İliada. Гомер
Чтение книги онлайн.
Читать онлайн книгу İliada - Гомер страница 4
− Ana! Sənin məni dünyaya qısaömürlü gətirdiyini bilən Zevs mənə şöhrət dolu həyat bəxş etməli deyildimi? Amma o mənim namusumu qorumadı. Öz hökmranlığı ilə lovğalanan Aqamemnon mənim namusuma toxundu, bəxşişimi əlimdən aldı, indi də ona ağalıq edir.
Onu eşidən ilahə Fetida dənizin dərinliyindən bulud kimi çıxdı, sevimli oğlunun yanında əyləşib onu sığalladı. Axilles baş verənləri anasına danışdıqdan sonra yalvardı:
− Nə olar, ana, mənə kömək et! Özün mənə danışmışdın, bir zamanlar digər ilahlar Zevsə qarşı çıxanda sən onun köməyinə çatmışdın. Zevs sənin bu yaxşılığını unutmuş olmaz. Zevsə yalvar, etdiyin o yaxşılığının əvəzində mənə kömək etsin.
İlahə Fetida Axillesə dedi:
− Mən səni dünyaya gətirib ona görə böyütməmişəm ki, indi səni bu cür alçaltsınlar. Onsuz da ömrün qısa olacaq, heç olmasa, onu şən və firavan yaşayaydın. Heç narahat olma, Zevsin yanına gedib, sənə görə ayaqlarına düşüb yalvaracağam. Zevs indi digər ilahlarla birlikdə Okeanın uzaq sahillərindədir, on iki gündən sonra dönəcək. Onda danışacağam onunla. Sən isə bu müddətdə müharibəyə getmə, öz gəmilərində qal!
Sözünü deyib Fetida sulara qərq oldu. Həmin vaxt isə Odissey Hrisin qızını atasına çatdırdı. Qoca kahin qızını qucaqladı, sonra da əllərini göyə qaldırıb Apollona dua etdi: “Ey Apollon, sən səsimi eşitdin, axeylilərə bəla verdin, indi də üzünü məndən çevirmə, qocanın yalvarışlarını eşit. Axeyliləri bəladan qurtar”.
Apollon Hrisin yalvarışlarını eşitdi, onun şərəfinə kəsilmiş qurbanları qəbul etdi və axeylilərin günahından keçdi.
Fetida isə Zevsin Olimpə dönməsini gözləyib onun yanına getdi və ayaqlarına düşüb oğlu üçün yalvardı: “İlahların atası, əgər nə vaxtsa sənə köməyim dəyibsə, ya da işinə yaramışamsa, bunun əvəzində oğluma kömək et. Aqamemnon onun xətrinə dəyib, hamının yanında hörmətdən salıb. Oğlumun intiqamını al!”
Zevs Fetidaya söz verdi ki, Axillesə kömək edəcək və axeyliləri cəzalandıracaq.
İkinci nəğmə
Yuxu
Hamının rahat yatdığı vaxt təkcə Zevsin gözünə yuxu getmirdi. Axillesin intiqamını necə alacağı barədə fikirləşirdi. Xeyli düşündükdən sonra Zevsin ağlına yaxşı bir fikir gəldi. Düşündü ki, Aqamemnona yanlış yuxu göndərsin. Zevs Yuxunu çağırdı və ona tapşırdı:
− Axeylilərin gəmilərinə tərəf tələs. Aqamemnonun yuxusuna gir və ona de ki, Zevs özü ona dayaq duracaq, çünki Hera Olimpdəki bütün ilahları axeylilərə kömək etməyə razı salıb. Elə ertəsi gün qoşununu başına toplayıb troyalılara qarşı vuruşmağa getsin.
Yuxu elə o an gedib Aqamemnonu tapdı və onun röyasına Nestorun surətində gəldi:
− Aqamemnon, sənə deyəcəklərimi dinlə! Mən Zevsin elçisiyəm. Nəhayət ki, Hera hamını razılığa gətirdi. Zevs də Troyanın məhvini istəyir. Ona görə də sən qoşunlarınla döyüşə çıxmalısan. İlahlar sənə bu işdə kömək olacaqlar.
Belə deyib Yuxu getdi. O, öz işini gördü – Aqamemnonun ürəyinə ümid saldı. Yuxudan ayılan kimi Mikena hökmdarı sərkərdələrə əmr etdi ki, qoşunları bir yerə toplasınlar. Hamı yığıldıqdan sonra Aqamemnon onlara yuxusunu danışıb dedi:
− Bu gün ilahların köməyilə troyalılara qarşı vuruşacağıq. Heç nə qalibiyyətimizə mane ola bilməz. Hər birimiz döyüşdə can qoymalıyıq. Əgər sizlərdən birini döyüşdən kənarda görsəm, onun cəzasını özüm verəcəyəm.
Bundan sonra Aqamemnon Zevsin şərəfinə bir inək qurban kəsdi. Çox keçmədi ki, axeylilər ordusu zirehli geyimdə, əli silahlı hazır dayandı. Əsgərlərin önündə sərkərdələr, lap başda isə hökmdar Aqamemnon dayandı. Onların arasında yalnız Axilles yox idi.
Axeylilər döyüşə hazırlaşan vaxt Zevs İridanı troyalıların yanına göndərib onlara döyüşün başlayacağı haqqında xəbər verməsini əmr etdi. İrida Priamın oğlu Politin surətini alıb Troyaya gəldi və onları tezliklə baş verəcək döyüşdən xəbərdar etdi.
Üçüncü nəğmə
Paris və Menelayın döyüşü
Hər iki tərəfin orduları başçıları ilə birlikdə döyüş üçün düzülürdü. Şəhərdən çıxıb düzənliyə doğru gedən Troya döyüşçülərinin hayqırtısı hər yeri bürümüşdü. Onlar yeridikcə ayaqlarının altından qopan toz ətrafı görünməz edirdi.
Döyüş yerinə çatar-çatmaz Paris troyalılardan aralanıb irəli çıxdı. Onun əynində bəbir dərisi, çiynində yay, qurşağında qılınc vardı. Əlində qoşa tunc ucluqlu nizəni oynadaraq axeyliləri döyüşə çağırırdı.
Menelay döyüşçülərin arasından çıxıb qürurla dayanan Parisi görəndə sevinclə gərdunədən1 əli silahlı yerə tullandı.
Onu görən kimi Parisin ürəyi qorxudan titrədi, tez geri çəkilib silahdaşlarının arxasında gizləndi. Onun bu hərəkətini görən qardaşı Hektor təhqiranə dilləndi:
− Bədbəxt Paris! Sən ancaq zahirən cəsursan, əslində isə özgənin arvadına göz qoyan namussuzsan! Kaş heç doğulmayaydın! Onda el-aləmdə rüsvay olmazdın! Eşidirsən səni qəhrəman zənn edən mərd troyalılar necə gülürlər? Sən gözəlsən, lakin nə güclü qəlbin, nə də cəsur ürəyin var! Belə ola-ola necə yad qəbiləyə getməyə, başqasının arvadını oğurlamağa cəsarət etdin? Öz ailənə və xalqına bədbəxtlik gətirdin! Niyə Menelayı əlində qılınc qarşılamırsan? Onda necə bir ərənin arvadına sahib olduğunu bilərdin. Troya camaatı çox məzlumdur, yoxsa bu qədər günah sahibini çoxdan daşqalaq edərdi!
Paris isə dedi:
− Hektor, məni təhqir etməkdə haqlısan. Sənin ürəyin cəsur, ruhun əyilməzdir. İndi ki istəyirsən mən döyüşüm, onda Troya oğullarına və axeylilərə sakitləşməyi əmr et. Qoy Menelayla Helenaya görə təkbətək döyüşüm. Kim qalib gələrsə, Helenanı öz evinə aparsın, bütün var-dövlət də onun olsun.
Hektor eşitdiyi sözlərdən vəcdə gələrək əlində nizə ortaya çıxdı, troyalıların ön falanqalarını geri itələdi, hamısını sakitləşdirdi. Bunu görən axeylilər yaylarını çəkib ona ox atdılar, nizə tuşladılar. Lakin Aqamemnon onları
1