Hekayələr. Энвер Мамедханлы
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Энвер Мамедханлы страница 9
Gözləri hələ də uzaqlarda olan ovçu:
– Ovum dağlarda avara gəzən o maral idi, – dedi.
Pəri öz sualının cavabını eşitməmək üçün qulaqlarını tutmaq istədisə də, lakin artıq gec idi. Qızın sinəsindən qopan ah o qədər zəif oldu ki, bunu ovçu yox, yalnız yaxındakı otlar, çiçəklər eşidib titrədi. Sonra qızın dizlərinin heyi kəsildi, yıxılmamaq üçün ovçunun qoluna söykəndi, zəif bir səslə yalnız:
– Məni evə apar, laçınım, – dedi.
Yalnız bu zaman ovçu birdən səksənib sanki yuxudan ayıldı, yıxılmaqda olan Pərini qucaqlayıb qolları üstünə aldı. Yarıhuşsuz qızı gətirib yatağa uzadarkən başını itirib dəhşətə gəlmiş ovçu sevgilisini dəli öpüşlərə qərq edərək, qızdırmaya tutulmuş bir adam kimi sayıqlayırdı. Pəri azacıq özünə gələrkən qollarını qaldırıb üzərinə əyilmiş ovçunun boynunu qucaqladı. Ovçu isə başını qızın çiyninə söykəyərək:
– Pərican, Pərican, – deyə inildəyirdi. – Mən sənin xəyalını uğursuz bir qorxudan, ürəyini daimi bir səksəkədən, yuxularını qara vahimələrdən xilas etmək üçün o tilsimi qırmaq istədim… İndi sən rahat nəfəs alacaqsan, elim-günüm… İndi sən mənim, yalnız mənim, təkcə mənim, ancaq mənimsən, sevgilim!
Pərinin rəngi qaçmış dodaqlarında solğun bir təbəssüm oynadı. Qız ovçunun başını şəfqətlə sinəsinə sıxaraq:
– Ah, dəli laçınım, – dedi, – fələklərin gözü bizim xoşbəxtliyimizi götürmədi. Fələklər sənin ağlını çaşdırdılar, öz əlimizlə sinəmizə dağ çəkdilər… Yadındadırmı, laçınım, o gecə göl qırağında mən sənə nə dedim… Dedim ki, o marala güllə dəysə, mən də ölərəm… O, mənim doğru sözümdü, laçınım… Neçə ildi o maral mənim yuxumu qaçırmışdı, neçə ildi mən od ilə su arasında qalmışdım… Bir yandan çalışırdım ki, maralım el-obaya isinişib meşəyə getməsin, bir yandan da istəyirdim ki, yolunu gözlədiyimə rast gəlsin, onu dalınca salıb obaya gətirsin. Axırda o gün gəlib çatdı. Laçınım, o, səni dalınca salıb gətirdi… Amma tufan qopan gecədən sonra ürəyim yenə vahimə ilə doldu. Fikrim-zikrim onu ovçu gülləsindən qorumaq oldu… Axırda isə gör bəla haradan çovudu7 gəldi… Düz deyiblərmiş ki, sən saydığını say, gör fələk nə sayır. İndi əgər sən onu sevər yerindən yaralamısansa, mən də sağ qalmayacağam, laçınım… Bu əzəldən mənim alnıma yazılıb. Fal açan bir qarı bu barədə mənə xəbərdarlıq eləyib… Şamaxı zəlzələdən batan ili idi. Dəlisov bir qarı bizim obaları gəzib fal açırdı. O ili hamı falına baxdırırdı, laçınım, mən də on yumurta verib falıma baxdırdım.... Qarı əvvəlcə göz-qaşımı çox təriflədi, mən utandım. Başımı aşağı saldım, sonra dedi ki, qismətin bir ovçu olacaq, qızım. Onu bir maral gətirib sənə tuş edəcək. Amma gözdə-qulaqda ol, dedi, o qismət maralını ovçu gülləsindən qoru, əgər o, güllə yarasından yıxılsa, sən də ölüm yatağından qalxmayacaqsan…
Pəri bir an susdu, ovçunun boynunu qucaqlamış qolları açıldı, birnəfəsə dediklərindən yorulub gözləri yumuldu. Ovçu başını qaldırıb dəli bir ifadə almış gözləri ilə qıza baxdı, qurumuş dili söz tutub hərəkətə gəlmirdi. Eşitdiyi sözlərdən sanki onun nitqi batmışdı. Pəri yenə gözlərini açdı, komanın tavanına, hisli pərdələrə baxaraq pıçıldadı:
– Görünür, sən onu sevər yerindən vurmusan, laçınım… Gözümü yuman kimi ölüm quşu uçub üstümə gəldi.
O zaman ovçu:
– Yox, – deyə heybətli bir səslə çığırdı. – Yox, göyərçinim, bu, təsadüfdür, uğursuz, amansız bir təsadüfdür. Qalan nə varsa, hamısı yalandır, puç etiqaddır… İnanma fala, inanma caduya, inanma alın yazısına, inanma, elim-günüm, inanma, sevgilim, sən ölməyəcəksən!
Pərinin dodaqlarında yenə solğun bir təbəssüm oynadı, sonsuz bir məhəbbətlə ovçuya baxaraq dedi:
– Yox, laçınım, elə bil ürəyim şam kimi əriyir, görünür, o maral da indi hardasa taqətdən düşüb ayaq üstə dura bilmir… Əgər onu tapa bilsəydin, laçınım, yarasına məlhəm qoyub bağlasaydın… Kim bilir, bəlkə…
Dizi üstə yataq yanında yıxılıb qalmış ovçu artıq davam gətirməyərək sıçrayıb ayağa qalxdı. Dənizdə batan çör-çöpə sarılan kimi o da bütün ümidini bu ”kim bilir, bəlkə“yə bağlayaraq, başıaçıq, yaxasıaçıq özünü komadan çölə atıb meşəyə doğru yüyürdü.
Lakin qaranlıq meşə cığırlarında o, ölümcül yaraladığı heyvanın qanlı izlərini tapa bilmirdi. Ovçu özünü xeyli dağa-daşa vurduqdan sonra, nəhayət, bir sövq-təbii ilə maral gölünə tərəf yönəldi. Təxminində yanılmamışdı. Maral göl qırağında, suya yaxın yerdə yıxılmışdı, lakin qanlı dodaqlarını suya çatdıra bilməmişdi. Ovçu onun yanında oturdu, maralın başını qaldırıb dizləri üstə qoydu, əyilib göldən ovuclarını dolduraraq yaralı heyvana su içirtdi, sonra yaxasını cırıb maralın yarasını sarıdı. Can verən maral ovçusuna baxdı. Heyvanın gözlərində qara bir işıltı oynadı, sonra bütün bədənindən ani bir titrəyiş keçdi. Ovçu isə lal bir sükut içində marala yalvarırdı. Yalvarırdı ki, heyvan ayağa qalxıb onunla bərabər obaya getsin, Pəri qapı ağzına çıxıb maralını salamat görsün, o zaman… O zaman sevgilisini bu dağlardan, bu qismət marallarından, fal açanlardan, cadulardan, bütün bu mövhum qara kölgələr içindən götürüb yeni işıqlar vəd edən uzaq üfüqlərə doğru qaçardı…
Birdən ovçu diksindi. Maralın şüşəyə dönmüş gözlərində uzaq ulduzların ölgün işıqları titrəyirdi. Möcüzə baş verməmişdi, maral artıq nəfəs almırdı.
Ovçu ayağa qalxdı, tüfəngini çiynindən çıxarıb gölə atdı. Artıq ovçuluq qurtarmışdı, öz ehtirasının əqrəbi dönüb özünü çalmışdı. Son güllə ilə yıxdığı son ov – indi öz səadəti idi.
Ovçu obaya qayıdarkən gecəyarıdan xeyli keçmişdi. Yarıqaranlıq komada isə Pərinin başı üstündə bir şam yanırdı, bir ana. Ovçu içəri girərkən ana durub getdi. Pəri isə gözlərini açıb bir müddət dumanlı baxışlarla qapı ağzında dayanmış ovçuya baxdı. Əvvəlcə qız onu tanıya bilmədi, sonra birdən tanıyarkən yerindən sıçrayaraq çağırdı:
– Laçınım, bu nə haldır, sənin başın ağarıb. Laçınım, kor olsun Pərin, sənin başına bəla gətirdim.
Ovçu Pərinin yatağı yanına yıxılıb qızın dizlərinə qapandı:
– Bir yox, min bəla gəlsin başıma, sevgilim, – dedi. – Təki sən ayağa qalx, göyərçinim, təki sən ayağa qalx!..
Pəri
7