idi. Yağışın xoş ağırlığı onları yenidən oturmağa məcbur elədi. Üzlərinə düşən yağış damcıları dərilərini azacıq sancır, çimdikləyir, qıdıqlayırdı. İlk istədikləri şey dodaqlarını bir-birinə möhkəm-möhkəm sıxmaq, gözlərini bərk-bərk yummaq, qollarıyla bədənlərini gizləyib daldalanmaq idi. Lakin onlar həvəslə başlarını arxaya ataraq üzlərini yağışın altına tutdular – qoy nə qədər istəyir, yağsın.
Lakin qasırğa vur-tut bir dəqiqə çəkdi, sonra yavaşıdı, arfanın səsi kəsilməyə doğru getdi, budur, barmaqlar sonuncu dəfə simlərə dəyməklə leysanın da səs-küyü qəfil gəldiyi kimi, qəfil də yoxa çıxdı.
Vida akkordu şimşəyin qığılcımından işıqlanmış yağış damlası təki havada donub-qaldı. Xəyallar əridi, sonuncu damcılar zülmət qaranlıqda səssiz-səmirsiz torpağa gömüldü.
Miss Hilqud gözlərini açmadan qollarını yanına saldı. Mister Terl və mister Smit ayılıb qonaq otağının qurtaracağındakı iki nağılvari qadına zilləndilər – quru, zərər çəkməmiş, möcüzəli şəkildə islanmamış o iki qadına…
Mister Terl və mister Smit zorla əsməcələrinin qarşısını alıb irəli əyildilər, sanki nəsə söyləmək istəyirdilər. Əməlli-başlı karıxmışdılar. Yuxarıdan gələn səs onları həyata qaytardı. Səs zəif idi, tənha qoca quşun yorğun qanad çalmasını xatırladırdı. Mister Terl və mister Smit qulaq kəsildilər. Bu, otağında əl çalan mister Ferml idi. Mister Terlə özünə gəlməsi üçün bircə an bəs idi. O, mister Smitin böyründən dürtmə vurdu və hər ikisi cuşa gələrək əl çalmağa başladı. Mehmanxananın otaqlarına yayılan əks-səda divarları, güzgüləri, pəncərələri döyəclədi, sanki bayıra püskürməyə yer axtarırdı.
İndi miss Hilqud da gözlərini açmışdı, elə bil məlum qasırğa onu qəfildən yaxalamışdı.
Mister Terl və mister Smit artıq özlərində deyildilər. Kişilər elə bərkdən və çılğınlıqla əl çalırdılar ki, kənardan baxan onların şar partlatdığını düşünə bilərdi. Yuxarıda mister Fermli nəsə qışqırırdı, amma eşidən yox idi. Əllər göydə oyan-buyana gedir, gah aralanır, gah şappıldayır, ta ki barmaqlar bir-birinə dəyməkdən qızarır və şişirdi. Nəhayət, onlar gizildəyərək yorğun şəkildə dizlərin üzərinə qoyuldu.
Mister Smit sanki hələ götür-qoy edirmiş kimi ağır-ağır ayağa qalxıb artırmaya çıxdı və çamadanlarıyla qayıtdı. O, yuxarıya qalxan pilləkənlərin aşağısında dayanıb miss Hilquda nəzər saldı. Sonra baxışlarını qadının şüşəbəndin pilləkənləri qarşısında olan çamadanına çevirdi və yenidən miss Hilquda baxdı: qaşları sanki sual verirmiş kimi azacıq yuxarı qalxdı.
Miss Hilqud əvvəlcə arfaya, sonra yeganə çamadanına, daha sonra mister Terlə və nəhayət, mister Smitə nəzər salıb razılıq əlaməti olaraq başını yellədi.
Mister Smit cəld yüngül çamadanlarından birini qoltuğuna alıb miss Hilqudun çamadanını da qamarladı və yavaş-yavaş pilləkənləri alaqaranlığa doğru qalxmağa başladı.
Miss Hilqud arfasını köksünə sıxdı və bu dəqiqədən etibarən ayırd etmək mümkün deyildi: görəsən, qadın simlərə mister Smitin rəvan addımlarına uyğun toxunur, yoxsa kişi həzin akkorda uyğun irəliləyir?! Arakəsmədə mister Smit əynində nimdaş, rəngi solmuş xalatı olan mister Fermliylə qarşılaşdı; o, aşağı düşməyə hazırlaşırdı.
Hər ikisi bir saniyə ayaq saxlayıb aşağıya, qonaq otağının uzaq küncündə yer almış bir kişi və iki qadına boylandı – bu yalnız qarabasmaydı, xəyal idi və hər ikisi eyni şeyi fikirləşdi: arfa və yağış səsləri – beləcə hər axşam davam edirdi. Daha damı şlanqla sulamaq lazım gəlmirdi. Bundan belə artırmada oturub, yatağında uzanıb damı döyəcləyən, döyəcləyən, döyəcləyən yağışın səsinə qulaq asa bilərdin…
Mister Smit pilləkənləri qalxmaqda davam elədi: mister Fermli isə aşağı düşdü.
Arfa səsi… Bir ona qulaq asın! On illərin quraqlığının