Qay Yuli Sezar. Филипп Фриман
Чтение книги онлайн.
Читать онлайн книгу Qay Yuli Sezar - Филипп Фриман страница 6
Gələcək hökmdarın səhhətində hələ yeniyetmə yaşlarından ciddi problemlər yaranmışdı. O, baş ağrılarından və epilepsiya tutmalarından əziyyət çəkirdi. Həmin dövrlərdə belə bir inanc hökm sürürdü ki, epilepsiya ilahi və ya şeytani xislətin təzahürüdür. İstənilən halda isə o, “seçilmiş” insanların xəstəliyi sayılırdı. Sezar bu xəstəliyə hərbi xidmətdə olarkən tutulmuşdu. Lakin heç vaxt xəstəliyi bəhanə edərək rahat yaşamaq barədə fikirləşmirdi. Konsul olmaq üçün mübarizə aparmağa başlayanda isə artıq vəziyyət düzəlmişdi: Sezarın sağlamlığından şikayəti yox idi.
Pompey və Krassla gizli ittifaq yaradandan sonra Sezar senat üzvləri və magistratlar arasında özünə müttəfiqlər tapmağa çalışırdı. Bunun da səbəbi vardı. Ovaxtkı ənənəyə görə, bütün ciddi, taleyüklü qərarlar, dəyişikliklər öncə senatda müzakirə olunurdu. Sezar bu ənənəni pozmaq istəmirdi, ancaq onu da başa düşürdü ki, öz qanun layihələrini senatdan keçirmək üçün hələ də kifayət qədər gücə malik deyil. Onları qəbul etdirmək üçün Sezar birbaşa xalq toplantısına müraciət etmək məcburiyyətindəydi. Üstəlik, həmin toplantı ona sadiq olan tribunun iştirakıyla aparılmalı idi. Nəhayət, belə bir adam tapıldı: bu, xalq tribunu Publi Vatini idi. Sezar onu öz tərəfinə çəkmək üçün xeyli pul xərcləməli oldu. Sonralar Siseron yazırdı: «Vatini pulsuz heç bir iş görməz».
M.ö. 60-cı ildə Sezar konsul vəzifəsinin icrasına başladı. Onun bu vəzifədə ilk addımı isə müdrikcəsinə atılmışdı. Belə ki, Sezar senat iclaslarının və xalq toplantılarının protokolunu tutmağı tapşırdı. Artıq nə optimatlar, nə də populyarlar32 mühüm məsələlərin həllində öz narazı mövqelərini gizlədə bilməzdilər. Beləcə, sadə xalq hər şeydən agah olacaq və Sezarın rəqiblərinə qarşı çıxacaqdılar.
Həmin mühüm məsələlərdən biri barədə isə daha ətraflı danışmaq lazımdır. Çünki bu, Roma tarixinin ən önəmli islahatlarındandır. Konsul seçildikdən az sonra Sezar torpaq haqqında qanun layihəsini senata təqdim etdi. Həmin illərdə Roma dövlətinin paytaxtında torpaqsız kəndlilər və ehtiyatda olan əsgərlərin (Pompeyin veteran döyüşçüləri də daxil olmaqla) sayı həddən artıq çox idi. Beləcə, onlar dövlət xərclərinin artmasına və sabitliyin pozulmasına səbəb olurdular. Sezar senatda çıxış edərək bildirdi ki, bu adamlar öz ailələri ilə birlikdə İtaliya hüdudlarındakı dövlətə məxsus torpaqlara yerləşdirilməlidir. O, xüsusi olaraq qeyd etdi ki, bu təklifdə dövlət büdcəsinə və ayrı-ayrı senatorlara gəlir gətirən torpaqlar nəzərdə tutulmur. Sezar bu məsələylə bağlı başqa təkliflər də irəli sürdü: bundan sonra heç bir torpaq sahibinin mülkü müsadirə olunmayacaq; yalnız mülk sahibi könüllü olaraq satmaq istədiyi halda dövlət onun torpaqlarını satın ala biləcək və s.
Senatorları qanun layihəsi ilə tanış etdikdən sonra Sezar onların qeydlərini və rəylərini dinləməyə hazır olduğunu bildirdi. Öz növbəsində senatorlar qanun layihəsində ciddi qüsurlar tapmasalar da, onu təsdiqləmək istəmədilər. Onlar başa düşürdülər ki, bu təklifi qəbul etsələr, xalq arasında Sezarın nüfuzu daha da artacaq. Katon da senatorları dəstəklədi: söz alıb həmişəki kimi qəsdən uzun-uzadı nitq söyləməyə başladı. Bir azdan məlum oldu ki, o, iclas qurtarana kimi danışmaq fikrindədir. Katonun bu hərəkəti Sezarı özündən çıxardı: onu həbsə atmağı əmr etdi.
Şübhəsiz, konsulun Katonu həbs etməyə səlahiyyəti çatırdı. Bununla belə, mənəvi baxımdan Sezar həddini aşmışdı, yəni aristokratların senatdakı liderini aşağılamışdı. Eyni zamanda bütün rəqiblərinə açıq şəkildə meydan oxumuşdu. Optimatlar bu vəziyyətlə barışa bilməzdilər, odur ki nümayişkaranə tərzdə Katonla birlikdə həbsxanaya doğru getməyə başladılar. Sezarın öz davranışı ilə mövcud ənənələri kobud şəkildə pozduğunu düşünən mötədil senatorlar belə bərk qəzəbləndilər və iclası tərk etdilər. Sezar onlardan birinə üz tutub niyə getdiyini soruşanda belə cavab aldı: «Sənin kimi ənənələrə hörmətini itirmiş biri ilə burada qalmaqdansa, Katonla həbsxanada oturaram».
Səhvini başa düşən, həmçinin Katonun xalq arasında əzabkeş kimi tanınmasını istəməyən Sezar onu azad etdirdi. Eyni zamanda bildirdi ki, əgər senatorlar onunla əməkdaşlıq etmək istəmirlərsə, onda öz təkliflərini birbaşa Roma xalqı ilə müzakirə edəcək.
Bu hədə bir işə yaramadı və qanun layihəsi xalq toplantısına çıxarıldı. Toplantıda Sezar irəli sürdüyü təkliflər barədə ətraflı danışdı, sonra isə Bibuldan xahiş etdi ki, bununla bağlı öz mövqeyini bildirsin. Lakin Bibul dodaqaltı mızıldandı ki, bu il torpaq islahatı nəzərdə tutulmayıb. Onda Sezar toplaşanlara müraciət edərək dedi: «Bibul razılıq verməsə, qanun qəbul olunmayacaq».
Toplaşanlar qanun layihəsini bəyənmişdilər. Odur ki Bibulu yola gətirməyə çalışdılar, ancaq buna nail ola bilmədilər. «Hamınız lehinə olsanız da, qanun qəbul edilməyəcək», – o belə deyib toplantını tərk etdi.
İşi belə görən Sezar Pompeylə Krassa üz tutaraq onların fikrini soruşdu. Cavabında Pompey və Krass tribunaya qalxıb gələcək hökmdarla həmfikir olduqlarını bəyan etdilər. Veteranların torpaqla təmin olunmasına çalışan Pompey qanunun dərhal qəbul edilməsini istəyirdi. O, toplaşanlara bəyan etdi ki, qılınc qurşanıb islahatçı Sezarı obstruksionist33 senatorlardan qorumağa hazırdır.
Bunu eşidən kütlədən şadyanalıq nidaları qopdu. Toplantıda iştirak edən Katon birdən-birə başa düşdü ki, Sezar optimatların gözü önündə iki nüfuzlu, qüdrətli şəxsiyyətlə birləşərək yenilməz ittifaq yaradıb; bundan sonra Sezarı təhlükəli, Roma dövlətinin əsaslarını sarsıtmaq istəyən adam kimi göstərmək çətin olacaq. Onsuz da xalq arasında böyük nüfuz sahibi olan Sezar indi həm də qüdrətli siyasi qruplaşmanın liderinə çevrilmişdi.
Bunun ardınca isə bütün optimatlar anladılar ki, Sezarın başçılıq etdiyi triumvirat istənilən qanunu qəbul etdirməyə qadirdir. Artıq cavab tədbirləri barədə düşünmək zamanı idi…
Sezar Bibulu sıradan çıxarır
Konsulun görməli olduğu işlərdən biri də bayram günlərini müəyyənləşdirmək idi. Belə günlərdə bütün tədbirlər təxirə salınır, xalq toplantıları keçirilmirdi. Optimatların dəstəklədiyi Bibul ilin sonuna kimi bütün günləri bayram elan etmək, bununla da triumviratın imkanlarını məhdudlaşdırmaq və torpaq qanununun qəbul edilməsinə mane olmaq fikrindəydi. Lakin onun bu niyyəti baş tutmadı.
Bibul öz qərarını elan etmək üçün liktorların34 və Katonun başçılıq etdiyi bir neçə optimatın müşayiəti ilə Foruma gəldi.
32
33
34