Hekayələr. Энвер Мамедханлы
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Энвер Мамедханлы страница 7
İndi onlar ağır-ağır qalxır, dağ keçisi sürülərinin açdığı, eni bir qarış cığırları kəsifləşən alaqaranlıqda güclə seçirdilər. Bir yerdə Pəri cığırı itirərək dayandı, gözlərini qaldırıb göyə baxdı.
– Bir az gözləyək ay çıxsın, – dedi, – qaranlıqda cığırı tapa bilmirəm.
Yanaşı bir daş üstündə oturdular. Ay göy ətəyindən qalxıb buludlar içindən çıxaraq, ta qayalar başına gələnə qədər gözlədilər.
O zaman sanki dağlar, meşələr üzərinə gümüş tozundan narın bir yağış səpələndi. Yuxarıda dağ yalının üfüqü kəsdiyi cizgi üzərinə isə bir dəstə ağ ulduz qondu. Onlar bu ulduzları tuş tutub getdilər. Lakin ovçu ilə Pəri aşırım başına çatanda, ulduzlar ürkmüş ağ göyərçinlər kimi yal belindən qopub yuxarı qalxdılar, bir-bir göy qübbəsinə sancılıb, yenə öz doğma boşluqlarında göz qırpıb sayrışmağa başladılar.
Ovçu ilə Pəri ulduzlar qopan yaldan aşıb o taya keçdilər. Dayanmadan baş alıb gedən Pəri birdən ovçunu yanında görməyəndə, dönüb geri baxdı. Ovçu bir az yuxarıda hərəkətsiz dayanaraq, sanki yerində donub qalmışdı.
Qız tez onun yanına yüyürərək ovçunun qoluna toxundu.
– Niyə dayandın, laçınım, – dedi. – Budur ha, artıq çatmışıq…
Handan-hana dilə gələn ovçu əlini aşağıya doğru uzadaraq yavaşdan dedi:
– O nədir elə, Pərican? O büllur ayna kimi parıldayan nədir orda?
Pəri gülümsəyərək dönüb geri baxdı:
– Dediyim maral gölü odur, laçınım, dağların maralları oradan su içirlər.
Ovçu gözlərini gördüyü mənzərədən çəkə bilməyərək qızı köksünə sıxıb pıçıldadı:
– Yox, göyərçinim, o göl deyil, o, yuxudur, röyadır, bizə görsənir…
Gülümsər gözləri parıldayan Pəri altdan yuxarı ovçunun üzünə baxdı.
– Yaxına gedək, laçınım, – dedi. – Yaxın gedəndə o göl elə bil adamın üzünə gülür, uzaqlaşanda doluxsunur, elə bil ağlamaq istəyir.
Ay işığı düşmüş cığırla, yenə Pəri qabaqda, ovçu dalda üzüaşağı endilər. Hər ikisinin gözü irəlidə idi, elə bil əfsanəvi bir quşu ürküdüb uçurtmaqdan ehtiyat edərək, nəfəslərini belə çıxarmadan hərəkət edirdilər.
Bir az aşağıda isə yaşıl meşəli təpələr arasına sığınmış kiçik bir dağ gölü sınmış ayna kimi ay işığında bərq vururdu. Elə bil ulduzlar onun üzünə gümüş pərəkli bir duvaq salmış, başı üstündə yüksələn heybətli dağlar keşiyində dayanmış, sahilində cərgələnmiş şümşad qamətli ağaclar əsrlik tamaşasına durmuşdu. Başını sular üzərinə əymiş budaqlarda titrəşən yarpaqlardan isə sanki ehtiraslı bir inilti qopurdu. Ovçu xırdaca ləpələrin döydüyü böyük bir daşın böyrünə qısılıb, sehrlənmiş kimi yaxından gölə baxırdı. Yuxarıda həmin daş üstündə oturmuş Pəri isə əlləri ilə dizlərini qucaqlayıb başını sağ çiyninə söykəmişdi. İndi bir-birinin qarşısında dayanmış iki dağ gözəli bir-birinə tamaşa edirdi. Bunu hiss edən ovçu başını qaldırıb bir Pəriyə, bir gölə baxdı… Və birdən qızın, gölün, gecənin gözəlliyi bir dalğa kimi kükrəyib, bir uçqun kimi onun üstünə aşdı, ovçunun başı döndü, ovçu ixtiyarsız gözlərini yumub alnını yanındakı soyuq daşa söykədi.
Bu zaman gölün o biri tayından boğuq səs gəldi. Sonra meşəni yarıb çıxan bir maral ay işığında gölün o biri sahilində ucaldı.
Pəri diksinib ayağa sıçradı, sonra daş üstündən yerə atılıb suyun qırağına yüyürdü, yarı insan, yarı quş nəğməsini andıran qəribə səslərlə maralını haraylayıb çağırmağa başladı.
Pərinin çağırışını eşidən maral qarşı sahildən qopan bir daş kimi gölə düşdü və dərhal su üzərində iki gümüş qanad açılıb büküldü, sonra sanki sapı qırılmış boyunbağıdan dağılan incilər gölün aynası üzərində səpələnib diyirləndi. Bu zaman ulduzlar da göydən qopub aşağıya, gölə töküldü, xırdaca dalğaların belində əl-ələ verib yallı getdi.
Pəri dönüb ovçuya baxdı, bir uşaq kimi sevinib çığırdı:
– Laçınım, boyun qurbanı, yaxın gəl, bir bax, maralımız salamatdır, maralımız üzüb yanımıza gəlir.
Ovçu söykəndiyi daşdan qopub Pərinin yanına gəldi. Şaxlı-budaqlı buynuzlarını yuxarı qaldırıb, eyzən ulduzlardan çiçək açmış gölün sularında onlara doğru üzən maralı gördü. Maral sanki gümüş bir axını yararaq gəlir, fınxırdıqca burun pərələrindən sağa-sola mavimtraq qığılcımlar saçırdı. Bu zaman birdən gölün suları söndü, ulduzlar sıçrayıb yuxarı qalxdı, maral görünməz oldu, göl üzərində yalnız qara bir işıltı qaldı.
Pəri yenə oxuyub maralını çağırdı, lakin bu dəfə onun səsi qaranlıqda qüssə ilə titrədi, qız ovçuya qısılaraq, başını yuxarı qaldırıb pıçıldadı:
– Ay batdı, laçınım. Bu qara bulud haradan gəldi? Maral da, deyəsən, geri qayıtdı.
Ovçu qızın saçlarını oxşadı:
– Ürəyini sıxma, göyərçinim, özün gördün ki, maralın salamatdır. Amma ay çıxmasa, geri qayıdanda yolu tapmaq çətin olacaq. İstəyirsən gecəni burada qalaq?
– Qalaq, laçınım, qalaq, – deyə Pəri ehtirasla pıçıldadı. – Əgər alnımıza yazılıbsa, bu gecə ömrümüzün ən bəxtiyar gecəsi olsun!
Ovçu dərhal meşədən qucaq dolusu quru ot yığıb gətirdi, köməkləşib gölün hündür sahilində, ağ qovaq ağacları altında özlərinə yataq düzəltdilər. Ovçu qolunu qızın başı altında yastıq elədi, yorğun olduqlarından çox tez yuxuya getdilər.
Hardasa yaxında bir iydə ağacı çiçək açmışdı. Gecəyarısı iydə ağacı tərəfdən əsən həzin külək ara vermədən iydə çiçəklərinin tünd qoxusunu onların nəfəsinə verir, ovçu ilə Pəri isə sanki bu qoxudan yuxularında məst olaraq, yuxu içində qırıq nidalarla bir-birini səsləyirdilər.
Lakin gecənin bir aləmində ovçu qəfildən diksinib oyandı. Pəri yanında yox idi. Ovçu qalxıb yerində oturdu, ətrafına boylandı, zərif bir duman içində xumarlanan gölə baxdı, başı üstündə gecə şərqisi oxuyan qovaq yarpaqlarına qulaq verdi, küləyin