Hekayələr. Проспер Мериме
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Проспер Мериме страница 10
– “Jurdina, yəni Jurden”27, – Temin yavaşca pıçıldadı.
Teodor söhbətinə davam etdi:
– Əvvəlcə Mehmet Ali məndən ehtiyat edirdi. Bilirsinizmi, türklər heç kimə inanmırlar; onların hamısı belədir, heç kimə ürək qızdırmırlar. O, məni ya casus, ya da ki, kim bilir, yezuit-ruhani cəmiyyətinin üzvü hesab edirdi. Onun yezuitləri görməyə gözü yoxdur. Ancaq bir neçə dəfə görüşdükdən sonra mənim mövhumata inanmadığımı, səyyah olduğumu, sadəcə, şərq siyasəti, adət-ənənəsilə maraqlandığımı bildi və yalnız bundan sonra məndən çəkinmədən açıq danışmağa başladı. Axırıncı dəfə məni qəbul edəndə – bu, üçüncü görüşümüz idi – onunla sərbəst danışmaq qərarına gəldim: “Başa düşə bilmirəm, nə üçün əlahəzrət özünü Böyük Porta dövlətindən28 ayrı, müstəqil elan etmir? – deyə mən soruşduqda o, cavab verdi: – İlahi! Buna mən çox şad olardım, ancaq Misiri müstəqil elan etsəm, sənin ölkəndə nüfuzlu liberal qəzetlər, qorxuram ki, məni müdafiə etməsinlər”. Çox ağıllı qocadır, qəşəng ağ saqqalı var, heç vaxt gülməz. Məni yaxşı mürəbbəyə qonaq elədi. Ancaq mənim ona verdiyim hədiyyələr içərisində onun ən çox xoşuna gələn rəssam Şarlenin29 çəkdiyi imperator qvardiyasının müxtəlif geyim formalarından ibarət rəsmlər kolleksiyası oldu.
Temin soruşdu:
– Paşa romantikdirmi?
– Ədəbiyyatla ümumiyyətlə, az məşğul olur. Ərəb ədəbiyyatı, bildiyiniz kimi romantik ədəbiyyatdır. Onların Malik-Ayatalnəfus-ibn-Əşrəf30 adlı şairi son vaxtlar “Düşüncələr” adlı əsərini nəşr etdirmişdir. Lamartinin “Düşüncələr”i31 ilə müqayisədə klassik nəsrin gözəl nümunəsi sayılır. Qahirəyə gələndən sonra bir nəfər ərəb dili müəllimi tutdum və onun köməyilə Quranı oxumağa başladım. Nə qədər az dərs alsam da, peyğəmbərin kəlamının ağlagəlməz dərinliyinə məftun oldum və həmin kəlamların bizim dilə nə qədər pis tərcümə olunduğunu başa düşdüm. Bura baxın, ərəb yazısını görmək, istəyirsinizmi? Bax, burada qızıl hərflərlə “Allah” sözü yazılıb.
O, ətirli ipək pul kisəsindən çox çirkli bir məktub çıxarıb bizə göstərdi.
Temin soruşdu:
– Misirdə nə qədər qaldın?
– Ay yarım.
Və səyyah bütün xırda şeylərə qədər hər nə görmüşdüsə, hamısını sadalamağa başladı.
Sən-Kler bu söhbəti eşitmirdi. Teodor gələn dəqiqə o, məclisdən çıxıb kənddəki evinə tərəf yola düşdü. Atını dördnala çapdığından atın ayaq səsləri onun aydın fikirləşməsinə mane olurdu. O, bu dünyada xoşbəxtliyinin həmişəlik alt-üst olduğunu dumanlı şəkildə hiss edir və bu işdə yalnız bir nəfər mərhumu, bir də bir etrüsk vazasını müqəssir bilirdi. Evə qayıdandan sonra Sən-Kler özünü divanın üstünə saldı: həmin divanın üstünə ki, o, bir gün bundan əvvəl də uzanmış və gələcək xoşbəxtliyi barədə xoş xəyallara dalmışdı. Əvvəllər o düşünürdü ki, sevdiyi qadın başqalarına bənzəmir; bu qadın ömründə yalnız onu sevib və ondan başqa daha heç kimi sevməyəcək. İndi isə bu xoş xəyal acı, hüznlü, ürək yaxan bir həqiqət qarşısında əriyib yox olurdu: “Mənim gözəl qadınım var, vəssalam. O ağıllıdır, ancaq ağlı onun qəbahətinin daha da böyük olduğunu göstərir; belə ağılla Masiniyə də könül verib. Doğrudur, o, indi məni sevir… Masinini də belə sevib!… Qayğıkeşliyimə, qılığına girib yaltaqcasına onu tumarladığıma, cəsarət və inadıma görə, o, özünü mənim ağuşuma atıb. Deməli, mən aldanmışam. Məhəbbətimiz, hüsn-rəğbətimiz qarşılıqlı olmayıb. Masini, ya mən – onun üçün heç bir fərqi yoxdur. Masini qəşəngdir, onu o, qəşəngliyinə görə sevib. Mən isə onu hərdənbir əyləndirirəm. “Hə, neynək! İndi ki o birisi ölüb, Sən-Kleri sevək! Əgər Sən-Kler ölərsə, yaxud məni təngə gətirərsə, yaşayırıq, görərik!” – qrafinya belə fikirləşib.
Əminəm ki, şeytan özü-özünə əzab verən bədbəxt adamların dərd-sərini gizlicə izləyir. Bu mənzərə insan düşməni üçün maraqlı bir əyləncədir. Elə ki adam yarasının sağaldığını hiss edir, şeytan o dəqiqə yaranın üstünə duz tökür.
Sanki kimsə Sən-Klerin qulaqlarına pıçıldayırdı:
“…Eh, nə böyük şərəf imiş başqasının varisi olmaq…”
O, oturduğu yerdən dik qalxdı və ətrafına qəzəblə göz gəzdirdi. Sən-Kler istərdi ki, indi otaqda bir adam olsun, o da həmin adamı parça-parça eləsin.
Divar saatı səkkizi vurdu. Qrafinya onu doqquzun yarısında gözləyirdi. “Görüşə getməsəm, nə olar? Hə də, Masininin məşuqəsini görmək nəyimə lazımdır?” O, yenidən divanda uzandı və gözlərini yumdu, öz-özünə dedi: “Yatmaq istəyirəm!” Düz yarım dəqiqə yerindən tərpənmədi, sonra ayağa qalxdı və tez divar saatına tərəf getdi; vaxtdan nə qədər keçdiyinə baxmaq istəyirdi. Sən-Klerin fikrindən keçdi: “Kaş indi doqquzun yarısı olsaydı! Onda gec olardı. Yoluma da vaxt qalmazdı”. Ürəyindən keçirdi ki, indi qəfil xəstəlik yerinə düşərdi. Otaqda var-gəl etməyə başladı, kitab götürüb oxumaq istədi, amma bir səhifə belə oxuya bilmədi. Pianoya yaxınlaşıb çalmaq istədi, ancaq qapağını açmadan fikrindən daşındı. Fit çala-çala, səmadakı buludlara diqqətlə tamaşa etdi, pəncərələrin qarşısındakı qovaq ağaclarını saymaq istədi. Nəhayət, çevrilib yenidən divar saatına baxdı, bayaqdan bəri hələ üç dəqiqəni də yola sala bilməmişdi. “Onu sevməyə bilmirəm, – Sən-Kler dişlərini bir-birinə sıxıb şaqqıldadaraq ayağını yerə döydü. – O, mənə hökmranlıq edir, mən onun quluyam. Məndən əvvəl Masini onun qulu olduğu kimi… Hə, olsun! İtaət elə, bədbəxt, madam ki, nifrət etdiyin bir zənciri parçalamağa gücün çatmır, onda itaət elə!” O, papağını götürdü və cəld otaqdan çıxdı.
Ehtiras bizə hakim kəsiləndə məğrurluğumuzun zirvəsindən öz zəifliyimizə baxıb təsəlli axtarırıq, öz-özümüzə düşünürük: “Düzdür, zəifəm, ancaq istəsəydim…”
27
28
Böyük Porta dövləti – Osmanlı Sultanlığının rəsmi adı.
29
Şarle – Şarle Nikolya-Tusen (1792-1845) – Fransız rəssamı, əsasən döyüş səhnələrini əks etdirib. Napoleon ordusunun əsgər və zabitlərini təsvir edən çoxsaylı litoqrafiyaların müəllifidir.
30
Malik-Ayatalnəfus-ibn-Əşrəf – XIX əsrin əvvəllərində ərəb ədəbiyyatında belə bir şair olmamışdır. Müəllifin təxəyyülünün bəhrəsidir.
31
Fransız şairi Alfons de Lamartinin (1790-1869) “Poetik düşüncələr” adlı şeirlər toplusu; 1820-ci ildə nəşr edilib.