Hekayələr. Джек Лондон
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Джек Лондон страница 4
San-Fransiskodan daha məktub gəlmirdi. İçində poçt olan altı narta10 Böyük Qızılbalıq yaxınlığında qəzaya uğramışdı. Bundan başqa, Pentfild bilirdi ki, yeni evlənənlər artıq Klondaykda olmalıdırlar. Onların toy səyahəti sona çatırdı. Halbuki o özü bitmək bilməyən iki il ərzində belə səyahətin arzusu ilə yaşamışdı. Bu fikirlərdən dodaqları acı-acı büzülürdü, ancaq hisslərini gizlədir, Laşkaya qarşı daha mehriban olurdu.
Mart qurtardı, aprelin axırına az qalmışdı ki, bir dəfə səhər tezdən Laşka koması çaydan bir neçə mil aşağıda olan Pitin yanına getmək üçün ondan icazə istədi. Əsli Stüart çayı sahilindən olan Pitin arvadı ona xəbər göndərmişdi ki, uşağı xəstələnib. Təbiətən əsl ana olan Laşkaya elə gəlirdi ki, bütün uşaq xəstəliklərindən yaxşı baş çıxarır və tale özünə övlad bəxş edənə qədər başqalarının uşaqlarına qulluq etməyə hazırdı.
Pentfild itləri nartaya qoşdu. Arvadını nartaya mindirib Bonanza çayının mənsəbi ilə aşağı yollandı. Havadan bahar ətri gəlirdi. Yer hələ də qarla örtülü olsa da, şaxta əvvəlki kimi kəsmirdi. Qışın gücü zəifləmişdi, çayların, nohurların şırıltısı eşidilirdi. Bəzi yerlərdə buz əridiyindən yolları su basmışdı, dövrə vurub keçməli olurdular. İki nartanın keçə bilməyəcəyi yerdə Lorens yaxınlaşan zınqırov səsləri eşidib itləri saxladı. Çayın aşağısı tərəfdən ağır yükləri çəkən yorğun itlər qoşulmuş narta göründü. İtləri qovan kişinin görkəmi Pentfildə tanış göründü. Kirşədə iki qadın da vardı. Pentfild bir də diqqətlə sürücüyə nəzər yetirdi: bu, Korri Hatçinson idi. Dayanıb gözlədi, sevinirdi ki, Laşka yanındadır. Düşünürdü ki, tale bu görüşü çox yaxşı təşkil edib. Bilmək istəyirdi ki, ona nə deyəcəklər, vəziyyətdən necə çıxacaqlar. Onun danışmağı artıq idi, izahatı qarşı tərəf verməli idi.
Qoşqular bərabərləşəndə Korri onu görüb itləri saxladı.
– Salam, dost! – deyib əlini uzatdı.
Lorens onun əlini soyuq və dinməzcə sıxdı. Bu ara qadınlar da yaxınlaşdılar. Bunlar Meybl və onun bacısı Dora Holms idilər. Pentfild xəz papağını çıxarıb Doranın əlini sıxdı, Meyblə tərəf döndü. Gözəl, sevincək Meybl özünü ona sarı atdı, ancaq Lorensin görüşmək üçün əl uzatdığını görüb özünü itirdi. Pentfild istədi ki, desin: “Salam, missis Hatçinson”, amma “missis Hatçinson” sözləri ilişib boğazında qaldı, o, ancaq mızıldandı:
– Salam.
Ortada elə pərtlik yarandı ki, bu, Pentfildin ürəyindən oldu. Meybl çox həyəcanlanmışdı. Vəziyyəti belə görən Dora dilləndi:
– Bura bax, Lorens, nə olub?
Korri onun cavabını gözləməyib qolundan tutub kənara çəkdi. Gözləri ilə Laşkaya işarə edərək pıçıltı ilə soruşdu:
– Dostum, bu nə məsələdir?
Pentfild istehza ilə cavab verdi:
– Sənin nə borcuna?
Lakin Korri əl çəkmədi:
– Bu skvo11 cənin kirşəndə nə edir? Qızlara nə deyim, məni əməllicə işə saldın. Əminəm ki, tutarlı izahatın var. Axı o kimdir, kimin skvosudur?
Nəhayət, həlledici zərbəni endirməyin vaxtı çatmışdı. Pentfild ona edilən bədxahlığın əvəzini çıxırdı. Zahirən sakit olsa da, elə bil ürəyindən tikan çıxarırdı.
– Bu mənim skvomdur. İcazənizlə təqdim edim: arvadım – missis Pentfild.
Korrinin nəfəsi təngidi. Meyblin üz-gözündən narazılıq yağırdı, ağzını açıb danışa bilmirdi. Lorens heç nə olmayıbmış kimi qadınlara yaxınlaşdı. Doraya müraciət etdi:
– Səyahətiniz necə keçdi? Yollarda çox donmadınız ki?
Sonra Meyblə tərəf dönüb soruşdu:
– Missis Hatçinson necədir?
Dora Lorensin çiyinlərindən tutub hiddətlə silkələdi:
– Səfehin biri səfeh! Deməli, qəzetdə oxuduqlarına görə özünü belə aparırsan?
Pentfild mızıldandı:
– Başa düşmədim, nə demək istəyirsən?
Dora həyəcanla davam etdi:
– Axı növbəti nömrədə düzəliş vermişdilər. Ağlımıza da gəlməzdi ki, qəzetin əvvəlki nömrəsi əlinə düşər. O biri qəzetlər də həmin qəzetdən xəbəri götürüb yanlışlıqla çap etmişdi.
– Necə?.. – Pentfildin sarsıntıdan ürəyi sancdı. Özünü uçurumun kənarında hiss elədi.
Dora isə dil boğaza qoymurdu:
– Meybllə mənim Klondayka gedəcəyimiz məlum olanda “Həftəlik” qəzetindən bildirdilər ki, bizim Mirdon avenyuda yerimiz görünəcəkdir.
– Onda, deməli…
– Bəli, missis Hatçinson mənəm. Biz Korri ilə evlənmişik, sən isə elə bilmisən ki, Meybl dostuna ərə gedib…
Pentfild ağır-ağır dilləndi:
– Hər şey aydındır. Müxbir adları çaşbaş salıb…
O susdu. Meyblə baxdı. Qız gözünü ona zilləyib nə deyəcəyini gözləyirdi. Korri ayaqqabısının burnu ilə yeri eşir, Dora isə altdan-altdan nartada sakitcə oturmuş Laşkaya baxırdı. Lorens dönüb itlər qoşulmuş nartaya – ümidsiz gələcəyinə baxdı, özünü və yanındakı axsaq Laşkanı gördü. Sonra təəssüflə Meyblin gözlərinin içinə baxaraq dedi:
– Bağışla, belə bir xəbərin yanlış olduğu mənim ağlıma da gəlməzdi. Elə bildim Korriyə ərə getmisən. Mən də evləndim, nartadakı missis Pentfilddir…
Meybl özünü itirdiyindən bir söz deyə bilməyib bacısına tərəf döndü. Sanki çətin səfərin ağırlığı birdən üstünə çökmüşdü. Dora ondan yapışdı. Korri isə hələ də gözlərini yerdən ayıra bilmirdi. Pentfild bir daha dostuna, qadınlara nəzər salıb nartaya tərəf getdi. Laşkaya üzünü tutub:
– Getmək lazımdır, Pitin uşağı bizi bütün günü gözləyə bilməz, – dedi.
Uzun qırmanc havada vıyıldadı, itlər kirşənin yan qayışlarını dartıb irəli cumdular. Pentfild gedə-gedə qışqırdı:
– Korri,
10
11