Səfillər. Виктор Мари Гюго
Чтение книги онлайн.
Читать онлайн книгу Səfillər - Виктор Мари Гюго страница 4
Fantinanın qarşısında səfalət qaranlığı içərisindən cənnət qapıları açılırdı. O, çaşqın nəzərlərlə Madlenə baxırdı. Yalnız üç dəfə hıçqırdı.
JAVER
Madlen Fantinanı xəstəxanaya aparmağı əmr etdi. Bu xəstəxana onun yaşadığı imarətdə yerləşirdi. Cənab mer Fantinanı şəfqət bacılarına tapşırdı.
Madlen o gecə oturub Tenardye ailəsinə bir məktub yazdı. Fantinanın 120 frank borcu müqabilində onlara 300 frank göndərdi və qızcığazı dərhal Monreylə göndərməyi tapşırdı.
Tenardye bu hadisəyə mat qaldı. Meyxanaçı öz arvadına dedi: “Uşağı əlimizdən buraxa bilmərik. Bu sərçə bizim üçün sağmal bir inək ola bilər”.
Madlen gündə iki dəfə Fantinaya baş çəkirdi. Həkim Fantinanı növbəti dəfə müayinə etdikdən sonra başını buladı və cənab Madleni kənara çəkdi:
– Onun, deyəsən, görmək istədiyi bir uşağı var?
– Var.
– O halda uşağı tezliklə gətizdirin.
Cənab Madlen diksindi…
Tenardye isə min cür bəhanə ilə Kozettanı buraxmaq istəmirdi. O, uşağın bir az xəstə olduğunu, bu soyuqda yola çıxa bilməyəcəyini yazırdı.
Cənab Madlen bu dəfə Fantinanın dilindən yeni bir məktub yazdı:
“Cənab Tenardye! Kozettanı bu məktubu gətirən adama verin. Nə xərciniz olmuşsa, hamısını sizə verəcəklər. Hörmətlə, Fantina”.
Elə həmin günlərdə gözlənilməz bir hadisə baş verdi.
Səhər cənab Madlen öz otağında oturub kağızlara baxır, Monfermeylə getməli olduğundan bəzi kağızları imzalamaq istəyirdi. Bu zaman Javerin gəldiyini xəbər verdilər.
Mer içəri daxil olan polis müfəttişinə baxmadan kağızlara imza atmaqda davam edirdi.
– Hə, nə olub, Javer?
– Cənab mer, mən mühüm bir etiraf etməliyəm.
– Nə etiraf? – Madlen təəccüblə ona baxdı.
– Cənab mer, bu qadın əhvalatından sonra mən bərk acığa düşdüm. Paris prefekturasına məlumat verdim ki, bizim mer keçmiş katorqalıdır.
Merin rəngi sapsarı saraldı. Javer gözünü qaldırmadan danışırdı:
– Bəli, mən sizi Jan Valjan adlı bir caniyə oxşadırdım. Onu 20 il əvvəl Tulon həbsxanasında nəzarətçi işləyən vaxt görmüşəm. Bu adam katorqadan sonra yoxa çıxmışdır. Səkkiz ildir onu axtarırlar…
– Bəs oradan nə cavab verdilər?
– Yazdılar ki, mən dəli olmuşam. Əsl Jan Valjan tapılmışdır.
Madlen başını qaldırıb diqqətlə Javerin üzünə baxdı. Anlaşılmaz bir ifadə ilə dedi:
– Necə?
– Bizim mahalda Şanmatye adlı bir səfil adam varmış. Alma oğurluğu üstündə keçən payız tutulur. Onu Arras həbsxanasına aparırlar. Orada qoca bir katorqalı onu tanıyır. Məlum olur ki, Jan Valjanın adı Jan, anasının soyadı isə Matye imiş. Odur ki Jan dəyişib Şan olur və anasının soyadı ilə “Şanmatye” kimi tanınır. Jan Valjanı iki başqa katorqalı da tanıyıb. Mən isə burada güman edirdim ki, Jan Valjan əlimdədir. Məni çağırtdırıb Şanmatyeni göstərdilər. Bu adam, şübhəsiz, Jan Valjandır. Mən özüm onu tanıdım.
Mer yavaşdan:
– Siz buna əminsinizmi? – deyə soruşdu.
– Əlbəttə, əminəm! Onun işi şuluqdur. O, təkrar cinayət törədib. İşə Arras məhkəməsi baxacaq. Məni də bir şahid kimi çağırıblar. Sabah bu işə baxılacaq.
Javer baş əydi və qapıya tərəf döndü. Qapının ağzında dönüb gözlərini qaldırmadan dedi:
– Cənab mer, yerimə adam təyin olunana qədər vəzi-fəmə davam edəcəyəm.
ŞANMATYENİN İŞİ
Arrasda məhkəmə başlanmışdı. Madlen də məhkəmə salonunda idi. Hamının gözü bir nöqtəyə – müttəhimlər kürsüsündəki adama dikilmişdi. Zahiri görünüşünə görə bu adama altmış yaş vermək olardı. Onun qaba, çaşqın görkəmi vardı.
İttiham səsləndirildi. Jan Valjanın müdhiş xarakteristikası verildi. Müqəssir ağzını ayırıb heyrətlə qulaq asırdı. Prokuror müavini məhkəmədən sərt bir qərar çıxarılmasını tələb etdi – ömürlük katorqa!
Müttəhimə söz verildi. O dedi:
– Mən Parisdə araba ustası olmuşam. Başa düşmürəm məndən nə istəyirlər… Mən heç bir şey oğurlamamışam. Yoldan keçirdim. Yolun kənarında sınıq bir alma budağı tapdım. Üstündə alma vardı. İndi düz üç aydır həbsxanadayam. “Jan Valjan, Jan Matye” deyirsiniz. Mən bu adamları tanımıram. Mənim adım Şanmatyedir. Heç bilmirəm harada doğulmuşam, yetim olmuşam. Hamınız dəli kimi dalımca düşmüsünüz, nə istəyirsiniz məndən?
Prokuror müavini Jan Valjanla bir vaxtda katorqada olmuş Breve və Koşpayl adlı şahidləri çağırmağı təklif etdi. Onlar ifadə verdilər. Hər ikisi təsdiqlədi ki, bu, Jan Valjandır. Koşpayl əlavə etdi:
– Çox qüvvətli olduğu üçün adına Jan Domkrat deyirdilər.
Bu vaxt salonda gurultulu bir səs eşidildi:
– Breve, Koşpay! Bir bura baxın!
Məhkəmə sədri, prokuror müavini və bir çox başqaları bu adamı tanıdılar.
– Cənab Madlen!
Arrasa gəldiyi vaxt Madlenin başında yalnız bir qədər ağ tük vardısa, məhkəmə salonunda onun saçları tamam ağarmışdı.
Bütün gözlər ona çevrildi. Hamının Madlen deyə tanıdığı bu adam şahidlik edən keçmiş katorqalılara tərəf yeridi və:
– Məni tanıyırsınızmı? – dedi.
Onlar başlarını