Qay Yuli Sezar. Филипп Фриман
Чтение книги онлайн.
Читать онлайн книгу Qay Yuli Sezar - Филипп Фриман страница 8
Bir sözlə, Sezar döyüş meydanında fərqlənmək üçün planlar qururdu.
Nəhayət, M.ö. 59-cu ildə gələcək hökmdarın konsulluq müddəti bitdi. O, Alp dağlarını aşaraq bəxtini sınamağı qərara aldı. Sezarın dövründə Roma dövlətinin şimal sərhədi Cənubi Qalliya, Alp dağları, Makedoniya və Frakiyadan keçərək Pireneydən Qara dənizəcən uzanırdı. Şimal tərəfdə qall, dakx və german tayfalarının torpaqları, oradan yuxarıda isə əfsanəvi Britaniya adası yerləşirdi.
Lakin Sezar heç bir səbəb göstərmədən şimal qonşularına qarşı müharibə elan edib şəhər darvazası önündən yürüşə başlaya bilməzdi. Bunun üçün o, qall, dakx və german tayfalarının qonşuluğundakı Roma əyalətinə canişin təyin olunmalı idi. Bundan sonra isə qonşu tayfaların Roma torpaqlarına basqın edəcəyi günü gözləmək lazım gələcəkdi. Belə hallar isə onsuz da tez-tez olurdu.
Çox düşünüb-daşındıqdan sonra Sezar Çizalp Qalliyasında40 canişin olmağa qərar verdi. Münbit Po vadisində yerləşən bu əyalət öz zəngin resursları və əlverişli coğrafi mövqeyi ilə seçilirdi. Buradan Qalliya, Dakxiya və German torpaqlarına hücum etmək daha asan idi.
Sezarın canişin ola bilməsi üçün ondan külli miqdarda rüşvət almış tribun Vatini yeni qanun layihəsini xalq məclisinə təqdim etdi. Layihəyə görə, Adriatik dənizinin şərq sahilində yerləşən əyalətlər – Çizalp Qalliyası və İlliriyanın idarəçiliyi Sezara tapşırılırdı. Pompey qanun layihəsini dəstəklədi. Ardınca isə həmin qanun senatın razılığı olmadan təsdiqləndi. Tezliklə Aralıq dənizinin şimal sahilində yerləşən Transalp Qalliyası41 da («Provinsiya» adı ilə də tanınırdı) Pompeyin dəstəyi ilə Sezarın idarəçiliyinə verildi. Bundan sonra Sezar planını həyata keçirmək üçün Provinsiyadan şimalda yerləşən Galliya Comataya42 hücum etmək qərarına gəldi. Rəqibləri bu fikrə qarşı çıxmadılar. Çünki artıq senat da başa düşürdü ki, qallar və german tayfaları Provinsiya üçün ciddi təhlükə mənbəyidir.
Bir sözlə, axır ki, Sezarın əlinə yaxşı fürsət düşmüşdü: o, müharibə meydanında nəyə qadir olduğunu senata və bütün Roma xalqına nümayiş etdirmək imkanı qazanmışdı. Romalılar bilirdilər ki, qall və german tayfaları əvvəllər də Roma torpaqlarına soxulublar. Qallar M.ö. 399-cu ildə Romanı tutmuşdular. Bundan başqa, tevtonların və kimbrlərin43 hücumları da kimsənin yaddaşından silinməmişdi. Sezar düşmənlərin hər an yenidən hücum edə biləcəyini söyləyir, cəmiyyətdə qorxu hissi yaratmağa çalışırdı. Gedişat göstərdi ki, bu məsələdə o, yanılmır: həqiqətən də belə bir təhlükə mövcud idi.
Bir sözlə, ağıllı Sezar növbəti dəfə vəziyyəti düzgün qiymətləndirmişdi. Onun rəqiblərində isə məhz bu cəhət çatışmırdı.
Beləliklə, üç əyalətə canişin təyin olunan Sezar Romanı tərk edərkən özünü saxlaya bilməyib senat qarşısında öyünməyə başladı. Dedi ki, rəqibləri dəridən-qabıqdan çıxsalar da, ona mane ola bilmədilər. Sezarın bu çıxışı optimatları qıcıqlandırsa da, gələcək hökmdara qulaqburması vermək üçün əllərindən heç nə gəlmirdi. Senatorlar bircə onunla təsəlli tapırdılar ki, canişin vəzifəsinin icrasına başladıqdan sonra Sezar Romadakı siyasi çəkişmələrdən kənarda qalacaqdı.
Tezliklə xəbər gəldi ki, gözlənilmədiyi halda qelvetlər44 Provinsiyanın sərhədinə toplaşıblar. Sezar ailəsi ilə vidalaşaraq sərhədə doğru yola çıxdı.
Sezar Alp dağlarını aşır
Qalliyada belq45, akvitan və kelt (biz onları çox zaman ümumilikdə «qall» adlandırırıq) tayfaları məskunlaşmışdı. Kelt tayfaları qədimdən Mərkəzi Avropada yaşayır, latın və sanskrit dillərinə yaxın bir dildə danışır, özünəməxsus həyat tərzi ilə seçilirdilər. Keltlərin nə dövləti vardı, nə şəhərləri, nə də əzəmətli məbədləri və kitabları… Bununla belə, onlar qorxmaz, cəsur döyüşçülər kimi ad çıxarmışdılar.
Sezarın vaxtında İspaniya və İtaliyada məskunlaşmış keltlərin torpaqları Romanın nəzarəti altına keçmiş, Provinsiyanın şimalında – Qalliya və Britaniya adalarında yaşayan keltlər isə öz müstəqilliklərini qoruyub-saxlamışdılar.
Qalların çoxu kiçik kəndlərdə yaşayır, heyvandarlıq və əkinçiliklə məşğul olurdu. Eyni zamanda mahir döyüşçü kimi tanınan qallar öz mükəmməl silahları ilə öyünürdülər. Təsadüfi deyil ki, romalılar «gladius» adlanan qılıncı («qladiator» sözü də buradandır) məhz onlardan götürmüşdülər. Yunanlar və romalılar kimi qallar da politeist46 idilər. Tanrılardan ən çox Luqa47 pərəstiş edirdilər. Sezar onu romalıların sitayiş etdiyi Merkuri ilə eyniləşdirirdi. Keltlərin kahinlər kastası isə «druidlər» adlanırdı.
Qall-qalvetlər qərbdən Cenevrə gölü, şimaldan Yura dağları, şərqdən Reyn çayı, cənubdan isə Alp dağları və Monblanla əhatələnmiş münbit vadidə məskunlaşmışdılar.
Həmin dövrdə tayfalar arasında amansız müharibələr gedirdi. Döyüşmək kişilərin gündəlik, adi işi kimi qəbul olunurdu. Gəlirli təsərrüfat yerlərinə, digər maddi resurslara malik olan şəhərlər qayğısız yaşamaq imkanından məhrum idi. Çünki bol qənimət arzusu ilə alışıb-yanan qonşu hökmdarlar tez-tez həmin şəhərlərə hücum çəkirdi.
İndi isə Sezar bu qarışıqlığa son qoymaq fikrindəydi. Onun ixtiyarındakı Roma ordusu yetərincə güclü idi. Bunun kökündə isə həmin vaxt ordunun mütərəqqi yeniliklərə açıq olması, tamamilə yeni prinsiplər üzrə formalaşması dayanırdı. Romalılar təzə savaş üsullarını tez mənimsəyir, köhnəlmiş normalardan asanlıqla əl çəkirdilər. Məsələn, onlar keltlərdən yaxşı qılınc, parfiyalılardan yeni növ nizə düzəltməyi öyrənmişdilər. Buna baxmayaraq, onların qələbəsini daha çox «qorxmaz romalı ruhu» və birgə hərəkət etmək bacarığı şərtləndirirdi.
Roma qoşunlarının əsasını piyadalar təşkil edirdi. Bunlar əsasən özünü silahla, yaraq-əsləhə ilə təmin edə bilən adamlardı. Roma ordusunda əsas qoşun bölməsi legion idi. Hər legionda dörd-altı min piyada xidmət edirdi. Köməkçi dəstələr və atlı qoşun hissələri də buraya daxil idi. Bu hərbi sistem Roma Respublikasının son günlərinə qədər qorunub-saxlanmışdı.
Beləliklə, sərhədyanı bölgələrdən həyəcanlı xəbərlər alan Sezar Provinsiyaya doğru hərəkət etməyə başladı. O, Transalp Qalliyasından keçərkən orduya çoxlu yeni əsgərlər cəlb etməli oldu. Çünki Provinsiyada yalnız bir
40
41
42
43
44
45
46
47