Hekayələr. Эрнест Сетон-Томпсон
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эрнест Сетон-Томпсон страница 11
Dəstənin toplanışı, adətən, iyun ayının axırlarında olurdu. Valideynlər özləri ilə qısaquyruq, yumşaqqanad və cır-cır səsli, lakin boy etibarilə artıq böyüklərə çatmış balalarını qoca şam meşəsinə, dəstənin toplandığı yerə gətirirdi. Qarğalar üçün həm məktəb, həm də bir qala olan bu qoca meşədə cavanlar ilk dəfə cəmiyyətə daxil olurdu. Burada onlar tam təhlükəsiz şəraitdə idi, çünki hündür budaqlarda etibarlı qorunan sığınacaqlar da burada idi və onların təhsili məhz burada başlanırdı. Cavanlar hər qarğanın bilməli olduğu sirlərə burada yiyələnirdi.
Əvvəlcə gənc qarğalar bir-biri ilə tanış olurdu, çünki qarğa cəmiyyətinin qanunlarına görə, dəstədəki hər qarğa onun bütün üzvlərini mütləq tanımalıdır. İndi valideynlər balalarını yedirtməkdən, tərbiyələndirməkdən dincələ bilərdilər, çünki körpələri artıq böyümüşdü, özlərinə yem tapa bilərdi.
Təxminən iki həftədən sonra tük tökümü başlayırdı. Belə günlər qoca qarğalar, adətən, çox əsəbi, qəzəbli olurdu. Onlar gəncləri öyrətməkdə davam edir, cavanların isə tükü tökülən müəllimlərdən heç xoşları gəlmirdi. Qoca Gümüşxal çalışqan müəllim idi. Bəzən sanki tələbələri qarşısında nitq söyləyirdi. Onun nə dediyini, təbii ki, mən tapa bilməzdim, amma nitqinə dinləyicilərin münasibətindən nəticə çıxarsam, deyə bilərəm ki, onun çıxışları maraqlı olması ilə fərqlənirdi.
Cavan qarğalar hamısı bir yerdə yox, lap insanların məktəbi kimi, sinif-sinif bölünərək dərs keçirdi: bir qədər böyük qarğa balaları bir sinifdə, onlardan cavanları digərində toplanırdı. Sentyabr ayı üçün səs-küylü, sarsaq qarğa balalarının başına artıq ağıl qoymaq mümkün olurdu. Gözlərinin körpələrə xas olan incə mavi rəngi yetkin qarğaların tünd-qəhvəyi rəngi ilə əvəz olunurdu. Onlar artıq cücə deyildilər, yaşlı qarğanın bilməli olduğu hər şeyi öyrənmiş, ehtiyatlı olmuşdular. Onlar tüfəngin və tələnin nə olduğunu, zəhərli həşəratları yeməlilərdən ayırmağı öyrənmişdilər. Öyrənmişdilər ki, qoca fermerin gonbul arvadı on beş yaşlı oğullarından xeyli yekə olsa da, daha az təhlükə kəsb edir. Onlar qardaşı bacıdan seçməyi bilirdilər. Onlar öyrənmişdilər ki, çətir tüfəng deyil. Önlar artıq altıyadək saya da bilirdilər və bu, cavan qarğalar üçün çox yaxşı göstəricidir, hərçənd ki Gümüşxal özü az qala otuzadək saya bilirdi. Artıq barıt qoxusu da onlara tanış idi və ağacların cənub tərəfini də seçə bilirdilər. Axırda, təbii ki, başladılar öz nailiyyətləri ilə qürrələnməyə, özlərini böyük kimi aparmağa. Uçuşdan sonra yerə enəndə qanadlarını mütləq üç dəfə bükürdülər ki, yaxşıca büküldüyünə tam əmin olsunlar. Onlar tülkünün öz naharının yarısından imtina etməsinə necə nail olmağın da yolunu bilirdilər və başqa quşlar – meşəxoruzu, suquzğunu hücum çəkəndə tez gizlənmək lazım olduğundan da xəbərdar idilər, çünki bu balaca düşmənlərlə vuruşmaq eynən zənbilindən alma oğurlanmış gonbul bir arvadın almanı oğurlayan balaca oğlanı tutmağa cəhd göstərməsi kimi bir şey idi. Bütün bunları cavan qarğalar artıq öyrənmişdilər, lakin başqasının yumurtasını oğurlamağı hələ bilmirdilər. Onların balıqqulağı haqda təsəvvürləri də hələ yox idi, hələ heç vaxt at gözünü dimdikləyib dadına baxmamışdılar, buğda görməmişdilər və ən yaxşı məktəb olan səyahətlər barədə heç bir məlumatları yox idi.
Sentyabr ayı qoca qarğaları çox dəyişdi. Tük tökümü başa çatdı. Onların lələkləri yenə çıxdı və qocalar yenə də öz gözəl geyimləri ilə qürrələnməyə başladı. Sağlamlıqları da bərpa olmuşdu, indi daha şux idilər. Hətta ciddi müəllim olan Gümüşxalın da kefi kök idi və artıq çoxdan ona hörmət bəsləməyi öyrənmiş cavanlar indi öz başçılarını, həqiqətən, sevməyə başlamışdı.
Onları yaxşı tərbiyələndirmişdi, bütün siqnallara, əmrlərə öyrətmişdi və indi səhər tezdən onlara baxanda ləzzət alırdı.
“Birinci dəstə!” – deyə qoca komandir qarğa dilində qışqıracaq və birinci dəstə də ona bir ağızdan hay verəcək.
“Uçun!” – və dəstə başçısının dalınca irəli uçur.
“Qalxın!” – və elə həmin an quşların hamısı göyə millənir.
“Toplanın!” – və hamı sıxlaşır.
“Dağılışın!” – və hamı bir göz qırpımında ağacdan qopan yarpaqlar kimi müxtəlif səmtlərə dağılır.
“Sıraya düzülün!” – və hamı bir xətt üzrə düzülür.
“Yem axtarın!” – və quşlar yerə qonub müxtəlif tərəflərə dağılır, iki daimi gözətçi isə qarovul çəkir: biri sağ tərəfdəki ağacda, digəri soldakı təpədə. İki dəqiqədən sonra Gümüşxalın “Tüfəngli adam!” demək olan qarıltısı eşidilir. Gözətçilər onun siqnalını təkrar edir və bütün dəstə elə o an qanad çalaraq dağınıq şəkildə ağaclara tərəf uçur. Ağacların arxasındakı təhlükəsiz yerə çatan kimi yenə sıra düzəldib öz doğma şam meşələrinə uçurlar.
Hər il noyabrda bütün dəstə cənuba uçur ki, müdrik Gümüşxalın başçılığı altında yeni ölkələrlə, təzə yemlə tanış olsun.
Qarğa yalnız gecə sarsaq olur və yer üzündə onun üçün təhlükəli bircə quş var, o da bayquşdur. Qaranlıqda bayquş ulartısı eşidiləndə qarğaların bütün vücudunu dəhşət götürür. Bayquşun hətta lap uzaqdan gələn ulartısı da qarğaları qorxudur. Onlar həmin dəqiqə başlarını qanadlarının altından çıxarıb oturur, bütün gecəni bu səsə qulaq verərək tir-tir əsirlər. Bərk şaxtalar düşəndə hərdən qarğaların gözü donur. Əgər qarğa başını qanadının altında gizlətməsə, kor olar.
Səhər açılanda qarğaların da cəsarəti qayıdır. Kefi kökələn quşlar meşələri dolaşmağa çıxır. Ulartısı ilə onları qorxutmuş bayquşu tapıb ya öldürür, ya da yarımcan edib, azı, iyirmi mil qovurlar.
1893-cü ildə qarğalar həmişəki adətlərinə uyğun Kestl Franka gəldilər.
İki gün sonra, dan yeri söküləndə onların arasında çaxnaşma başladı. Mən quşların nədən həyəcanlandığını öyrənmək üçün evdən tez çıxdım və birdən qarın üstündə küləyin sovurduğu bir neçə qara lələk gördüm. Küləyə qarşı getdim ki, bu lələkləri haradan gətirdiyini bilim və tezliklə bir qarğanın qanlı leşinə rast gəldim; yanında iri caynaqların qoşa izi vardı və bu iz mənə qarğanı bayquşun öldürdüyünü söyləyirdi. Burada baş vermiş döyüşün izləri hər tərəfdə görünürdü. Lakin quduz qatil, görünür ki, bədbəxt qarğadan qat-qat güclü idi. Onu oturduğu budaqdan gecənin zülmətində qapmışdı, qaranlıq isə düşmənə əməlli-başlı müqavimət göstərməyə imkan verməmişdi.
Mən