Spartak. Рафаэлло Джованьоли
Чтение книги онлайн.
Читать онлайн книгу Spartak - Рафаэлло Джованьоли страница 3
Spartak bir ayağını Kriksin, o biri ayağını qalxanla vurub yıxdığı samnitin sinəsinə qoydu; o bu vəziyyətdə xalqın qərarını gözlədi.
Tamaşaçıların, bəlkə də, hamısı baş barmağını açaraq yumruqlarını yuxarı qaldırdı: hər iki samnitə həyat bəxş edildi.
Yüzlərcə adam çığırırdı:
– İgid Spartaka azadlıq verilsin!
Katilina Sullanın qulağına pıçıldadı:
– O, azad olmağa layiqdir!
Sulla sualedici nəzərlərini Valeriyaya dikdi. Qadının şəfqətlə baxan gözləri sanki yalvarırdı.
– Yaxşı, qoy azad olsun!
Sulla başını əydi,– bu, razılıq işarəsi idi. Spartak azad oldu. Tamaşaçılar bunu gurultulu alqışlarla qarşıladılar.
Kimsə Spartakın başının üstündən pıçıldadı:
– Ay yaramaz, igidliyin məni müflis elədi.
Aksianın bu sözü sanki Spartakı yuxudan ayıltdı. O, əvvəl Sullaya, sonra da camaata baş əydi, gurultulu alqışlarla meydandan çıxdı.
Sullanı tamaşalar lap darıxdırmışdı. O, ayağa qalxıb Valeriya oturan yerə getdi və gözlənilmədən soruşdu:
– Valeriya, sən sərbəstsən?
– Bir neçə ay əvvəl ərim məni boşayıb.
– Bilirəm, – Sulla dedi, – məni sevə bilərsənmi?
– Bütün qəlbimlə.
– Valeriya, mən də səni sevirəm. Bir aydan sonra arvadım olacaqsan.
Sulla bunu deyib öz dostları ilə sirki tərk etdi.
Üçüncü fəsil
Libitina Venerası yeməkxanası
Eskvilinin ən ucqar küçələrinin birində, qədim şəhər divarının yanında bir yeməkxana vardı. Yeməkxanaya Libitina Venerasının adı verilmişdi. 675-ci ilin noyabrında burda əvvəlkilərdən daha çox adam vardı. Taygöz Lutasiya kömür kimi həbəş kənizi ilə birlikdə müştərilərin tələbini ödəməyə çalışırdı. Taygöz Lutasiya qırx beş yaşlı, dolğunsifətli bir qadındı. O, aşağı-yuxarı gedib-gəlir, masalara kolbasa verirdi. Sükutu hamıdan əvvəl qoca qladiator pozdu, o, ucadan dilləndi:
– İyirmi iki il amfiteatr və sirkdə vuruşdum, amma Basılmaz Spartak kimisinə rast gəlmədim.
Axsaq, qoca bir legioner dedi:
– Ordudan qaçmış olsa da, ona azadlıq verildi. Görünür, Sullanın kefi kök imiş.
O biri qoca qladiator dedi:
– Yəqin ki, lanista Aksianın yaman acığı tutub!
– Eybi yoxdur, öz malı üçün bolluca pul alıb!
Pəhləvan ucadan dilləndi:
– O pullar mənim olsaydı, ürəyimdən keçəni edərdim.
– Pulu dağıtmağa nə var ki, amma pul yığmaq hər adamın işi deyil! – qoca dilini dinc qoymadı.
– Siz məni inandıra bilməzsiniz ki, Sulla öz var-dövlətini zəhmət çəkərək yığıb.
Lutasiya skamyada oturmuşdu və qızartmaq üçün tavaya dovşan əti qoyurdu:
– Romanın ən böyük vətəndaşı olan Sullanı yeməkxanamda pisləməyin! – o çığırdı.
Qoca legioner ucadan dedi:
– Bir sözə bax! Sən demə, bu taygöz də Sullanın tərəfdarı imiş!
Bundan sonra mübahisə qapıda hündürboylu, iribədənli bir adam görünəndə səngidi.
Yeməkxananın ayrı-ayrı yerlərindən eşidildi:
– Trebonidir!
– Salam, Treboni!
Treboni lanista idi. Bir neçə il əvvəl qladiatorlar məktəbini bağlamışdı. O bu mənfəətli işdən yığdığı pulla dolanırdı. Treboni qladiatorların dostu və arxası hesab edilirdi. Bu gün tamaşa qurtarandan sonra qapı ağzında durub Spartakı gözləmişdi. Qladiator çıxanda onu qucaqlayıb təbrik etmişdi. Sonra onu Libitina Venerası yeməkxanasına dəvət eləmişdi. Bura Spartakdan savayı, on nəfər başqa qladiator da gəlmişdi.
Lutasiya Spartakla Trebonini qarşılayıb yanakı otağa ötürdü:
– Bura gəlin, şanlı qladiatorlar, burda sizin üçün axşam yeməyi hazırlanıb. Belə qızartma heç Mark Krassın da süfrəsində verilmir.
Axşam yeməyi yaxşı keçdi. Qladiatorların kefi açıldı. Hamı Spartakı tərifləyirdi, lakin o, nədənsə, qəmli idi.
Treboni dedi:
– Səni başa düşə bilmirəm! Sənə nə olub? Niyə içmirsən?
Başqa bir qladiator ucadan dedi:
– Elə bil ananın matəmini tutursan!
Bu söz sanki Spartakı sarsıtdı, o, dərindən ah çəkib:
– Bəli, anamın matəmini tuturam! – dedi.
Sarışın cavan qladiator dərdli-dərdli dedi:
– Spartak, sən xoşbəxtsən ki, sağlığında azadlığa çıxdın! Azadlıq bizə ancaq öləndə nəsib olacaq.
“Azadlıq” sözünü eşidəndə Spartakın eyni açıldı. O, camını yuxarı qaldırıb ucadan dedi:
– Yaşasın azadlıq!
O bu sözləri söyləyəndə qapıda görünən bir adam uca səslə dilləndi:
– Məğlubiyyət bilməyən Spartak, sən azad olmağa layiqsən!
Hamı başını səs gələn tərəfə çevirdi. Qapı ağzında Katilina dayanmışdı.
Treboni cəld Katilinanın qabağına keçib ona hörmətlə baş əydi.
Katilina:
– Treboni, mən səni axtarırdım, – dedi, sonra Spartaka sarı dönüb əlavə elədi: – Səni də!
Katilina