Ögedey. Əkbər N. Nəcəf

Чтение книги онлайн.

Читать онлайн книгу Ögedey - Əkbər N. Nəcəf страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Ögedey - Əkbər N. Nəcəf Tarixi yaradanlar

Скачать книгу

sülh danışıqlarına başlamaq fikrinə düşdü. Lakin onun bu niyyəti baş tutmadı. 1233-cü ilin martında Tsui-li adlı Kin sərkərdəsinin xəyanəti nəticəsində Kai-fenq təslim oldu. Şəhərdəki bütün kişilər qılıncdan keçirildi. Qadınlar isə əsir alınıb Monqolustana göndərildilər. Lakin paytaxt tamamilə xarabazara çevrilməkdən qurtuldu – əlbəttə, bu dəfə də Yeh-lu Çu-Tsainin sayəsində!

      Onu da qeyd eləmək lazımdır ki, şəhərə monqollardan çox Kinin düşməninə çevrilmiş Sonq xanədanına məxsus qoşunlar zərər vermişdilər. Görünür, sonqlar 100 il ön-cəki pisliyi heç cür unuda bilməmişdilər…

      Subutay monqol döyüşçülərindən ibarət xüsusi dəstə təşkil etdi və həmin dəstəni Kin imperatorunu nəyin bahasına olursa olsun, həbs eləmək üçün təlimatlandırdı. Çıxılmaz vəziyyətdə olduğunu görən imperator 1234-cü ilin yaz aylarında intihar etdi. Çox keçmədi ki, kinlərin Hunandakı müqaviməti də uğursuzluqla başa çatdı. Bundan sonra monqollar ilə sonqlar qazandıqları zəfəri Hanq-çuda təntənə ilə qeyd elədilər. Həmçinin göstərdikləri köməyə görə Sonq xanədanı monqollar tərəfindən mükafatlandırıldı: bir çox torpaqlar onlara bağışlandı.

      Lakin əvvəldən əldə olunmuş razılığa baxmayaraq Kai-fenqin ixtiyarı sonqlara verilmədi. Bu isə ciddi narazılığa gətirib çıxardı.

      Ögedeyin əmri ilə xain sərkərdə Tsui-li də mükafatsız qalmadı – o, xaraba qalmış Kin bölgəsinin valisi təyin edildi.

      Monqollar bölgədən geri çəkilməyə başladıqda gözlənilməz xəbər gəldi. Məlum oldu ki, Sonq imperatoru Litsunq (1225–1264) Hunanın monqollara aid torpaqlarını işğal etməyə başlayıb. 1234-cü ilin iyul-avqust aylarında isə sonqlar digər əraziləri, eləcə də Kai-fenqi asanlıqla ələ keçirdilər. Onlar bununla da kifayətlənməyərək, Ögedey tərəfindən təyin edilən vali Tsui-lini öldürməkdən belə çəkinmədilər.

      Bir qədər irəli gedib qeyd edək ki, sonralar bu ağılsızlıqlarının cəzasını çox ağır ödəyəcəkdilər…

      Çormağunun Azərbaycan səfəri

      Koreyanın fəthini Sartaka tapşıran, Çinin fəthini isə öz üzərinə götürən Ögedeyin qarşısında indi başqa bir məqsəd var idi: o, Xarəzmşah Cəlaləddinlə haqq-hesabı çürütməyi düşünürdü. Bu işi isə sərkərdələrindən Çormağun Noyona tapşırmışdı.

      Bu o vaxt idi ki, Subutay ilə Cebe Noyonun başçılığı altında monqol ordularının İraqi-Əcəm, Azərbaycan və Dəşti-Qıpçaq səfərinin sona çatmasından sonra, Orta Şərqdə siyasi vəziyyət xeyli ağırlaşmışdı. Belə ki, monqolların geri çəkilməsindən istifadə edən Cəlaləddin Hindistandan Kirmana, oradan da Azərbaycana gələrək Xarəzmşahlar dövlətini bərpa etməyə başlamışdı. İgidliyi ilə Çingiz xanın belə rəğbətini qazanan Cəlaləddin Azərbaycandakı 6 illik fəaliyyəti boyunca bölgəyə nəinki dinclik və sabitlik gətirmədi, əksinə, bu torpaqlarda yaşayan xalqın nəzərində monqollardan daha zalım düşmənə çevrildi. Xarəzmşahın tabeliyindəki adamların özbaşınalığı, onun özünün isə sistemsiz və nizamsız davranışları qısa vaxtda Cəlaləddinin camaat arasındakı nüfuzunu itirməsinə gətirib çıxardı. Halbuki o, monqollara qarşı apardığı mübarizə səbəbi ilə xalqın böyük hörmətini, etibarını qazanmışdı.

      Monqolların yenidən Azərbaycana hərəkət etdiyi ərəfədə Xarəzmşah Cəlaləddinin vəziyyəti getdikcə ağırlaşırdı. O, 1230-cu ildə Əyyubi – Anadolu Səlcuqlularının birləşmiş orduları ilə qarşı-qarşıya gəldi. Yassıçəmən24 adlanan yerdə baş verən həmin döyüşdə Cəlaləddin ağır məğlubiyyətə uğrayaraq, az qala, bütün ordusunu itirdi.

      Bunun ardınca isə Ögedey 30-40 minlik ordunun komandanı təyin etdiyi Çormağun Noyona əmr elədi ki, Azərbaycana doğru yürüşə çıxsın və Cəlaləddinin bölgədəki varlığına son qoysun. Çormağun Noyon monqolların sünit (suni’it) qəbiləsindən idi. Onun ixtiyarındakı qoşunlara bisutlardan Baycu, karulaslardan Yekə-yisaur, uyğurlardan Məlikşah, Sarıcı, Minq (Min) İgəmiş, arulatlardan Böyük Cağatay, Əsəkü, eləcə də sünitlərdən Kiçik Cağatay başçılıq edirdi. Adları çəkilənlərdən Baycu, Yekə-yisaur və Məlikşah tümən komandanları, digərləri isə minbaşı idi. Elə bunu nəzərə alaraq deyə bilərik ki, Azərbaycana doğru yola çıxan monqol ordusu ümumilikdə 40 minə çatırmış.

      Yeri gəlmişkən, Çormağunun başçılığı ilə Azərbaycana ordu göndərilməsi hələ Çingiz xanın vəfatından əvvəl planlanmışdı. Lakin onun ölümü həmin planın təxirə salınmasına gətirib çıxardı.

      Çormağun Noyonun ordusu əsasən monqol və türklərdən ibarət idi. Qrabarca25 yazan müəlliflərdən Aknərli Qriqor qeyd edir ki, monqolların Orta Şərq istiqamətində başlayan ikinci hücumuna başçılıq edən tümən və minbaşılar bunlar idi: Asutu Noyon, Cağatay, Sunitay, Kiçik Cağatay, Baycu Noyon, Asar Noyon, Huttu Noyon, Tuttu Noyon, Ogotay Noyon, Xocay Noyon, Hurumçi Noyon, Xunan Noyon, Taynal Noyon və Ənguraq Noyon. Belədə məlum olur ki, Çormağun Noyonun əmrində dörd tümən var idi. Həmin tümənlərdən yalnız biri Türk boylarından – qarluq, uyğur, türkmən və küçətlərdən meydana gəlirdi.

      Bir vacib məqamı da vurğulayaq ki, monqol ordusunun əsgərləri ailələri ilə birlikdə hərəkət edirdilər. Çünki onların məqsədi Yaxın və Orta Şərqə yerləşmək idi. Deməli, Çormağun Noyon ümumilikdə təxminən 200 min nəfərlik bir qüvvə ilə səfərə çıxmışdı. Onun başçılıq elədiyi ordu Türküstanı, Xorasanı və Fars əyalətini keçib hicri təqvimlə 628-ci ildə (miladi təqvimlə 1230-cu il noyabrın 9-dan 1231-ci il oktyabrın 28-dək) Azərbaycana gəldi.

      Əvvəl də qeyd etdiyimiz kimi, Çormağunun vəzifəsi Xarəzmşah Cəlaləddini ortadan qaldırmaq idi. Bu məqsədlə o, Türküstanı adlayıb Xorasanı, Farsı, İraqi-Əcəmi və Azərbaycanı ələ keçirdikdən sonra Muğan ovasında ordugah qurdu.

      Çormağun hələ yolda ikən İsmaili hökmdarı26 III Məhəmmədin elçiləri onun hüzuruna gəlib Xarəzmşah Cəlaləddinin təzəlikcə Əyyubi və Anadolu Səlcuqluları tərəfindən darmadağın edildiyi xəbərini çatdırdılar. Bunu eşidən monqol sərkərdəsi bir dəstə süvarini təcili şəkildə Cəlaləddinin üstünə göndərdi. Bu vaxt Xarəzmşah Gəncədə idi. O bu şəhərdə Əxi Bəndərin rəhbərliyi altında baş verən üsyanı yatırtmış, sonra da 17 gün orada qalmışdı. Niyyəti buradan Şərqi Anadoluya keçib, oradan da İsfahana getmək idi. Lakin Cəlaləddinin istəyi baş tutmadı: o, yolda monqolların tələsinə düşdü. Bir neçə əsgərdən başqa, ordusundakıların hamısı qılıncdan keçirildi. Xarəzmşah təkbaşına qaçıb aradan çıxa bildi və Əyinbər adlanan bir dağ kəndində gizləndi. Lakin həmin kənddə daha əvvəl Cəlaləddinin öldürtdüyü bir nəfərin qardaşı bundan xəbər tutdu və intiqam məqsədilə 1231-ci ilin avqustunda Xarəzmşahı qətlə yetirdi. Beləliklə, Çormağun öz vəzifəsini düşündüyündən də asan tamamlamış oldu.

      Monqol

Скачать книгу


<p>24</p>

Yassıçəmən adlanan yer indiki Türkiyə ərazisində, Ərzincan yaxınlığındadır (red.).

<p>25</p>

Vaxtilə erməni kilsə dili qrabarca adlanırdı. Dini terminlərin çox olduğu bu dildə əsasən kilsə mənsubları danışırdılar. Qrabarcada danışmağın çətin olduğu nəzərə alınaraq, XIX əsrdə yerəvani deyilən ləhcə əsasında aşxarabar yeni ermənicə yazılı dili və ədəbiyyatı formalaşdırılmışdır.

<p>26</p>

Həsən Səbbah (1055–1124) tərəfindən Xəzərin cənub sahili əyalətlərindən Təbəristan, Deyləman və Gilan torpaqlarında qurulmuş dövlət. 1090-cı ildə yaranan bu dövlətin varlığına 1258-ci ildə Hülakü xan tərəfindən son qoyulmuşdur. İsmaili adlı şiəlik təriqətinə əsaslandığı üçün belə adlanırdı.