Hekayələr. Роальд Даль
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Роальд Даль страница 3
Bu vaxt Maykın fikrə getdiyini gördüm. O, masaya yaxınlaşıb şərab səbətini ehmalca onun üzərinə qoydu. Sonra duzqabını bir tərəfə, istiotqabını digər tərəfə çəkib bıçağı götürdü, hardasa bir dəqiqə dalğın-dalğın onu nəzərdən keçirdi, sonra yerinə qoydu. Qız da atasının qərarsızlığını sezdi.
– Ata! – o çığırdı. – Bu ki axmaqlıqdır! Bu, sözlə ifadə olunmayacaq axmaq fikirdir. Məndən mərcə girmənizi istəmirəm.
– Sən tamamilə haqlısan, əzizim, – anası dedi. – Mayk, dərhal bu söhbətə son qoy və yerinə oturub yeməyini ye.
Mayk ona məhəl qoymadı. O, qızına baxıb gülümsündü – yavaş-yavaş, atasayağı, onu himayə edirmiş kimi gülümsündü. Amma eyni zamanda gözlərində qalibiyyət qığılcımları parıldadı.
– Bilirsən, – o, üzündə təbəssüm dedi, – bilirsən, Luiza, məncə, fikirləşməyinə dəyər.
– Ata, bəsdir! Həyatımda bundan axmaq heç nə eşitməmişəm!
– Yox, əzizim, bir dinlə gör nə deyirəm.
– Heç nə eşitmək istəmirəm.
– Luiza! Səndən xahiş edirəm! Məni dinlə. Riçard bizə ciddi mərc təklif elədi. Buna mən deyil, o israr edir. Və əgər uduzarsa, o boyda mülkündən keçməli olacaq. Əzizim, dayan, sözümü kəsmə. Məsələ burasındadır ki, onun udmaq şansı yoxdur.
– Amma o, deyəsən, tamam başqa fikirdədir.
– Sənə deyirəm qulaq as, mən nə dediyimi bilirəm. Klareti dadan mütəxəssis, əgər bu, lafit və ya latur kimi hər hansı bir məşhur şərab deyilsə, üzümlüyü olsa-olsa təxmini müəyyənləşdirə bilər. O, şübhəsiz ki, şərabın Bordonun hansı rayonunda, – istər Sent-Emiyon olsun, istər Pomrol, istər Qrav, istərsə də Medok, – hazırlandığını ümumilikdə deyə bilər. Amma axı hər bir rayonda icmalar, kiçik qraflıqlar, hər qraflıqda isə çoxlu balaca üzümlüklər var. Onları təkcə şərabın dadı və ətrinə görə bir-birindən fərqləndirmək mümkün deyil. Bircə onu deyə bilərəm ki, bu şərab digər üzümlüklərlə əhatələnmiş balaca bir üzümlükdən hazırlanıb və Riçard Pratt bunu heç vaxt tapan deyil. Bu, mümkün deyil.
– Bundan necə əmin ola bilirsən ki? – qızı ondan soruşdu.
– İnan ki, əminəm. Öyünmək istəmirəm, amma şərablardan başım çıxır. Bir də ki, qızım, mən sənin atanam və Allah şahiddir ki, ömrümdə səni istəmədiyin bir şeyə məcbur etmərəm. Sadəcə, elə etmək istəyirəm ki, sənin pulun bir az da çox olsun.
– Mayk! – arvadı söhbətə müdaxilə etdi. – Lütfən, bu söhbətə son qoy!
O yenə arvadına məhəl qoymadı.
– Əgər mərcin şərti ilə razılaşsan, – Mayk qızına dedi, – onda on dəqiqədən sonra iki böyük evin sahibəsi olacaqsan.
– Amma, ata, mənə iki böyük ev lazım deyil.
– Onda onları satarsan. Elə onun özünə satarsan. Mən bunu təşkil edərəm. Əzizim, bir düşün, necə də varlı olacaqsan! Ömrün boyu müstəqil yaşayacaqsan!
– Ata, bütün bunlar mənim heç xoşuma gəlmir. Zənnimcə, bu, axmaqlıqdır.
– Mən də eyni fikirdəyəm, – anası dedi. Qadın başını qəfil geriyə dartıb toyuq kimi qabardı. – Mayk, bunu ağlından keçirmək belə ayıbdır! Axı o sənin qızındır!
Mayk heç ona tərəf baxmadı da.
– Razılaş! – qızının düz gözünün içinə baxıb coşqunluqla dedi. – Tez ol, razılaş! Uduzmayacağına zəmanət verirəm.
– Amma, ata, bu mənim xoşuma gəlmir.
– Qızım, uzatma. Razılaş!
Mayk Luizanın lap yaxınlığına gəldi. O, sərt baxışlarını qızına zillədi və Luiza atasına etiraz etməkdə çətinlik çəkdi.
– Uduzsam necə?
– Bir daha deyirəm, uduzmayacaqsan. Sənə zəmanət verirəm.
Ata, bəlkə, lazım deyil.
– Bu mərc sənə var-dövlət bəxş edəcək. Luiza, razılaş. Hə?
Qız sonuncu dəfə tərəddüd etdi. Sonra ümidsiz halda çiyinlərini çəkib dedi:
– Yaxşı. Bircə and iç ki, uduzmayacağıq.
– Əla! – Mayk çığırdı. – Əla! Deməli, mərc gəlirik!
Mayk butulkanı qamarlayıb əvvəlcə öz qədəhinə bir az şərab süzdü, sonra həyəcanla masa ətrafında gəzib digər qədəhləri doldurdu. İndi hər kəsin baxışları Riçard Pratta dikilmişdi. Bu, əlli yaşlarında, o qədər xoşagəlimli siması olmayan birisi idi. Diqqəti hər şeydən çox onun ağzı çəkirdi; Prattın qurmanlara xas dolu nəm dodaqları vardı; aşağı dodağı sallanmış və istənilən an qədəhin küncünə toxunmağa, ya da yemək tikəsi qamarlamağa hazır idi. «Elə bil açar yeridir, – ağzına baxaraq düşündüm, – əsl iri açar yeri».
O, qədəhi asta-asta burnuna yaxınlaşdırdı. Burnunun ucu qədəhə girdi və nəzakətlə fısıldaya-fısıldaya şərabın səthində hərəkət etdi. O, son dərəcə diqqətli idi. Gözləri yumulu idi və vücudunun yuxarı hissəsi – başı, boynu və sinəsi sanki nəhəng iybilmə maşınına çevrilmişdi. Bu iybilmə maşını fısıldayan burnun göndərdiyi məlumatları qəbul edir, yoxlayır və təhlil edirdi.
Stula yayxanıb oturmuş Maykın üzündən etinasızlıq yağırdı, hərçənd o, Prattın hər hərəkətini izləyirdi. Missis Skofild masanın digər başında qımıldanmadan oturmuş və düz qarşısına baxırdı. Qadının üzündə narazılıq ifadəsi donub-qalmışdı. Dequstatora rahat baxa bilməsi üçün stulunu azacıq kənara çəkmiş Luiza atası kimi gözlərini ona zilləmişdi.
İyləmək prosesi hardasa bir dəqiqə çəkdi; sonra Pratt gözlərini açmadan və başını çevirmədən qədəhindəki şərabın az qala yarısını içdi. O, şərabı ağzında azacıq saxlayıb ilk təəssüratını almağa çalışdı, sonra mən onun hülqumunun necə tərpəndiyini və udumu içəri ötürdüyünü gördüm. Amma o, şərabın böyük hissəsini ağzında saxladı. İndi o yerdə qalan şərabı udmadan dodaqları ilə bir az hava sordu. Bu hava ağzındakı şərabın ətri ilə qarışıb ağciyərlərinə getdi. O, nəfəsini saxlayıb, sonra burnu ilə buraxdı və nəhayət, dilinin altındakı şərabı ora-bura ötürüb çeynəməyə başladı, sözün həqiqi mənasında, sanki çörəkmiş kimi çeynədi.
Bu,