Hekayələr. Энвер Мамедханлы

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Энвер Мамедханлы страница 8

Hekayələr - Энвер Мамедханлы Hekayə ustaları

Скачать книгу

qapıb meşələrə cummaq, dağlara qaçmaq, bir ilan kimi ürəyini sancan zəhərli ağrının hovunu almaq üçün qarşısına çıxan nə varsa ovlamaq, mərdimazar bir ovçuya dönüb meşələrdəki ağaclara, dağlardakı göllərə, yol qırağındakı daşlara, dərələrdə çağlayan çaylara… rastına düşən hər bir şeyə…və dünyanın bütün marallarına bir güllə sıxmaq istədi. Buna görə idi ki, özünü zorla saxlayan ovçunun gözlərinə qan sağılmışdı, çiyninə bir dağ ağırlığı çökmüş kimi ağır-ağır nəfəs alırdı. Hələ bu dağlar… ta uşaqlığından onu çağırıb nə isə vəd edən, nəhayət, onu çəkib gətirərək vədini yerinə yetirən, bir anda ona dünya səadətini bəxş edən bu uzaq və əzəmətli dağlar belə indi birdən-birə onun gözlərində qaralmışdı.

      Ovçu bir an gözlərini yumub başını ağacın gövdəsinə söykədi. Sonra gözlərini açıb sanki bir yuxu içərisindən dönüb geri baxarkən, tala qırağında maralın birdən diksinib geri sıçradığını, Pəridən üz çevirib meşəyə doğru qaçdığını gördü. Elə bil indi Pəri ondan çox uzaq bir nöqtədə, əl irişməz6, səs çatmaz bir məsafədə dayanmışdı.

      Maral üz çevirib meşəyə qaçarkən, Pəri də dönüb geri baxdı, ovçunu ağaca söykənib dayanmış görərək, qız cəld ona sarı yüyürdü. Bir-birinə heç bir söz demədilər, quru otdan salınmış yataqları yanına gəldilər. Bir az əvvəl yorğun və xoşbəxt yuxuya getdikləri bir yataq indi onlara soyuq və narahat görünürdü. Bir-birinin yanında oturub göl qırağındakı daşlar kimi hərəkətsiz qaldılar. Sonra Pəri sanki canına işləyən amansız bir soyuqdan titrəyərək ovçuya qısıldı.

      – Niyə dinmirsən, laçınım, – dedi, – yoxsa mən şirin yuxunu sənə haram elədim?

      Ovçu Pərinin başını ovucları içərisinə alaraq, ay işığında diqqətlə onun gözlərinə baxdı. Qızın qorxu ilə alacalanmış gözlərini görərkən, ovçunun hirslə döyünən ürəyində sevgilisinə qarşı yenə sonsuz bir şəfqət oyandı:

      – Niyə rəngin qaçıb, göyərçinim, niyə rahat olmursan, axı gözlərində yuva salan bu qorxu nədir?

      – Ah, laçınım… heç özüm də bilmirəm, – deyə Pəri köksünü ötürüb inildədi.

      – Yox, buna son qoymaq lazımdır, – deyə ovçu yenə boğazında düyünlənən hirsini uddu, – dağlarda sərgərdan gəzən o maral elə bil səni tilsimə salıb, fikrini-xəyalını əsir eləyib. Tufan qopan o gecədən sonra sən həmişə səksəkə içindəsən, gecələr çığırıb yuxudan ayılırsan…

      Ovçu ağır-ağır nəfəs alıb bir an susdu. Sonra Pərinin başı üstündən hara isə baxaraq, batqın bir səslə dedi:

      – Qoy o maral bu dağlardan çıxıb getsin… Qoy o bir daha nə sənin gözünə görünsün, nə mənim!

      Pəri diksinib başını ovçunun sinəsindən qaldırdı:

      – Yox, yox, laçınım, mən onu gözümdən irağa qoya bilmərəm. O mənim qismət maralımdır, səni buralara o gətirdi, məni xoşbəxt eləyən o oldu. Özü isə obadan didərgin düşdü, meşələrdə tək qaldı… Allah eləməsin, o mərdimazar bir ovçu gülləsinə tuş gəlsə, onda mən də ölərəm, laçınım…

      Ovçu qulaqlarına inanmayaraq heyrət içində donub qaldı, yalnız dili dolaşa-dolaşa:

      – Sən nə danışırsan, Pərican… Sən nə danışırsan… – deyə bildi.

      Pəri bir an fikrə getdi, gözlərini ay işığında qaralan meşəyə tərəf zillədi, sonra sakit və həzin bir səslə dedi:

      – Düz deyirəm, laçınım, o maralsız mən yaşaya bilmərəm.

      Ovçunu sanki yeddi il susuz qalmış zəhərli bir ilan çaldı – nəfəsi qısıldı, rəngi qaraldı, gözləri geniş açıldı, sonra o, üzüqoylu quru ot üstünə düşüb qıvrıldı. İndi amansız bir ağrı onun sinəsini sökür, ürəyindən qopan fəğan içində boğulur, xudbin bir hiss qana susamış bir qartal caynağı ilə bütün varlığını didib dağıdırdı.

      Ovçunun ağır sükutundan ürəyinə vahimə çökən Pəri titrək bir səslə:

      – Səsini çıxar, laçınım, – dedi, – səsini çıxar, mən qorxuram.

      Lakin ovçudan səs çıxmadı.

      Pəri uşaq kimi onun böyrünə qısıldı, dərindən köksünü ötürdü, yalnız səhər üzü alaqaranlıqdan sıyrılan dağ təpələri ayazıyan göylərin dərinliyinə sancılarkən ağır bir yuxu qızın gözlərinə qara pərdə çəkdi.

* * *

      Üç gün sonra axşama yaxın dağlardan qopan bir külək sakit və hərəkətsiz dayanmış ağacları yırğalayıb səsə gətirdi. Bir az sonra isə artıq bütün meşələr çalxanıb uğuldayan bir dənizi andırırdı.

      Səhər evdən çıxan ovçu hələ də meşədən qayıtmamışdı. Pəri isə təlaş dolu gözlərini meşəyə tərəf dikərək, komalarının arxasındakı təpə üstündə oturub, ovçunun yolunu gözləyirdi.

      Maral gölü kənarında keçirdikləri o səadətli və fəlakətli gecədən sonra artıq üç gün idi ki, ovçu evə qapanaraq ova getmək istəmirdi. Nəhayət, bu gün Pərinin ricasını yerə salmaq istəməyərək tüfəngini əlinə alarkən, dərhal ürəyini bir həyəcan çulğaladı, bir an tərəddüd etdi, nə isə elə bil ayaqları getmirdi, sonra birdən o, tələsik özünü komadan çölə atdı, adəti üzrə Pərini qolları arasına alıb xudahafizləşməyi belə unutdu.

      İndi Pəri təpə üstündə oturub, ürəyini üzən bir intizar içərisində ovçunun yolunu gözləyir, bu gün meşədə çox yubandığı üçün fikrində gah onu məzəmmət edir, gah da öz məzəmmətlərinə özü etiraz edirdi.

      – Yox, görünür, bu gün laçınımın ovda bəxti gətirməyib, – deyə qız öz-özünə fikirləşirdi, – yoxsa o, heç vaxt bu qədər meşədə yubanıb məni tək qoymazdı…

      Günəşin odlu çevrəsi artıq tamamilə Yasamal dalına çəkilib batabatda idi. Növbəti bir külək hücumu qızın saçlarında ilişib qalmış axırıncı qızıl şüaları da söndürərkən, meşədən bir güllə səsi gəldi.

      Pəri diksinərək dodaqları altında öz-özünə nə isə pıçıldayıb ayağa qalxdı. Atılan güllənin boşa çıxmayıb nəyə isə dəydiyini səsin batqın çıxdığından anladı. Ürəyinə daman uğursuz bir hissin həyəcanı içərisində o, artıq davam gətirməyərək, təpədən üzüaşağı meşəyə doğru yüyürməyə başladı. Pəri meşəyə yetişərkən, ovçu qalınlıqdan çıxıb tala içindən keçən cığırda göründü. Saçları dağılmış, rəngi qaçmış Pəri özünü ovçunun üstünə saldı. Ovçunun əlini və çantasını boş görərkən, qızın həyəcanı daha da

Скачать книгу


<p>6</p>

İrişmək – çatmaq, yetişmək