Hekayələr. Проспер Мериме

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Проспер Мериме страница 9

Hekayələr - Проспер Мериме Hekayə ustaları

Скачать книгу

ilə yol getmək ölümdən betərdir. – Temin azacıq pauza verdi.

– Mənimlə razılaşırsınızmı ki, Masini dünyanın ən bezdirici adamı olmuşdur?

Hamı bir nəfər kimi dilləndi:

– Razıyıq!

Temin söhbətinə davam etdi:

– İndi, bax, elə bu saat mənimlə razılaşarsınızmı ki, madam de Kursi ən ağıllı qadındır?

Araya bir anlıq sükut çökdü. Sən-Kler başını aşağı salmışdı, bununla belə, bütün nəzərlərin ona dikildiyini təsəvvüründə canlandırırdı.

– Buna kim şübhə edə bilər? – Nəhayət, başını qarşısındakı boşqaba tərəf əymiş Sən-Kler dilləndi. Gözlərini ora elə dikmişdi ki, deyərdin, qabdakı çiçək şəkillərinin bütün məna və rəng çalarlarını öyrənmək istəyir.

– Mən təsdiq edirəm, – Jül səsini qaldırdı, – təsdiq edirəm ki, o, Parisin üç ən gözəl qadınından biridir.

Polkovnik dedi:

– Mən onun ərini tanıyırdım, o, arvadının şanlı məktublarını tez-tez mənə göstərərdi…

– Oqüst, – Hektor Rokantən polkovnikin söhbətini yarımçıq kəsdi, – məni qrafinyaya təqdim edin. Deyilənlərə görə, siz onun sarayında böyük hörmət sahibisiniz.

Sən-Kler dodaqaltı mızıldandı:

– Payızın axırında… o, Parisdən qayıdanda… gərək ki, kənddə heç kimi qəbul etmir.

– İmkan verin sözümü bitirim. Məni eşitmək istəyirsiniz, ya yox? – Temin qışqırdı.

Sakitlik yenidən bərpa olundu. Sən-Kler stulda məhkəmə salonundakı müttəhim kimi oturmuşdu.

Alfons de Temin qəddar soyuqqanlılıqla:

– Siz qrafinyanı üç il əvvəl görməmisiniz, Sən-Kler, o vaxt siz Almaniyada idiniz, – dedi, – və deməli, qrafinyanın o vaxtlar necə olduğunu deyə bilməzsiniz… Gözəl, çiçək kimi təravətli, cazibədar, deyib-gülən, kəpənək kimi qayğısız, şən… hə, yaxşı! Saysız-hesabsız pərəstişkarlar içərisində qrafinyanın kimə daha çox hüsn-rəğbət bəslədiyini bilirsinizmi? Masiniyə! Hamıdan başıboş və qanmazın birisi ən ağıllı bir qadını yoldan çıxarmışdı. Bundan sonra da deyəcəksiniz ki, qozbel adam da bax, bu cür uğur qazana bilərdi? Mənə inanın, buna yalnız gözəl simanız, səliqəli tikilmiş kostyumunuz olarsa, müvəffəq ola bilərsiniz.

Sən-Kler lap çıxılmaz vəziyyətdə qalmışdı. O, danışan adamın dediklərini təkzib etmək, yalana çıxarmaq istədi, ancaq qrafinyanı gözdən salmaq, ləkələmək qorxusu onun qabağını kəsdi. Qrafinyanın xeyrinə bir neçə söz demək istədi, ancaq elə bil, dili tutulmuşdu. Qəzəbindən dodaqları əsirdi, savaşmaq, dalaşmaq üçün bəhanə axtarırdı.

– Necə?! – Jül heyrətlə qışqırdı. – Madam de Kursi özünü Masiniyə təslim edib?! Frailty, thy name is women.20

– Qadın haqqında şayiə yaymağa nə var! – Sən-Kler quru və nifrətamiz bir ahənglə dedi: – Hər kəs özünü göstərmək üçün onu ləkələyə bilər.

O danışdıqca qrafinyanın Paris salonundakı buxarının üstündə dəfələrlə gördüyü etrüsk vazasını dəhşətlə xatırladı. Başa düşdü ki, bu vazanı Masini İtaliyadan qayıdan zaman qrafinyaya hədiyyə olaraq verib. Sonralar bu vaza Parisdən kəndə gətirdilmişdi. Hər gün axşamlar qrafinya bu vazaya gül dəstəsi qoyardı.

Sözlər Sən-Klerin dodaqlarında donub qalmışdı. O, gözləri qarşısında yalnız bir şey görürdü, yalnız həmin şey haqqında düşünürdü: etrüsk vazası!

“Əcəb sübutdur! Belə bir mənasız şeyə görə öz məşuqəsindən şübhələnmək!..” Hansı tənqidçisə, yəqin ki, belə deyəcək. Cənab tənqidçi, siz heç ömrünüzdə sevmisinizmi?

Teminin kefi elə kök idi ki, Sən-Klerin səsinin ahəngi onu qətiyyən hövsələdən çıxarmırdı. O, şən və mülayim bir ifadə ilə dedi:

– Mən yalnız camaatın dediyini təkrar edirəm. Məlum hadisə siz Almaniyada olduğunuz zaman baş vermişdi. Burası da var ki, mən madam de Kursini yaxşı tanımıram; il yarım olar ki, onunla görüşmürəm. Bəlkə, bu deyilənlərin hamısı yalandır, iftiradır və bəlkə, elə Masini özündən uydurub danışır?! Başladığımız söhbətlə bağlı mənim gətirdiyim misal düz olmasa, bunda mənim zərrə qədər təqsirim yoxdur. Sizin hamınız bilirsiniz ki, Fransanın ən gözəl qadını…

Qapı açıldı və Teodor Nevil içəri daxil oldu. O, Misir səyahətindən təzəcə qayıtmışdı. Məclisdəkilər onu sualla qarşıladılar:

– Teodor! Nə tez qayıtdın?

Temin soruşdu:

– Əsl türk kostyumu gətirdinmi? Ərəb atın, nökərin varmı?

O, suallardan pərt oldu.

– Paşa21 necə adamdır? – Jül soruşdu. – O, nə vaxt müstəqillik qazanacaq? Bir qılınc zərbəsilə başın bədəndən ayrıldığını heç gördünmü?

– Rəqqasə qızlar necə, xoşuna gəldilərmi? – Rokantən sorğu-suala başladı. – Qahirə qadınları gözəldirlərmi?

Polkovnik Boje soruşdu:

– General L.-ni gördünmü? Paşanın ordusunu necə təşkil edib? Polkovnik S. mənə qılınc göndərmədi ki?

– Bəs ehramlar? Nil şəlalələri? Memnonun22 heykəli? İbrahim paşa23?

Və sair və ilaxır… Hamı birdən danışırdı. Sən-Kler isə yalnız etrüsk vazası haqqında düşünürdü.

Bardaş qurub oturan Teodor – belə oturmağa o, Misirdə adət etmişdi və bunu Fransada tərgidə bilmirdi – hamının sual verib qurtaracağını, daha doğrusu, onların sual verməkdən nə vaxt yorulacaqlarını gözlədi və sürətlə danışmağa başladı ki, onun sözünü kəsə bilməsinlər.

– Ehramlar! Bu, əsl fırıldaqdan başqa bir şey deyil. Onlar camaatın düşündüyü qədər də uca deyil. Strasburq şəhərindəki Münster kilsəsinin24 qülləsindən dörd metr hündür ola ya olmaya. Oradakı qədimliklər adamın lap canını sıxır. Ondan daha danışmayın. Heroqlifləri görəndə əhvalım qarışır. Ora yolu düşən hər bir səyyah belə şeylərlə maraqlanır. Mənim isə bu

Скачать книгу

20

(İng. Ah qadınlar, xəyanətdir sizin adınız!) İngilis şairi U. Şekspirin “Hamlet” əsərində Hamletin anasına söylədiyi ifadə.

21

Paşa – söhbət Misir paşası Mehmet Ali Paşadan (1769-1849) gedir. Onun Osmanlı Sultanlığına qarşı müstəqil siyasəti ona Avropa cəmiyyətində populyarlıq qazandırmışdı.

22

Memnon – əfsanəvi yunan qəhrəmanı, ilahə Avroranın (şərqdə adı Şəfəq) oğlu. Misirdəki heykəllərdən birinin onun şərəfinə qoyulduğu deyilsə də, əslində heykəl Misir fironu Amenhotepin şərəfinə ucaldılıb.

23

İbrahim paşa – (1792-1848) – Misir paşası Mehmet Ali paşanın oğlu; sərkərdə.

24

Münster kilsəsi – kilsə qülləsinin hündürlüyü 142 metrdir.