Napoleon. Евгений Викторович Тарле

Чтение книги онлайн.

Читать онлайн книгу Napoleon - Евгений Викторович Тарле страница 7

Napoleon - Евгений Викторович Тарле Tarixi yaradanlar

Скачать книгу

kimi sonacan xidmət etdiyi Direktoriyanı fikirləşmədən sata bilər. Taleyran ona son dərəcə qiymətli məsləhətlər verib işi tələsdirir, Bonaparta qulluq edəcəyini isə heç kimdən gizlətmirdi.

      Fuşe də eyni yolla getdi. O, Direktoriya dövründə polis naziri idi, Bonapartın dövründə də həmin vəzifədə qalmaq istəyirdi. Odur ki keçmiş yakobin və terrorist olan, XVI Lüdovikin ölüm hökmünü səsə qoymuş bu adam yeni hökmdara heç vaxt xəyanət etməzdi.

      Bonaparta qeyri-məhdud səlahiyyətlər verən dövlət çevrilişi, adətən, qısaca 18 brümer (9 noyabr) çevrilişi adlanır. Əslində isə hadisə 18 brümerdə başlayıb, 19 brümerdə (10 noyabr) sona çatmışdı.

      Beləliklə, noyabrın 9-u səhər saat 6-da Bonapartın evi ilə ona yaxın küçələr general və zabitlərlə dolub-daşmağa başladı. Paris qarnizonunun əsgərləri hazır vəziyyətə gətirilmişdi. Səhər tezdən Bonapart etibar etdiyi generalları (bacısı ilə evlənmiş Murat, ondan başqa, Lekler, Bernadott və Makdonald), zabitləri ətrafına topladı. Napoleon onlara dedi ki, respublikanı xilas etməyin vaxtı çatıb. Gələcək hökmdar tələm-tələsik çağırılmış Ağsaqqallar Şurasından çıxacaq dekreti gözləyirdi.

      Ağsaqqallar Şurası, əsasən, orta və iri burjuaziyanı təmsil edirdi. Şurada Bonaparta sadiq olan Korne söz alıb “terroristlərin dəhşətli qəsdindən” – respublikanı məhv etmək istəyindən danışdı. Təklif olundu ki, “dəhşətli qəsdin” yatırılması Bonaparta tapşırılsın, o, Parisdə və paytaxt ətrafında yerləşən bütün silahlı qüvvələrin komandanı təyin edilsin. Bu təklifə etiraz etməyə heç kimin cürəti çatmadı. Beşyüzlər Şurasında etiraz edənlər isə zala girən draqunlar tərəfindən dağıdıldı. Axşama yaxın deputatlar təzədən toplandı və çıxarılan dekret dərhal Bonaparta göndərildi.

      Dekretə görə respublikada hakimiyyət konsul adlanan üç şəxsə verilirdi. Bu vəzifələrə Bonapart, Siyes və Roje-Düko təyin edildi. Bonapart hələ ki, təkbaşına hökmran olmağı məqsədəuyğun saymırdı. Lakin öz konsulluğunun əvvəl-axır diktatura olacağına qəti qərar vermişdi.

      Artıq Fransa Bonapartın ayaqları altında idi.

      Diktaturaya doğru ilk addımlar

      10 noyabr axşamı general Bonapart 15 il müddətinə Fransa xalqının qeyd-şərtsiz hökmdarına çevrildi. Napoleon ilk beş ili özünü “konsul”, son on ili isə “imperator” adlandırdı və buna uyğun olaraq Fransa əvvəl respublika, sonra isə imperiya oldu.

      O bütün gücünü və istedadını yeni dövlətin hakimi-mütləq hökmranı olmağa yönəltdi. Napoleon dövlət idarələrini yenidən qurur, onların adını, funksiyasını dəyişdirirdi. Lakin bu qurumların mənası və məqsədi dəyişməz qalırdı: onlar bütünlüklə dövlət aparatını bir nəfərin iradəsini yerinə yetirən alətə çevirməli idi.

      İndiyə qədər həyatı ancaq müharibələrdə keçən, İtaliyanın və Misirin istilaçısı, respublikanın qanuni hökumətini bir zərbə ilə məhv etmiş 30 yaşlı general 19 brümer axşamı, əslində yaxşı tanımadığı, daha doğrusu, buna macal tapmadığı Avropanın böyük dövlətlərindən birinin hökmdarı oldu.

      Xarici məsələlərə gəlincə, birinci konsul burada da son dərəcə mürəkkəb və təhlükəli vəziyyətlə üzləşmişdi. O, Misiri istila etdiyi vaxt ikinci Avropa koalisiyası İtaliyanı fransızlardan geri aldı. Suvorovun yürüşü Bonapartın 1796-1797-ci illərdə qazandığı zəfərlərin bəhrəsini məhv etmişdi. Doğrudur, koalisiya qüvvələri Alp dağlarını aşandan sonra Fransaya soxulmağa cürət etmədi. Ancaq onlar qılınclarını qınına qoymamışdılar və yazda yenidən Fransa sərhədlərində peyda ola bilərdilər. Xəzinədə pul yox idi, bəzi ordu hissələri aylarla dövlətdən vəsait almırdılar. Odur ki siyasi xadimlər hərbi təcrübəsi olsa da, siyasi təcrübəsi olmayan gənc korsikalının bu mürəkkəb vəziyyətdən necə çıxacağını maraqla gözləyirdilər.

      Siyesin hazırladığı yeni konstitusiya çevrilişdən üç ay sonra hazır oldu. Bonapart layihəni müəllifin gözləmədiyi halda “cəfəng” adlandırıb sənədə bir xeyli düzəliş etdi. Konstitutsiyaya görə, respublikaya üç konsul başçılıq edəcəkdi; bütün hakimiyyət birinci konsula verilirdi, digər ikisi isə məşvərətçi səsə malik olacaqdılar. Senat konsullar tərəfindən təyin olunurdu, o da öz növbəsində qanunverici korpusun üzvlərini və əhali tərəfindən seçilmiş bir neçə min nümayəndənin içindən Tribunatın27 tərkibini müəyyənləşdirirdi.

      Beləcə, bütün hakimiyyət Napoleonun əlində cəmləndi. Siyes çaşıb qalmışdı. Ancaq Napoleon onu yaxşıca mükafatlandıraraq aktiv fəaliyyətdən həmişəlik kənarlaşdırdı.

      Bonapart tənqidə qarşı da dözümsüzlik göstərirdi. Konsul konstitusiyası tətbiq edilməyə başlayanda o, ölkədə çıxan 73 qəzetdən 60-nı bağladı, qalan 13 qəzet isə (bir müddət sonra onların 9-u da bağlandı) polis nazirinin ciddi nəzarətinə verildi. Napoleon “mətbuat azadlığı” barədə eşitmək belə istəmirdi.

      Napoleon bu fikirdə idi ki, hakimiyyəti ona qrenadyorlar verib, odur ki yalnız onlara borcludur. “Böyük batalyonlar həmişə haqlıdır” – bu, Napoleonun ən sevimli sözlərindən idi. Çünki “böyük batalyonlar” 18-19 brümerdə ona Fransanı qazandırmışdı. Daha əvvəl isə onların sayəsində İtaliyanı, Misiri istila etmişdi. Bu səbəbdən də heç kim hakimiyyəti onunla bölüşə bilməzdi. Bunu hamıdan əvvəl Siyes anladı, bir müddət sonra isə 18 brümer sui-qəsdinin bütün iştirakçıları başa düşdülər.

      Bonapart haqqında şair Höte yaxşı demişdi: “Napoleon üçün hakimiyyət, böyük artist üçün musiqi aləti kimi bir şeydir”. O həmin aləti dərhal işə saldı. Hər şeydən əvvəl Fransanın qərbindəki vətəndaş müharibəsinə, cənubda və şimalda baş alıb gedən quldurluğa son verməyi qarşısına məqsəd qoydu. Napoleon çox tələsirdi: bu tapşırıqları qısa müddətdə – yaza qədər yerinə yetirmək lazımdı, çünki yazda müharibə yenidən başlayacaqdı.

      Quldur dəstələri Fransa üçün sosial fəlakətə çevrilmişdi. Onlar günün günorta çağı dilicanları28 və karetləri saxlayır, çox vaxt soyğunçuluqla kifayətlənmir, qarət etdikləri insanları öldürürdülər. Bəzən kəndlərə, şəhərlərə hücum etməkdən belə çəkinmirdilər. Bu quldur dəstələri guya devrilmiş kralın qisasını alırdılar.

      Birinci konsul hər şeydən əvvəl onların axırına çıxmağa qərar verdi. Görülən tədbirlər amansızdı. Həbs etməmək, ələ keçən quldurları yerindəcə öldürmək, onlara sığınacaq verənləri də edama yollamaq – göstəriş belə idi.

      Fransanı quldurlardan təmizləyən Bonapartın diqqəti bir yandan da Vandeyaya yönəlmişdi. Orada zadəganlar və ruhanilər kəndlilərin bir qismini yoldan çıxara bilmişdilər. Onları ingilislərin gətirdikləri yaxşı silahlarla təchiz etmişdilər. İndi həmin kəndlilər meşələrdə, bataqlıqlarda gizlənərək hakmiyyətə qarşı partizan müharibəsi aparırdılar.

Скачать книгу


<p>27</p>

Tribunat – 1799-cu il konstitusiyasına görə Fransadakı dörd idarəetmə orqanından birinin başçısı

<p>28</p>

Dilican – dördtəkərli poçt və ya minik arabası