İliada. Гомер
Чтение книги онлайн.
Читать онлайн книгу İliada - Гомер страница 3
Axilles ona o dəqiqə cavab verdi:
− Sənin sitayiş etdiyin Apollona and içirəm: nə qədər ki mən sağam, axeylilərin arasından heç kəs, hətta adını çəkdiyin Aqamemnonun özü də sənə əl qaldıra bilməz.
Kalxas Axillesin sözlərini eşidib ürəkləndi və dedi:
− Apollon sizə nə anda, nə də qurbana görə qəzəblənib, onun qəzəbinin səbəbi Aqamemnonun kahin Hrisi qovması və qızını ona qaytarmamasıdır. Apollon ona görə bizə bəla göndərib, hələ bundan sonra da bəlalar göndərəcək. Lakin qız atasının yanına hec bir xərac alınmadan buraxılsa və Apollonun şərəfinə yüz baş inək qurban kəsilsə, onda ilah bizim günahımızdan keçər.
Kalxas bunu deyib yerinə əyləşən kimi Aqamemnon ayağa qalxdı. Əsəbindən titrəyir, sinəsindəki qara ürəyi qəzəblə çırpınır, gözləri alov saçırdı. O, qəzəblə Kalxasa baxıb dedi:
− Ey bəla baxıcısı, hələ bir dəfə mənə xoş xəbər verməmisən! Nə xoş söz deyərsən, nə xoş əməl edərsən. İndi də deyirsən ki, guya Apollon Hrisin qızını azad etmədiyim üçün qəzəblənib. Hamınız bilirsiniz ki, o mənim qənimətimdir. Lakin indi ki iş belə gətirib, onda mən onu qaytararam, çünki xalqımın ölümünü görmək istəmirəm. Amma əvəzində siz mənə başqa bəxşiş verməlisiniz. Axı hamınız görürsünüz ki, qənimətim əlimdən gedir. Təkcə mən qənimətsiz qalsam, haqsızlıq olar.
Axilles ona cavab verdi:
− Ey şöhrətindən qürurlanmış Aqamemnon, sən sərvət hərisisən. Sadə axeylilər sənin üçün bəxşişi haradan tapsın? Talan olunmuş şəhərlərdən əldə etdiklərimizi bölüşdürmüşük. Camaata verilənləri geri almaq eyibdir! Sən gəl ilahı razı salmaq üçün qızı atasına qaytar. Troyanı ələ keçirəndən sonra isə biz sənə onun üç-dörd qatını qaytararıq.
Bu sözlərin cavabında Aqamemnon hirslənib dedi:
− Axilles, şücaətdə ilahlara bərabər olsan da, hiyləgərlik edib məni aldada bilməzsən. İstəyirsən ki, özünün qənimətin olsun, mən isə əliboş qalıb sakit oturum? Yox, axeylilər mənə dəyərdə o qızdan geri qalmayan bir bəxşiş verməlidirlər. Verməsəniz, onda öz əllərimlə ya sənin, ya da Odisseyin qənimətini götürəcəyəm. İndi isə sizlərdən biri Hrisin qızını və qurbanlıqları gəmi ilə aparıb atasına versin, bununla da biz Apollonun ürəyini yumşaldaq.
Axilles ona baxıb qəzəblə dedi:
− Sən utanmaz, qara qəlbli hökmdarsan! Bu danışıqlarını eşidən axeylilər heç sənin əmrlərinə tabe olarlar? Heç uzun yola çıxıb düşmənlə vuruşarlar? Məgər mən troyalılarla özümçün vuruşmağa gəlmişəm? Troyalılar mənə heç bir pislik etməyiblər. Hamı buraya yalnız sənin qardaşın Menelayın tapdanmış namusunun intiqamını almaq üçün gəlib. Sən isə bunları heç hesaba da almırsan, hələ bir məni də hədələyirsən. Mən həmişə kiçik bir bəxşişlə kifayətlənmişəm. Döyüşdən dönəndə heç belə şeyləri düşünmürəm də. Lakin bu sözlərdən sonra qərarımı verdim. Doğma vətənim Ftiyaya dönürəm, sənin üçün burada sərvət artırmaq fikrim yoxdur.
Aqamemnon hirsindən coşub-daşdı:
− Qaçmaq istəyəni saxlamaq fikrim yoxdur. Zevs özü mənə kömək olar. Hökmdarlar içində ən çox sənə nifrət edirəm, Axilles. İşin-gücün yalnız döyüşmək, dalaşmaqdır. Cəsarətinlə şöhrət tapmısan, amma bu, ilahların vergisidir. İndi isə deyirəm ki, mən Hrisin qızını gəmi ilə geri göndərəcəyəm, amma əvəzində sənin qənimətin olan Briseidanı götürəcəyəm. Mən hökmdarlıqda səndən daha ucayam. Bunu edəcəyəm ki, bir də heç kəs özünü mənə tay bilməsin!
Bu sözləri eşidən Axilles qəzəbindən nə edəcəyini bilmədi. O, qılıncını yavaş-yavaş çıxarırdı. Bunu görən Hera onu sakitləşdirmək üçün Afinanı Axillesin yanına göndərdi. Afina digərlərinə görünmədən Axillesin saçlarından tutub onu saxladı, Axilles geri çevrilib onu gördü. Afinanın gözləri alovlanırdı. Axilles üzünü ona tutub dedi:
− İlahə, niyə Olimpdən bura enmisən? Yoxsa Aqamemnonun həyasızlığını görmək istəyirdin? Elə indi onun canını alacağam.
Afina Axillesə belə cavab verdi:
− Sənin qəzəbini yatırmağa gəlmişəm. Məni Hera göndərib. O, sizin ikinizi də eyni dərəcədə sevir və qoruyur. Bu davanı bitir, Axilles, əlini qılınca atma. Sənə söz verirəm, çox keçməz, sənə edilən bu haqsızlığın əvəzi üçqat bəxşişlə ödənər.
Axilles ona baş əydi:
− Afina, qəzəbim məni nə qədər yandırıb-yaxsa da, sənə tabe olacağam.
Axilles qılıncını qınına qoyub ilahəyə itaət etdi. Afina isə Olimpə döndü. Lakin Axilles yenə Aqamemnona qəzəblə dedi:
− Ey qorxaq, indiyədək bir dəfə də olsun açıq döyüşdə döyüşməmisən. Bacardığın yalnız başqalarının qənimətini oğurlamaqdır. Amma sənə bu gün and içirəm ki, gün gələcək, bütün axeylilərin mənə ehtiyacı olacaq, adamların Hektorun əlində qırılanda mənə qarşı necə böyük səhv etdiyini anlayacaqsan.
İki qəzəbli hökmdarı sakitləşdirmək üçün müdrik Nestor ayağa qalxıb dedi:
− İlahlar! Axeylilərə böyük bədbəxtlik üz verib. Aqamemnon və Axilles, sizin bu davanızdan xəbər tutanda Priam və onun nəsli bayram edəcək, troyalılar müharibəyə ruhlanacaq! Sizdən əvvəl bir çox sərkərdələrə məsləhət vermişəm, onlar hər zaman məni dinləyiblər. Heç vaxt sözümü yerə salmayıblar. İndi də, Aqamemnon, üzümü sənə tuturam! Axillesin əlindən qızı alma, qızı ona axeylilər bəxşiş kimi veriblər. Sən isə, Axilles, qüdrətli hökmdarla söz güləşdirmə. Səni dünyaya ilahə gətirib, amma yenə də ən güclü hökmdara tabe ol.
Aqamemnon dilləndi:
− Sən hər şeyə ədalətlə yanaşırsan, müdrik qoca. Amma bu adam məndən üstün olmaq iddiasındadır. İlahların onu cəsarətli yaratması mənim üzümə ağ olması üçün səbəb deyil.
Axilles Aqamemnonun sözünü yarımçıq qoydu:
− Sənin hər istəyinə itaət etsəydim, onda adımı gərək ya qorxaq, ya da yaltaq qoyaydılar. Bunu başqalarından tələb et, mənə isə əmr vermə! Sənə bir şey də deyəcəyəm: mən əsarətimdə olan qıza görə nə səninlə, nə də başqasıyla vuruşacağam. Amma digər sərvətimdən heç nə ala bilməyəcəksən.
Axeylilərin məşvərəti beləcə bitdi. Aqamemnon yüngül gəmi seçib Hrisin qızını ona mindirdi və Apollona nəzirlər qoydu. Odissey qızı atasına qaytarmaq üçün iyirmi avarçəkənlə açıq dənizə çıxdı. Sahildə qalanlar isə qurbanlar kəsir, Apollonun şərəfinə müqəddəs