Hekayələr. İsi Məlikzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - İsi Məlikzadə страница 8

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - İsi Məlikzadə Hekayə ustaları

Скачать книгу

necə gəlsin? Körpə uşaqları var, əri hərbçidir, buraxmırlar, axı.

      Oğlunu mütəəssir eləməmək üçün Mirzə gülümsəmək istədi, ancaq təbəssümü dodaqlarının cəvcəsində3 donub qaldı və Anatoliyə elə gəldi ki, atası ağlamsınır. Oğlu atasının çiynini qucaqladı. İstədi desin ki, “ayıb deyil?”, ancaq bircə kəlmə:

      – Papa! –dedi.

      Mirzə toxtaq səslə:

      – Get, doktor, – dedi, – uşaqlar evdə təkdirlər.

      Anatoli atasının o üzündən-bu üzündən üç dəfə öpüb getdi.

      Otaq soyuq olmasa da, Mirzə hiss elədi ki, üşüyür, çiynindəki yun şala bərk-bərk büründü. Təzədən baş qaldırıb uğultu-çığırtı ilə özünü daş binalara çırpan hikkəli-qəzəbli küləyin səsinə qulaq asa-asa fikirləşdi ki, bu dünyada insanın yaşamaq, yaratmaq, əlləşib çarpışmaq borcundan savayı bir məcburi, mütləq borcu da var: ölmək! Deyəsən, vaxtdır axı…

      Mirzə qalxıb televizoru söndürdü, ayaqlarını parket döşəmədə sürüyə-sürüyə pəncərənin önünə gəldi. Alaqaranlıq çöldə ağ toz kimi sovrulan qarı görəndə yun şala daha da bərk bürünüb fikirləşdi ki, belə havada ölüb camaata əziyyət vermək heç insafdan, kişilikdən deyil. Bu an elə bil ürəyinin hansı guşəsindəsə bir şam yandı və bu şam onun yaddaşının zülmətində qalmış uzaq illərin üstünə şəfəq saldı. Mirzə “inqə” çağırıb dünyaya göz açdığı, nə vaxtsa torpağında ayaqyalın gəzdiyi, çəməninin şehində, göyünün yağışında islandığı, bağ-biyabanlarında gəranayladığı diyarı yüngül, işıqlı bir yuxu kimi xatırladı. İndi martın axırıdır, yəqin orada ağaclar çiçək açıb, havadan ətir qoxusu gəlir, quşlar budaqdan-budağa qonub cəh-cəh vururlar, gecələr çaylarda, gölməçələrdə qurbağalar tənbəl-tənbəl quruldayıb adama mürgü gətirirlər.

      O gecə Mirzənin yuxusu ərşə çəkildi. Mirzə gözlərini yuman kimi çiçək açmış ağacları, yamyaşıl çölləri gördü, quşların mahnısını, qurbağaların qurultusunu eşitdi. Ömrünün əlçatmaz, ünyetməz çağlarında qoyub gəldiyi torpağın ətri dəydi burnuna. Heç olmasa, bircə dəfə üzünü o torpağa sürtmək, canında o torpağın hərarətini duymaq arzusu ilə ürəyinin başı göynədi. Yadına bir bayatı düşdü:

      Əzizim, vətən yaxşı

      Geyməyə kətan yaxşı,

      Gəzməyə qərib ölkə,

      Ölməyə vətən yaxşı.

      Bu nədi, görəsən? Mirzənin ürəyinin hansı guşəsində yatıb qalmışdı bu bayatı? Qırx ildə bircə dəfə də dilinə gəlməmişdi. Bu sözləri kim qoşub, kim deyib belə? Yəqin ki, qürbətdə ölüm ayağında olanlar! Qürbətdə olmayan adam hardan bilər ki, “ölməyə vətən yaxşı!”

      Bu fikirlər də, bu fikirlərin gətirdiyi ağrılar da Mirzə üçün xoş idi. Mirzə xəyalən körpəliyinə, gəncliyinə, işıqla, günəşlə dolu çağlarına qayıdırdı və bu qaranlıq otaqda Mirzənin ovqatı yavaş-yavaş yaxşılaşırdı. O işıqlı, günəşli çağlarına dönəndə Mirzə tanış, doğma sifətlər içində cizgiləri güclə sezilən alatutqun bir sifət də gördü. Mirzənin gözlərinin qabağında sanki duman pərdəsi vardı. Bu ağımtıl pərdə get-gedə aydınlaşdı, durulaşdı və Mirzə kinə rəngində, dəmrovlu bir sifət gördü, iri, yorğun gözlər gördü: dipdiri Həsən idi, durmuşdu Mirzənin qarşısında. Bu Həsən kimdir belə, bu Həsən hardan çıxdı? Mirzənin yaddaşının hansı ilməsində qalıb bu Həsən?

      Həsən rayona bitişik kənddən idi, orda altı il oxuyandan sonra, nədənsə, çıxıb gəlmişdi rayon mərkəzindəki məktəbə, yeddincini burda, Mirzəgillə bir sinifdə oxuyurdu. Bəlkə ordan bezdirib qaçırtmışdılar, bəlkə də başqa səbəb vardı – bunu heç kim bilmirdi, heç kim də Həsəndən soruşmurdu. Həsən o qədər yolu hər gün piyada ölçərdi, dərsə bircə dəfə də gecikməzdi. Sakit, arıq oğlan idi. Əyin-başı nimdaş olsa da, təmiz idi. Qədək4 şalvarı, deyəsən, tez-tez yuyulduğundan həm soluxmuşdu, həm də daralıb gödəlmişdi. Çox vaxt tənəffüslərdə partanın arxasından çıxmırdı, elə bil şalvarının bozluğundan, yöndəmsizliyindən utanırdı. Həmişə yorğun, yuxulu görünürdü. Baxışlarında, nədənsə, bir ürkəklik vardı. Həsən pis oxuyurdu. Onun bircə dəfə də dərs danışdığını bu sinifdə görən olmamışdı. Heç kim Həsənlə yaxınlıq eləmirdi, o da heç kimin işinə, söhbətinə qarışmırdı. Sanki sinifdə Həsən adlı oğlan yox idi. Mirzənin arxasındakı partada oturardı Həsən. Mirzənin sağ yanındakı partada isə alagöz, sarışın bir qız oturardı; adı ya Çiçək idi, ya Göyçək… Bu alagöz, sarışın qız Mirzəyə yaman baxardı. Hərdən gülümsəyə-gülümsəyə elə baxardı ki, Mirzə lap utanardı.

      Bir gün coğrafiya dərsində Qeysər müəllim əlini xəritənin üstündə gəzdirə-gəzdirə uşaqlara nəyisə başa salmağa çalışırdı. Alagöz, sarışın qız ona qulaq asmırdı, qızın diqqəti Mirzənin yanında idi. Qeysər müəllim bunu görəndə danışığını kəsib qıza tərs-tərs baxdı. Həsən qızı xəbərdar eləmək istədi, “üzünü o yana döndər” dedi. Sarışın qızın qaşlarının ortası düyünləndi və Mirzə dilxor oldu. Həsən belə deməməliydi. Həsən heç cınqırını da çıxartmamalıydı, Həsən kimdir, nə karadır ki, bu göyçək qızı pərt eləyir? Mirzənin ürəyində qəribə bir hiss baş qaldırdı: təəssübkeşlik hissi deyildi bu, üstünlüyünü sarışın qıza və bütün sinfə bildirmək istəyi idi, Mirzənin ağlını yerindən oynadan yalançı qürur idi. Mirzə qalxıb geri çevrildi və sağ əli ilə Həsənə elə bir sillə çəkdi ki, əlinin içi gör-gör göynədi. Şappıltıya hamı başını Həsənə tərəf döndərdi və elə bil hamı indi gördü ki, bu sinifdə Həsən adlı bir oğlan varmış.

      Həsənin rəngi elə ağardı ki, üzünün dəmrovu itdi, nazik dodaqları titrədi, nəmli, iri gözləri bir az da iriləndi. Həsən pərtlikdən keyidi, nə günahın sahibi olduğunu dərk eləyə bilmədi, qaldı udquna-udquna.

      Qeysər müəllim səbirli, təmkinli adam idi, amma – o da eynən Həsən kimi ağarmışdı – qışqırıb Mirzəni sinifdən qovdu.

      Bu əhvalatdan sonra Həsən dərsə gəlmədi, day Həsəni görən olmadı, Həsən hamının yadından çıxdı…

      Bəs Mirzənin heydən düşən vədəsində Həsən hardan peyda oldu? Onun iri, nəmli gözləri qaranlıq otağın hər künc-bucağından niyə belə biganə baxır görəsən? Birdən Mirzənin sağ əlinin içi gör-gör göynədi, sanki Həsəni indicə vurmuşdu. Niyə Həsən onda cavabını vermədi Mirzənin? Kaş onda Həsən də Mirzəni vuraydı, lap onun ağız-burnunu qanadaydı, yoxsa indi belə göynəməzdi Mirzə. Görəsən, indi Həsən hardadır? Görəsən, o da davaya getdimi? Ölübmü, qalıbmı?.. Gözləri elə nəmlidirmi?.. Yenə elə ürkəkdirmi?

      Səhərə

Скачать книгу


<p>3</p>

Cəvcə– ağızın küncü

<p>4</p>

Qədək– pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez